Məhkəmə qərarları › İş №2-2(103)-94/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-94/2022

09.02.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-94/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh İB-ə qarşı «borcun silinməsi» və birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh İB-nin cavabdeh İddiaçı MMC-yə qarşı “təbii qazdan istifadəyə görə borcun tutulması” tələbinə dair kommersiya işi üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin 24.09.2021-ci il tarixli e-2- 2(113)-1168/2021 nömrəli qətnaməsindən (hakim Səbinə Nuriyeva) hər iki tərəfin apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan 27.04.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 07.09.2020-ci il tarixli AMX-2556/20 saylı müqavilə üzrə İddiaçı MMC-nin ünvan 1 ünvanında yerləşən təsərrüfat sahəsinə əsassız yazılmış 44642,21 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh İB cavabdeh İddiaçı MMC-yə qarşı iddia qaldıraraq Cəlilabad şəhəri Qurtuluş küçəsində yerləşən İstehsalat Sahəsində təbii qazdan istifadə etdiyinə görə 22.05.2021-ci il tarixə yaranmış 166765,77 manat məbləğində əsas borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat xidmət haqqının, cəmi 166796,17 manat məbləğində pul vəsaitinin barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 11.08.2021-ci il tarixli qərardadı ilə hər iki iş bir icraatda birləşdirilmişdir. Bakı Kommersiya Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2-2(113)-1168/2021 saylı qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilərək İddiaçı MMC-yə hesablanmış 35216,40 manat borcun silinməsi vəzifəsi Cavabdeh İB-nə həvalə edilmiş, birləşdirilmiş iddia tələbi qismən təmin edilərək İddiaçı MMC-dən təbii qazdan istifadəyə görə 131549,37 manat məbləğində əsas borcun tutulması qət edilmişdir. Həmin qətnamədən hər iki tərəf apelyasiya şikayəti vermişdir. İddiaçı MMC apelyasiya şikayətində Bakı Kommersiya Məhkəməsinin 24.09.2021-ci il tarixli, e-2-2(113)-1168/2021 nömrəli qətnaməsinin dəyişdirilməsi, iddia tələbinin qismən təmin edilərək, cavabdeh “Cənub Broyler“MMC-dən təbii qazdan istifadəyə görə 131549,37 manat məbləğində əsas borcun tutulmasının düzgün olmaması və qaz sərfiyyatına görə yaranmış borcun məhz hazırki apellyasiya şikayətində gətirilmiş əsaslar nəzərə alınaraq yenidən hesablanıb İddiaçı MMC-dən düzgün tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1168/2021 saylı mülki iş üzrə 24 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, İddiaçı MMC-nin iddia tələbinin rədd edilməsi, Cavabdeh iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları ondan ibarətdir ki, 2020-ci ilin noyabr və dekabr aylarında İddiaçı MMC-nin istifadəsində olan obyektin adına qeydiyyatda olan qaz sayğacında naməlum nasazlıq yaranmış və müəyyən edilmişdir ki, qaz sayğacı düzgün işləmir. Buna görə də İddiaçı MMC-nin özünün müraciəti əsasında (noyabr və dekabr ayları üzrə sərfiyyat məbləğləri yüksək göstərildiyindən) 2020-ci ilin dekabr ayının 31-də Cavabdeh İB-nin əməkdaşları tərəfindən həmin sayğaca baxış keçirilmiş və qaz sayğacının naməlum səbəblərdən sıradan çıxması müəyyən olunmuşdur. Bu zaman Cavabdeh İB-nin əməkdaşları göstərilən müddətlər üzrə obyektdəki qaz sərfiyyatını əsassız mexanizmlə təxmini hesablayaraq 31.12.2020-ci il tarixinə İddiaçı MMC-nin üzərinə 74642.21 manat məbləğində qaz sərfiyyatına görə borc yazmışlar. Belə ki, Cavabdeh İB tərəfindən ilk iddiaçıya həmin tarixdən sonra qaz sərfiyyatına görə 12 yanvar 2021-ci il tarixində elektron qaimə göndərilmiş və həmin qaimədə 2021-ci ilin yanvar ayının 12 tarixinə borcun miqdarı 74642.21 manat məbləğində qeyd olunmuşdur. Həmin qaimənin özündə də məhz 31.12.2020-ci il tarixli akta istinad edilmişdir. 2020-ci ilin sentyabr ayının sonuna və oktyabr ayının əvvəlinə İddiaçı MMC-nin Cəlilabad şəhərində yerləşən təsərrüfat sahəsində qaz sərfiyyatı üzrə borcu 28032,50 manat təşkil etdiyi halda, yalnız həmin ilin noyabr ayının sonuna borcun məbləği birdən birə 63915,33 manat məbləğində, dekabr ayının sonuna isə borcun məbləği birdən birə 103731,36 manat miqdarında, 2021-ci ilin yanvar ayının sonuna isə 76036,17 manat, həmin ilin fevral ayının sonuna yenə 103224,17 manat, mart ayının sonuna isə 163907,37 manat və aprel ayının sonuna 165862,57 manat məbləğində qeyd edilmişdir. Qeyd edirik ki, qarşılıqlı iddiaçı öz iddia ərizəsində 22 may 2021-ci il tarixinə İddiaçı MMC-nin 166765,77 manat qaz sərfiyyatına görə borcunun olduğunu iddia etmişdir. Halbu ki, Azəriqaz” İB tərəfindən ilk iddiaçıya 31 dekabr 2020-ci il tarixli akta istinad edərək, yəni həmin ilin noyabr və dekabr aylarıda daxil olmaqla (nəzərə alınmaqla) qaz sərfiyyatına görə 12 yanvar 2021-ci il tarixində elektron qaimə göndərilmiş və həmin qaimədə qazın sərfiyyat miqdarı 63256.11 kub metr göstərilərək borcun miqdarı həmin tarixə 74642.21 manat məbləğində qeyd olunmuşdur. Abonentin saldosunda isə ümumiyyətlə 2021-ci ilin yanvar ayının sonuna borcu 76036,17 manat kimi göstərilmişdir. Bundan sonra həmin məbləğdən 30 000 manat hissəsini Cavabdeh İB-nə ödəmiş və məhkəmə gedişatında ilkin tələbini məhz bu səbəbə görə dəyişərək, 07.09.2020-ci il tarixli AMX-2556/20 saylı müqavilə üzrə İddiaçı MMC-nin ünvan 1 ünvanında yerləşən təsərrüfat sahəsinə əsassız yazılmış 44642,21 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin vaxtı ümumiyyətlə ilk iddiaçının Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə 2021-ci ilin yanvar ayında 19222,60 manat miqdarında və həmin ilin mart ayında 15993,80 manat miqdarında müvafiq aktlar üzrə cəm şəkildə hesablanmış 35216,40 (beş min iki yüz on altı manat qırx qəpik) manat əlavə borcun olması barədə məlumatı olmamışdır. Cavabdeh apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh nümayəndələrinin və İddiaçı MMC–nin nümayəndəsinin iştirakı ilə tərtib olunmuş 31.12.2020-ci il tarixli 1 saylı aktdan görünür ki, Cəlilabad rayonu, Göytəpə şəhəri H.Aslanov küçəsində yerləşən İddiaçı MMC-nin (abonent kodu **********00000) istifadəsində olan müəssisənin qaz xətti üzərində quraşdırılmış Elster G-250 RVG EK-229 tipli 80110367 nömrəli qaz sayğacının elektron hissəsi işləmədiyi üçün 2020-ci ilin dekabr ayının hesabatının həmin sayğacın mexaniki göstəricisinin fərqinə əsasən 2020-ci ilin noyabr ayının 3.30 əmsalına uyğun olaraq aparılması məqsədəuyğun hesab edilmişdir. 11.02.2021-ci il tarixində Cavabdeh İB-nin, Lənkəran RQİİ-nin və İddiaçı MMC-nin nümayəndələrinin iştirakı ilə Cəlilabad rayonu, Göytəpə şəhəri H.Aslanov küçəsində yerləşən İddiaçı MMC-yə məxsus təsərrüfat sahəsində istismarda olan turbin tipli G-250 markalı, 80110367 nömrəli qaz sayğacının elektron hissəsi işləmədiyi üçün “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 11.02.2021-ci il tarixli ******* nömrəli akt əsasında istismardan son göstəricisi mexaniki 3760978m , elektron 9960043m olmaqla çıxarılmış, əvəzinə müvəqqəti olaraq “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 11.02.2021-ci il tarixli ******* nömrəli akt əsasında turbin tipli Elster G-250 markalı, 80108795 nömrəli qaz sayğacı quraşdırılmışdır. G-250 markalı, 80110367 nömrəli qaz sayğacı istismardan çıxarılarkən daşınan qutuya qoyulmuş və üzərinə 20111849 nömrəli xüsusi plomb vurulmuşdur. Cavabdeh İB Metrologiya Departamentinin Sayğacların Müayinəsi Laboratoriyasının 31.03.2021-ci il tarixli SS 29/1640-00363 saylı qeyri-əhali sayğacının yoxlanması haqqında aktından görünür ki, Cavabdeh İB-nin 10.02.2021-ci il tarixli telefonoqramına əsasən Dövlət Yoxlamasına aparılmış Cəlilabad rayon Xidmət sahəsinin İddiaçı MMC-nin qaz xətti üzərindən götürülmüş G250 markalı 80110367 nömrəli turbin tipli “ELSTER” qaz sayğacı 11.02.2021-ci il tarixində xətdən çıxarılmış (Forma-2 №9023040),17.03.2021-ci il tarixində Metrologiya Departamentinin Sayğacların Müayinəsi Lobaratoriyasında texniki baxış keçirilmiş, kollektorun işləmədiyi müəyyən edilmiş, Cavabdeh İB-nin Metrologiya Departamentinin Sayğacların Müayinəsi Laboratoriyası tərəfindən verilmiş rəy əsasında sayğacın mexaniki hissədən keçən 175740 m qaz həcmi 3.52 korreksiya əmsalına vurularaq, hesabat aşağıda göstərilən qaydada aparılmışdır: 175740 m X 3.52=618605- 7056=611549; dekabr və yanvar aylarında aparılan əmsal fərqi hesabatı çıxılaraq qalan qaz fərqi 79969 m abonentin mart ayı üzrə abonent hesabına daxil edilmişdir. (611549- 176618-354962=79969). Qeydə alınmamış qaz sərfinin hesablanaraq abonentin hesabına işlənməsi üçün “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli 31.03.2021-ci il tarixli akt tərtib olunmuş və mart ayı üçün iddiaçının hesabına daxil edilmişdir. Bakı Kommersiya Məhkəməsi iş üzrə qərar qəbul edərkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, ilkin və birləşdirilmiş iddia tələblərinin qismən təmin edilməsi barədə səhv qətnamə qəbul etmişdir. Məhkəmə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında“ Azərbaycan Respublikası Qanununun tələblərinin Cavabdeh İB tərəfindən pozulması barədə səhv qənaətə gəlmişdir. İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında tərəflərindən verilən apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında tərəflərindən verilən apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 24.09.2021-ci il tarixli e-2-2(113)-1168/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, "xxxx" MMC-nin icarə əsasında qanuni istifadəsində olmuş Cəlilabad rayonununda yerləşən obyektin qaz xətti üzərində Elster G-250 RVG EK- 229 tipli 80110367 nömrəli, G-4T diafraqma markalı ******* nömrəli, ******* nömrəli və ******* nömrəli qaz sayğacları quraşdırılmışdır. İşdəki abonentin saldolarından görünür ki, "xxxx" MMC-yə Cəlilabad rayonu, Göytəpə qəsəbəsi, H.Aslanov küçəsində yerləşən obyetlər üzrə ayrı-ayrı sayğaclar quraşdırılmış, **********00000 saylı, **********00001 saylı, **********00002 saylı, **********00003 saylı abonent kodları verilmişdir. Saldolara əsasən müəyyən edilmişdir ki, 01.05.20221-ci il tarixə **********00000 saylı kod üzrə təbii qazdan istifadəyə görə qalıq borc 165862,57 manat, **********00001 saylı kod üzrə 134,80 manat, **********00002 saylı kod üzrə 335,20 manat, **********00003 saylı 433,20 manat təşkil etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-yə Cavabdeh tərəfindən **********00000 saylı abonent kodu üzrə aktlar əsasında 2020-ci ilin yanvar ayı üzrə 19222,6 manat və mart ayı üzrə 15993,80 manat olmaqla cəmi hesablanmış 35216,4 manat əlavə sərfiyyat hesablanmışdır. Əlavə sərfiyyatın hesablanmasına əsas sayğacın elekton göstəricisinin işləməməsi olmuşdur. Yanvar ayında qaz sayğacının mexaniki göstərici əsasında qaz sərfiyyatı 12815 manat, fevral ayında 27188 manat borc hesablanmışdır. 11.02.2021-ci il tarixli ******* nömrəli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, İddiaçı MMC-yə xidmət edən ELSTER G- 250 RVG EK-229 markalı 80110367 nömrəli sayğac çıxarılmış, ELSTER G-250 RVG EK- 229 markalı 80108795 nömrəli sayğac quraşdırılmışdır. 11.02.2021-ci il tarixli ******* nömrəli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, İddiaçı MMC-yə müvvəqəti xidmət üçün quraşdırılmış ELSTER G-250 RVG EK-229 markalı 80108795 nömrəli sayğacın mexaniki göstəricisi ******* kub m olmuşdur. İş materiallarına əlavə edilmiş 31.01.2021-ci il tarixli 4 nömrəli aktdan görünür ki, Cəlilabad şəhəri, Qurtuluş küçəsində yerləşən İddiaçı MMC-nin (abonent kodu **********00000) qaz xətti üzərinə quraşdırılmış Elster G-250 RVG EK-229 tipli 80110367 nömrəli qaz sayğacının elektron hissəsi işləmədiyi üçün 2021-ci il ilin yanvar ayının hesabatını sayğacın mexaniki göstəricisi fərqinə əsasən 2020-ci ilin dekabr ayının 2.5 əmsalına uyğun olaraq aparılmasını məqsədəmüvafiq hesab edərək, ******* kub m (yanvar mexaniki göstəricisi)- ******* kub m (dekabr mexaniki göstərici)=64075 kub m olması qeyd olunmuşdur. Bundan başqa 64075 kub.m X2.5=160188 kub.m – 64075 kub m= 96113 kub.m (əmsal fərqi). Cəmi fərq 64075 kub.m+96113 kub.m =160188 kub.m qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş, Cavabdeh İB-nin Metrologiya Departamentinin sayğacları müayinəsi laboratoriyası tərəfindən tərtib edilmiş 31.03.2021-ci il tarixli SS seriyalı 29/1640-00363 nömrəli “qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” aktdan görünür ki, İddiaçı MMC-nin qaz xətti üzərində quraşdırılmış ELSTER G-250 RVG EK-229 markalı 80110367 nömrəli turbin tipli qaz sayğacına 17.03.2021-ci il texniki baxış keçirilmiş, sayğacın mexaniki hissəsinin işlək vəziyyətdə olduğu, elektron korrektorun 09.12.2020-ci il tarixindən söndüyü, korrektorun sönməsi nəticəsində arxivlərin pozulduğu, mexaniki hissədən keçən 175740 kub metr qaz həcminin elektron hissədə qeydə alınmadığı, xətaların normaya uyğun olduğu, batareya tələb olunduğu qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci, 13.1, 17.2, 20.1-ci maddələrinə əsasən Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə 2020-ci ilin yanvar ayı üzrə 19222,6 manat, mart ayı üzrə 15993,8 manat əlavə sərfiyyat hesablanması barədə tərtib edilmiş aktlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamış yoxlama nəticəsində tərtib edildiyindən etibarsızdır. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda (4.9-cu bənddə nəzərdə tutulmuş hallar-istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması ) çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. İstinad edilən qərarda və “Qaz təchizatı” haqqında qanunda istehlakçının təqsiri olmadan qaz sayğacının yararsız vəziyyətə düşdüyü dövr üçün əmsallar əsasında əlavə sərfiyyat hesablanması nəzərdə tutulmamışdır. Cavabdeh İB apellyasiya şikayətində hesablamanın qeyd edilən qaydada həyata keçirilməsinin məqsədəuyğun olduğunu qeyd etmiş, bu hesablamanın hansı normativ hüquqi akta istinad edərək həyata keçirildiyini əsaslandıra bilməmişdir. İşə birinci instansiya qaydasında baxılarkən şahid qismində dindirilmiş Cavabdeh İB-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi E.Qocayev göstərmişdir ki, qaz paylayıcı stansiyanın təzyiqi əsas götürələrək əmsal əvvəlcə 2020-ci ilin dekabr ayı üçün 3.3 götürülmüş, 2021-ci ilin yanvar ayında istehlakçıya güzəşt edilərək 2.5-lə hesablanmışdır. Məhkəmə araşdırması zamanı eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı MMCdən tələb edilən 21.05.2021-ci il tarixədək hesablanmış 166.765,77 manat borc məbləğinin 131.549,37 manat hissəsi (**********00000 saylı saylı kod üzrə 130646,17 manat, **********00001 saylı kod üzrə 134,80 manat, **********00002 saylı kod üzrə 335,20 manat, **********00003 saylı 433,20 manat) MMC-nin təbii qazdan istifadəyə görə sayğac göstəricisi əsasında hesablanmış borcdur. İddiaçı MMC iddia ərizəsində və əlavələrdə 35216,4 manat aktlar əsasında hesablanmış məbləğdən əlavə silinməsini xahiş etdiyi 9425,81 manat sayğac göstəricisi əsasında hesablanmış borcu hansı əsasla mübahisələndirdiyini əsaslandırmamışdır. İddiaçı MMC-nin nümayəndəsi işə birinci instansiya qaydasında baxılarkən 15.09.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında, eyni zamanda işə apellyasiya qaydasında baxılarkən 31.12.2020-ci il tarixədək yaranmış borc məbləğini mübahisələndirmədiklərini bildirmişdir. İddiaçı MMC-nin apellyasiya şikayətində qeyd olunmuşdur ki, qaz sərfiyyatına görə 12 yanvar 2021-ci il tarixində göndərilmiş elektron qaimədə qazın sərfiyyat miqdarı 63256.11 kub metr göstərilərək borcun miqdarı həmin tarixə 74642.21 manat məbləğində qeyd olunmuşdur. Abonentin saldosunda isə ümumiyyətlə 2021-ci ilin yanvar ayının sonuna borc 76036,17 manat kimi göstərilmişdir. \ Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hesab faktura ilə abonent saldolarının göstəriciləri arasında heç bir uyğunsuzluq yoxdur. 12.01.2021-ci il tarixdə İddiaçı MMC-yə təqdim edilmiş elektron qaimədə MMC-nin 2020-ci ilin dekabr ayı üçün 4 abonent kodu üzrə borcları toplanaraq (**********00000 saylı kod üzrə 74278,4 manat, **********00001 saylı kod üzrə 42,40 manat, **********00002 saylı kod üzrə 12,40 manat, **********00003 saylı kod üzrə 309 manat) bir qaimə ilə cəmi 76642,20 manat tələb edilmişdir. “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə düzgün olaraq hesab etmişdir ki, sayğac göstəriciləri əsasında MMC-yə hesablanmış təbii qazdan istifadəyə görə borcun silinməsi üçün qanuni əsaslar olmadığından qeyd ediln borc məbləğinin Azərbaycan Respublikası Mülki Məcəllənin 567ci, 600.1-ci, “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən İddiaçı MMC-dən Cavabdeh İB-nin xeyrinə tutulması hissəsində qətnamə qanuni və əsaslı, MMC-nin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayətləri təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 24.09.2021-ci il tarixli e-2-2(113)- 1168/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı MMC-nin və Cavabdeh İB-nin apelyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 24.09.2021-ci il tarixli e-2-2(113)-1168/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar