Məhkəmə qərarları › İş №2-2(103)-943/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-943/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-943/2023 31.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-195/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 11 sentyabr 2023-cü il tarixli qərardadından cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, e-2-2(113)-195/2023 saylı qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh3 qarşı borcun ödənilməsi, tutmanın girov predmetinə yönəldilməsi və s. tələbinə dair iddiası qismən təmin edilmişdir. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Kommersiya Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, e-2-2(113)-195/2023 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, e-2-2(113)- 195/2023 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər dövlət rüsumunun tam ödənilməməsi əsası ilə geri qaytarılmışdır. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 Bakı Kommersiya Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, e-2-2(113)-195/2023 saylı qətnaməsindən yenidən apellyasiya şikayəti vermişlər. Bakı Kommersiya Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, e-2-2(113)-195/2023 saylı qərardadı ilə apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər, apellyasiya şikayəti həmin şikayətin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 həmin qərardaddan şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, e-2-2(113)-195/2023 saylı qətnaməsi xx.xx.2023-cü il tarixdə cavabdeh, eyni zamanda cavabdehin Cavabdeh1 MMC-nin nümayəndəsi Qanuni nümayəndə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir. Lakin cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti 06 sentyabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Halbuki Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi apellyasiya şikayətinin verilməsi müddəti 26 avqust 2023-cü il tarixdə bitdiyi halda, cavabdehlərin apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək, 06 sentyabr 2023-cü il tarixdə verilmişdir. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda kollegiya qeyd edir ki, apellyasiya şikayətinin birinci dəfə vaxtında verilməsi məsələnin həllinə təsir etmir. Çünki apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 360-cı maddəsində göstərilən 1 aylıq müddətdə prosessual qaydalara tam riayət edilməklə verilməlidir. Ona görə də, həmin müddətdə verilmiş, lakin hər hansı səbəbə görə geri qaytarılmış apellyasiya şikayəti yenidən verildikdə də 1 aylıq müddətə riayət olunmalıdır. Əks yanaşma həm Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələblərinə, həm də hüquqi müəyyənlik prinsipinə ziddir, həmçinin işlərin prosessual qanunvericiliklə müəyyən edilən və ümumiyyətlə ağlabatan müddətlərin pozulması ilə baxılmasına səbəb ola bilər. Həmçinin Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-195/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 11 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar