Məhkəmə qərarları › İş №2-2(103)-940/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-940/2024

25.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-940/2024 25.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı müqavilənin ləğvi, pulun tutulması və icarə sahəsinin boşaldılması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3580/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 2215 nömrəli dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsi bağlanmışdır.

2. Müqaviləyə əsasən, icarəyəverən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, 75 nömrəli Sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 102.4 m2 təşkil edən Mənzil Kommunal Təsərrüfatı Departamenti, 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədi ilə icarəçinin müddətli istifadəsinə verir.

3. Müqavilənin 2.2-ci bəndinə əsasən bir aylıq icarə haqqı 286,72 manatdır.

4. Müqavilənin 8.1-ci bəndinə əsasən icarə haqqı iki ardıcıl müddət üçün ödənilmədikdə bu, icarəçinin müqavilənin icrasından birtərəfli imtinası kimi qəbul edilir və icarə müqaviləsi ləğv oluna bilər.

5. Müqavilənin 8.4-cü bəndinə əsasən icarə müqaviləsinə xitam verildikdən sonra icarəçi icarəsində olan əmlakı icarəyəverənə qaytarmağa borcludur. Əgər icarəçi əmlakı qaytarmırsa, icarəyəverən əmlakın saxlandığı müddət üçün icarə haqqının və dəymiş zərərin əvəzinin ödənilməsini və icarəçidən saxlanılan əmlakı məcburi qaydada alınmasını tələb edə bilər. Cavabdehin icarə müqaviləsi üzrə şəxsi hesab vərəqəsindən çıxarışa əsasən cavabdehin xx.xx.2024-cü il tarixə göstərilən icarə müqaviləsi üzrə ödənilməmiş borcu 7033,92 manat təşkil edir.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu ilə müəyyən edilir ki, Cavabdeh dövlət büdcəsinə olan icarə haqqı borcunun 7 gün ərzində ödənilməsi tələb edilmiş və icarə müqaviləsinin ləğv edilməsi təklif edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat:

7. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı müqavilənin ləğvi, pulun tutulması və icarə sahəsinin boşaldılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 69 ünvanında yerləşən 102.4 kv.metr qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 2215 nömrəli icarə müqaviləsinin ləğv edilməsini, qeyriyaşayış sahəsi boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi, cavabdehdən icarə haqqı borcu üzrə 7033,92 manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 2215 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 69 ünvanında yerləşən 102.4 kv.metr qeyri yaşayış sahəsi Cavabdeh icarəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. Müqavilə ləğv edilmədiyindən halhazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə xx.xx.2024-cü il tarixə ödənilməli olan 7033,92 manat icarə haqqı borcu mövcuddur. İcarə müqaviləsi üzrə vəzifələrini icra etməməklə, cavabdeh tərəfindən “İcarə haqqında” Azərbaycan RespublikasıQanununun 7 və 13- cü maddələrinin, icarə müqaviləsinin tələbləri pozulmuşdur. Cavabdehə xx.xx.2024-cü il tarixli, 3-21-3/2-3866/2024 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilməsinə baxmayaraq, cavabdeh məktubu qəbul etməkdən və icarə haqqı borcunu ödəməkdən imtina etmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3580/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh icarə müqaviləsi üzrə öz öhdəliyini uzun müddətdir yerinə yetirmədiyindən iddiaçı tərəflər arasında bağlanmış müqavilənin tələblərinə əsasən icarə müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Bu səbəbdən iddia tələbi icarə müqaviləsinin ləğv edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Eyni zamanda materiallardan görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixə ödənilməli olan icarə haqqı borcu ümumilikdə 7033,92 manat təşkil edir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, icarə haqqı borcunun tələb edilməsi hissəsində də iddia əsaslıdır və təmin edilməlidir.

11. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək iddianın rədd edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, icarə müqaviləsi bağlandığı tarixdən cavabdeh icarə haqqını hər ay üzrə lazımi qaydada ödəmişdir. Müqavilənin bağlanmasından təxminən 6 aydan sonra icarəyə götürülmüş sahənin özəlləşdirilməsi ilə bağlı iddiaçı tərəfin təşəbbüsü ilə özəlləşmə qiymətinin razılaşdırılması ilə bağlı danışıqlar olmuşdur. Lakin tarif qiymətlərini ödəmək cavabdehə uyğun olmamışdır. Bu ərəfədə cavabdehin ağır xəstəliyi ilə əlaqədar oğlu tərəfindən xaricə müayinə və müalicəyə aparılmışdır. Cavabdeh xəstəliyi ilə əlaqədar müvəqqəti iqtidarsızlığından icarə haqqının ödənilməsində üzürlü səbəbdən gecikmə yaranmışdır. İcarə borcunu ödəmək cavabdeh üçün məqbuldur, lakin borca əlavələr hesablanaraq artırılmışdır. Cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən dəlillərini məhkəməyə təqdim edə bilməmiş, ona qarşı verilmiş iddiadan müdafiə olunma haqqından, dinlənilmə hüququndan məhrum edilmişdir. İddia ərizəsində formal olaraq, göstərilmişdir ki, guya iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə 3-21-3/2-3866/2024 saylı xəbərdarlıq məktubu göndərilmiş, cavabdeh isə məktubu qəbul etməkdən və icarə borcunu ödəməkdən imtina etmişdir. Bununla bağlı qeyd edir ki, iş materiallarındakı xəbərdarlıq məktubu cavabdehə göndərilməmiş və ona təqdim edilməmişdir. İcarə müqaviləsinin predmeti olan 102,4 kv/m sahə cavabdehin xüsusi mülkiyyətində olan 279,1 kv/m (xx.xx.2021-ci il tarixdə DƏDR-də qeydə alınıb) sahəyə birləşik olmaqla, uzun müddət cavabdehin faktiki sahibliyində və istifadəsində olmuşdur. Məhz cavabdeh həmin sahəni istifadə üçün yararlı vəziyyətə gətirmiş və sənədləşdirilməsi üçün özü DƏDRX-yə müraciət etmişdir. Ona əvvəlcə icarə müqaviləsi bağlamaq, bir müddət sonra isə özəlləşdirmək təklif edilmişdir. Həmin sahəyə dair icarə müqaviləsi bağlanması, o cümlədən özəlləşdirilməsi faktiki olaraq, cavabdehin istifadəsində olduğundan və onun qanuni mənafeyinə toxunduğu üçün, həmçinin həmin sahəyə başqa tələbkar olmadığından cavabdehin üstünlük hüququ vardır. Bundan başqa, aylıq icarə haqqı 286,22 manat olduğu halda icarə borcunun 7.033,92 manat həddində tələb edilməsini də məhkəmə araşdırmamışdır. Məhkəmə qətnamədə icarə müqaviləsinin icarə haqqı iki ardıcıl müddət üçün ödənilmədikdə bu icarəçinin müqavilənin icrasından birtərəfli qaydada imtinası kimi qəbul edilməsi və icarə müqaviləsinin ləğv olunması imkanını nəzərdə tutan 8.1 bəndinə istinad etmiş, lakin müqavilənin bu bəndinə istinad edərkən MM-nin 423.2 və 704.1 maddəsinin imperativ tələblərinə iddiaçının əməl etmədiyinə diqqət yetirməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

14. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək şikayətin rədd edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

15. Mülki Məcəllənin: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 685.2-ci maddəsinə əsasən kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. 697.1-ci maddəsinə görə kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. 697.2-ci maddəsinə görə əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

16. “İcarə haqqında” AR Qanunun 5.-ci maddəsinə görə müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir.

17. Mülki Prosessual Məcəllənin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

18. Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

Apellyasiya baxışının hədləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirdiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

23. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (icarəyəverən) ilə Cavabdeh (icarəçi) arasında xx.xx.2022-ci il tarixli, 2215 nömrəli dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən, icarəyəverən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, 75 nömrəli Sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 102.4 m2 təşkil edən qeyri-yaşayış sahəsini xidmət məqsədi ilə icarəçinin müddətli istifadəsinə vermişdir. İcarə müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə başa çatsa da, “İcarə haqqında” AR Qanununun tələblərinə əsasən tərəflərin icarə müqaviləsinə xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadığından müqavilə eyni müddət üçün (bir il) və eyni şərtlərlə avtomatik uzadılmışdır. İcarəçi Cavabdeh icarə müqaviləsi üzrə öhdəliklərini lazımı qaydada icra etmədiyindən icarəverən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti icarəçiyə xx.xx.2024-cü il tarixdə müqavilənin ləğv edilməsi barədə bildiriş göndərməklə icarə müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi barədə iradəsini icarəçiyə çatdırmışdır.

24. Hazırda iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti icarə müqaviləsinin ləğv edilməsini, icarə sahəsinin boşaldılmasını və icarə haqqının ödənilməsini tələb edir.

25. İcarə müqaviləsinin ləğv edilməsi hissəsində iddia tələbinin qanuni əsaslarını Mülki Məcəllənin 685.2-ci və 421.2-ci maddələri təşkil edir.

26. Kirayə müqaviləsinin vaxtından əvvəl xitam verilməsi qaydalarını müəyyən edən Mülki Məcəllənin 700.3-cü maddəsinə əsasən torpaq icarəsi istisna olmaqla icarə münasibətlərinə şamil edilən Mülki Məcəllənin 685.2-ci maddəsinin məzmunundan göründüyü kimi icarəçinin iki ardıcıl müddət üçün icarə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirməsi icarəçinin müqavilə üzrə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması hesab edilməklə icarə müqaviləsinin dərhal ləğv edilməsi üçün əsasdır.

27. Bundan əlavə tərəflər arasında bağlanmış icarə müqaviləsinin 8.1-ci bəndinə əsasən icarə haqqı iki ardıcıl müddət üçün ödənilmədikdə icarə verənin icarə müqaviləsini ləğv etmək hüququ nəzərdə tutulmuşdur.

28. Hazırkı halda ləğv barədə bildirişin göndərildiyi tarixə icarəçinin iki ardıcıl müddətdən daha artıq müddət ərzində icarə haqqını ödəməməsi işin mübahisəsiz halını təşkil edir.

29. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə iddia təmin edilməli, icarə müqaviləsi ləğv edilmiş hesab edilməlidir.

30. Müqavilənin 8.1-ci maddəsinin Mülki Məcəllənin 704.1-ci maddəsinə zidd olması barədə cavabdehin apellyasiya şikayətində istinad etdiyi dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 704.1-ci maddəsində torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilmədiyi hallarda, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilməsi nəzərdə tutulmuşdur.

31. Birincisi, sözügedən norma icarə müddəti müəyyənləşdirilməyən icarə müqaviləsinin ləğv edilməsi qaydasını tənzimlədiyi halda mübahisəli müqavilədə icarə müddəti müəyyənləşdirilmişdir. İkincisi, məzmunundan da göründüyü kimi həmin norma müqavilənin birtərəfli qaydada ləğv edilməsinə dair əsaslar (məsələn, tərəfin müqavilə üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması) olmadığı hallarda icarə müqaviləsinin xəbərdarlıq müddəti gözlənilməklə ləğv edilməsi qaydasını müəyyən edir.

32. Üçüncüsü, sözügedən norma yalnız torpaq sahəsinin, hüququn və ya müəssisənin icarə müqavilələrinə şamil edildiyi halda mübahisəli icarə müqaviləsi üzrə icarə obyekti qeyri-yaşayış sahəsidir.

33. Beləliklə, Mülki Məcəllənin 704.1-ci maddəsinin mübahisəli hüquq münasibətlərinə tətbiqi istisna olunur.

34. Mübahisəli qeyri-yaşayış sahəsinin uzun müddət faktiki sahibliyində və istifadəsində olması və həmin sahəni istifadə üçün yararlı vəziyyətə gətirməsi barədə cavabdehin dəlillərinə gəldikdə məhkəmə qeyd edir ki, cavabdehin istinad etdiyi hallar öz təsdiqini tapsa belə, onun iki ildən artıq müddət ərzində icarə haqqı ödəmədən dövlət mülkiyyətində olan qeyri-yaşayış sahəsindən istifadə etməsinə haqq qazandırmır və icarəverənin müqavilə üzrə öhdəliklərinin əhəmiyyətli pozuntusuna yol verilməsi əsası ilə icarə müqaviləsini ləğv etmək hüququnu məhdudlaşdırmır.

35. Müqavilənin ləğvi barədə xəbərdarlıq məktubunun göndərilməməsi barədə cavabdehin istinad etdiyi dəlillərə gəldikdə isə iş materiallarından göründüyü kimi müqavilənin ləğvi barədə bildiriş iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdeh həmin məktubu qəbul etməkdən imtina etmişdir (İş materialları, səh.13). Bundan əlavə xəbərdarlıq məktubu X3 vasitəsilə də cavabdehə göndərilmişdir(İş materialları, səh.14). Odur ki, cavabdehin istinad etdiyi dəlillər əsassızdır.

36. İddianın icarə obyektinin boşaldılaraq icarəyə verənə təhvil verilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, icarə müqaviləsi ləğv edildiyindən Mülki Məcəllənin 697.1-ci maddəsinin tələblərinə əsasən icarə obyektiicarəyə verənə geri qaytarılmalıdır.

37. İddianın icarə haqqı borcunun tutulması hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehə məxsus şəxsi hesab vərəqəsindən çıxarışa əsasən müəyyən edilir ki, cavabdehin xx.xx.2024-cü il tarixə göstərilən icarə müqaviləsi üzrə ödənilməmiş borcu 7033,92 manat təşkil edir.

38. Cavabdeh isə icarə haqqı borcundan ödənişlər edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

39. Odur ki, kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 700.1-ci maddəsinin tələblərinə uyğun olaraq icarə müqaviləsinə xitam verildiyi tarixədək (ləğv barədə bildirişin göndərildiyi tarixədək olan müddət üçün) olan müddət üçün hesablanmış, lakin ödənilməmiş icarə haqqı borcunu, həmin tarixdən etibarən isə Mülki Məcəllənin 697.2-ci maddəsinin tələblərinə əsasən icarə obyektinin qaytarılmamasının kompensasiyası qismində icarə haqqını, cəmi 7033,92 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.

40. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

41. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti rədd edilditindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

42. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3580/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar