Məhkəmə qərarları › İş №2-2(103)-941/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-941/2024

17.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-941/2024 17.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X15 və X2 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dаir iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1527/2024 nömrəli, 08 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Biləsuvar rayonu, Araz barı kəndi ərazisində 60 hek. torpaq sahəsində tikdiyi yaşayış və qeyri-yaşayış sahələrinin tikintisinə sərf etdiyi ekspertin rəyində göstərilmiş dəymiş ziyanın ümumi dəyəri 139.443 manat məbləğin "xxxx" MMC-in hesabından onun X4 və İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Cavabdeh "xxxx" MMC iddia ərizəsinə etiraz verərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-1527/2024 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı və X5 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə icraata X7 münasibətdə xitam verilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-1527/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

5. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-1527/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, subyektiv hüququ pozulmuşdur. Məhkəmə bu məsələni araşdırmamışdır. Məhkəmə zərərin məbləğinin müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin etməli olduğu halda bunu etməmişdir. X8, X9, X10, X14, X6 tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, X11 ona məxsus olan Biləsuvar rayon Arazvari kənd ərazisində yerləşən 60 ha Kənd Təsərrüfatı Nazirliyinin Biləsuvar rayon Damazlıq təsərrüfatı müqavilə 2000-ci ildə torpaq sahəsi götürmüşdür. Həmin torpaq sahəsini Abadlaşdırmaq və əkin üçün yararlı vəziyyətə salmaq üçün maddi imkanı yox idi. Məhkəmə mövcud vurulmuş zərərin ödənilməsi məsələsini həll edərkən formal mülahizələrdən çıxış edərək, zərər tələbi ilə bağlı kimi işin əhəmiyyətli hallarını araşdırmamışdır. Həmçinin işə baxan məhkəmə prosessual hüquq normasının tələblərini kobud surətdə pozaraq, işə onun iştirakı olmadan baxaraq, qətnamə qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

8. Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Həmin məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

13. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

14. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).Həmin Məcəllənin 748-2.5-ci maddəsinə əsasən maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

18. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

21. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı və X1 rayonu, Arazbarı kəndində yerləşən 60 hektar torpaq sahəsi üzərində tikinti və müxtəlif abadlaşdırma işləri aparmış və onlar tərəfindən keçirilmiş qiymətləndirmə əsasında tikinti və abadlaşdırma xərcləri 10 noyabr 2022-ci il tarixinə 139943 manat təşkil etmişdir. Qanuni qüvvəsini almış Biləsuvar Rayon Məhkəməsinin 2(022)-44/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisəli ərazi əslində əmlak hüququ əsasında Cavabdeh adına qeydə alınmış torpaq sahəsinin hüdudları daxilində yerləşir və həmin torpaq sahəsində Z.Ş.Məmmədov və qeyriləri tərəfindən qanunsuz inşa edilmiş tikililərin məhz Z.Ş.Məmmədovun vəsaiti hesabına sökülməsi barədə Biləsuvar Rayon Məhkəməsinin 2(022)-12/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Biləsuvar Rayon Məhkəməsinin 2(022)- 44/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, İddiaçı Əİi oğlu iddia tələbinin əsası kimi cavabdeh tərəfindən notariat qaydasında təsdiq olunmaqla, verilmiş etibarnaməyə istinad etsə də, etibarnamə hər hansı öhdəliklərin yaranma əsası deyildir. Digər tərəfdən isə şəxsin hər hansı daşınmaz əmlakı digər şəxsin mülkiyyətinə, icarəsinə, yaxud istifadəsinə verməsi üçün qeyd olunan əmlak üzərində yalnız istifadə hüququnun olması kifayət deyil. Bunun üçün əmlak üzərində mülkiyyət hüququnun olması və belə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, yaxud ilkin icarə müqaviləsində subicarənin nəzərdə tutulması zəruridir. Cavabdeh isə yuxarıda da qeyd olunduğu kimi belə hüquqa malik olmamışdır. M.Ə.Sabir adına qoyunçuluq üzrə DDKTJ ilə X11 arasında bağlanmış 06 iyun 2007-ci il tarixli müqavilənin İddiaçı tərəfindən cavabdehin mübahisəli torpaq sahəsinə hüquqmüəyyənedici sənədi kimi götürüldüyü qəbul edilsə belə, həmin müqavilənin 1-ci hissəsinin 4-cü bəndində Z.Ş.Məmmədovun icarəyə götürdüyü örüş sahəsini digər tərəfə icarəyə vermək hüququnun olmadığı göstərilmişdir. Beləliklə qeyd olunanlara əsasən, İddiaçı Əİi oğlunun iddia tələbi rədd edilmiş və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- 231/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Hazırda qeyd olunan qətnamələr qanuni qüvvələrini almışdır. Eyni zamanda, iş materialların əlavə edilmiş materiallar ilə mübahisəli torpaq sahəsinin "xxxx" MMC-yə icarəyə verilməsi və hazırda onun sahibliyində olması öz əksini tapmışdır.

22. Yuxarıda qeyd olunan hallar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışlarda və məhkəmələrin qanuni qüvvəyə minmiş aktlarında öz əksini tapmışdır.

23. Belə ki, iddiaçı apellyasiya şikayətində tikinti apardığı iddia etdiyi torpaq sahəsi üzərində cavabdeh hüquqi şəxsin hüquqları Dövlət tərəfindən tanınaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və iddiaçıya aid olmayan torpaq sahəsindən qanunsuz istifadə edilməsi nəticəsində dəymiş ziyanı qanuni sahibindən tələb edir. Halbuki, iddiaçının iddia tələbini yönəltdiyi cavabdeh həmin torpaq sahəsinin qanuni sahibidir. İşin hallarından da ona hər hansı ziyanın dəyilməsi və ziyanın bilavasitə cavabdeh tərəfindən vurulması müəyyən edilməmiş və iddiaçı tərəfindən sübuta yetirilməmişdir.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarlarında göstərilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.

25. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

26. Mülki Məcəllənin 157.7.-ci maddəsinə əsasən, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

27. Lakin, iddiaçı özünün vicdanlı sahib olması ilə əlaqədər heç bir sübut təqdim etməmişdir. Əksinə işdə olan sübutlarla onun vicdansız sahib olması təsdiq olunur. Vicdansız sahibin isə Mülki Məcəllənin 157.7.-ci maddəsinə əsasən yaxşılaşdırmaların əvəzini tələb etmək hüququ yoxdur.

28. Həmçinin, İddiaçı yazılı vəsatətlə müraciət edərək, məhkəmə kollegiyasından dəymiş zərərin məbləğinin müəyyən edilməsi üçün məhkəmə ekspertizasının keçirilməsini xahiş etmişdir.

29. Vəsatət onunla əsaslandırılmışdır: Şəhid ailəsi olaraq 2000-ci ildə xalası oğlu X11 adına Biləsuvar rayonunda 60 ha ərazisi olan torpağa məskunlaşmışdılar. O vaxtdan 2019-cu ilədək həmin torpaqda yaşamaq üçün ev tikdirmişdilər, çobana 2 otaqlı ev tikdirmiş, heyvanlar üçün 2 ədəd tövlə tikdirmiş və 60 ha torpağı əkinə yararlı hala gətirmişdilər. Həmin torpaqlar şoranlıq olduğu üçün 3500 m 3x3 ölçüdə kanal çəkdirmiş,texnikalarla həmin torpaqların çalalarını,təpələrini düzəltdirərək yararlı vəziyyətə gətirib çıxartmışdılar. O bir sahibkar olaraq heyvandarlığını inkişaf etdirdiyi üçün İqdisadiyyat Nazirliyi yanında Yardım Fondundan 50.000 manat vəsait götürərək həmin təsərrüfata xərcləmişdir. O vaxt sözügedən torpağa xərcləri o və atası çəkdiyinə görə, Məmmədov Zamin həmin icarə müqaviləsini ona verərək, ona gələcəkdə sözügedən 60 ha torpağı öz adına keçirmək üçün xx.xx.2014 tarixdə baş etibarnamə əsasında ona etibar etmişdir. Şəhid ailəsi olaraq onlar həmin torpağa nə qədər xərc çəkdiklərini və hansı tiktintilər apardıqlarını Azərsun qanunsuz olaraq onları torpaqdan çıxarmaq üçün Biləsuvar rayon Məhkəməsinə verəndə həmin proses zamanı xx.xx.2022 tarixli məhkəmə qərarında Z.Məmmədov çıxışında bildirib ki, maddi imkanı zəif olduğu üçün, bütün xərcləri yaxın qohumları İddiaçı və Şəhid atası Əli Hüseynov çəkiblər. Onu da qeyd edir ki, Nizami Rayon Məhkəməsi bu işi araşdıran zaman qanunsuz və ədalətsiz qərar çıxartdığı üçün atası bu haqsızlığa dözmədən ürəktutmasından vəfat etmişdir. Onu da nəzərinizə çatdırır ki, Bakı Kommersiya Məhkəməsi xx.xx.2024 tarixdə saat 11:15 da prosesdən 1 gün qabaq onu şərliyərək “Ay İşığı” restoranından polislər tutub apardılar və Xətai Rayon Məhkəməsinin hakimi Rəfail Sadıxov xx.xx.2024 tarixdə 1 ay müddətinə inzibati həbs etmişdir. Bərait alaraq Apellayasiya Məhkəməsi onun günahı olmadığını sübuta yetirərək, xx.xx.2024 tarixli qərarı ilə azadlığa buraxmışdır. Hesab edir ki, Azərsun Holding MMC”-rn rəhbərliyi onu şərlətdirib tutdurmuşdur.

30. Yuxarıda qeyd edilmiş əsaslar təsdiq edir ki, iddiaçının yaxşılaşdırmaların əvəzini tələb etmək hüququ olmadığına görə onların dəyərinin müəyyən edilməsi iş üzrə əhəmiyyətli halı aşkar etməyəcək və bu hal işin nəticəsinə təsir etmə baxımından əhəmiyyətsizdir. Odur ki, vəsatət təmin edilməməlidir. Məhkəmə də qeyd edilən vəsatəti təmin etməməkdə əsaslı qərar qəbul etmişdir.

31. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1527/2024 nömrəli, 08 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar