Məhkəmə qərarları › İş №2-2(103)-949/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-949/2024

01.11.2024 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-949/2024 01.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MTK-nın cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı icarə müqaviləsinin qismən etibarsız hesab edilməsi, icarə müqaviləsinin dəyişdirilməsi, icarə haqqı borcunun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinovdan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1517/2024 saylı qətnaməsindən İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin halları:

1. Bakı şəhər İcra Hakimiyyəti (icarəyə verən) ilə İddiaçı MTK (icarəçi) arasında imzalanmış 30 avqust 2021-ci il tarixli 1662 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən icarəyə verən icarə əsasında sahəsi 5629 kv.m olan torpaq sahəsini, icarəçiyə 49 il müddətinə istifadəsinə verməyi, icarəçi isə onu qəbul etməyi öhdəsinə götürmüşdür.

2. Həmin müqavilənin 5-ci bəndinə əsasən bu müqavilədə aşağıdakılar xüsusi hal sayılır: yanğın, partlayış, subasma, zəlzələ və başqa təbii fəlakətlər, magistral kəmərlərin dağıdılması və s. bu hallardan biri baş verdikdə, qarşı tərəf təcili məlumatlandırılmalıdır. Məlumat müvafiq dövlət qurumları tərəfindən təsdiqlənməlidir. Xüsusi hallar 6 aydan artıq davam etdikdə tərəflər görüşüb müqavilənin gələcək fəaliyyəti ilə razılığa gəlirlər.

3. Həmin müqavilənin 7.1-7.4-cü bəndlərə əsasən bu müqavilə 49 il müddətinə bağlanır. İcarəçi hər il icarə haqqını ödəməyi öz öhdəsinə götürür. İcarə haqqı tərəflərin razılığı ilə, təyin edilmiş normativ qiymətlər əsasında müəyyənləşdirilir və icarəçi tərəfindən ödənilir. İcarə haqqı 15 may 2020-ci il tarixdən hesablanır. İcarəçi hər il 31612 manat 46 qəpik icarə haqqı ödəməyi öhdəsinə götürür.

Birinci instansiya məhkəməsindəki icraat:

4. İddiaçı MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış 1662 saylı xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin 7.3-cü bəndi dəyişdirilərək, icarə haqqının tikintiyə başlanıldığı vaxtdan hesablanmasının müəyyən edilməsi, 1662 saylı xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə İddiaçı MTK-ya xx.xx.2020-ci ildən hesablanmış 114671 manat icarə haqqı borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK ilə Bakı şəhər İcra Hakimiyyəti arasında 1662 saylı xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, 735-ci məhəllədə yerləşən sahəsi 5629 kv.m. olan torpaq sahəsi yaşayış binalarının tikintisi üçün İddiaçı MTK-ya 49 il müddətinə icarəyə verilmişdir. 1662 saylı xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin 7.4-cü bəndinə uyğun olaraq, hər il üçün icarə haqqı 31612,46 manat müəyyən edilmişdir. Müqavilənin 7.3-cü bəndinə əsasən isə icarə haqqı xx.xx.2020-ci ildən hesablanır. COVİD-19 pandemiyası ilə bağlı AR Nazirlər Kabinetinin xx.xx.2020-ci qərarı ilə xüsusi karantin rejimi elan olunmuş, insanların hərəkəti, biznes fəaliyyəti ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq edilmişdir. Bununla bağlı hazırda İddiaçı MTK-ya icarəyə verilmiş torpaq sahəsində yaşayış binalarının tikintisinə başlanılmamışdır. 1662 saylı xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin 5-ci bəndində göstərilmiş fors-major halı baş vermiş və bunun nəticəsində bu müddət ərzində ərazidə tikinti işlərini həyata keçirmək mümkün olmamışdır. Buna baxmayaraq, 1662 saylı xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə İddiaçı MTK-ya xx.xx.2020-ci ildən 114671 manat icarə haqqı hesablanmışdır. Bununla bağlı, cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə pretenziya göndərərək, 1662 saylı xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə xx.xx.2020-ci ildən hesablanmış 114671 manat icarə haqqlarının silinməsini, icarə haqqının tikintiyə başladıqdan sonra hesablanmasını və bununla bağlı icarə müqaviləsinin 7.3.-cü bəndinə müvafiq dəyişiklik edilərək icarə haqqının tikintiyə başlanılmasından sonra hesablanmasının müəyyən edilməsini xahiş edilmişdir. Lakin cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti pretenziyaya cavab verməmişdir. Həmçinin, cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti mübahisənin həlli ilə bağlı ilkin mediasiya sessiyasında da iştirak etməmişdir.

6. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək İddiaçı MTK ilə Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış 1662 saylı xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin 7.3-cü bəndinin etibarsız hesab edilməsi, İddiaçı MTK ilə Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış 1662 saylı xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin 7.4-cü bəndi dəyişdirilərək “hər il” söz birləşməsindən əvvəl “tikintiyə başladıqdan sonra” sözləri əlavə edilməsini, 1662 saylı xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə İddiaçı MTK-ya xx.xx.2020-ci ildən hesablanmış 114671 manat icarə haqqı borcu ləğv edilərək silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1517/2024 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

8. İddiaçı MTK apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, icarə muqaviləsi xx.xx.2021-ci il tarixdə imzalansa da, mцqavilənin 7.3.-cu bəndinə əsasən icarə haqqının xx.xx.2020-ci ildən hesablanması müəyyən edilmişdir. 1662 saylı xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin preambulasında xx.xx.2020-ci il tarixli 20/59 saylı cizgiyə də əsaslanmışdır. Bu isə bir daha gostərir ki, tərələr arasında muqavilə xx.xx.2021-ci ildə imzalansa da, icarəyə verilmiş torpagın sərhədləri cavabdeh tərəfindən xx.xx.2020-ci ildə müəyyən edilmişdir. Yəni ən azından xx.xx.2020-ci ilə qədər icarəyə verilmiş torpagın sərhədi bilinmədiyi uçun, ən azı həmin tarixə qədər torpaq sahəsi iddiaçıya təhvil verilməmişdir və muvafiq olaraq iddiaçının ən azı xx.xx.2020-ci il tarixə qədər torpaqdan istifadəsi qeyrimümkün idi. Bundan başqa, iş materiallarında İddiaçı MTK-nın xx.xx.2020-ci ildən sonra da, yəni muqavilə imzalandıgı xx.xx.2021-ci ilə qədər də torpaqdan istifadə etməsi, o cümlədən, ümumiyyətlə xx.xx.2021-ci ilə qədər torpağın iddiaçıya təhvil verilməsi barədə heç bir subut sənəd yoxdur. xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək İddiaçı MTK ilə Bakı şəhər İcra Hakimiyyəti arasında mübahisəli torpaq sahəsi ilə bağlı heç bir danışıq olmamış, saziş imzalanmamış, icarə münasibətləri yaranmamışdır. Belə olan halda, muqavilədə icarə haqqının xx.xx.2020-ci ildən hesablanması üçün heç bir əsas olmamışdır. COVİD-19 pandemiyası ilə bağlı AR Nazirlər Kabinetinin xx.xx.2020-ci qərarı ilə xüsusi karantin rejimi elan olunmuş, insanların hərəkəti, biznes fəaliyyəti ilə baglı muəyyən məhdudiyyətlər tətbiq edilmişdir. Bununla bağlı hazırda İddiaçı MTK-ya icarəyə verilmiş torpaq sahəsində yaşayış binalarının tikintisinə başlanılmamışdır. 1662 saylı xx.xx.2021-ci il tarixli icarə muqaviləsinin 5-ci bəndində gostərilmiş fors-major halı baş vermiş və bunun nəticəsində bu muddət ərzində ərazidə tikinti işlərini həyata keçirmək mümkün olmamışdır. Buna baxmayaraq, 1662 saylı xx.xx.2021-ci il tarixli icarə müqaviləsi uzrə İddiaçı MTK-ya xx.xx.2020-ci ildən 114671 manat icarə haqqı hesablanmışdır. Bununla baglı, iddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə pretenziya göndərərək, 1662 saylı xx.xx.2021-ci il tarixli icarə müqaviləsi uzrə xx.xx.2020 ci ildən hesablanmış 114671 manat icarə haqlarının silinməsini, icarə haqqının tikintiyə başladıqdan sonra hesablanmasını və bununla baglı icarə muqaviləsinin 7.3. cu bəndinə muvafiq dəyişiklik edilərək icarə haqqının tikintiyə başlanılmasından sonra hesablanmasının muəyyən edilməsini xahiş etmişdir. Lakin cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti pretenziyaya cavab verməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

12. Cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:

13. Mülki Məcəllənin: -337.1-ci maddəsinə əsaəsn bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. -390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. -399.2-ci maddəsinə əsasən tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. -347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. -421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. -421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. -421.3-cü maddəsinəə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. -422.1-cü maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. -448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. -700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: -51.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. -51.4-cü maddəsinə əsasən icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur.

14. MPM-in: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirdiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

19. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti (icarəyə verən) ilə İddiaçı MTK (icarəçi) arasında bağlanmış 30 avqust 2021-ci il tarixli 1662 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən icarəyə verən tərəfindən sahəsi 5629 kv.m olan torpaq sahəsi yeni yaşayış binasının tikintisi üçün 49 il müddətinə icarəçinin istifadəsinə verilmişdir. Müqavilənin 7.3-cü bəndində icarə haqqının xx.xx.2020-ci ildən hesablanması nəzərdə tutulmuşdur.

20. Hazırda İddiaçı MTK irəli sürdüyü iddia tələbi üç hissədən ibarətdir.

21. Birinci tələb - tərəflər arasında bağlanmış icarə müqaviləsinin 7.3-cü bəndinin etibarsız hesab edilməsi

22. Həmin hissədə iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli icarə müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlandığı halda icarə müqaviləsinin 7.3-cü bəndində icarə haqqının xx.xx.2020-ci il tarixdən hesablanması barədə şərt yer almış, halbuki torpağın cizgisi xx.xx.2020-ci il tarixdə tərtib edilmiş, yəni həmin tarixədək torpaq sahəsinin icarəçiyə təhvil verilməsi ümumiyyətlə qeyri-mümkün olmuş, eyni zamanda icarə sahəsinin xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə icarəçiyə təhvil verilməsi ilə bağlı sübut da iş materiallarına əlavə edilməmişdir.

23. Həmin tələbə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 399.2-ci maddəsinin məzmunundan da göründüyü kimi tərəflər bağladıqları müqavilənin şərtlərinin onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilməsi barədə razılaşa bilərlər. Odur ki, tərəflərin xx.xx.2021-ci il tarixdə bağlanmış mübahisəli icarə müqaviləsində icarə haqqının xx.xx.2020-ci il tarixdən hesablanmasını nəzərdə tutmaqla, yəni müqavilənin şərtlərinin müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də şamil etməklə mülki qanunvericiliyin tələblərini pozmamışlar.

24. Bununla yanaşı kollegiya onu da qeyd edir ki, iddiaçı məhkəmədə verdiyi izahatlarda icarə haqqının xx.xx.2020-ci il tarixdən hesablanması barədə şərtin etibarsızlığına əsas kimi həmin şərtin vacib əhəmiyyətli yanılma nəticəsində bağlanmasına istinad etmişdir. Həmin dəlillərə münasibətdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, birincisi, həmin şərtin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanması sübuta yetirilməmişdir. Bundan əlavə iddiaçının vacib əhəmiyyətli yanılmanın təsiri altında müqavilə imzaladığı ehtimal edilsə belə, müqavilə şərtləri iddiaçı tərəfə həmin müqavilə xx.xx.2021-ci il tarixdə imzalandıqdan sonra məlum olduğu halda, iddiaçı həmin vaxtdan 2 ildən artıq müddət keçdikdən sonra cavabdehə pretenziya göndərmiş, bununla da vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin (və ya onun bir hissəsinin) mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş 1 aylıq kəsici müddəti buraxmışdır.

25. İcarə sahəsinin xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə icarəçiyə təhvil verilməsini təsdiq edən sübutların iş materiallarına əlavə edilməməsi barədə iddiaçının dəlillərinə münasibətdə kollegiya hesab edir ki, icarə haqqının xx.xx.2020-ci il tarixdən hesablanması barədə bəndin icarə müqaviləsinə daxil edilməsi və iddiaçının müqaviləni imzalamaqla həmin bəndlə razılaşması ona dəlalət edir ki, icarə obyekti olan torpaq sahəsi məhz xx.xx.2020-ci il tarixdə iddiaçıya təhvil verilmişdir. Eyni zamanda kollegiya onu da qeyd edir ki, iddiaçı torpaq sahəsinin xx.xx.2021-ci il tarixədək olan müddətdə ona təhvil verilməsini inkar etsə də, nə iddia ərizəsində, nə apellyasiya şikayətində torpaq sahəsinin nə vaxtdan onun istifadə və sahibliyində olmasını da dəqiqləşdirməmişdir. Göstərilən hal da öz növbəsində iddiaçının dəlilinin əsassız olmasına dəlalət edir.

26. İkinci iddia tələbi - icarə müqaviləsinin 7.4-cü bəndinin dəyişdirilərək “hər il” söz birləşməsindən əvvəl “tikintiyə başladıqdan sonra” sözlərinin əlavə edilməsindən ibarətdir. Müqavilənin dəyişdirilməsi əsaslarını və qaydalarını müəyyən edən Mülki Məcəllənin 421 və 422-ci maddələrinin məzmunundan da göründüyü kimi müqavilənin dəyişdirilməsi əsasları aşağıdakılardır. 1)Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə. 2) Tərəflərdən biri müqavilənin icrasından hissə-hissə birtərəfli imtina etdikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə; 3)Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. 4) tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şərait əhəmiyyətli dərəcədə dəyişdikdə.

27. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birincisi, hazırkı halda tərəflər arasında müqavilənin dəyişdirilməsi barədə razılaşma mövcud deyil, eyni zamanda tərəflərdən hər hansı birinin müqavilənin icrasından hissə-hissə birtərəfli imtina etməsi imkanı da Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulmamışdır.

28. Üçüncü və dördüncü əsaslara gəldikdə isə kollegiya qeyd edir ki, cavabdeh tərəfindən icarə müqaviləsi üzrə öhdəliklərin əhəmiyyətli pozuntusuna yol verilməsi, eləcə də müqavilənin məhkəmə qaydasında dəyişdirilməsinə əsas verən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halının baş verməsi məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən müqavilə göstərilən əsaslarla da dəyişdirilə bilməz.

29. Odur ki, birinci instansiyası məhkəmə müqavilənin dəyişdirilməsinə dair hissədə iddianı rədd etməkdə haqlı olmuşdur.

30. Üçüncü tələb – İddiaçı MTK-ya xx.xx.2020-ci ildən etibarən hesablanmış 114671 manat icarə haqqı borcunun ləğv edilərək silinməsi tələbinə gəldikdə qeyd edilməlidir ki, iddiaçı həmin hissədə iddiasını Covid 19 pandemiyası ilə bağlı məhdudiyyətlərin tətbiq edilməsi ilə bağlı tikintiyə başlaya bilməməsi ilə əsaslandırmışdır.

31. Kollegiya əvvəla qeyd edir ki, icarə haqqı icarəçinin icarə obyektindən istifadə etməsinə görə deyil, icarə obyektinin icarəverən tərəfindən icarəçinin sahibliyinə və istifadəsinə təqdim edilməsinə görə ödənilən haqqdır. Odur ki, icarə obyektinin qüsurları nəticəsində icarə obyektindən istifadə edilməsinin qeyri-mümkün olduğu hallar, eləcə də fors-major hallar istisna olmaqla icarəçinin icarə obyektindən faktiki istifadə etməməsi onu icarə haqqını ödəmək öhdəliyindən azad etmir.

32. İkincisi, fors-major halla bağlı torpaq sahəsindən təyinatı üzrə istifadə edə bilməməsi barədə iddiaçının dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə Covid 19 pandemiyası başlanıldıqdan 1 il yarım sonra (2021-ci ilin avqustunda) bağlanmış, odur ki, iddiaçı icarə müqaviləsini bağlayarkən pandemiya ilə əlaqədar sahibkarlıq fəaliyyətinin müəyyən sahələrində məhdudiyyətlərin tətbiq edildiyini bilirdi və müqaviləni bağlayarkən həmin halı nəzərə almalıydı. Digər tərəfdən pandemiya ilə bağlı tətbiq edilmiş məhdudiyyətlər artıq uzun zamandır ki, aradan qalxmışdır. Bununla belə iddiaçı, hal-hazırki dövrə qədər də tikinti işlərinə başlamasını və ya nə vaxt başlayacağını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.

33. Üçüncüsü, iddiaçı Mülki Məcəllənin 448.4-cü maddəsinin tələblərinə uyğun olaraq müqavilə bağlandıqdan sonra pandemiya ilə bağlı məhdudiyyətlərin tətbiq edilməsi nəticəsində öhdəliklərini icra edə bilməməsi barədə Bakı şəhər İcra Hakimiyyətinə məlumat verməsi də iş materiallarına əsasən müəyyən edilmir.

34. Odur ki, İddiaçı MTK-ya müqavilə şərtlərinə əsasən hesablanmış icarə haqqı borcunun silinməsi üçün əsasların mövcudluğu müəyyən edilmədiyindən həmin hissədə də iddia rədd edilməlidir.

35. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1517/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar