Məhkəmə qərarları › İş №2-2(103)-955/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-955/2022

04.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-955/2022 04.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5047/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı QSC BOKT tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı QSC BOKT cavabdehlər "xxxx" ASC və Şükürov Тurаl Aqil оğluna qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, e-2-2(113)-5047/2022 saylı qərardadı ilə İddiaçı QSC BOKT-un iddia ərizəsi işdə iştirak edən digər şəxslərə göndərilməsi və cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydalarına riayət edilməməsi əsası ilə iddiaçıya geri qaytarılmışdır. İddiaçı QSC BOKT həmin qərardaddan şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 4.3-cü, 151.1-ci, 150.1.6-cı, 150.2-ci, 152.1-ci, 152.1.4-cü və 152.1.6-cı maddələrinə istinad edərək, qeyd etmişdir ki, iddia ərizəsinə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin işdə iştirak edən digər şəxslərə göndərilməsi və cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasının Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsinin tələblərinə uyğun həyata keçirilməsinə dair məlumat əlavə edilməmişdir. Buna görə də, məhkəmə hesab etmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşmır və hesab edir ki, hazırkı işdə Mülki Prosessual Məcəllənin 152.1, 152.1.4 və 152.1.6-cı maddələrində göstərilən əsaslar mövcud deyildir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehlərin hər ikisinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron kabineti vasitəsilə iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin surəti göndərilmiş və çıxarış elektron məhkəmə kabineti vasitəsilə portala yerləşdirilmişdir. Bundan əlavə iddiaçı tərəfindən cavabdehlərə 07 iyul 2022-ci il tarixli xəbərdarlıq məktubu ünvanlanmış və sonuncular tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Göründüyü kimi hazırki işdə iddia ərizəsinə həmin ərizənin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdeh tərəfindən alınmasını təsdiq edən sənəd, o cümlədən cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd işə əlavə edilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, hazırki işdə Mülki Prosessual Məcəllənin 152.1.4-cü və 152.1.6-cı maddələri tətbiq edilə və iddia ərizəsi həmin əsaslarla geri qaytarıla bilməz. Bununla yanaşı kollegiya qeyd edir ki, məhkəmə tərəfindən iddia ərizəsinin mümkünlüyü məsələsinə baxılarkən hazırki iddia ərizəsinin məhkəmə aidiyyatı qaydalarına əməl edilməklə verilib-verilməməsi məsələsi də müzakirə olunmalıdır. Belə ki, iddia ərizəsindən müəyyən edilir ki, "xxxx" ASC-nin Nərimanov filialı ilə Cavabdeh2 arasında 14 oktyabr 2013-cü il tarixli, İ-13/161 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7 KM, 1 saylı binanın, 56 blok, 8 mərtəbə, 30 saylı 2 otaqdan ibarət ümumi sahəsi 69,5 kv.m olan mənzilin alınması məqsədi ilə 75 ay müddətinə illik 12%-lə 20295,45 (iyirmi min iki yüz doxsan beş manat qırx beş qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" ASC-nin Nərimanov filialı ilə zamin olmuş şəxs "xxxx" ASC arasında 14 oktyabr 2013-cü il tarixli, İ- 13/161 saylı zaminlik müqaviləsi bağlanmışdır. Göründüyü kimi Cavabdeh2 qarşı irəli sürülmüş iddianın əsasını yaşayış mənzilinin əldə edilməsi üçün götürülmüş kredit müqaviləsi, cavabdeh "xxxx" ASC-ya qarşı irəli sürülmüş iddianın əsasını isə həmin kredit müqaviləsinin təmanı üçün bağlanmış zaminlik müqaviləsi təşkil edir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarında isə göstərilmişdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qeyd olunan halları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı QSC BOKT tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5047/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. İddia ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar