Məhkəmə qərarları › İş №2-2(103)-942/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-942/2021

18.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-942/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal gəlirlər baş idarəsinin Cavabdeh ASC-yə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1298/2021 nömrəli iş üzrə 02 iyun 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin dövlət büdcəsinə hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış 36,282.57 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 39.000 manat məbləğdə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 02.06.2021-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Qərardadın əsaslarına görə, hazırkı iddia ərizəsində tələb edilən məcburi dövlət sosial sığorta haqqı üzrə borc məbləği barədə tərəflər arasında əvvəllər də məhkəmə mübahisəsi mövcud olduğundan və bununla bağlı qəbul edilmiş məhkəmə qərarı qanuni qüvvəyə mindiyindən, mübahisəyə yenidən baxılması mümkün hesab edilə bilməz. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, məhkəmə tərəfindən iş üzrə ətraflı araşdırılma aparılmamışdır. Əvvəla, “Bakı Metal Konstruksiyaları” filialına hesablanmış 36.282,57 manat borc məbləği Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi X1 Üzrə Məhkəmə Kollegiyasının 01.09.2006-cı il tarixli 7-k-257/2006 saylı qərarında göstərilən tələblə əlaqəli deyildir. Belə ki, Cavabdeh ASC-nin “Bakı Metal Konstruksiyaları” filialı 17.12.2004-cü il tarixdə vergi orqanında uçota alınmış və ona ********** nömrəli VÖEN verilmişdir. İş materiallarına əlavə edilmiş, “Bakı Metal Konstruksiyaları” Filialının şəxsi hesab vərəqəsindən görünür ki, onun hazırda dövlət büdcəsinə ödənilməmiş sosial siğorta haqları üzrə borcu mövcuddur. Eləcə də, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, hesablanmış borc məbləği məhz həmin filial barəsində olmuş, bu səbəbdən də həmin müəssisəyə 20.07.2020-ci il tarixli **********958100 nömrəli bildiriş göndərilmişdir. Bununla yanaşı, borcun ödənilməsini təmin etmək məqsədilə “Bakı Metal Konstruksiyaları” filialı barəsində onun rekvizitləri göstərilməklə banka sərəncamlar da verilmişdir. Təsdiqedici sənədlərin, həmçinin hesablanmış borcun vergi orqanında uçota alınmış vergi ödəyicisi “Bakı Metal Konstruksiyaları” filialı barəsində olmağına baxmayaraq, məhkəmə heç bir araşdırma aparmadan qərar qəbul etmişdir Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşə əlavə edilmiş qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə İş Departamenti Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə AR 1 saylı Yerli İqtisad Məhkəməsinə müraciət edərək 01.07.2005-ci il tarixinə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə 58,462.92 manat məbləğində borcun əmlakı hesabına tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin 09 mart 2006-cı il tarixli 289/6- 61 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək ASC-dən iddiaçının xeyrinə 1,844.12 manat əsas, 313.1 manat faiz borcu, ümumilikdə 2,157.22 manat borc məbləğinin əmlakı hesabına tutulması qət edilmiş, qalan hissədə isə iddia rədd edilmişdir. Belə ki, məhkəmə qərar qəbul edərkən 01.01.2003-cü il tarixə yaranmış borc üzrə iddia müddətinin ötürülməsinə, qalan dövr üzrə ASC-nin ödənilməmiş cəmi 2,157.22 manat məbləğdə borcunun olmasına istinad etmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Apellyasiya İqtisad Məhkəməsinin 15 may 2006-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi X1 Üzrə Məhkəmə Kollegiyasının 01 sentyabr 2006-cı il tarixli 7k257/2006 nömrəli qərarı ilə Azərbaycan Respublikası Apellyasiya İqtisad Məhkəməsinin 15 may 2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən ünvanlanmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi X1 Üzrə Məhkəmə Kollegiyasının 01 sentyabr 2006-cı il tarixli 7-k- 257/2006 nömrəli qərarının icra olunub-olunmaması barədə və Cavabdeh ASC-yə (“Bakı Metal Konstruksiyaları” filialı) hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə 36,282.57 manat borc məbləğinin hansı dövrü əhatə etməsi barədə sorğuya cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən bildirilmişdir ki, qeyd edilən dövrdə məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət səlahiyyəti vergi orqanında olmadığından Ali Məhkəmənin İqtisadi X1 üzrə Məhkəmə Kollegiyasının 01 sentyabr 2006-cı il tarixli 7-k-257/2006 saylı qərarının icra olunub-olunmaması barədə məlumat vergi orqanında mövcud deyildir. Bundan əlavə məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış 36.282,57 manat borc məbləği 01.01.2019-cu il tarixə saldo məbləğlərindən ibarətdir. Beləliklə, işin hallarından məlum olur ki, Cavabdeh ASC (“Bakı Metal Konstruksiyaları” filialı) tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı 2006-cı ildə məhkəmə mübahisəsi mövcud olmuş və ASC-dən 58,462.92 manat məbləğdə borcun ödənilməsi tələb edilmişdir. Lakin qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə ASC-yə hesablanmış 58,462.92 manat borcun əsassız olması və onun əsas və faiz borcu olmaqla, ümumilikdə borcunun 2,157.22 manat təşkil etməsi müəyyən olunmuşdur. Hazırda isə iddiaçı cavabdehin 01.01.2019-cu il tarixə saldo məbləğlərindən ibarət olmaqla 36,282.57 manat məbləğində borcunun olmasını iddia edir. Belə ki, iddiaçı cavabdehdən tələb edilən məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış 36,282.57 manat borcun Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi X1 Üzrə Məhkəmə Kollegiyasının 01 sentyabr 2006-cı il tarixli 7-k257/2006 nömrəli qərarı ilə təmin edilməyən tələbə aid olmadığını, 2018, 2019, 2020 illərə aid edilməsini iddia etsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1 maddəsinə müvafiq olaraq sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutların qiymətləndirilməsinin məzmunu aşağıdakılar ehtiva edir: onların münkünluyunu, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Məhkəmə sübütları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübütların mötəbərliyin kifayət edilməsini qiymətləndirir. “Sosial sığorta haqqında“ AR Qanununun 13.1-ci maddəsinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. Məhkəməyə təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə hesabatdan görünür ki, 2019-cu ilin bir rübü üzrə Cavabdeh ASC-də aylıq gəliri 200 manatadək olan sığortaolunanlar üzrə sığortaedənin məcburi dövlət sosial sığorta haqqı 237.60 manat, aylıq gəliri 200 manatdan çox olan sığortaolunanlar üzrə sığortaedənin məcburi dövlət sosial sığorta haqqı 399 manat, aylıq gəliri 200 manatadək olan sığortaolunanlar üzrə sığortaolunanın məcburi dövlət sosial sığorta haqqı 32.40 manat, aylıq gəliri 200 manatdan çox olan sığortaolunanlar üzrə sığortaolunanın məcburi dövlət sosial sığorta haqqı isə 126 manat təşkil etmişdir. ASC-nin işçilərinin sayı 5-dən çox olmamışdır. Eyni zamanda, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 2018, 2019, 2020 və 2021-ci il üzrə ödəniş qəbzlərindən görünür ki, Cavabdeh ASC tərəfindən sadalanan illər üzrə məcburi dövlət sosial sığorta haqqı ödənişləri həyata keçirilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən hazırda tələb edilən məcburi dövlət sosial sığorta haqqı üzrə 36,282.57 manat borc məbləği əvvəllər məhkəmə qaydasında mübahisələndirilmiş və silinməsi qərara alınmış (58,462.92-2,157.22=56.305.7 manat) borc məbləğinin tərkib hissəsidir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə həmin borcun silinməsi qərara alınsa da, sistemdən silinməsi həyata keçirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia ərizəsində tələb edilən məcburi dövlət sosial sığorta haqqı üzrə borc məbləği barədə tərəflər arasında əvvəllər də məhkəmə mübahisəsi mövcud olduğundan və bununla bağlı qəbul edilmiş məhkəmə qərarı qanuni qüvvəyə mindiyindən mübahisəyə yenidən baxılması mümkün hesab edilə bilməz. MPM-in: 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə görə, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır; 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir; 262.5-ci maddəsinə görə, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası məhz bu mənada apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçı cavabdehdən tələb edilən məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış 36,282.57 manat borcun Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 sentyabr 2006-cı il tarixli qərarı ilə təmin edilməyən tələbə aid olmadığını, 2018, 2019, 2020 illərə aid olduğunu iddia etsə də, bunu təsdiq edən sübutları nə birinci instansiya məhkəməsinə təqdim etmiş, nə də ki, apellyasiya şikayətinə əlavə etmişdir. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə, iş üzrə icraata xitam verməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır (MPM-in 398.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 263, 264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1298/2021 nömrəli iş üzrə 02 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal gəlirlər baş idarəsinin şikayəti təmin edilməsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Vüsalə Baxışova Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar