Məhkəmə qərarları › İş №2-2(103)-952/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-952/2022

04.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-952/2022 04.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3609/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadından cavabdeh X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı və cavabdeh arasında xx.xx.2018-ci il tarixində bağlanmış Ofis icarəsi müqaviləsinin ləğv edilməsi, iddiaçı və cavabdeh arasında xx.xx.2018-ci il tarixində bağlanmış Ofis icarəsinə dair müqaviləyə əsasən, cavabdehdən ödənilməmiş icarə haqqı üzrə 14.479,83 manat məbləğində əsas, 2606,37 manat məbləğində ƏDV və 1.700,00 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 18.786,20 manat məbləğində pulun və 200 manat məbləğində mediasiya xərclərinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda X2 ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia qaldıraraq, cavabdeh tərəfindən icarə obyektində saxlanılaraq mülkiyyət hüquqlarının məhdudlaşdırıldığı əmlak üzərindəki hüquqlarının bərpa edilməsi və Caspian Plaza İ-ın 2-ci mərtəbəsində yerləşən sahəsi 20 kv.m olan icarə obyektində saxlanılmış əmlakın iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3609/2022 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər X1 geri qaytarılmışdır. Cavabdeh X2 həmin qərardaddan şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 154.1-ci, 155.1-ci və 155.3-cü maddələrinə istinad edərək, qeyd etmişdir ki, cavabdeh qarşılıqlı iddia ərizəsinin verilməsi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddəti ötürmüşdür. Belə ki, qarşılıqlı iddia ərizəsi iddia ərizəsi cavabdehə çatdırıldığı, hətta iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2022ci il tarixdən 20 gündən artıq müddət keçdikdən sonra məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən isə qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamışdır. Buna görə də, məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşmır və hesab edir ki, qarşılıqlı iddia ərizəsinin icraata götürülməsi məsələsi yenidən müzakirə olunmalıdır. Belə ki, işin hallarından görünür ki, ilk iddia ərizəsi xx.xx.2022-ci il tarixdə, qarşılıqlı iddia ərizəsi isə xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi qarşılıqlı iddia ərizəsi Mülki Prosessual Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş 20 gün müddətində verilməmişdir. Bununla belə, “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, “X6” MMC tərəfindən verilmiş ilkin iddia tələbi üzrə qarşılıqlı iddia ərizəsi verilməlidir. Belə ki, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ilkin iddia ərizəsinin mümkünlük şərtləri gözlənilməlidir. Bu səbəbdən mediasiya prosesinin həyata keçirilməsi və qarşılıqlı iddia ərizəsinin məhkəməyə təqdim edilməsi məqsədilə avqust ayının sonuna kimi vaxt verilməsini və məhkəmə iclasının sentyabr ayının ilk həftəsinin günlərindən birinə təxirə salınması xahiş edilmişdir. Göründüyü kimi cavabdeh ilk iddia ərizəsini məhkəməyə daxil olduqdan 16 gün sonra ilk iddiaya qarşı qarşılıqlı iddia ərizəsi verəcəyi və bunun üçün isə əvvəlcə qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya prosesinin həyata keçirilməsi üçün məhkəmə iclasının təxirə salınması xahiş etmişdir. Eyni zamanda işdə olan sənədlərdən görünür ki, mediasiya təklifi barədə ərizə İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixdə ünvanlanmış və ünvan 1yışı 27 iyul 2022-ci il tarixində X2 ünvanlanmışdır. Mülki Prosessual Məcəllənin 155.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Lakin hazırki işdə qarşılıqlı iddianın qanunla müəyyən edilmiş müddətdə təqdim edilməsinin mümkün olub-olmadığı araşdırılmamış və müzakirə predmeti olmamışdır. Qeyd olunan halları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və qarşılıqlı iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh X2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3609/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. Qarşılıqlı iddia ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar