Məhkəmə qərarları › İş №2-2(103)-950/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-950/2021

06.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-950/2021 06.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı “Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə qanunsuz ticarət fəaliyyətinin dayandırılması və ticarət köşkünün götürülməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1091/2021 nömrəli iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Dənizkənarı Milli Park ərazisində cavabdeh tərəfindən aparılan qanunsuz ticarət fəaliyyətinin dayandırılması və cavabdehə məxsus Dənizkənarı Milli Park ərazisində (Bakı şəhəri Neftçilər prospektində) yerləşən köşkün (qeyri-stasionar obyektin) onun hesabına ərazidən götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 14.06.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamənin əsaslarına görə, Bakı şəhəri Səbail rayonu Dənizkənarı parkda yerləşən 120 nömrəli köşk üzərində Cavabdeh mülkiyyət hüququ mövcud olduğundan iddia ərizəsində göstərilən xüsusatlar sonuncunun öz mülkiyyətində olan əmlak üzərində hüquqlarından məhrum edilməsi üçün əsas ola bilməz və buna görə də iddia rədd edilməlidir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, cavabdeh tərəfindən özəlləşdirilmiş torpaqla bağlı olmayan (torpaqdan ayrıla bilən) metal konstruksiyalı köşkdür, daşınması mümkün olan qeyri-stasionar obyektdir. Birinci instansiya məhkəməsi iddiaçının qanuni və əsaslı iddiasını rədd edərkən, ərazidən götürülməsi tələb olunan köşkün cavabdehin mülkiyyəti olması və iddianın cavabdehi öz mülkiyyətində olan əmlak üzərində hüquqlarından məhrum edilməsi ilə bağlı iddia kimi qiymətləndirərək hesab etmişdir ki, iddia təmin olunduğu halda cavabdeh mülkiyyətindən (köşkündən) məhrum edilə bilər. Məhkəmənin bu qaydada qiymətləndirməsi tamamilə düzgün deyildir. Əvvəla, qeyd olunmalıdır ki, mübahisəli köşkün yerləşdiyi Dənizkənarı Milli Park ərazisində 6,48 kv.m. torpaq sahəsi 1998-ci ildən 2008-ci ilə kimi cavabdehin icarəsində olmuşdur, belə ki, Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh ilə bağladığı 22.07.1998-ci il tarixli 40 nömrəli icarə müqaviləsinə əsasən cavabdeh 6,48 kv.m. torpaq sahəsində köşkünü idarə etmişdir və həmin icarə müqaviləsi 22.10.2008-ci il tarixindən ləğv edilmişdir. İddiaçının iddia predmeti cavabdehin mülkiyyətində olan köşkə dair mülkiyyət hüquqlarına qarşı deyil, sonuncunun köşkü Milli Park statusuna malik xüsusi mühafizə olunan təbiət ərazisində 10 ildən artıq müddətdir ki, qanunsuz saxlayaraq işlətməsidir və iddiaçının tələbi cavabdehin köşkünü ərazidən çıxarmaq və ərazidə qanunsuz ticarət fəaliyyətini dayandırmaqdır. Cavabdeh köşkünü götürərək istədiyi başqa əraziyə, öz evinin həyətinə aparmaq hüququna malikdir, o, köşk üzərində istədiyi sərəncamı verə bilər. İddiaçı Dənizkənarı Bulvar İdarəsi cavabdehin köşklə bağlı mülkiyyət hüquqlarına toxunmur. Bakı Kommersiya Məhkəməsinin qətnaməsində cavabdehin iddiaçı tərəfindən mübahisələndirilməyən və toxunulmayan köşk üzərindəki mülkiyyət hüquqları müdafiə olunur, öz qətnaməsi ilə məhkəmə cavabdehin Dənizkənarı Milli Park ərazisində heç bir hüquqi əsasa söykənməyən fəaliyyətinə haqq qazandırmış və bununla iddiaçının Dənizkənarı Milli Park ərazisində ümumi rəhbərlik və nəzarət səlahiyyətlərini nəzərə almayaraq, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 fevral tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dənizkənarı Milli Parkı haqqında Əsasnamə”nin 1.2-ci, 1.4-cü, 5.2-ci və 5.3-cü bəndlərini, mülki, torpaq qanunvericiliklərinin tələblərini pozmuşdur. Cavabdeh lisenziya almadan ticarət fəaliyyəti ilə məşğul olur. İddia tələbi ondan ibarətdir ki, iddiaçı cavabdehdən məhkəmə qaydasında tələb edir ki, cavabdeh özünə məxsus metal köşkünü Dənizkənarı Milli Park ərazisindən çıxarıb başqa yerə aparsın və Milli Parkda qanunsuz ticarət fəaliyyətini dayandırsın. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edib, ona uyğun izahat vermiş, cavabdeh qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdə olan 01.07.1996-cı il tarixli 78 saylı alqı-satqı müqaviləsindən müəyyən edilir ki, AR Dövlət Əmlak Komitəsi tərəfindən 20 iyun 1996-cı il tarixdə Səbail rayonu Ticarət və ictimai iaşə idarəsində keçirilən auksionda 3 saylı protokolla Bakı şəhəri Səbail rayonu Dənizkənarı parkda yerləşən 120 №-li köşk 11.092.500 AZM Azərbaycan manatına cavabdehə Cavabdeh satılmışdır. AR Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 10.09.1996-cı il tarixli 110 qeydiyyat nömrəli şəhadətnaməsinə görə, Bakı şəhəri Dənizkənarı park 120 №-li köşk cavabdehin toxunulmaz mülkiyyətidir. 06.02.2001-ci il tarixli notariat qaydada bağlanmış Əmlakın bağışlama müqaviləsinə əsasən cavabdeh, DƏK tərəfindən 10.09.1996-cı il tarixdə 01 saylı reyestr kitabının 15-ci səhifəsində 110 nömrəli qeydiyyat 000110 nömrəli şəhadətnaməyə əsasən ona məxsus olan ünvan 1 ünvanda yerləşən Səbail rayonu 120 saylı köşkü oğlu X1 bağışlamışdır. Göründüyü kimi, mübahisəli köşk üzərində sahiblik və istifadə hüquqları 06.02.2001-ci il tarixdən, yəni hazırda cavabdehin oğluna məxsus olduğu, başqa sözlə, bu hüquqlar artıq cavabdehə məxsus olmadığı halda, iddiaçı həmin köşklə bağlı hüquqi tələblərini sonuncuya yönəltmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli Qərarına görə, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Aparılması Konstitusiya Məhkəməsi Plenumunun qərarı ilə tələb olunan araşdırmadan hərəkətlə müəyyən olunur ki, iddiaçı məhkəmədə iddia qaldırmaq kimi ümumi qaydada müvafiq subyektiv hüquqa malik olsa da, onun hazırkı iş üzrə konkret mübahisəli əmlakla bağlı həmin əmlak ona məxsus olmayan cavabdehə qarşı iddia qaldırmaq hüququ yoxdur. Belə ki, o, öz hərəkətlərinə hüquqi ixtiyarlı olsa da, bu ixtiyarla məhz cavabdehdən tələb hüququna malik olmamaqla, bu barədə subyektiv hüququnun ikinci elementinə malik deyil. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası apellyasiya şikayətinin mübahisənin bilavasitə mahiyyəti ilə bağlı dəlilləri ilə razılaşmır. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı rədd etməsi nəticə olaraq qanuni və əsaslıdır, apellyasiya şikayəti qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1091/2021 nömrəli iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı “Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxsin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar