Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-948/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-207/2021 saylı iş üzrə 18 avqust 2022-ci il tarixli qərardadından cavabdeh X5” MMC və Cavabdeh2 ASC tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlərə əsasən mülki işə yazılı icraat baxaraq müəyyən etdi : İddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən 25 sentyabr 2014-cü il tarixli kredit verilməsi haqqında 1xx/xx/3365/14 saylı kredit müqaviləsi üzrə 4.888.889,30 manat məbləğində əsas borc, 536.704,79 manat məbləğində faiz borcu, 667.469,30 manat məbləğində cərimə üzrə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 724.503,67 manat məbləğində faiz məbləği, ümumilikdə isə 6.817.567,06 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən 25 sentyabr 2014-cü il tarixli kredit verilməsi haqqında 1xx/xx/3365/14 saylı kredit müqaviləsi üzrə 4888889,3 manat məbləğində əsas borc, 536704,79 manat məbləğində faiz borcu, 667469,3 manat məbləğində cərimə üzrə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 724503,67 manat məbləğində faiz məbləği, ümumilikdə isə 6817567,06 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması, "X5” MMC-dən tutulmalı olan məbləği girov predmetinin ilkin satış qiyməti 20.234.712 manat müəyyən edilməklə mülkiyyətində olan 26 yanvar 2015-ci il tarixli 1xx/xx/3365/14 saylı sonrakı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmiş nominal dəyəri 24 manat olan "Bakelektroqaynaq” ASC-nin 843113 ədəd sənədsiz adlı səhminə (Yüklü edilən səhmlərin Çıxarışın, qeydiyyat nömrəsi 06/2-3324; qeydiyyat tarixi: xx.xx.2015) tutma yönəldilməsinə və yönəldikdən sonda açıq hərracdan satılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bununla yanaşı Azərbaycan Respublikasının Mərkəzi Bankı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ləğv prosesində olan QSC "Bank Standard” KB-nin 22 may 2014-cü il tarixli, KBU14-1592 nömrəli kredit müqaviləsi üzrə ******* manat məbləğində əsas, 231780,88 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 9481780,88 manat, 25 sentyabr 2014-cü il tarixli KBO14-1618 nömrəli kredit müqaviləsi üzrə 5194444,45 manat məbləğində əsas, 633395,64 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 5257840,09 manat olmaqla, cəmi 14739620,97 manat məbləğində kredit borcunun ödənilməsi üçün tutmanın "Azərtəkrarmetal” ASC-yə məxsus ünvan 1 ünvanında 1,43973 ha torpaq sahəsində yerləşən 14987,2 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə və "X5” MMC-yə məxsus "Bakelektroqaynaq” ASC-nin nominal dəyəri 24 manat olan 843113 ədəd sənədsiz adlı səhmə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiymət) göstərilməklə ləğv prosesində olan QSC "Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına QSC "Bank Standart” KB-nin qeyd olunan kredit müqavilələri üzrə Mərkəzi Bank qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Mərkəzi Bankının "Azərtəkrarmetal” ASC-yə və "X5” MMC-yə qarşı (üçüncü şəxs ləğv prosesində olan QSC "Bank Standard” KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) kredit müqavilələrinə əsasən yaranmış borc üzrə tutmanın ipoteka predmetləri olan əmlaklara yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiyməti göstərilməklə açıq hərracdan satılaraq borcun ödənilməsi barədə e-2-2(113)- 2429/2020 nömrəli iş "Bank Standard” KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun "X5” MMC-yə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə e-2-2(113)-2351/2020 nömrəli işlə bir icraatda birləşdirilmişdir. Bakı Kommersiya Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli e-2- 2(113)-207/2021 nömrəli qətnaməsi ilə ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun tələbi qismən təmin edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli e-2-2(113)-207/2021 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Mərkəzi Bankının tələbinə dair hissədə isə iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan Azərbaycan Respublikasının Mərkəzi Bankı şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, e-2-2(113)-207/2021 nömrəli qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli e-2-2(113)-207/2021 nömrəli qərardadı ilə şikayətin təmin olunmaması və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 03 fevral 2022-ci il tarixli 2-2(103)-290/2022 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 02 dekabr 2021ci il tarixli, e-2-2(113)-207/2021 nömrəli qərardadından Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş şikayətə və Bakı Kommersiya Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli e-2-2(113)-207/2021 nömrəli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir. Həmin qərardaddan Cavabdeh1 MMC tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məkhəməsinin Kommersiya Kollegiyasının 05 aprel 2022-ci il tarixli, 2-2(102)-231/2022 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 03 fevral 2022-ci il tarixli 2-2(103)-290/2022 nömrəli qərardadı qismən – Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab olunması hissəsində ləğv olunmuşdur. İş apellyasiya məhkəməsinin icraatında olarkən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Bakı Kommersiya Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, e-2- 2(113)- 207/2021 nömrəli qərardadından şikayət verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə ərizə daxil olduğundan Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 07 iyul 2022-ci il tarixli 2-2(103)-599/2022 nömrəli qərardadı ilə işin baxışdan çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-207/2021 saylı iş üzrə 18 avqust 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Mərkəzi Bankının ərizəsinin təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, e-2-2(113)-207/2021 nömrəli qərardadından Azərbaycan Respublikasının Mərkəzi Bankının şikayətinin verilmə müddətinin bərpa edilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 ASC ayrı-ayrılıqda şikayət vermişlər. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-207/2021 saylı iş üzrə 30 avqust 2022-ci il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 ASC tərəfindən ayrıayrılıqda verilmiş şikayətlərin təmin edilməməsi, şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-207/2021 saylı iş üzrə 18 avqust 2022-ci il tarixli qərardadı ləğv edilməli, Bakı Kommersiya Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli e-2-2(113)-207/2021 nömrəli qərardadından şikayət verilməsi üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 396.1-ci maddəsinə əsasən şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Kollegiya Azərbaycan Respublikasının Mərkəzi Bankının ərizənə hüquqi qiymət verərək qeyd edir ki, qanunvericiliyin tələbi baxımından qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur və məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Yəni, məhkəmə ərizəni o zaman üzürlü hesab edə bilər ki, ərizəçi ərizəsində prosessual müddətinin məhz hansı üzürlü səbəbdən ötürülməsini əsaslandırmış olsun. Azərbaycan Respublikasının Mərkəzi Bankının ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2-2(112)-207/2021 nömrəli qərardadı ilə Mərkəzi Bankın iddia ərizəsinə dair iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.1-ci maddəsinə əsasən qeyd edilən məhkəmə qərardadından 13 dekabr 2021-ci ll tarixdə elektron məhkəmə sistemi vasitəsilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilmişdir. Bakı Kommersiya Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırda sözügedən şikayət Bakı Apellyasiya Məhkəməsinin 03 fevral 2022-ci il tarixli 2-2(103)-290/2022 nömrəli qərardadı üzrə geri qaytarılmışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti MPM-in 361.1-ci maddəsinin və MPM-ə əlavə 2-də göstərilən formanın tələblərinə cavab verməmişdir. MPM-in yuxarıda qeyd edilən normaları proses iştirakçıları tərəfindən apellyasiya şikayətinin verildiyi hallara şamil edilir və apellyasiya şikayətinin formasını müəyyən edir. Mərkəzi Bank tərəfindən təqdim edilmiş şikayət isə apellyasiya şikayəti deyildir və MPM-in 269.1-ci maddəsinə uyğun olaraq qərardadı çıxarmış birinci instansiya məhkəməsinə ünvanlanmış şikayətdir. Bununla belə Bakı Apellyasiya Məhkəməsinin hüquqi mövqeyindən irəli gələrək hazırda şikayətin MPM-in 2 saylı Əlavəsinə uyğun şəkildə hazırlanmış forması tərtib edilərək elektron məhkəmə sisteminə yüklənmişdir. Kollegiya qeyd edir ki, müddətin bərpa edilməsi məsələsi bütün hallarda artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə əlaqədar olan məsələ kimi ortaya çıxır. Odur ki, Mülki Prosessual Məcəllənin 133-cü maddəsində məhkəmə qərardadından şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi imkanlarının həmin müddətin davamiyyəti ilə əlaqələndirilməməsi, bu prosessual hüquq normasından sui-istifadəyə yol açmamalı və maddənin müddəaları qüvvəyə minmiş məhkəmə aktının istənilən vaxt, hətta onun qüvvəyə minməsindən aylar və yaxud illər ötdükdən sonra belə, mübahisələndirilməsinə imkan yaradan qaydalar kimi təfsir olunmamalıdır. Çünki, şikayət vermək hüququ, konkret şəxsin, pozulduğunu ehtimal etdiyi, birinci instansiya məhkəməsinin qəraradı ilə təmin edilməyən və yaxud kifayət qədər təmin edilməyən hüququnun növbəti məhkəmə instansiyasında müdafiə vasitəsi olub, mülki-mühakimə icraatında fərdi maraqların təminat mexanizmi kimi çıxış edir. Lakin bu hüquq, yalnız fərdi maraqların deyil, həm də ictimai maraqların mühafizəsi təyinatına malik olan prosessual qaydaların pozulması hesabına həyata keçirilməməlidir. Başqa sözlə, mülki-prosessual hüquqlardan, o cümlədən MPM-nin 133-cü maddəsində nəzərdə tutulan, buraxılmış müddətin bərpa edilməsi yolu ilə şikayət vermək imkanlarından elə istifadə olunmalıdır ki, mülki mühakimə icraatında fərdi və ictimai maraqlar arasında tarazlıq pozulmasın. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də baxılan məsələyə həmin aspektdən yanaşır. Konstitusiya Məhkəməsi Cavid İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 13 fevral 2007-ci il tarixli qərarda qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: «qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericiliklə nəzərdə tutulmuş müddət çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judikata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlığına xələl gətirir. Belə vəziyyət cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır». Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək qeyd olunmalıdır ki, məhkəmə “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Ərizənin məzunundan göründüyü kimi, Məkəzi Bank prosessual müddəti üzürlü səbəbdən ötürülməsi deyil, Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə müəyyən edilən hüquqi mövqeyini mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi isə müddəti bərpa edərkən bu halları nəzərə almamış, müddətin bərpa olunması üçün hər hansı əsasın olmasını göstərməməklə qərardadını ümumiyyətlə əsaslandırmamışdır. Bu halda kollegiya hesab edir ki, məhkəmənin qərardadı ləğv edilməklə ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-207/2021 saylı iş üzrə 18 avqust 2022-ci il tarixli qərardadı ləğv edilməli, Bakı Kommersiya Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli e-2-2(113)-207/2021 nömrəli qərardadından şikayət verilməsi üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh X5” MMC və Cavabdeh2 ASC tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlər təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-207/2021 saylı iş üzrə 18 avqust 2022ci il tarixli qərardadı ləğv edilsin. Bakı Kommersiya Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli e-2-2(113)-207/2021 nömrəli qərardadından şikayət verilməsi üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-948/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-948/2022
28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver