Məhkəmə qərarları › İş №2-2(103)-942/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-942/2024

03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-942/2024 03.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh6, Cavabdeh8 və digərlərinə qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-132/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadından cavabeh Cavabdeh8 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icaat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh6, Cavabdeh8, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh7 və Cavabdeh5 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, e-2-2(113)-132/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qeyd edilən qətnamədən Cavabdeh8 tərəfindən elektron kabinet vasitəsilə 14 noyabr 2023-cü il tarixdə apellyasiya şikayəti verilmiş, Bakı Kommersiya Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, e-2-2(113)-132/2023 saylı qərardadı ilə apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh8 tərəfindən şikayət verilmiş və Bakı Kommersiya Məhkəməsinin 07 yanvar 2024-cü il tarixli, e-2-2(113)- 132/2023 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(113)-132/2023 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(103)-307/2024 saylı qərardadı ilə Cavabdeh8 şikayətinin təmin edilməməsi və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 132/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, e-2-2(113)-132/2023 saylı qətnaməsindən Cavabdeh8 tərəfindən yenidən elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilmişdir. Bakı Kommersiya Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, e-2-2(113)-132/2023 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, e-2-2(113)- 132/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qeyd edilən qərardaddan Cavabdeh8 tərəfindən şikayət verilmiş və Bakı Kommersiya Məhkəməsinin 02 may 2024-cü il tarixli, e-2-2(113)-132/2023 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, e-2-2(113)- 132/2023 saylı qərardadından Cavabdeh8 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsin xx.xx.2024-cü il tarixli, 2-2(103)-606/2024 saylı qərardadı ilə Cavabdeh8 tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-132/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 22 aprel 2024-cü il tarixli qərardadın ləğv edilməsi, müvafiq prosessual hərəkətlərin edilməsi üçün iş materiallarının Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırda Bakı Kommersiya Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, e-2-2(113)- 132/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən yenidən apellyasiya şikayəti verilmiş, şikayətə həmçinin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə əlavə edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ilk şikayət o əsasla geri qaytarılmışdır ki, “həmin şikayətin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddət ötürülməklə verilmişdir”. Əslində isə Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Cavabdeh qətnamə ilə elektron məhkəmə sistemində xx.xx.2023-cü il tarixdə tanış olmuşdur (ona rəsmi təqdim edilmişdir), elə həmin gün də apelyasiya şikayəti vermişdir. Qətnamənin daha əvvəl yerləşdirilməsini cavabdeh bilməmişdir. Buna görə də bunu üzrlü səbəb sayaraq şikayətin verilmə müddətinin bərpa edilməsnini xahiş edir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-132/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh8 qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsinin təmin olunmaması qərara alınmışdır. Cavabdehin həmin qərardaddan verdiyi şikayət Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-132/2023 saylı qətnaməsi xx.xx.2023-cü il tarixdə Cavabdeh8 “Elektron məhkəmə” informasiya sistemində olan elektron kabinetinə yerləşdirilmiş, sonuncu tərəfindən ilkin apellyasiya şikayəti isə xx.xx.2023-cü il tarixdə verilmiş, nəticədə həmin prosessual hərəkət üçün nəzərdə tutulmuş qanuni müddət ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.6-ci maddəsinə müvafiq olaraq, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Mülki Prosessual Məcəlləsinin 360.1-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəlləyə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Sadalanan maddələri rəhbər tutan kollegiya cavabdehin müddətin bərpasına dair ərizəsində göstərdiyi dəlillərlə razılaşmır və hesab edir ki, onlar müddətin ötürülməsinin üzrlü səbəbi kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən aydın olur ki, yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır. Beləliklə kollegiya qeyd edir ki, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpa edilməsi xahiş edilsə də, bərpanın həyata keçirilməsi üçün qanunvericiliyin məcburi tələbi olan hər hansı üzrlü əsasa istinad etməmişdir. Bu baxımdan, kollegiya hesab edir ki, cavabdeh müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Halbuki qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə şikayəti vaxtında vermək imkanının olmadığını, bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin müddətin bərpasından imtina ilə bağlı gəldiyi nəticə tam qanuni və işin hallarına uyğundur. Ümumiyyətlə kollegiya qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmişdir, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-132/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar