Məhkəmə qərarları › İş №2-2(103)-948/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-948/2023

23.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-948/2023 23.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, e-2-2(113)- 3591/2023 saylı qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 Cəmiyyətinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanda onun adına yazılmış 4104 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nərimanov rayon Sukanal İdarəsinin əməkdaşları xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Qədir Xum” şirniyyat evinə baxış keçirərək 602003 nömrəli akt tərtib etməklə 4104 manat məbləğində cərimə yazmışlar. Akt onunla əsaslandırılmışdır ki, guya sayğacdan kənar 20 mm boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə olunduğu aşkara çıxarılmışdır. Hesab edilir ki, akt ləğv edilməli, borc silinməlidir. Belə ki, xx.xx.2023-cü il tarixdə cavabdeh təşkilatın əməkdaşları “Qədir Xum” şirniyyat evinə baxış keçirmişlər, lakin sudan qeyri-qanuni istifadə halları aşkar edilməmişdir. Şirniyyat evinin əməkdaşlarına akta imza etmək təklif olunmuş, lakin əməkdaşlar sudan qeyri-qanuni istifadə halı aşkar olunmadığına və orada iştirakı təmin edilmədiyinə görə akta imza etməmişlər.

3. Cavabdeh tərəfindən iddia ərizəsinə etiraz daxil olmamışdır.

4. Bakı Kommersiya Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, e-2-2(113)-3591/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı adına rəsmiləşdirilmiş 091627 nömrəli abonent koduna hesablanmış 4104 manat məbləğində borcun Cavabdeh ASC tərəfindən siliməsi qət edilmişdir.

5. Cavabdeh ASC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-3591/2023saylıxx.xx.2023-cü il tarixli qətnaməsini ləğv edərək, iddia tələbinin rədd edilməsinə və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 30,52 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə çıxarılmasına xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarından göründüyü kimi iddiaçı sayğacdan kənar su xətti vasitəsi ilə qoşulma edərək sudan qeyri-qanuni istifadə etmiş, bunun nəticəsində Cavabdeh ASC-yə 4104 manat məbləğində ziyan vurmuşdur. Ziyanın məbləği qaydaların 8.7-ci bəndinə əsasən hesablanmışdır. Qanunsuz qoşulma faktını təsdiq edən akt tərtib edilmişdir. İş üzrə bu kimi sübutların olmasına baxmayaraq, məhkəmə tərəfindən göstərilən maddi hüquq normaları tətbiq edilməmiş, nəticədə əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə qətnamə çıxararkən iş üzrə qeyd olunan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin Cavabdeh ASC-nin əməkdaşlarının iddiaçı tərəfindən sudan sayğacdan kənar qoşulmaqla haqqı ödənilmədən qanunsuz istifadəsini aşkarlaması faktını sahibkarlıq fəaliyyəti sahəsində aparılan yoxlamalarla eyniləşdirməsi, bunun Ədliyyə Nazirliyi tərəfindən aparılan reyestrə daxil edilmədən həyata keçirildiyinə görə qeyri-qanuni hesab etməsi barədə gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. Qaydaların 6.1-ci bəndinə əsasən STKM ilə istehlakçı arasında suyun sərfinə görə hesablaşmanın aparılması üçün balans mənsubiyyəti sərhəddində Azərbaycan Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış, üzərində AİBNDA-nın və STKM-in plombu olan müvafiq suölçən cihaz quraşdırılır. Qaydaların tələbindən göründüyü kimi, balans mənsubiyyəti sərhədində quraşdırılan sayğaca qədər olan su xətti Cəmiyyətin balansındadır və həmin xəttə nəzarət funksiyasını Cavabdeh ASC həyata keçirir. Cavabdeh ASC balansında olan xətlərə istənilən vaxt baxış keçirə bilər və hər hansı qanunsuzluq aşkar etdikdə verilmiş səlahiyətlər çərçivəsində müvafiq tədbirlər görə bilər. Hesab edirik ki, bu cür baxışın keçirilməsi tamamilə qanunauyğundur və sahibkarlıq sahəsində aparılan yoxlamalara aid edilmədiyindən reyestrdə qeydiyyata alınması üçün heç bir əsas yoxdur. Məhkəməyə tərəfimizdən sayğacın xx.xx.2023-cü il tarixli inventarizasiya aktı təqdim edilmişdir. Həmin sübutlarda su sayğacından kənar qeyri-qanuni su xəttinin mövcudluğu (kənar xəttin iş diametri 20-mm-lik) açıq aşkar görünür. Lakin məhkəmə qətnamə qəbul edərkən həmin sübutları qiymət verməyərək əsassız qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən məhkəmə prosesində sudan qeyri-qanuni istifadə faktını sübut edən inventar aktı ətraflı araşdırılmamışdır. Eyni zamanda, həmin faktın doğruluğunu yoxlamaq üçün aktı tərtib edən əməkdaşlar şahid kimi dindirilməmiş, hadisə yerinə baxış keçirməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

9. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə görə yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır.

11. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

12. Həmin Qanunun 13.1-ci maddəsinə görə sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır.

13. Həmin Qanunun 13.2-ci maddəsinə görə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

14. Həmin Qanunun 13.3-cü maddəsinə görə yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.

15. Həmin Qanunun 17.1-ci maddəsinə görə yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır.

16. Həmin qanunun 20.1-ci maddəsinə görə yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir.

17. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

18. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

19. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, iddia tam əsaslıdır.

22. 03 fevral 2023-cü il tarixli, 602003 nömrəli Cavabdeh ASC-nin nümayəndələri tərəfindən tərtib olunmuş aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus obyektə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, obyektdə diametri d=20 mm-lik plasmas boru vasitəsilə sudan, sayğacdan kənar olaraq qeyri-qanuni istifadə olunur.

23. Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatı haqqında 602003 saylı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, abonet kodu 091627 olan İddiaçı istifadə etdiyi sayğaca Cavabdeh ASC tərəfindən 4104 manat məbləğində borc yazılmışdır.

24. Kollegiya qeyd edir ki, cavabdeh mübahisəli yoxlamaların qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmasını təmin etməmişdir.

25. Belə olan halda isə iddiaçıdan həmin yoxlamalar nəticəsində hesablanan borc tələb oluna bilməz.

26. Çünki istinad olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

27. Ona görə də, iddiaçı həmin yoxlamaların nəticəsi olaraq hesablanmış borcun silinməsini tələb etməkdə haqlıdır.

28. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

30. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, e-2-2(113)-3591/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar