Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-95/2025 20.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X5 Əliyevanın sədrliyi və məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1234/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 17 fevral 2015-ci il tarixli, BK- 2313/15 saylı baş kredit müqaviləsinin predmeti kreditorun borcalana 150 000 manat məbləğində kreditin illik faiz dərəcəsi 33 %-dən, kreditin qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 66 %-dən çox olmamaq şərtilə 60 ay müddətinə kredit ayrılması, borcalanın isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə kredit və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair pul öhdəliyidir. 1.2. Gələcəkdə bağlanılacaq kredit müqaviləsi üzrə hissə-hissə veriləcək məbləğlər hazırki Baş Kredit müqaviləsinə bağlıdır. 2.1. Gələcəkdə bağlanılacaq kredit müqavilələri üzrə borcalanın öhdəliklərinin icrasının əsas təminatı aşağıdakılardır: xx.xx.2015-ci il tarixli İP1-2313/15 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus ünvan 1ndə yerləşən ümumi sahəsi 294.79 kv.m yaşayış sahəsi 106.46 kv.m olan 5 otaqlı, 32 saylı fərdi yaşayış evi
2. xx.xx.2015-ci il tarixli, İPİ -2313/15 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus ünvan 1ndə yerləşən ümumi sahəsi 294.79 kv.m yaşayış sahəsi 106.46 kv.m olan 5 otaqlı, 32 saylı fərdi yaşayış evi borcalanın öhdəliklərinin icrasının əsas təminatı kimi çıxış etmişdir.
3. Baş kredit müqaviləsi əsasında tərəflər arasında xx.xx.2015-ci il tarixli, 2313/15 nömrəli kredit müqaviləsinin predmeti kreditorun borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında kredit verməsi, borcalanın isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair pul öhdəliyidir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bank tərəfindən müştəriyə dövriyyə artırılması məqsədilə illik 19%-lə 36 ay müddətinə 80 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit 2 tranşla verilmişdir. İlkin tranşın məbləği 47000 ABŞ dolları müəyyən edilmiş və mövcud bank öhdəliklərinin bağlanmasına yönləndirilmişdir. Bank kreditlərinin bağlanmasına dair təsdiqedici sənədlər banka təqdim edilikdən sonra ikinci tranş olan 33000 ABŞ dolları ayrılmışdır. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən kredit 36 ay müddətinə verilir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən Kreditin istifadəsinə görə Borcalan Kreditora illik 19 % dərəcəsi ilə faiz ödəyir. Kredit üzrə plandırılmış faktiki illik faiz dərəcəsi 19.73 faiz təşkil edir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 38 % dərəcəsi ilə, aylıq isə 3.17 % dərəcəsi ilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Həmin müqavilənin 2.6-cı bəndinə əsasən güzəşt müddəti 6 ay təşkil edir.
4. 2313/15 saylı kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1138387-ci kredit hesabı üzrə qrafikə əsasən kreditin məbləği 80.000 USD, illik faiz dərəcəsi 19%, kreditin müddəti 36 ay müəyyən edilmişdir.
5. İddiaçı ASC, Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ZM-2313-15 saylı zaminlik müqaviləsinin predmeti 17 fevral 2015-ci il tarixli, BK-2313/15 saylı baş kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir. Müqavilənin 2-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəliklər: 2.1. 150.000 manat təşkil edən kredit məbləği 2.2.60 ay təşkil edən kreditin qaytarılma müddəti 2.3.33%-dən çox olmamaq şərti ilə təşkil edən kredit üzrə ödəniləcək illik faiz dərəcəsi 2.4.66%-dən çox olmamaq şərti ilə təşkil edən kreditin qaytarılması gecikdirildiyi halda ödəniləcək illik, aylıq isə 5.5 dən çox olmamaq şərti ilə faiz dərəcəsi.
6. xx.xx.2017-ci il tarixli, BK-2313/15 nömrəli 01 saylı Əlavə Sazişə əsasən müqavilənin müddəti bu Əlavə saziş imzalandığını gündən 48 ay müddətinə uzadılmışdır.
7. xx.xx.2017-ci il tarixli, BK-2313/15 nömrəli 01 saylı Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin əsas məbləğ üzrə qalığı konvertasiya edilməklə (1 USD=1.8045 AZN) 115819.24 təşkil etmişdir. 1.1.2. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 64183.56 ABŞ dolları əsas borc, 9923.26 ABŞ dolları faiz borcu və 638.01 ABŞ dolları cərimə borcu təşkil edir. 1.1.4 Restrukturizasiya edilmiş kreditin müddəti 48 ay müddətinə uzadılmışdır. xx.xx.2015-ci il tarixli 182576 nömrəli çekə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh3 47.000 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 182577 nömrəli çekə əsasən isə 33.000 ABŞ dolları məbləğində pul verilmişdir.
8. Kreditor/ipoteka saxlayan İddiaçı ASC, borcalan qismində Cavabdeh3 və ipoteka qoyan qismində Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, İP1-2313/15 nömrəli ipoteka müqaviləsinə əsasən Borcalan/İpoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 3.1-ci bəndinə göstərilən ünvan 1ndə yerləşən, ümumi sahəsi 294.79 kv.m , yaşayış sahəsi 106,46 kv.m olan, 5 otaqdan ibarət olan 32 saylı fərdi yaşayış evini xx.xx.2015-ci il tarixli Baş Kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi kreditor/İpoteka saxlayana verir. 3.2. FM Consulting tərəfindən xx.xx.2014-cü il tarixində tərtib edilmiş 1389/DQ saylı əmlakın qiymətləndirmə aktına əsasən daşınmaz əmlak 180 000 manat dəyərində qiymətləndirilir.
9. AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 32 saylı fərdi yaşayış xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydə alınmışdır.
10. AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1, 32 saylı fərdi yaşayış evi 48 ay müddətinə ipoteka ilə yüklü edilmişdir.
11. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh1 xx.xx.2023-cü il tarixli bildiriş ünvanlanaraq, münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədilə 287915.56 manat məbləğində borcun 3 gün müddətində banka ödənilməsi və ya ipoteka predmetinə tutma yönəldilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciöət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
12. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən 10 yanvar 2024-cü il tarixdə AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ünvanlanaraq, kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydə alınması xahiş edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2024-cü il tarixdə elektron xidmətlər portalı vasitəsilə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.
13. 29.11.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2017-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə olan dövr üçün müqavilənin müddəti xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrü əhatə etmiş, müqavilə müddəti üçün hesablanmış əsas borc 115802.25 manat, həmin müddət üzrə faiz borcu 72955.03 manat və borcun gecikdirilməsinə görə hesablanmış və tələb olunan cərimə 82451.16, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 16707.08 manat olmaqla, ümumilikdə tələb olunan borc məbləği 287915.56 manat təşkil edir.
14. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 aprel 2025-ci il tarixli, 9/1133 saylı ekspert rəyinə əsasən Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 32 saylı fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 394281 manat, likvid dəyəri isə 354.852 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 (yüz) manat təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat:
15. İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 115802,25 manat əsas, 72955,03 manat faiz, 82451.16 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 16707,12 manat faiz borcu olmaqla, ümumilikdə 287915.56 manat məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 410 manat məbləğində mediasiyaya dair xərc, iş üzrə ödənilmiş 167.92 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun iddiaçının xeyrinə tutulmasına, tutmanın Cavabdeh1 məxsus olan ünvan 1ndə yerləşən 32 saylı fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, əmlakın ilkin satış qiymətinin (likvid dəyər) müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlərdən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq, iddiaçıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “DəmirBank" ASC-nin Binəqəcfi filialı ilə Cavabdeh3 arasında xx.xx.2015-ci il tarixli BK-2313/15 saylı Baş kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən müştəriyə illik 33 faiz dərəcəsindən çox olmamaq şərti ilə 60 (ay müddətinə 150000 manat məbləğində kredit (kredit xətti) ayrılmışdır.Baş kredit müqaviləsi əsasında tərəflər arasnda 17 fevral 2015-ci il tarixli 2313/15 nömrəli Kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindər müştəriyə dövriyyə vəsaitinin artriması məqsədi ilə illik 19 %-lə 36 ay müddətinə 80000 ABŞ Dolları məbləğində kredit verilmişdir. Kredit 2 tranşla verilmişdir, ilkin tranşn məbləği 47000 ABŞ Dolları müəyyən edilmiş və mövcud bank öhdəliklərinin bağlanmasına yönləndirilmişdir. Bank kreditlərinin bağlanmasna dair təsdiqedici sənədlər banka təqdim edildikdən sonra ikinci tranş olan 33000 ABŞ Dolları ayrılmışdır.Cavabdeh3 kredit verilərkən X4 ilə Bank arasında ZM-2313/15 nömrəli, xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik Kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə Zamin və ya Zaminlər və Borcalan Kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.xx.xx.2017-ci il tarixdə “BK-2313/15 saylı xx.xx.2015-ci il tarixli Baş kredit müqaviləsi üzrə” 01 saylı Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən müqavilənin müddəti bu Əlavə saziş imzalandığı gündən 48 ay müddətinə uzadılmışdır.xx.xx.2017-ci il tarixdə “2313/15 saylı, 17 fevral 2015-ci il tarixli kredit müqaviləsi" üzrə 01 saylı Əlavə saziş bağlanmış, həmin əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin əsas məbləğ üzrə qalığı konvertasiya edilməklə ( 1 USD = 1.8045 AZN) 115819.24 AZN təşkil etmiş, kreditin müddəti 48 ay müddətinə uzadılmışdır.Kredit müqaviləsinə əsasən Cavabdeh3 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir.Ləğv prosesində olan "DəmirBank” ASC-nin Cavabdeh3 və X1 qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, Cavabdeh3 və Mehdiyevə Rəisə ibad qızı ilkin mediasiya sessiyasında iştirak etmədiyi üçün “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə’’ xx.xx.2023-cü il tarixli MŞB/10- 00766 nömrəli arayış tərtib edilmişdir.Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********813 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktubların göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər.Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.Cavabdeh3 22 noyabr 2023-cü il tarixə kredit üzrə cəmi borcu 287915.56 AZN təşkil edir. Bundan 115802.25 AZN əsas, 72955.03 AZN faiz, 82451.16 AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 16707.12 AZN faiz borcu təşkil edir. Daha sonra iddiaçı iddia tələbinin həcmini azaldırlması ilə bağlı ərizə təqdim edərək, cavabdehdən xx.xx.2014-cü il tarixli 04-LA/14 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 761090 manat gecikdirilmiş əsas borc, 384350.45 manat cərimə borcu, hüquqi yardımla bağlı 500 manat və 400 manat mediasiya xərci, cəmi 1146340.15 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 11 dekabr 2023-cü il tarixdə isə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehdən xx.xx.2014-cü il tarixli 04-LA/14 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 830280 manat gecikdirilmiş borc və hesablanmış 467447.64 manat cərimə borcu, hüquqi yardımla bağlı 500 manat və 400 manat mediasiya xərci, cəmi 1298627.64 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. 21 iyun 2024-cü ildə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək cavabdehlərdən müştərək qaydada 115802,25 manat əsas, 72955,03 manat faiz, 82451,16 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plennum qərarına əsasən hesablanmış 16707.12 manat faiz borcu olmaqla, ümumilikdə 287915.56 manat məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 410 manat məbləğində mediasiyaya dair xərc, iş üzrə ödənilmiş 167.92 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun iddiaçının xeyrinə tutulmasına, tutmanın Cavabdeh1 məxsus olan Bakı ş., Xəzər rayonu, Mərdəkan qəsəbəsi, G.Həsənov küçəsində yerləşən 32 saylı fərdi yaşayış evinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin (likvid dəyər) müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1234/2024 saylı qətnaməsi ilə iddia qismən edilmiş, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 115816,5 manat əsas, 55.298,75 manat faiz, 5791 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 16487,76 manat faiz borcu olmaqla, ümumilikdə 193.394,01 manat məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 410 manat məbləğində mediasiyaya dair xərcin, iş üzrə ödənilmiş 167.92 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus ünvan 1ndə yerləşən 32 saylı fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin 297000 (likvid qiyməti) manat müəyyən edilməsi və həmin əmlak açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iddiaçı Ləğv prosesində olan "xxxx" ASC qarşısında kredit müqaviləsi üzrə 193,394.01 manat məbləğində borcun ödənilməsi qət edilmişdir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X3 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməsi, əmlakın qiymətləndirilməsi məqsədilə mütəxəssis rəyinin verilməsi ilə bağlı 300 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" MMCnin hesabına ( VÖEN: **********, Bank ”Azər-Türk Bank” ASC Yasamal Filialı, Kod 512565, Bank VÖEN: **********, H/hAz30AZRT********************, M/h AZ02NABZ********************, SWİFT: AZRT AZ 22) ödənilməsi müəyyən edilmiş, qalan hissədə iddia təmin edilməmişdir.
19. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 22 aprel 2024-cü il tarixli ekspert rəyinə əsasən xx.xx.2021-ci il tarixə (kredit müddətinin bitdiyi tarixə) kredit müqaviləsi üzrə əsas borc məbləği 115816.5 manat, faiz borcu 55298,75 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək illik 5%-lə hesablanan faiz borcu məbləği 16487,76 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq və digər sübutlarla birlikdə qiymətləndirməklə ekspertin rəyində hesablanmış əsas və faiz borcu həcmində, yəni əsas borc məbləği üzrə 115816,5 manat, faiz borcu üzrə 55298,75 manat məbləğində iddia tələbini əsaslı hesab etmişdir. İddiaçı əsas və faiz borcu məbləğlərindən əlavə öhdəliyin vaxtında icra edilməməsi səbəbindən 82451,16 manat məbləğində cərimə borcunun ödənilməsini də tələb etmişdir. Məhkəmə iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlmişdir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 5791 manat məbləğində dəbbə pulu tutulmalıdır. İddiaçı eyni zamanda iddia ərizəsində AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plennum Qərarına əsasən hesablanmış 16707.12 manat məbləğində faizin ödənilməsi tələbi ilə çıxış etmişdir. Cavabdehin pul məbləğinin ödənilməsini gecikdirməsini nəzərə almaqla, müqavilənin müddətinin bitdiyi tarixdən xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixinədək illik 5%-lə hesablanmaqla AR Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən müəyyən edilmiş 16487.76 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulması hissəsində məhkəmə iddianı əsaslı hesab etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasına müvafiq olaraq, "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, LP-063/2024 nömrəli mütəxəssis rəyinə əsasən ünvan 1 ünvanında yerləşən Cavabdeh1 məxsus 32 saylı fərdi yaşayış evinin hazırki bazar qiyməti 330000 manat, likvid qiyməti isə 297 000 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə qanunvericilik normalarını, eləcə də cavabdehlər tərəfindən öz öhdəliklərinin icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, cavabdehlərdən müştərək qaydada 115816.5 manat əsas, 55298.75 manat faiz, 5791 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 16487,76 manat faiz borcu olmaqla, ümumilikdə 193,394.01 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalı, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus ünvan 1ndə yerləşən 32 saylı fərdi yaşayış evinə yönəldilməli və fərdi yaşayış evinin ilkin satış qiyməti 297000 manat müəyyən edilməklə, həmin əmlakın açıq hərracda satışı həyata keçirilməlidir. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, MM-nin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Göründüyü kimi qanunvericilik ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi təqdirdə qalan məbləğin borclunun başqa əmlakından tutulmasını nəzərdə tutur. Belə ki, hüquq üçün gələcək fakt yoxdur, bu məsələ bir başa qanun ilə tənzimlənir. Odur ki, məhkəmə qeyd olunan məsələnin qanunvericliklə birbaşa olaraq tənzimlənməsini nəzərə almaqla, tələbin təmin edilməsini zəruri hesab etməmişdir. Məhkəmə hesab etmişdir ki, İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat və Əmlakın qiymətləndirilməsi məqsədilə mütəxəssis rəyinin verilməsi ilə bağlı hesablanmış 300 manat məbləğində pul da cavabdehlərdən müştərək qaydada tutulmalıdır.
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 317.1, 319.1, 319.5, 399.1, 425.1, 442, 443.1, 448.1, 448.2, 448.4, 460.1, 462.3, 467, 739.1, 743.1 və 2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1, 34, 39.3, 41.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli və 28 iyul 2021-ci il tarixli Plenum qərarına istinadla əsaslandırmışdır. Məhkəmə xərcləri hissəsində hüquqi əsas Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1-ci maddələri və “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsi göstərilmişdir.
21. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələblərinin rədd edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsini hüquqi cəhətdən kifayət qədər əsaslandırmamış, işin faktiki hallarını nəzərə almamış, maddi və prosessual hüquq normalarını pozmaqla qərar qəbul etmişdir. Əvvəla iddiaçı iddia ərizəsində cavabdehlərdən Cavabdeh1 pretenziya məktubunu göndərdiyini bildirsə də, tərəf həmin bildirişi almamış, ümumiyyətlə məlumatı olmamışdır. Yalnız iş icra mərhələsində olarkən, cavabdeh mövcud məhkəmə qətnaməsindən xəbər tutmuşdur. Digər tərəfdən məhkəmənin nəzərinə çatdırıb ki, cavabdehlər heç biri ipoteka predmetinə yönəldilmə ilə bağlı iddiaçı tərəfindən heç bir bildiriş almamış və bu barədə heç bir qəbzə imza etməmişlər. Yalnız və yalnız icra məmuru tərəfindən cavabdehə bildiriş göndərildikdən sonra məlumatı olmuşdur ki, məhkəmə barəsində sözügedən qətnamə qəbul etmişdir. Digər tərəfdən hesab edir ki, cavabdehin əmlakının özəl qiymətləndirici olan "xxxx" MMC tərəfindən müəyyən olunan qiyməti əmlakın real bazar qiymətini əks elətdirmir. Belə ki, məhkəmə cavabdehin məhkəmə proseslərində iştirakını təmin etsəydi o, məhkəmədə vəsatətlə çıxış edərək ipoteka ilə iddiaçı qarşısında yüklü etdiyi, mülkiyyətində olan əmlaklarının real bazar qiymətinin böyük təcrübəyə malik Ədliyyə Nazirliyinin Məhkəmə Ekspert Mərkəzinə həvalə olunmasını xahiş edərdi ki, uzun illərin təcrübəsinə həmin ekspert mərkəzinin mütəxəsisləri əmlakılarının real bazar qiymətinə uyğun müəyyən etsinlər. Göründüyü kimi məhkəmə lazımı miqdarda xüsusi biliyə malik olmayan özəl ekspertə ekspertizanın keçirilməsini həvalə etməklə əmlakın real bazar qiymətini düzgün müəyyənləşdirməmiş, dəyərindən aşağı qiymətə əmlak qiymətləndirilmişdir. Digər tərəfdən əmlak ekspert tərəfindən qiymətlətləndirilərkən ekspert tərəfindən ekspert tərəfindən cavabdehin əmlaklarına baxış keçirtməmişdir. Belə ki, həmin əmlak cavabdehin mülkiyyətində və istifadəsində olduğundan əmlaklara baxış onun iştirakı ilə keçirilməli idi. Beləliklə, bu və digər faktlar bir daha təsdiq edir ki, məhkəmə heç bir araşdırma aparmadan iddiaçının təqdim etdiyi maliyyə arayışını mötəbər sübut kimi qəbul etmiş və ekspert rəyinə istinad etməklə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.Cavabdeh tərəfindən öhdəliyin lazımınca icra edilməməsi tək cavabdehin deyil iddiaçı bankın təqsiri üzündən baş vermişdir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi iddiaçı tərəf qarşı tərəflərə bildiriş məktubu göndərdiyini bildirsə də, cavabdeh tərəf İddiaçı tərəfindən göndərilmiş bildiriş məktubunu almamış, ümumiyyətlə məlumatı da olmamışdır. Bu isə öhdəliyin lazımınca icra edilməməməsi nəticəsində dəyən zərərin miqdarının artmasına səbəb olmuşdur. Məhkəmə isə bütün bunları nəzərə almamışdır. Məhkəmə prosessual hüquq normalarını pozaraq cavabdehi məhkəmə proseslərinə çağırmadan, məhkəmə prosesləri barədə ona məlumat vermədən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bu səbəbdən də apelyator məhkəməyə sübutlarını, vəsatətlərini və iddiaya etirazını təqdim edə bilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
23. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Cavabdeh1 nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək istintaq hərəkətlərində iştirak etməsi ilə əlaqədar məhkəmə iclasında iştirak etmədiyini bildirmiş, iclasın təxirə salınmasını xahiş etmişdir. Digər proses iştirakçıları məhkəmə iclasında iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər.
24. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
25. Mülki Məcəllənin: -269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. -477.0.4-cu maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. -“İpoteka haqqında” Qanunun: 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Həmin Qanunun 34.1-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. -1.0.9-ci maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. -“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. -119.6-cı maddəsinə əsasən yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. -206.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.
Apellyasiya baxışının hədləri:
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayətini verməmişdir, Cavabdeh1 isə verdiyi apellyasiya şikayətində qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini, iddianın tamamilə rədd edilməsini xahiş etmişdir. Odur ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, eləcə də apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən - Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun (əsas borc, faiz, dəbbə pulu və 5%) tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, Cavabdeh3 kredit müqaviləsi üzrə tutulacaq əsas borcun məbləği və ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti hissəsində qətnamə dəyişdirilməli, qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 17 fevral 2015-ci il tarixli, BK-2313/15 saylı baş kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik faiz dərəcəsi 33 %-dən, kreditin qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 66 %-dən çox olmamaq şərtilə 60 ay müddətinə 150.000 manat məbləğində kredit ayrılmışdır. Həmin müqavilə çərçivəsində bağlanmış xx.xx.2015-ci il tarixli, 2313/15 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehin dövriyyə artırılması məqsədilə illik 19%-lə 36 ay müddətinə 80.000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2017-ci il tarixli, BK-2313/15 nömrəli 01 saylı Əlavə Sazişə əsasən müqavilənin müddəti bu Əlavə saziş imzalandığı gündən 48 ay müddətinə uzadılmışdır. Baş kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin təminatı olaraq Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ZM-2313-15 saylı zaminlik müqaviləsinə əsasən sonuncular mübahisəli baş kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinə zamin durmuşlar. Hazırda iddiaçı kredit müqaviləsi üzrə borcun mübahisəli hüquq münasibətlərində borc alan və zamindən müştərək qaydada tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsini tələb edir.
32. Kollegiya İlk növbədə mübahisəli kredit müqaviləsi üzrə iddiaçının xeyrinə tutulması qət edilmiş kredit müqaviləsi üzrə borcun (əsas borc, faiz və müqavilə müddəti bitdikdən sonrakı müddət üçün 5 %) məbləğlərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli kredit müqaviləsi üzrə əsas, faiz borcu və kreditin verilmə müddətinin bitdiyi tarixdən xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixinədək illik 5%-lə faizlərin məbləği iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən müəyyən edilmişdir.
33. Cavabdeh apellyasiya şikayətində cavabdehlərdən tutulması qət edilmiş borcun məbləği ilə razılaşmadığını bildirsə də, həmin rəyin şübhə altına alınması üçün əsas verə biləcək konkret faktiki hallara (məsələn, etdiyi bəzi ödənişlərin nəzərə alınmamasına və s.) istinad etməmişdir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlərdən tutulacaq faiz məbləğini, eləcə də xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixinədək illik 5%-lə faizləri həmin rəyə uyğun olaraq müəyyənləşdirməkdə haqlı olmuşdur.
34. Digər tərəfdən kollegiya əsas borca münasibətdə onu da qeyd edir ki, birinci instansiya məhkəməsi əsas borc məbləğini müəyyən edərkən MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alınmamış, nəticədə kredit müqaviləsi üzrə əsas borc hissəsində iddia tələbi 115.802,25 manat təşkil etdiyi halda 115.816,5 manat məbləğində əsas borcun iddiaçının xeyrinə tutulmasını qət etmişdir. Odur ki, kollegiya hesab edir ki, həmin hissədə qətnamə dəyişdirilməli və kredit müqavilə üzrə tutulacaq əsas borc məbləği ekspert rəyi nəzərə alınmaqla iddia tələbi həddində - 115.802,25 manat məbləğində müəyyən edilməlidir. Buna müvafiq olaraq kredit müqaviləsi üzrə tutulacaq ümumi məbləğ hissəsində də qətnamə dəyişdirilməli, Cavabdeh3 kredit müqaviləsi üzrə tutulacaq ümumi məbləğ 193.379,76 manat məbləğində müəyyən edilməlidir.
35. Dəbbə pulu tələbinə münasibətdə kollegiya hesab edir ki, birinci instansiyası kredit müqaviləsi üzrə tutulacaq dəbbə pulunun məbləğini müəyyənləşdirərkən hər iki tərəfin mənafelərini, borclunun təqsirlilik dərəcəsini və dəbbə pulu məbləğinin əsas borca nisbətini nəzərə almışdır. Odur ki, həmin hissədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır.
36. Bununla yanaşı iddianın Cavabdeh1 qarşı olan hissəsi ilə bağlı qeyd edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsinin 5.1.4-cü bəndinə görə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditor zaminə qarşı iddia irəli sürülmədiyi halda zaminliyə xitam verilir.
37. Qeyd edilməlidir ki, 17 fevral 2015-ci il tarixli, BK-2313/15 saylı kredit müqaviləsində ilkin olaraq kreditin verilmə müddətinin xx.xx.2020-ci il tarixdə bitməsi nəzərdə tutulmuş, xx.xx.2017-ci il tarixli, BK-2313/15 nömrəli 01 saylı əlavə Sazişə əsasən həmin müqavilə üzrə kreditin verilmə müddəti xx.xx.2021-ci il tarixədək artırılsa da, bununla bağlı zamin Cavabdeh1 razılığı alınmamışdır. Odur ki, zaminliyə Mülki Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirilməsi və bu dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması əsası ilə xitam verilmişdi.
38. Digər tərəfdən o da vurğulanmalıdır ki, Cavabdeh1 mübahisəli kredit müqaviləsi üzrə kreditin verilmə müddətinin uzadılması ilə bağlı ipoteka müqaviləsinə əlavə sazişi bağladığından mübahisəli kredit müqaviləsi üzrə kreditin verilməsi müddətinin artırılmasından məlumatlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 kreditin verilməsi müddətinin uzadılmasına dair ipoteka müqaviləsinə əlavəni imzalaması zaminliklə təmin edilmiş öhdəliyinin artırılmasına razılıq kimi qiymətləndirilsə belə, uzadılma nəzərə alınmaqla kreditin verilmə müddəti xx.xx.2021-ci ildə başa çatdığından, iddiaçı isə hazırki iddianı yalnız xx.xx.2024-cü ildə qaldırdığından bu halda da Cavabdeh1 zaminliyinə müqavilənin şərtlərinə və Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən müddətinin qurtarması əsası ilə xitam verilmişdir.
39. Belə olan halda kollegiya hesab edir ki, kredit müqaviləsi üzrə borcun (əsas borc, faiz, dəbbə pulu və beş faiz) Cavabdeh1 tutulması hissəsində qətnamə ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir.
40. Bununla yanaşı apellyasiya şikayətinin dəlillərindən biri də özəl qiymətləndirici olan "xxxx" MMC tərəfindən verilmiş rəydə müəyyən olunmuş qiymətin ipoteka predmeti olan əmlakın real bazar dəyərini əks etdirməməsindən ibarət olmuşdur.
41. Göstərilən hallar nəzərə alınaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə təkrar məhkəmə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 32 saylı fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 394.281 manat, likvid dəyəri isə 354.852 manat məbləğində müəyyən edilmişdir.
42. Məhkəmə kollegiyası həmin rəylə razılaşmaması üçün əsaslar olmadığını, eləcə də sözügedən rəydə müəyyən edilmiş likvid qiymətin birinci instansiyası məhkəməsinin aldığı rəydəki likvid qiymətdən əhəmiyyətli dərəcədə fərqləndiyini nəzərə alaraq hesab edir ki, ipoteka predmeti olan əmlakın ilkin satış dəyəri Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyində müəyyən edilmiş likvid qiymət əsas götürülməklə müəyyən edilməlidir.
43. Beləliklə, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti hissəsində qətnamə dəyişdirilməli, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti 354.852 manat məbləğində müəyyən edilməlidir.
44. Pretenziya məktubunu və ipotekaya tutma yönəldilməsi barədə bildirişi almaması, eləcə də məhkəmənin onu çağırmadan işə baxması barədə cavabdehin apellyasiya şikayətində istinad etdiyi dəlillərə münasibətdə kollegiya qeyd edir ki, iş materialları ilə pretenziya və ipotekaya tutma yönəldilməsi barədə bildirişin, eləcə də məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər Cavabdeh1 rəsmi qeydiyyata olduğu ünvana göndərilməsi öz təsdiqini apır. Odur ki, kollegiya həmin dəlilləri formal mülahizə kimi qiymətləndirir.
45. Beləliklə, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə kredit müqaviləsi üzrə borcun (əsas borc, faiz, dəbbə pulu və 5%) Cavabdeh1 tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmalı və iddia rədd edilməli, Cavabdeh3 kredit müqaviləsi üzrə tutulacaq əsas borcun məbləği, ümumi məbləğ və ipoteka predmet olan əmlakın ilkin satış qiyməti hissəsində qətnamə dəyişdirilməli, Cavabdeh3 kredit müqaviləsi üzrə tutulacaq borc məbləği 115802,25 manat, kredit müqaviləsi üzrə tutulacaq ümumi məbləğ 193.379,76 manat, ipoteka predmeti olan əmlakın ilkin satış dəyəri isə 354.852 manat məbləğində müəyyən edilməli, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
46. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaiti iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ013601000**********4, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.
47. Apellyasiya şikayətinin qismən təmin edildiyini (qiymətləndirilməyən hissədə və qiymətləndirilən iddianın cüzi hissəsində) nəzərə alaraq kollegiya hesab edir ki, apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun 50 manat hissəsi iddiaçıdan tutularaq Cavabdeh1 ödənilməli, qalan hissədə dövlət rüsumu cavabdehə aid edilməlidir.
48. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1234/2024 saylı qətnaməsi qismən - kredit müqaviləsi üzrə borcun (əsas, faiz, dəbbə pulu və 5%) Cavabdeh1 tutulması hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin və iddia rədd edilsin. Kredit müqaviləsi üzrə tutulacaq əsas borc məbləği və ümumi məbləğ hissəsində eləcə də ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti hissəsində dəyişdirilsin, Cavabdeh3 tutulacaq əsas borcun məbləği 115.802,25 manat, ümumi məbləğ 193.379,76 manat və ipoteka predmetinin ilkin satış qiyməti 354.852 manat məbləğində müəyyən edilsin. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaiti iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ013601000**********4, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun 50 manat hissəsi iddiaçıdan tutularaq Cavabdeh1 ödənilsin, qalan hissədə dövlət rüsumu Cavabdeh1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov