Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-95/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6 qızının iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Firmasının cavabdehlər Cavabdeh1 MMC-yə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “yeni icarə müqaviləsi bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması, maddi zərərin tutulması və digər” tələbi barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(113)-423/2020 saylı qətnaməsindən (hakim Emin Əliyev) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti əsasında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Firması cavabdehlər Cavabdeh1 MMC-yə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə (xx.xx.2019-cu il tarixli) məhkəməyə müraciət edərək, tərəflərindən “qablaşdırma” (əşyaların bağlanması, üzlənməsi, paketlənməsi) xidməti ilə əlaqədar 2009-cu ilə kimi Heydər Əliyev adına X3 göstərilən fəaliyyətin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması, Heydər Əliyev adına X3 İddiaçı firması tərəfindən “qablaşdırma” (əşyaların bağlanması, üzlənməsi, paketlənməsi) fəaliyyətinin davam etdirilməsi və bu fəaliyyətin yenidən göstərilməsi üçün iddiaçı ilə icarə müqaviləsinin bağlanılması öhdəliyinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması, cavabdehin qanunsuz və əsassız hərəkətləri ucbatından İddiaçı Firmasının 10 ilə yaxın müddətdə fəaliyyətinin tamamilə dayanması səbəbindən dolayı iddiaçıya dəymiş maddi zərərə görə 1.180.000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə həyat yoldaşı X2 tərəfindən yaradılmış İddiaçı firması X5 Aeroportunun ərazisində sərnişinlərə məxsus bağlamaların üzlənməsi ilə bağlı xidmət növü ilə 1998-ci ildən məşğul olmuşdur. Firma ilə əməkdaşlıq edən zamanadək aeroportda bağlamalar kağız ilə bağlanırdı. Aeroport rəhbərliyinin razılığı ilə bu işi həyata keçirmək üçün xaricdən avadanlıq alındı. Aeroport rəhbərliyi ilə danışıqlarına və müqavilələrinə inanaraq avadanlığı ala bilmək üçün onlar xüsusi mülkiyyətlərində olan evlərini satmış və bütün əllərində olan vəsaitlərini bu işi görmək üçün istifadə etmişlər. 2009-cu ildə Cavabdeh1 MMC yarananadək onlar X5 Aeroportu ilə, daha doğrusu “Airport Gate” şirkəti ilə 12 il əməkdaşlıq etmişlər. Cavabdeh1 MMC yarandıqdan sonra da şirkətlə birgə işgüzarlıq müqaviləsi əsasında çalışmağa başlamışlar. Cavabdeh1 MMC ilə əməkdaşlıq etməyə dair müqavilə bağlamışlar. Şirkət olaraq onlar Aeroportun ərazisində sərnişinlərə məxsus bağlamaların üzlənməsi ilə bağlı xidməti həyata keçirdirdilər. Lakin, 2009-cu ildə müqavilənin vaxtı bitmədən Cavabdeh1 MMC heç bir səbəb göstərmədən gecə ilə 7 üzləyici müasir avadanlıqlarını aeroportdan kənarlaşdırdılar. Belə ki, Müqavilə Aviaşirkət tərəfindən birtərəfli qaydada pozulduqdan sonra 39 nəfər işçiləri işsiz qalmışdır. Böyük miqdarda vəsait xərclənərək xaricdən alınıb gətirilmiş avadanlıq bu gün dəyərsiz əşya kimi kənarda qalmışdır. Bu avadanlıq yalnız aeroportda bağlamanı həyata keçirmək üçün istehsal olunduğu üçün bu gün onu başqa heç bir sahədə istifadə edə bilmirlər. İstifadəsiz qalan avadanlıq və materiallar xarab olmaq təhlükəsi altındadır. O vaxtdan, bu günədək dəfələrlə Cavabdeh1 MMC-yə işə davam etməklə bağlı müraciətlər edilmiş, lakin heç bir nəticə əldə edilməmişdir. Bu gün həmin 1 avadanlığın alınması üçün xərclənən 85000 ABŞ dolları ödənilməmiş və bağlamada istifadə etdikləri 10000 ABŞ dolları dəyərində olan yarımçıq qalmış strec materialı isə başqa heç bir sahədə istifadə edilmədən qalmışdır. “xxxx” QSC-nin xx.xx.2019-cil tarixli məktubu ilə aidiyyatı üzrə “X7” MMC-yə müraciət etməyi tövsiyyə etmiş, “X7” MMC-nin xx.xx.2019-ci il tarixli məktubu ilə onların göstərdikləri xidmətlə bağlı “xxxx” QSC-yə müraciət edilməsi bildirilmişdir. Hansı ki, onlar xx.xx.2008- ci il tarixli (1 illik, xx.xx.2009-cu il tarixdə bitən) 05 nömrəli müqaviləni konkret olaraq “X7” MMC-nin rəhbərliyi ilə bağlamışlar. Onlara dəymiş maddi ziyana görə Cavabdeh1 MMC cavabdehdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(113)- 423/2020 saylı qətnaməsi ilə iddianın rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(113)-423/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,. Cavabdeh1 MMC tərəfindən verilən etiraz ərizəsində adı hallandırılan mübahisəli qeyri-yaşayış sahələrinin Dövlət Əmlak Komitəsinə qaytarılmasını qeyd edilsə də, həmin ərizəyə buna dair heç bir mötəbər sübut əlavə etməmişlər. Belə ki, ərizəyə əlavə etdikləri xx.xx.2015- ci il tarixli məktubda qeyd olunmuşdur ki, dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında müqavilədə göstərilən 1997.9 m2 sahədən 909 m2 sahə xx xxxxxx 2015-ci il tarixdən geri qaytarılır. Bununla əlaqədar olaraq “xxxx” MMC-nin “Airport Gate” filialı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında imzalanmış 7014/6287 nömrəli müqaviləyə dəyişiklik edilməsi xahiş olunmuşdur. Göründüyü kimi, iddia ərizəsinə etirazla ona əlavə olunmuş sənədlər arasında kəskin ziddiyyət vardır. Belə ki, Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında müqavilədə göstərilən 1997.9 m2 sahədən cəmi 909 m2 sahə dövlət əmlakının mülkiyyətçisinə qaytarılmış, 1088 m2 sahə isə hələ də “xxxx” MMC-nin sahibliyində və istifadəsində qalmışdır. Qaytarılan sahələrin İddiaçı firmasına verilən sahələr olub-olmamasına dair iş materiallarında bir dənə də olsun sübut yoxdur. Bundan başqa məhkəməyə təqdim etdikləri xx.xx.2015-ci il tarixli məktubun heç bir rekviziti yoxdur, üstəlik kserosurətdir. Ona görə də bu sənəd mötəbər dəlil hesab oluna bilməz. Xüsusilə vurğulamaq lazımdır ki, İddiaçı firması cavabdeh “xxxx” MMC ilə subicarə müqaviləsi bağlamış, icarə müqavilə münasibətləri bu iki tərəf arasında yaranmış, mübahisəli sahələr “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin balansında olmaqla dövlət mülkiyyətinə aid edilsə də İddiaçı firması ilə müqavilə münasibətlərinə birtərəfli qaydada xitam verən həmin mübahisəli sahələri dövlətdən icarəyə götürərək iddiaçıya subicarəyə verən “xxxx” MMC olmuşdur. İş materiallarından aydın şəkildə görünür ki, cavabdeh bütün qeyri-yaşayış sahələrini deyil, yalnız 909 m2 sahəni dövlətin sahiblik və istifadəsinə geri qaytarmışdır. Geri qalan 1088 m2 sahə isə hələ də “xxxx” MMC-nin sahiblik və istifadəsindədir. İddia müddəti ötürülmüşdürsə belə iddia müddətinin ötürülmə səbəbi tamamilə üzrlü səbəbdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1.-ci maddəsinə əsasən ümumi iddia müddəti 10 (on il) təşkil edir. ( Hazırki iş üzrə isə 9 il 9 ay keçmişdir, yəni ümumi iddia müddəti də ötürülməmişdir.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384. maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə və bu Məcəllə ilə müəyyənləşdirilmiş hallarda digər tələblərə iddia müddəti şamil edilmir. Məhkəmə təcrübəsində bəzən elə işlərə təsadüf edilir ki, məhkəmə tərəflərin tələb və etirazları üzrə dəlilləri araşdırmadan yalnız iddia müddətinin keçməsinə əsaslanaraq tələbin təmin edilməməsi barədə qətnamə qəbul edir. Bu təcrübəni düzgün hesab etmək olmaz. Məhkəməyə müraciət etmək hüququnun məzmununa, mənasına görə iddia müddətinin tətbiq edilməsi barədə ərizənin verilib-verilməməsindən asılı olmayaraq məhkəmə iddiaya mahiyyəti üzrə baxmalıdır. Yəni məhkəmə işin hallarını araşdırıb, sübutları qiymətləndirməklə hərtərəfli proses aparmalıdır. Araşdırmalar nəticəsində müəyyən edilsə ki, iddia müddəti üzürlü səbəblərdən ötürülmüşdür, məhkəmə həmin müddəti bərpa edir və iddia tələbinin təmin edilməsi və yaxud rədd edilməsi barədə qətnamə qəbul edir. Göründüyü kimi məhkəmə iddianı əsassız olaraq rədd etdiyi üçün, iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsi araşdırılmamışdır. Bunu qeyd etməkdə məqsəd ondan ibarətdir ki, iddia əsaslı hesab edildiyi təqdirdə birinci instansiya və apelyasiya məhkəməsinin iddia müddətini tətbiq edərək iddianı rədd etməsi qanunsuz və əsassız olardı. İşə apellyasiya qaydasında baxılması xx.xx.2021-ci il tarixə təyin edilmiş, tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(113)-423/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı onunla icarə müqaviləsi bağlanılması öhdəliyinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması barədə iddia tələbi irəli sürmüşdür. İş materiallarından görünür ki, tərəflər arasında 05 saylı, xx.xx.2008-ci il tarixdə bir il müddətinə icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən “xxxx” Aviaşirkəti MMC-nin “Airport Gate” filialı tərəfindən Heydər Əliyev X3 əl çantalarının üzlənməsi aparatları üçün yer ayrılaraq «İddiaçı” firmasına icarəyə verilmişdir. Həmin müqavilənin 4.3-cü bəndində müqavilə üzrə vəzifələri lazımi qaydada yerinə yetirən icarəyə götürənin müqavilənin vaxtını uzatmaqda üstün hüquqa malik olduğu nəzərdə tutulmuşdur. Lakin işin faktiki hallarından görünür ki, həmin müqavilənin müddəti uzadılmamış, cavabdeh “xxxx” Aviaşirkəti MMC-nin “Airport Gate” filialı xx.xx.2009-cu il tarixli, 255 nömrəli məktubla müraciət edərək 05 saylı, xx xxxxxx 2008-ci il tarixli müqaviləyə xx.xx.2009-cu il tarixdən qiymətlərin qalxması ilə əlaqədar birtərəfli qaydada xitam verildiyini bildirmişdir xx.xx.2009-cu il tarixli, 12 nömrəli məktubdan görünür ki, «İddiaçı” firması tərəflər arasında bağlanmış 05 saylı, xx xxxxxx 2008-ci il tarixli müqaviləyə xx.xx.2009-cu il tarixdən qiymətlərin qalxması ilə əlaqədar birtərəfli qaydada xitam verilməsinə heç bir əsasın olmadığını, təklif ediləcək yeni qiymətlərlə işlərini davam etdirməyə razı olduqlarını “xxxx” Aviaşirkəti MMC-nin “Airport Gate” filialına bildirmişlər. xx.xx.2009-cu il tarixli, 260 nömrəli məktubdan görünür ki, “xxxx” Aviaşirkəti MMC-nin “Airport Gate” filialı tərəfindən tərəflər arasında bağlanmış müqavilə birtərəfli ləğv edildiyindən, 3 gün ərzində firmaya məxsus 4 ədəd üzləyici aparatlarının X5 Aeroportundan çıxarılması «İddiaçı” firmasından tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 390.1-ci maddəyə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Mülki qanunvericiliyin qeyd edilən normalarının tələblərindən göründüyü kimi, qarşı tərəfin müqavilə bağlamaq vəzifəsinin qanundan və ya könüllü götürülmüş öhdəlikdən irəli gəldiyi hallar istisna olmaqla mülki hüquq subyektlərinin üzərinə fiziki və hüquqi şəxslərlə onların iradəsinə uyğun olmayan müqavilələrin bağlanması öhdəliyi qoyula bilməz. Hazırkı halda cavabdehlərin iddiaçı ilə müqavilə bağlamaq öhdəliyi nə qanundan, nə də müqavilədən irəli gəlmədiyindən iddiaçının bu tələbi əsassızdır. İddiaçının 1.180.000 manat məbləğində dəymiş ziyan tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində İddiaçı Firması 10 ilə yaxın müddətdə fəaliyyətini tamamilə dayandırmışdır. Cavabdehin qanunsuz hərəkəti dedikdə iddiaçı ilə bağlanmış icarə müqaviləsinin müddətinin uzadılmaması nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmə kollegiyası hesab edir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq “xxxx” Aviaşirkəti MMC-nin “Airport Gate” filialının iddiaçı ilə bir il müddətinə bağlanmış icarə müqaviləsinə xx.xx.2009-cu il tarixdən xitam verməsi mülki qanunvericiliyə və tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olduğundan mülki hüquq pozuntusu kimi qiymətləndirilə bilməz. Buna görə də, iddiaçının maddi ziyanla bağlı tələbinin rədd olunması barədə məhkəmənin iş üzrə gəldiyi nəticə əsaslıdır. Cavabdehlərin iddiaçı qarşısında hər hansı öhdəliyi olmadığından məhkəmə kollegiyası hazırkı mübahisə üzrə iddia müddətinin tətbiqini zəruri hesab etmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(113)-423/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Firmasının apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(113)-423/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-95/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-95/2021
03.02.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver