Məhkəmə qərarları › İş №2-2(103)-94/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-94/2023

01.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-94/2023 01.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı kredit borcunun ödənilməsi tələbinə dair Açar söz: kredit borcunun ödənilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı kredit borcunun tutulması tələbinə dair iş üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı ilə cavabdeh arasında bağlanmış 31 oktyabr 2019-cu il tarixli K3599 nömrəli kredit xətti müqaviləsinə əsasən kredit verən müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə “kredit alan”a onun müqavilə imzalanan tarixədək kredit verəndə olanda cari hesabarı üzrə son 3 aylıq mədaxil dövriyyəsini nəzərə alaraq orta aylıq müvafiq dövriyyənin 100%-i həcmində olan bu müqavilənin 1.2, 1.3, 1.4 və 1.5 bəndlərində göstərilən məbləğ, valyuta və faizlə bərpa olunan kredit xətti açır, kredit alan isə krediti qəbul edib ondan 1.16 bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti və ona hesablanmış faizləri kredit verənə qaytarmağı öhdəsinə götürür.

2. Müqavilənin 2.2-ci bəndinə əsasən kredit alan kreditdən yalnız müqavilənin 1.6-cı bəndində göstərilən məqsədlər üçün istifadə edəcək.

3. Müqavilənin 7.2-ci bəndinə əsasən müqavilənin 4.1 və 4.9-cu bəndlərində göstərilən vəzifənin icra müddəti kredit alan tərəfindən müqavilənin 1.12-ci bəndində göstərilən müddət ərzində gecikdirildiyi halda kredit alan müqavilənin 1.6-cı bəndi ilə müvafiq müddətdən sonra gecikdirildikdə isə müqavilənin 1.7-ci bəndi ilə müəyyənləşdirilən faiz həcmində gündəlik hesablanan cərimə ödəyir.

4. Hesabdan çıxarışa əsasən iddiaçı tərəfindən cavabdehin bank hesabına 15500 manat pul köçürülmüşdür.

5. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli PB/PBL-OUT-00894-2022/2 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixə K3599 saylı kredit xətti müqaviləsi üzrə əsas borcu 15500 manat, faiz borcu 1112,12 manat, cərimə borcu 6376,96 manat, ümumilikdə 22989,08 manat təşkil edir.

6. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2021-ci il tarixli PB-OUT-05732- 2021 saylı məktubundan görünür ki, iddiaçı cavabdehlə aralarında bağlanmış xx.xx.2019cu il tarixli K3599 nömrəli kredit xətti müqaviləsi üzrə yaranmış borcunun 7 iş günü ərzində ödənilməsini cavabdehdən tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir.

7. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli MŞB/6- 2911 saylı arayışdan görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı ASC cavabdeh "xxxx" MMC “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən K3599 saylı kredit xətti müqaviləsi üzrə 15500 manat əsas borc, 1112,12 manat faiz borcu, 6376,96 manat cərimə borcu olmaqla, cəmi 22989,08 manat borcun, mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilmləsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019- cu il tarixli K3599 saylı kredit xətti müqaviləsi imzalanmış, Bank tərəfindən Borcalana illik faiz dərəcəsi 21%,illik cərimə faizi 15%, kredit müddəti bitdikdən sonra illik cərimə faizi 36% olmaqla xx.xx.2020-ci il tarixədək 15,500.00 manat məbləğində kredit xətti açılmışdır. Lakin cavabdeh K3599 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərini icra etməyərək, borcun müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Belə ki, tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli K3599 saylı kredit xətti müqaviləsinin 6.3.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Kredit alan tərəfindən 1 aydan artıq müddətə gecikdirildikdə Bank kredit məbləğini vaxtından əvvəl geri tələb edə bilər. Həmçinin, həmin müqavilənin 3.1.12-ci bəndinə əsasən kredit xəttinin məbləği azaldıqda, kredit xəttinin məbləğini aşan istifadə edilmiş məbləğə bu Müqavilənin 1.6 və 1.7-ci maddəsində qeyd olunan qaydada Bankın cərimə tətbiq etmək hüququ vardır. Cavabdehin xx.xx.2022-ci il tarixinə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri aşağıdakı kimidir: K3599 saylı kredit xətti müqaviləsinə əsasən 15,500 manat əsas borc, 1,112.12 manat faiz borcu, 6,376.96 manat cərimə borcu olmaqla, cəmi 22,989.08 manat borc təşkil edir, gecikmə gününün sayı – 679 gün. Bundan başqa tərəflərindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə Mediasiya İnstitutunun tətbiqi qaydasında Mediasiya Şurasına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı mediasiya prosesi üzrə 200 manat məbləğində xidmət haqqı ödəmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4593/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (Ülkər Həsənova) iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMCdən 15500 manat əsas borc, 1112,12 manat faiz borcu, 700 manat cərimə borcu olmaqla, cəmi 17312,12 manat məbləğində pulun və ödənilmiş 200 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.

11. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh "xxxx" MMC-nin iddiaçıya 15500 manat əsas borc və 1112,12 manat faiz borcu olduğu işdə olan sübutlarla təsdiq edildiyindən iddia təmin edilməlidir.

12. İddiaçı tərəfindən tələb edilmiş 6,376.96 manat cərimə borcu məhkəmə tərəfindən MPM-nin 467-ci maddəsinə əsasən azaldılaraq 700 manat məbləğində müəyyən edilmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4593/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin cərimə borcunun tutulması hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4593/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi cərimə borcunun tutulması hissəsində əsassızdır, buna görə də apellyasiya qaydasında baxılmalı və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissəsdə ləğv olunaraq, iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə çıxarılmalıdır. Birdəfəlik kredit üzrə, 31 oktyabr 2019-cu il tarixli № K 3599 saylı kredit xətti müqaviləsinin 7.2-ci bəndinə əsasən müqavilənin 4.1 və 4.9-cu bəndlərində göstərilən vəzifənin icra müddəti kredit alan tərəfindən müqavilənin 1.12-ci bəndində göstərilən müddət ərzində gecikdirildiyi halda kredit alan müqavilənin 1.6-cı bəndi ilə müvafiq müddətdən sonra gecikdirildikdə isə müqavilənin 1.7-ci bəndi ilə müəyyənləşdirilən faiz həcmində gündəlik hesablanan cərimə ödəyir. İş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin əsas borc və faiz borcu hissəsi ilə razılaşsa da, iddiaçı tərəfindən hesablanan cərimə (dəbbə) pulunu yüksək hesab edərək kəskin surətdə azaltmışdır. Məhkəmə cərimə məbləğini azaltdıqda öhdəliyin icrаsının gecikdirilməsimüddətlərini nəzərə almamışdır. Belə ki, 14 iyun 2022-ci il tarixə cavabdeh tərəfindən 31 oktyabr 2019-cu il tarixli № K 3599 saylı kredit xətti müqaviləsi üzrə krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı 759 gün olduğundan cərimə məbləğinin 700 manat məbləğində müəyyən edilməsi həmin günlərə mütənasib deyildir. Bu səbəbdən də qətnamə ilə müəyyən edilən cərimə məbləği əsaslı hesab edilə bilməz.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

16. Cavabdeh tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.

17. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

18. Qətnamə iddiaçı tərəfindən qismən –cərimə tələbinin qismən təmin edildiyi hissədə mübahisələndirildiyindən həmin hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

19. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4593/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

20. Məhkəmə kollegiyası əsas kredit borcunun 15500 manat olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə borcunun 700 manat müəyyən edilməsi əsas borca mütənasib olmaqla yanaşı məhkəmə təcrübəsinə uyğundur.

21. İşə baxmış məhkəmə tərəfindən hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir.

22. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 4593/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4593/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar