Məhkəmə qərarları › İş №2-2(103)-943/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-943/2022

02.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-943/2022 02.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" MMC və qeyrilərinə qarşı kredit borcunun tutulması Açar söz: kredit müqaviləsi üzrə borc Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi iddiaçının nümayəndəsi X1 iştirakı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" MMC-yə və qeyrilərinə qarşı kredit borcunun tutulması, tutmanın girova yönəldilməsi və s tələblərinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-150/2022 saylı qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları 1."xxxx"ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2020-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Cavabdeh1 MMC-nə 18 ay müddətinə, 21,34 faizlə 200.000 manat məbləğində kredit verilmişdir. 2.Kredit öhdəliyinin təminatı olaraq xx.xx.2020-ci il tarixdə X7 və Hüseyin Büyükfıratla zaminlik müqavilələri bağlanmışdır.

3. Kredit öhdəliyinin təminatı olaraq Bankla Cavabdeh1 MMC arasında xx.xx.2020-ci il tarixdə girov müqaviləsi bağlanmış və müqaviləyə 1 saylı əlavədə göstərilmiş daşınar əşyalar girovla yüklü edilmişdir.

4. xx.xx.2020-ci il tarixdə Bankla X7 arasında girov müqaviləsi bağlanmış və X4 Cavabdeh1 MMC-dəki 100 faiz payı adıçəkilən kreditin təminatı olaraq girovla yüklü edilmişdir.

5. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Cavabdeh1 MMC-nin xx.xx.2020-ci il tarixli 1100/KM-01-16012020 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə əsas borc üzrə 200.000 manat, faiz borcu üzrə 37.450,84 manat borcu mövcuddur.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 MMC-yə, X6 və Hüseyin Büyükfırata qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən xx.xx.2020-ci il tarixli 1100/KM-01-16012020 saylı kredit müqaviləsi üzrə 200.000 manat, faizlər üzrə 37450,84 manat, hesablanmış dəbbə pulu (penya) üzrə 8895,48 manat, ümumilikdə 246.346,32 manat borc məbləğinin iddiaçının xeyrinə tutulması, iddiaçı tərəfindən ödənilən 30 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1 MMC-dən, X7-dan və Hüseyin Büyükfıratdan iddiaçının xeyrinə tutulması, girov ilə yüklü edilmiş, Cavabdeh1 MMC-nin mülkiyyətində olan 1100/GM-02-16012020 saylı müqavilənin əlavəsində göstərilən əmlakların bazar dəyərinin müəyyən edilməsi, girov ilə yüklü edilmiş, Cavabdeh1 MMC-nin təsisçisi X7-nın mülkiyyətində olan Cavabdeh1 MMC-dəki 100% payının bazar dəyəri müəyyən edilməsi, girov ilə yüklü edilmiş, Cavabdeh1 MMC-nin mülkiyyətində olan 1100/GM-02-16012020 saylı müqavilənin əlavəsində göstərilən əmlaklara və Cavabdeh1 MMC-nin təsisçisi X7-nın mülkiyyətində olan Cavabdeh1 MMCdəki 100% payına tutmanın yönəlməsi, girov predmetlərinin açıq hərraca çıxarılaraq satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına cavabdehlərin iddiaçıya olan ümumi borc məbləğinin yuxarıda göstərilən qaydada ödənilməsi, qeyd olunan girov predmetlərin hərracda satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə və ya tələbin girov predmetinə yönəldilməsi mümkün olmadıqda tələbin qalan hissəsinin cavabdehlər Cavabdeh1 MMC-dən, X7-dan və Hüseyin Büyükfıratdan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx"ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 1100/KM-01-16012020 saylı kredit müqaviləsinə əsasən, "xxxx" ASC tərəfindən Cavabdeh1 MMC-nə 18 ay müddətinə 200.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit öhdəliyinin təminatı olaraq, "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 1100/GM-02-16012020 saylı girov müqaviləsinə görə mülkiyyətində olan müqaviləyə əlavə edilən əmlak bank qarşısında girov ilə yüklü edilmişdir və bu yüklülük qanunvericiliyin tələblərinə uyğun olaraq qeydiyyatdan keçirilmişdir. Əlavə olaraq, kredit öhdəliyinin təminatı olaraq, "xxxx" ASC ilə X7 və Hüseyin Büyükfırat arasında xx.xx.2020-ci il tarixdə 1100/ZM-01-16012020 və 1100/ZM-02-16012020 saylı zaminlik müqavilələri bağlanmışdır. Əlavə olaraq, Azərbaycan Sənaye Bankı” ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2020-ci il tarixli 1100/GM-01- 16012020 saylı girov müqaviləsinə görə, Cavabdeh1 MMC-nin təsisçi pay da bank qarşısında yüklü edilmişdir. "xxxx" MMC – nin, yuxarıda göstərilən müqavilələr üzrə xx.xx.2021-cı il tarixə, banka olan borcu, əsas borc üzrə 200.000 manat, faizlər 37450,84 manat, hesablanmış dəbbə pulu (penya) isə 8895,48 manat, ümumilikdə 246.346,32 manat təşkil edir. Həmin borcların ödənilməsi ilə əlaqədar Cəmiyyətə dəfələrlə müraciət edilsə də, borclar ödənilməmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-150/2022 saylı qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia qismən təmin edilmiş, "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 1100/KM-01-16012020 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 200.000 manat, faiz borcu üzrə 37.450,84 manat, dəbbə borcu üzrə 8.895,48 manat, ümumilikdə 246.346 (iki yüz qırx altmı min üç yüz qırx altı) manat, 32 (otuz iki) qəpik məbləğində pulun Cavabdeh1 MMC, X7-dan və Hüseyin Büyükfıratdan müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi, "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 1100/KM-01-16012020 saylı kredit müqaviləsi üzrə tutmanın X4 Cavabdeh1 MMC-dəki 100% payına yönəldilməsi, X4 Cavabdeh1 MMC-dəki 100% payın açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaitinin Cavabdeh1 MMC-nin "xxxx" ASC-yə olan xx.xx.2020-ci il tarixli 1100/KM-01- 16012020 saylı kredit müqaviləsi üzrə borcunun ödənilməsinə yönəldilməsi qət edilmişdir.

9. Məhkəmə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Cavabdeh1 MMC ilə bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş, ancaq iddiaçı xx.xx.2021-ci il tarixədək hesablanmış faiz məbləğini tələb etmişdir.

10. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyini əsas götürərək məhkəmə hesab etmişdir ki, iddiaçının tələbi Cavabdeh1 MMC-dən xx.xx.2020-ci il tarixli 1100/KM-01-16012020 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə əsas borc üzrə 200.000 manat, faiz borcu üzrə 37.450,84 manat borcun borclu və zaminlərdən tutulması hissəsində əsaslıdır.

11. Məhkəmə kredit öhdəliyinin icrasının gecikdirilməsinin əsaslı sübutlarla təsdiq edildiyinə dair nəticəyə gələrək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-1-ci maddəsinə əsasən dəbbə borcu ilə bağlı hissədə iddianı təmin etmiş, 200.000 manat əsas borca münasibətdə tələb edilən 8.895,48 manat dəbbə pulu məbləğini ağlabatan və ədalətli hesab etmişdir.

12. İddianın borcun tutulmasının X4 Cavabdeh1 MMC-dəki 100 faiz payına yönəldilməsi, onun açıq hərracda satılaraq kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməsi hissəsi də əsaslı hesab edilərək təmin edilmişdir.

13. Məhkəmə X4 Cavabdeh1 MMC-dəki 100 faiz payının satışından əldə olunan vəsaitin borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin tutulması barədə iddia ərizəsində göstərilmiş hissə ilə bağlı qeyd etmişdir ki, X4 Cavabdeh1 MMCdəki 100 faiz payı satıldıqdan sonra əldə edilən vəsait borc məbləğini bağlamağa kifayət etmədikdə, qanunvericilikdə nəzərdə tutulmuş icra hərəkətləri ilə umumi qaydada tutulacaqdır.

14. Məhkəmə hesab etmişdir ki, iddia kredit müqaviləsi üzrə borcun Bankla Cavabdeh1 MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış girov müqaviləsi ilə müqaviləyə 1 saylı əlavədə göstərilmiş daşınar əşyalara yönəldilməsi hissəsində təmin edilə bilməz. Belə ki, “Daşınar əmlakın yüklülüyü” haqqında Azərbaycan Respublikası Qanunu xx.xx.2017-ci il tarixdə qüvvəyə minmişdir. Adı çəkilən Qanun öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı daşınar əmlakın yüklülüyünün hüquqi rejimini, daşınar əmlaka dair yüklülük sahiblərinin hüquqlarının həyata keçirilməsi qaydalarını, daşınar əmlaka tutma yönəldilməsi, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması və ondan istifadə ilə bağlı məsələləri tənzimləyir.

15. Hazırki işdən görünür ki, Bank tərəfindən verilmiş kreditə görə Bankla Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixdə girov müqaviləsi və müqaviləyə 1 saylı əlavə ilə daşınar əmlaklar girov ilə yüklü edilmişdir. Hazırki iddia tələbi ilə iddiaçı borcun ödənilməsinin təmin edilməsi üçün tutmanın girov predmeti olan əmlaklara yönəldilməsini və hərracdan satılmasını xahiş edir.

16. Məhkəmə qeyd etmişdir ki, girov predmetləri reyestrdə qeydə alınmalı olmayan daşınar əşya olduğundan onlara tutmanın yönəldilməsi və hərracdan satılması Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikası Qanununda göstərilən qaydada həyata keçirilməlidir. Qanunun yuxarıda qeyd edilmiş 13.1.2-ci maddəsindən də göründüyü kimi, girov predmetinə tutmanın yönəldilməsi ilə bağlı xüsusi qayda müəyyən edilmişdir. Qanunun qeyd edilən normasına əsasən yüklülük sahibi (hazırki halda Bank) yüklülük predmetini onun sahibliyinə verilməsi üçün müvafiq olaraq məhkəməyə və ya notariusa müraciət edərək tutma yönəldə bilər. Bank yüklülük predmetinin onun sahibliyinə verilməsi ilə bağlı tələblə məhkəməyə müraciət etməli olduğu halda, borcun ödənilməsi üçün tutmanın girov predmeti olan daşınar əmlaklara yönəldilməsi, onların açıq hərracda satılmasına dair iddia qaldırmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tutmanın girov predmeti olan daşınar əmlaklara yönəldilməsi, onların açıq hərracda satılmasına dair hissədə təmin edilə bilməz.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh X7 qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-150/2022 saylı 25 iyul 2022-ci il tarixli qətnaməsini qismən, iddia tələblərinin kredit müqaviləsi üzrə tutmanın X5 "xxxx" MMC-dəki 100% payına yönəldilməsi və həmin payın açıq hərracda satılması, satışdan əldə edilmiş pul vəsaitinin kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməsi hissəsində ləğv edib, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və əlavə təqdim olunacaq sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia predmetinin bir hissəsini X5 "xxxx" MMC-nin təsisçisi kimi 100% payının müəyyən edilməsi və həmin paya tutmanın yönəldilməsi, açıq hərracda satışı təşkil edir. Lakin məhkəmə tərəfindən X5 MMC-dəki payının hansı məbləğdə olması müəyyən edilmədən iddianın həmin hissəsi təmin edilmişdir. Digər baxımdan məhkəmə tərəfindən kredit müqaviləsi üzrə götürülən borc pul vəsaitinin hansı səbəblərdən borc verənə qaytara bilmədiyi hallar tam araşdırılmamışdır. Belə ki, dünyada, o cümlədən, ölkəmizdə baş vermiş pandemiya səbəblərindən X5 rəhbərlik etdiyi ticarət-iaşə xidmətində "xxxx" MMC kredit müddəti dövründə (18 ay) işləməmiş, nəticədə yaranmış borc məbləğini qaytara bilməmişdir. Müqvilə şərtlərinə uyğun hərəkətlər isə iddiaçı bank tərəfindən irəli sürülməmiş, razılaşma hallarına aid xəbərdarlıqlar edilməmişdir. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi barədə edilən cəhdlər nəticə verməmişdir. Kreditin ödənilməsinin təminatı kimi bağlanmış hər üç müqavilə bir-biri ilə sıx əlaqəlidir və şərtlər eynilikdə ehtiva olunur. Müqavilənin əlavə şərtləri (girov müqaviləsi 9.3- cü bənd) bölməsində göstərilir ki, rəsmi dövlət orqanları tərəfindən təsdiq edilmiş fors major hallarında tərəflər müqavilə öhdəliklərinin tam və ya qismən yerinə yetirilməməsinə görə məsuliyyət daşımırlar. Belə hallarda vəzifələrin icrası fors major halları aradan qalxanadək təxirə alınır. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinad etmiş, kredit borcunun ödənilməsi hissəsinə münasibətdə doğru nəticəyə gəlsə də, tutmanın X5 "xxxx" MMC-dəki 100% payına yönəldilməsi və həmin payın hərracda satılması, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsini əsaslandırmamış və qətnamədə yalnız bir cümlə ilə bu hala qiymət vermişdir ki, bu da qəbul edilməzdir. Məhkəmə tərəfindən girov predmeti olan əmlakın qiymətləndirilməsi üçün xx.xx.2021-ci il tarixli qərardad qəbul edilsə də, məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi, ekspertlər qarşısında qoyulmuş sulların hansı səbəbdən icra edilməməsi, qiymətləndirmənin aparılmaması səbəbləri açıqlanmamış, bu halların mübahisələndirməsinə şərait yaradılmamışdır. İddia predmeti üzrə mühüm əhəmiyyəti olan faktiki hallar, yəni ki, qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş kredit, zaminlik və girov müqavilələri, bu hüquqların dövlət qeydiyyatına alınması, icrası girov ilə təmin edilən kredit öhdəliyinin borc alan tərəfindən pozulması və ya icra edilməməsi, bankın kredit müqaviləsi üzrə öhdəliyin hansı səbəblərdən, hansı hissədə icra edilmədiyini, borc alana qarşı girov predmetinə tutmanın yönəldilməsi, bağlanmış kredit müqaviləsi üzrə edilmiş ödənişlər faktiki hallar olaraq məhkəmə tərəfindən araşdırılmamışdır. Azərbaycan Respublikası MPM-nin 388-ci maddəsinə uyğun olaraq işin faktiki halları tam araşdırılmadığından, MPM-nin 385.1.2-ci maddəsinə görə qətnamənin ləğv olunması üçün qanuni əsasdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

20. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.

21. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi; 739.1-ci maddə- borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddə- əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsi- zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddə- zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddə- dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 295-ci maddə- girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddə-girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. 297-ci maddə- girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu 1.0.1-ci maddə- ipoteka öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; 6.1-ci maddə- ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alman daşınar əşya ola bilər. 39.3-cü maddə-məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

22. Qətnamə cavabdeh X7 tərəfindən qismən-yalnız ona məxsus "xxxx" MMC-dəki 100% payına tutma yönəldilməsi hissəsində mübahisələndirildiyindən apellyasiya baxışının predmetini həmin hissə təşkil edir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

23. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e2-2(113)-150/2022 saylı qətnaməsi mühabisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

24. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə X7 arasında girov müqaviləsi bağlanmış və X4 Cavabdeh1 MMC-dəki 642.589,10 manat qiyməti olan 100 faiz payı adıçəkilən kreditin təminatı olaraq girovla yüklü edilmişdir.

25. xx.xx.2020-ci il tarixdə kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti çatdığı halda kredit və ona hesablanmış faizlərin ödənilməsi borclu Cavabdeh1 MMC və zaminlər tərəfindən təmin edilmədiyindən tutmanın girova yönəldilməsinə dair məhkəmənin üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.

26. Cavabdeh X4 apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmə tutma yönəldilmiş təsis payının ilkin satış qiymətini qətnamədə qeyd etməməklə qanun pozuntusuna yol vermişdir.

27. Bununla bağlı məhkəmə qeyd edir ki, qanunvericilikdə (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsi) yalnız ipoteka predmetinə tutma yönəldildikdə məhkəmə qətnaməsində ilkin satış qiymətinin qeyd edilməsi nəzərdə tutulmuşdur. “İpoteka haqqında” Qanunun 6.1-ci maddəsində qeyd edilir ki, ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alman daşınar əşya ola bilər. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə rəsmi reyestrdə qeydiyyata alınmalı olan daşınaz əmlakların və onları qeydə almalı olan orqanların siyahısı təsdiq edilmiş, təsis payı rəsmi reyestrdə qeydə alınmalı olan əmlakların siyahısında nəzərdə tutulmadığından ipoteka predmeti hesab edilmir. Belə olan halda məhkəmə hesab edir ki, tutma yönəldilmiş təsis payının hazırkı bazar dəyərinin müəyyənləşdirilməməsi və ilkin satış qiyməti olaraq qətnamənin nəticə hissəsində qeyd edilməməsi pozuntu hesab edilə bilməz. Məhkəmə izah edir ki, mülki qanunvericiliyin tələbinə əsasən girov predmeti olan əşya açıq auksionda satılması təmin edilməlidir.

28. İşə baxmış məhkəmə tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilmədiyindən apellyasiya şikayəti əsassız hesab edilir.

29. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e2-2(113)- 150/2022 saylı qətnaməsi mühabisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-150/2022-034 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar