Məhkəmə qərarları › İş №2-2(103)-951/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-951/2021

20.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-951/2021 20.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2229/2021 nömrəli iş üzrə 09 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən 18.680,76 manat məbləğdə əsas borc, 1.540,73 manat məbləğdə faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 4.519 manat olmaqla, ümumilikdə 24.740,49 manat vəsaitin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 31 manat dövlət rüsumunun, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin təsdiq edilməsi üçün 31 manat Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ödənilmiş rüsumun onun xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Bərdə şəhəri 9-cu məhəllədə yerləşən qeyri-yaşayış binası 0,60 ha torpaq sahəsinə yönəldilərək hərrac yolu ilə satılması, ipoteka ilə yüklü edilmiş Bərdə şəhəri 9-cu məhəllədə yerləşən qeyri-yaşayış binası 0,60 ha torpaq sahəsi satıldıqdan və mülkiyyətçisi dəyişdikdən sonra əmlakın 1 ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 09.06.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 MMC-dən 18.680,76 manat əsas borc, 1.540,73 manat faiz borcu, 31 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin təsdiq edilməsi üçün 31 manat Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 nömrəli ərazi idarəsinə ödənilmiş rüsumun tutularaq iddiaçıya ödənilməsi, tutmanın ipoteka predmeti olan Bərdə şəhəri 9-cu məhəllədə yerləşən qeyri-yaşayış binası 0,60 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilk satış qiymətinin 300.000 manat məbləğdə müəyyən edilməklə açıq hərracdan satılması, iddiaçıdan 20 manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilərək, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, iddianın təmin edilməyən hissəsində ləğv edilib, iddianın tam təmin edilməsini, ipoteka predmeti kimi təyin edilmiş əmlakın ilk satış qiymətinin müəyyən edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4. 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair’’ 24.12.2014-cü il tarixli qərarının 2-ci bəndinə əsasən, “Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2. 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir.” Belə olan halda artıq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbləri hazırki mübahisəyə tətbiq edilərək, məhkəmənin qətnaməsi ləğv olunmalıdır. Bundan başqa, qətnamədə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məxsus olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası və 0,60 ha torpaq sahəsinin ilkin satış qiyməti 300.000 manat məbləğdə müəyyən edilmişdir. Məhkəmə qeyd edilən məbləği "xxxx" MMC-nin 16.11.2020-ci il tarixli H/04-PLS nömrəli qiymətləndirmə rəyinə əsasən təyin etmişdir. Qeyd edilən ekspert rəyində Cavabdeh2 və Cavabdeh3 paylı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi və onun yerləşdiyi 0,60 ha torpaq sahəsinin bazar qiyməti 300.000 manat, likvid dəyəri 225.000 manat müəyyən olunmuşdur. Lakin ekpert rəyində nəyə əsasən bu məbləği təyin edildiyini qeyd etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti bölünən olduğu, iddiaçının apellyasiya şikayəti ilə qətnamənin rədd olunan hissədə ləğv edilməsi xahiş edildiyi və cavabdehlər tərəfindən apellyasiya şikayəti verilmədiyi (qətnamə onlar tərəfindən mübahisə edilmədiyi) üçün, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu üçün qətnamə yalnız rədd olunan və şikayətdə göstərilən dəlillər (kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 4.519 manatın tutulmasının rədd edilməsi və ipoteka predmetinin ilk satış qiyməti 300.000 manat məbləğdə müəyyən edilməklə açıq hərracdan satılması) hissədə yoxlanılmalıdır. Bu kontekstdə hüquqi qiymətləndirmə aparıldıqda işdən müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında 13.09.2011-ci il tarixli 003 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, kreditor borc alana heyvandarlığın genişləndirilməsi məqsədi ilə 200.000 manat məbləğdə kredit verir. Borc alan bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəlində qeyd olunun sonuncu ödəniş tarixinədək illik 7 faiz ödənilməklə 24 ay müddətinə kreditin qaytarılması barədə öhdəlik götürmüşdür. Həmçinin, İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh2 və Cavabdeh3 (ipoteka qoyan) arasında 13.09.2011-ci il tarixli 003İ nömrəli ipoteka müqaviləsi bağlanmış və müqavilənin 1.2-ci bəndinə əsasən 13.09.2011-ci il tarixli 003 nömrəli kredit müqaviləsi üzrə və bu Müqavilənin 1.1-ci bəndində göstərilən öhdəliklərin təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 məxsus ipoteka kimi çıxış edən ünvan 1 ünvanda yerləşən mülkiyyətində 0,60 ha torpaq sahəsi olan mülkü ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 2.3-ci maddəsinə görə ipoteka predmetinin dəyəri 300.000 manat məbləğdə müəyyən edilmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliklər yerinə yetirilməmişdir. Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəmə iclasında iddia tələbini əsas və faiz borcu hissədə etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 269.1-ci maddəsinə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 269.4-cü maddəsinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 269.7-ci maddəsinə görə, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir; “İpoteka haqqında” AR Qanununun 39.3-ci maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 41.1-ci maddəsinə görə, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsinə əsasən aldığı pulların qaytarılması ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməli, onun bu borcu öhdəliyinin icrasının təmininatı olan ipoteka predmetinə yönəldilməlidir. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 4.519 manat hissəsinə münasibətdə tələbin əsassız olması barədə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri) MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir.” Göründüyü kimi, birinci instansiya məhkəməsi iddianı “kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 4.519 manatın tutulması” tələbinə dair hissədə rədd etməklə maddi hüquq normalarını pozduğu (MPM-in 390-cı maddəsi) üçün qətnamə həmin hissədə ləğv edilməli (MPM-385.1.1-ci maddəsi), eyni hissədə yeni qətnamə qəbul edilməklə, iddia 2.620,42 manat hissədə qismən təmin olunmalıdır. Belə ki, 18.680,76 + 1.540,73 = 20.221,49 manat x 5% = 1.011,1 manat : 365 gün = 2,77 manat x 946 gün (16.09.2016-22.05.2019) = 2.620,42 manat. Birinci instansiya məhkəməsi ipoteka predmetinin ilk satış qiymətini 300.000 manat məbləğdə müəyyən etməklə də səhvə yol vermişdir. Belə ki, "xxxx" MMC-nin 16.11.2020ci il tarixli H/04-PLS nömrəli qiymətləndirmə rəyi ilə Cavabdeh2 və Cavabdeh3 paylı mülkiyyətlərində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi və onun yerləşdiyi 0,60 ha torpaq sahəsinin bazar qiyməti 300.000 manat, likvid dəyəri isə 225.000 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20.07.2020-ci il tarixli qərardadına görə, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan faiz borcununun tutulmasının rədd edilməsi hissələrdə ləğv edilməli (MPM-in 385.1.1-ci maddəsi), həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməli və eyni hissələrdə iddia müzakirə edilən qaydada təmin edilməli (MPM-in 384.0.2-ci maddəsi), apellyasiya şikayəti qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2229/2021 nömrəli iş üzrə 09 iyun 2021-ci il tarixli qətnaməsi qismən - ipoteka predmetinin ilkin satış qiymətinin 300.000 manat müəyyən edilməsi və kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 4.519 manat məbləğdə faiz borcununun tutulmasının rədd edilməsi hissələrdə ləğv edilsin. Həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin. İpoteka predmeti ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi və onun yerləşdiyi 0,60 ha torpaq sahəsi, ilkin satış qiyməti 225.000 manat müəyyən edilməklə, açıq hərracda satılsın. Cavabdeh1 MMC-dən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 2.421,76 manat məbləğdə faiz borcu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar