Məhkəmə qərarları › İş №2-2(103)-955/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-955/2024

24.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-955/2024 24.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia tələbi üzrə (Açar sözlər: sığorta ödənişi, subroqasiya, preyudisia) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X14 və X2 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X9, Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil1, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X10 iştirakları ilə "xxxx" ASC-nin "xxxx" ASC-yə, Cavabdeh3 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 19 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Nizamnamə kapitalının miqdarı (ödənilmiş) 5 manat olan "xxxx" MMC 11 aprel 2006-cı il tarixində qeydiyyata alınmışdır (VÖEN: **********), təsisçisi X15 (nizamnamə kapitalında mayalarının miqdarı 100%), qanuni təmsilçisi Cavabdeh3dur (çıxarışın verildiyi tarix və nömrə: 19 dekabr 2017, **********477300).

2. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81Q, 1-ci mərtəbə, qapı 2, 3; 2-ci mərtəbə, qapı 4, 5; 3-cü mərtəbə, qapı 6-da olan qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin adına rəsmiləşdirilmişdir.

3. "xxxx" MMC ilə (icarəyə verən) "xxxx" MMC (icarəçi) arasında bağlanmış 11 yanvar 2018-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən icarəyə verir, icarəçi isə bu icarə müqaviləsində gələcəkdə “qeyri-yaşayış sahəsi” adlanacaq Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81Q, 1-ci mərtəbədə qapı 2 və 3, 2-ci mərtəbədə, qapı 4 və 5, 3-cü mərtəbədə qapı 6-da yerləşən ümumilikdə 8920,45 m2 sahəni icarəyə götürür.

4. Bakı şəhəri 44 saylı notarial kontorunda təsdiq olunmuş 11 yanvar 2018-ci il tarixli icarə müqaviləsinə əsasən, "xxxx" MMC mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81 Q ünvanında yerləşən, ümumi sahəsi 8920,45 m2 olan qeyri-yaşayış sahəsini 25 dekabr 2017-ci il tarixdən 25 dekabr 2019-cu il tarixə qədər "xxxx" MMC-nin təsisçisi və direktoru Cavabdeh3 icarəyə verilmişdir.

5. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X22 Xidmətinin 3-cü ərazi X22 İdarəsinin "xxxx" MMC-yə ünvanladığı xx/xx-00648 nömrəli 26 avqust 2016-cı il tarixli məktubunda göstərilmişdir ki, "xxxx" ticarət mərkəzinə keçirilmiş baxış zamanı obyektin avtomatik yanğınsöndürmə qurğusu ilə, ilkin yanğınsöndürmə alət və vasitələrlə normalara uyğun şəkildə, avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusu ilə təmin olunmaması, obyektdə mövcud qurğulara texniki qulluq göstərilməməsi, obyektin Mərkəzi Monitorinq Xidmətinə qoşulmaması, mövcud daxili yanğın su kranları nömrələnərək möhürlənməməsi, obyektin ərazisində “Yanğın zamanı 101 və 112 telefon nömrələrinə zəng edin” yazılmış lövhələrin, yanğın nişanlarının, xəbərdaredici və qadağanedici nişanların asılmaması, obyektdə malların yığılması zamanı yanğına qarşı ara məsafəsinin gözlənilməməsi, 2-ci mərtəbədə elektrik lampalarının qoruyucu qapaqlarla təmin edilməməsi, müvəqqəti çəkilmiş elektrik naqillərindən istifadə olunması, obyektdə taxta materiallardan otaqların quraşdırılması, bəzi satış sahələrində istifadə olunmuş taxta konstruksiyaların odadavamlı məhlulla hopdurulmaması, obyektdə “İcbari Sığorta Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun şəkildə icbari sığorta müqaviləsinin bağlanmaması, obyektin ətrafında avtomobillərin xüsusi ayrılmış yerlərdə saxlanılmasının təmin olunmaması, obyektdə ümumi sıraların yerlərini göstərən xüsusi lövhələrin asılmaması, qeyri-standart qızdırıcı cihazlardan istifadə olunması, bazarda yanğına qarşı cavabdeh şəxslərin, könüllü yanğın dəstələrinin yanğın təhlükəsizliyinin tam təmin edilməsi barədə “Tədbirlər Planı”nın hazırlanmaması, elektrik şəbəkəsinin mühafizəsi məqsədi ilə istifadə olunan qəza qoruyucularının və elektrik açarlarının standartlara uyğun olmaması, bazarın zəruri sahələrinin tüstü və hava sovurucu ventilyasiya sistemləri ilə təmin olunmaması, yanğın zamanı insanların xəbərdar edilməsi sistemlərinin mövcud olmaması, baş verə biləcək yanğınların söndürülməsi üçün lazımi normada su ehtiyatının olmaması, təxliyyə yollarının tutulması aşkar edilmişdir ki, bu istiqamətdə tədbirlərin görülməməsi gələcəkdə baş verə biləcək yanğınların yayılaraq qısa müddət ərzində geniş sahələri əhatə etməsinə, kütləvi insan xəsarətinə, onların həlak olmasına, külli miqdarda əmlakların məhvinə səbəb ola bilər, qeyd edilən çatışmazlıqların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülməsi "xxxx" MMC-yə tövsiyyə olunur.

6. Cavabdeh3, Fövqəladə Hallar Nazirliyinin X22 Xidmətinin 3-cü ərazi X22 İdarəsinə ünvanladığı 23 fevral 2017-ci il tarixli məktubda bildirmişdir ki, “Lotos” və "xxxx" ticarət mərkəzinin ətrafında olan piştaxtalar onlara məxsusdur, hər hansı bir yanğın baş verərsə, bütün məsuliyyəti rəhbərlik öz üzərinə götürür.

7. "xxxx" MMC-yə məxsus BA 909738 nömrəli Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 81Q ünvanında yerləşən ticarət obyekti 150 manat azadolma məbləği olmaqla 180 923 manat məbləğində 27 oktyabr 2018-ci il tarixdən 26 oktyabr 2019-cu il tarixinədək sığorta edilmişdir.

8. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti tərəfindən təqdim edilmiş əmək müqaviləsi bildirişləri barədə məlumatdan görünür ki, X12 müqavilə əsasında 01 may 2018-ci il tarixdən 15 aprel 2019-cu il tarixədək "xxxx" MMC-də elektrik vəzifəsində işləmişdir

9. Azərbaycan Respublikası FHN Əməliyyat-İstintaq İdarəsi tərəfindən 26 mart 2019-cu il tarixdə qəbul edilmiş “Cinayət işinin başlanması və istintaq qrupunun yaradılması haqqında” qərardan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81Q ünvanında yerləşən "xxxx" Ticarət Mərkəzində baş vermiş yanğın hadisəsi ilə əlaqədar fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır.

10. “Cinayət təqibinə hissəvi xitam verilməsinə dair” 17 mart 2021-ci il tarixli qərarla "xxxx" MMC-nin direktoru Cavabdeh2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 213.2.1, 213.2.2, 308.2 və 313-cü maddələrinin tərkib əlamətlərinin olmaması nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsi ilə barəsində həmin maddələrlə cinayət təqibinə xitam verilmiş, "xxxx" MMC-nin direktoru Cavabdeh2, "xxxx" MMC-nin direktoru Cavabdeh3 və “Cin Bazarı” adlandırılan ticarət sahəsinin idarəçiliyini həyata keçirmiş X24 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225-ci maddəsi ilə davam etdirilən cinayət təqibinə şəraitin dəyişməsi nəticəsində ictimai təhlükəli olmamaları ilə əlaqədar xitam verilmişdir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş yanğın-texniki, əmək təhlükəsizliyinin tədqiqi, tikinti-texniki, fizikikimyəvi ekspertizasının 10 avqust 2020-ci il tarixli 8142/8889/91/92 saylı rəyinə görə, yanğının mənbəyi Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81 q ünvanında yerləşən "xxxx" ticarət mərkəzinin cənub tərəfindəki giriş qapısı ilə üzbəüz durduqda sol tərəfdə yerləşən dönər evinin daxilində sağ divarda elektrik avtomat açarının quraşdırıldığı sahədə yerləşmiş və oradan yüksələn xətt üzrə inkişaf edərək digər tərəflərə yayılmışdır. Yanğın, dönər evinin daxilində qapıdan içəriyə daxil olduqda sağ divarda (yanğının mənbəyində) quraşdırılmış elektrik avtomat açarına çəkilmiş elektrik naqilində (kabeldə) yaranmış elektrik təbiətli qəza halının (qısa qapanmanın və s.) təsirindən yaxınlığında yerləşən yanar materialların (lambrin, taxta və s.) alışmasından baş vermişdir. Ekspertiza tədqiqatına nümunələr kimi təqdim edilmiş elektrik naqillərinin qalıqlarının üzərində elektrik təbiətli qəza halının (qısa qapanmanın və s.) təsirindən əmələ gəlməsinə xarakterik olan izlər (lokal formalı damar ərimələri) vardır. Tədqiqata təqdim edilmiş hadisə yerindən götürülmüş yanğından sonrakı qalıq nümunələrin və predmetlərin üzərlərində tez alışan neft məhsullarının izləri yoxdur. "xxxx" ticarət mərkəzinin və ona bitişik obyektlərin layihələndirilmə və tikinti işlərinin aparılmasına dair layihə-smeta sənədləri mövcud olmadığına görə, həmin tikililərin konstruksiyalarına hansı məbləğdə ziyanın vurulmasının müəyyən edilməsi mümkün deyildir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının 15 mart 2021-ci il tarixli 10/910 saylı rəyinə əsasən, "xxxx" ticarət mərkəzinin elektrik qurğularının quraşdırılmasına dair müvafiq layihə və texniki şərtlər tərtib edilmədiyinə, elektrik qurğularının quraşdırılmasından sonra sınaq və yoxlamalar keçirilmədiyinə, istismara buraxılış aktı tərtib edilmədiyinə, elektrik qurğularından istifadəsi qaydaları və yanğın təhlükəsizliyi üzrə dair təlimatlar tərtib edilmədiyinə, ticarət mərkəzinin elektrik qurğularına xidmət edən heyəti ilə öyrətmə, təlimatlandırma və biliklərin yoxlanılması işləri aparılmadığına, ticarət mərkəzinin ətrafında çəkilmiş elektrik xətləri ilə təchiz edilməsinə, həmin xətlərin obyektlərin içərisinə yanar tikinti konstruksiyaların və materialların arası ilə çəkilməsinə, kabel və naqillərdə birləşmələrin “soyuq burma” üsulu ilə aparılmasında qadağalar qoyulmadığına, ticarət mərkəzinin və obyektlərinin elektrik şəbəkəsinin mühafizə aparatlarının (elektrik avtomat açarlarının, istilik qoruyucularının və s.) sınaq və yoxlamalardan keçirilməsini təşkil edilmədiyinə, ticarət obyektlərin divarları odadavamlılığı müəyyən edilməmiş müxtəlif yanar materiallar və üzlüklərlə inşa edilməsinə icazə verildiyinə, ticarət mərkəzinin binasının mərtəbələrarası yanğının yayılmasının qarşısının alınması üçün müvafiq odadavamlılığa hesablanmış divarlar, qapı və kəsmələrin quraşdırılması təşkil edilmədiyinə, ticarət mərkəzinin otaqlarında və ətrafda olan ticarət obyektlərində tələb olunan sayda yanğın əleyhinə (alovsöndürən) balonların qoyulması təşkil edilmədiyinə, ticarət mərkəzində yanğın müdafiə sistemlərinin (yanğına qarşı su kəmərlərinin, xəbərdaredici və avtomatik söndürmə sisteminin) quraşdırılması və quraşdırıldığı halda onların işlək vəziyyətdə olması təmin edilmədiyinə, ticarət mərkəzinin könüllü yanğın dəstələri yaradılmadığına, yanğının baş verməsi hallarda isə xidməti həyətin əvvəlcədən hazırlanmış hərəkət planı (Tədbirlər planı) üzrə müvafiq tədbirlərinin görünməsi təmin edilmədiyinə görə, “Azərbaycan Respublikası yanğın təhlükəsizliyi qaydaları”nın 1.4, 1.5, 1.9, 6.1, 6.2-ci bəndlərinin, “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarla üçün yanğın təhlükəsizliyi qaydaları”nın 1.3, 2.2, 2.2.14, 3.19.1, 3.19.3, 3.19.4, 3.19.6, 3.19.7, 3.19.15 bəndlərinin, “Elektrik qurğularının quraşdırma qaydaları”nın 1.1.32, 2.1.31, 2.1.32, 2.1.34, 2.1.36, 2.1.37, 2.1.38, 3.1.8-ci bəndlərinin və “Elektrik enerjisindən istifadə qaydalarının”nın 1.3, 2.1, 3.2, 3.5, 9.1, 9.3-cü bəndlərinin tələbləri "xxxx" MMC-nin direktoru Cavabdeh2 və "xxxx" MMC-nin direktoru Cavabdeh3 tərəfindən pozulmuşdur.

13. Həmin rəydə həmçinin göstərilmişdir ki, "xxxx" ticarət mərkəzinə elektrik enerjisinin verilməsinə dair alqı-satqı müqaviləsi və ona əlavə edilmiş balans mənsubiyyəti və istismar məsuliyyəti barədə akt, eləcə də elektrik qurğularının istismarına buraxılış aktı tərtib edilmədən ticarət mərkəzinə elektrik enerjisi verildiyinə görə, “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.3, 3.2, 3.5 və 6.3-cü bəndlərinin tələbləri "xxxx" ASC-nin vəzifəli şəxsləri (konkret şəxslər ASC-nin sturkturu və tutduğu vəzifələrə görə istintaqla müəyyən edilə bilər) tərəfindən pozulmuşdur.

14. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli hökmü ilə X12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib barəsində 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında elektrik montyoru vəzifəsi tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabında saxlanılan 90 000 manat pulun 40 000 manatının zərərçəkmiş şəxs X5, 50 000 manatının zərərçəkmiş şəxs X11 verilməsi, zərərçəkmiş şəxs – mülki iddiaçı X13 mülki iddiasının baxılmamış saxlanılması və mülki iddiaçıya mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsi, iş üzrə maddi ziyanı tələb edən zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüquqlarının izah edilməsi, cinayət işi üzrə maddi sübut olan və Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan "xxxx" ticarət mərkəzində baş vermiş yanğın hadisəsi nəticəsində hadisə yerindən götürülmüş yanğından sonrakı qalıqların və yanğına məruz qalmış elektrik naqillərinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə məhkəmə məsrəfi olan 1075,52 manat ekspertiza xərcinin X3 tutulub X1 hesabına keçirilməsi qərara alınmışdır.

15. "xxxx" ASC tərəfindən tərtib edilmiş 22 aprel 2019-cu il tarixli, 25 aprel 2019-cu il tarixli, 22 may 2019-cu il tarixli, 12 iyun 2019-cu il tarixli sığorta aktları əsasında, RAZ ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən "xxxx" Firmasına məxsus daşınmaz əmlaka görə 2787 manat, RAZ ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən "xxxx" Firmasına məxsus daşınmaz əmlaka görə 10 120 manat, RAZ ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən X6 məxsus daşınmaz əmlaka görə 6000 manat, RAZ ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən "xxxx" MMC-yə məxsus daşınmaz əmlaka görə 9487 manat, AZ/043630 nömrəli sığorta şəhadətnaməsinə əsasən daşınar əmlaka görə 17 000 manat və RAZ ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən daşınmaz əmlaka görə 8000 manat X7 ödənilmişdir.

16. Cavabdeh3 "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə 03 noyabr 2022-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə 180 773 manat həcmində sığorta ödənişinin, sığorta ödənişinin gecikdirilməsinə görə 230 000 manat dəbbə pulunun və 701 manat məbləğində dövlət rüsumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətindən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin 28 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd olunmuş, qətnamədən Cavabdeh3 verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 may 2024-cü il qərarı ilə Cavabdeh3 kassasiya şikayəti qismən təmin edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli qərardadı ilə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraat Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə edilmiş müraciət üzrə qərar dərc olunanadək dayandırılmışdır.

18. Həmçinin "xxxx" MMC, "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 03 noyabr 2022-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə 180 773 manat həcmində sığorta ödənişinin, sığorta ödənişinin gecişdirilməsinə görə 230 000 manat dəbbə pulunun və 701 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin 03 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, həmin qətnamədən "xxxx" MMC-nin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 01 iyun 2023-cü il tarixli qətnaməsi ilə təmin olunmamış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli qərarı ilə "xxxx" MMC-nin kassasiya şikayəti qismən təmin edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 30 aprel 2024cü il tarixli qətnaməsi ilə "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamənin çıxarılması, iddia tələbinin təmin olunması, "xxxx" ASC-dən "xxxx" MMC-nin xeyrinə 180 773 manat sığorta ödənişi, 230 000 manat dəbbə pulu və ödənilmiş 701 manat dövlət rüsumu olmaqla cəmi 411 474 manatın tutulması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsumun iddiaçının özünə aid edilməsi qət olunmuşdur.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2024-cü il tarixli qətnaməsi qismən - "xxxx" ASC-dən "xxxx" MMC-nin xeyrinə 230 000 (iki yüz otuz min manat) manat dəbbə pulunun və ödənilmiş 391,16 (üç yüz doxsan bir manat on altı qəpik) manat dövlət rüsumunun tutulması hissəsində ləğv edilmiş, yeni qərar qəbul edilərək iddia həmin hissədə təmin edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

21. "xxxx" ASC (iddiaçı) "xxxx" ASC-nə, Cavabdeh3 və Cavabdeh2 (cavabdeh və ya cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, subroqasiya qaydasında 53 394 manatın, habelə 410 manat mediasiya xərcinin, yəni ümumilikdə 53 804 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

22. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 26 mart 2019-cu il tarixində Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev prospekti 81 Q ünvanında yerləşən "xxxx" ticarət mərkəzində yanğın hadisəsi baş vermiş, "xxxx" ASC-də sığorta təminatı almış ticarət mərkəzinin yaxınlığında yerləşən əmlaklara dəymiş ziyana görə ümumilikdə 53 394 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yanğın hadisəsi üzrə təyin edilmiş kompleks məhkəmə yanğın-texniki, fıziki-kimyəvi, materialşünaslıq, ekoloji, tikinti-texniki, əmtəəşünaslıq və mühasibatlıq ekspertizasının 10 avqust 2020-ci il tarixli 8142/8889/91/92 saylı və əlavə məhkəmə yanğın texniki ekspertizasının 15 mart 2021-ci il tarixli 8672 saylı rəyinə görə, qeyd edilən yanğın hadisəsi "xxxx" MMC-nin direktoru Cavabdeh2, "xxxx" MMC-nin direktoru Cavabdeh3, "xxxx" ASC-nin işçilərinin və "xxxx" MMC-nin elektrik montyorunun müvafiq normativ sənədlərin tələblərini pozmaları səbəbindən yaranmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli hökmünə əsasən "xxxx" MMC-də elektrik montyoru vəzifəsində işləyən X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum olunmuşdur.

23. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 nümayəndələri (vəkilləri) iddia tələbinə etiraz etmiş, etirazlarda vurğulamışlar ki, adı çəkilən şəxslər barəsində cinayət təqibinə xitam verilmişdir və yanğın hadisəsinin baş verməsinə görə təqsirli bilinən şəxs X8r. Bu baxımdan iddiaçının Cavabdeh3 və Cavabdeh2 qarşı hər hansı tələb hüququ yoxdur, X4 maddi imkanı olmadığına görə iddiaçı onlara qarşı iddia qaldırmışdır.

24. Birinci instansiya məhkəməsinin 19 mart 2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

25. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 26 mart 2019-cu il tarixində Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev prospekti 81 Q ünvanında yerləşən "xxxx" ticarət mərkəzində yanğın hadisəsini törətməkdə "xxxx" MMC-də elektrik montyoru vəzifəsində işləmiş şəxs X12 təqsirli bilindiyindən, həmçinin Cavabdeh2 əməllərində Azərbaycan Respublikası CM-nin 178.3.1, 213.2.1, 213.2.2, 308.2 və 313cü maddələrinin tərkib əlamətlərinin olmaması nəzərə alınmaqla Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə, "xxxx" MMC-nin direktoru Cavabdeh2 barəsində Azərbaycan Respublikası CM-nin 225-ci maddəsi ilə davam etdirilən cinayət təqibinə şəraitin dəyişməsi nəticəsində ictimai təhlükəli olmaması ilə əlaqədar xitam verildiyinə görə onlara qarşı iddia tələbi təmin edilə bilməz.

26. Məhkəmə "xxxx" ASC-yə münasibətdə bildirmişdir ki, yanğın hadisəsində "xxxx" ASC-nin təqsiri olması ilə bağlı heç bir sübut təqdim edilmədiyindən, tələb həmin hissədə də təmin oluna bilməz.

27. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 883.1, 936.1, 936.2, 1096-cı maddələrinə istinad etmişdir.

28. Həmin qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını, məhkəmənin yalnız Bakı şəhər Nizami Rayon Məhkəməsinin hökmünə və cinayət təqibinə xitam verilməsi haqqında qərara əsaslanaraq düzgün nəticəyə gəlmədiyini irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etirazlar

29. Cavabdeh3 nümayəndəsi (vəkili), habelə "xxxx" ASC-nin nümayəndəsi tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etirazlar verilmiş, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.

30. Digər cavabdeh (nümayəndəsi) tərəfindən apellyasiya şikayətinə etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahatlar

31. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndələri apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, cavabdehlər Cavabdeh3 və "xxxx" ASC-nin nümayəndələri şikayətin əsassız olduğunu bildirmiş, digər cavabdeh isə məhkəməyə gəlməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

33. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

34. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

35. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

36. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

37. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

38. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

39. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

40. Maddə 1114. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu

41. Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: ... 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

42. Maddə 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər.

43. Maddə 35.1. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

44. Maddə 42.1. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müvafiq əmlakın istismarı, o cümlədən həmin əmlakın ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin həyata keçirilməsi zamanı üçüncü şəxslərin sağlamlığına və əmlakına dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

45. Maddə 49.1. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir.

46. Maddə 49.2. Sığortaçının sığortalıya və ya sığorta olunana qarşı subroqasiya hüququnun yaranmasının bu Qanunun 25.1.2-ci maddəsində müəyyən edilmiş əsası o halda tətbiq edilir ki, sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqol, narkotik və ya toksikoloji sərxoşluq vəziyyətində istismar etməsinin, o cümlədən inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılmasının müvafiq hadisənin baş verməsinə şərait yaratması sübut edilmiş olsun.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

50. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

52. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

54. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, tərəflər arasında yaranmış münasibətin mahiyyətini düzgün qiymətləndirməmiş, preyudisia ilə bağlı prosessual normaları, eləcə də subroqasiya ilə bağlı maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

55. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun təmin edilməsində təməl konstitusion prinsip olan hüquqi müəyyənlik və onun tərkib hissəsi olan “res judicata” prinsiplərinin birgə tətbiqi onu tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın (“A.Əliyevin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 may 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 11 iyun 2019-cu il tarixli Qərarı).

56. Konstitusiya Məhkəməsinin ifadə elədiyi hüquqi mövqeyə əsasən, məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi onun bütün keyfiyyətlərini özündə əks etdirməsini ehtiva edir. Bu isə digər məsələlərlə yanaşı qərarın preyudisial qüvvə alması ilə nəticələnir (“R.Süleymanov və F.Adıgözəlovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2017-ci il tarixli qərarının AR-ının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumu 12 iyul 2018-ci il tarixli Qərarı). Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı sabitliyi təmin etməkdir. Eyni zamanda preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarı). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.

57. Göründüyü kimi bir icraatda qəbul edilən qərarın digər icraatın gedişatına müəyyən təsiri olur; bununla belə bu təsir mütləq xarakter daşımır və müvafiq olaraq hər icraatın (müki, cinayət, inzibati və kommersiya) təbiətinə, eləcə də fəlsəfəsinə uyğun olaraq tətbiq edilir.

58. Mülki və ya kommersiya qaydasında işə baxan məhkəmə, cinayət işinə baxan məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı ilə tam bağlı deyil (§ 49), məhkəmə üçün həmin aktlar yalnız iş üzrə hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Odur ki, mülki və ya kommersiya mübahisələri üzrə məhkəmə tərəflərin mülki məsuliyyətini müəyyən edərkən həmin qərarlarla tam bağlı deyil, yalnız mülki prosessual qanunvericiliyin müəyyənləşdirdiyi prinsipləri nəzərə alaraq, özünün hüquqi dəyərləndirməsini apara bilər.

59. Məhz bu konteksdə dəyərləndirmə aparan məhkəmə kollegiyası hesab edir ki, barələrində cinayət təqibinə xitam verilməsinə baxmayaraq, Cavabdeh3 və Cavabdeh2 hər bir halda mülki məsuliyyət daşıyırlar.

60. İlk növbədə məhkəmə kollegiyası onu qeyd edir ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsində cinayət təqibi və cinayət mühakimə icraatı çərçivəsində müəyyən olunmuş faktlara geniş yer verilsə də1, bu, məsuliyyətin müəyyən edilməsi baxımından həlledici meyar hesab edilməmişdir.2 Belə ki, şəxsin cinayət məsuliyyətindən azad olunması onun mülki məsuliyyətdən azad olunması anlamına gəlmir. Eyni zamanda bu qəbildən olan işlərdə Ali Məhkəmə, hüquqi şəxsin işçisinin

1 Ali Məhkəmə, 2-2(102)-544/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_544+16.10.2024.pdf) § 43 2 Ali Məhkəmə, 2-2(102)-402/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_402+12.09.2024.pdf) § 62 cinayət məsuliyyətinin və təqsirinin müəyyən olunmasına baxmayaraq, həmin hüquqi şəxsin və ya onun rəhbərinin mülki məsuliyyətini də istisna etməmişdir.3

61. Digər tərəfdən nəzərə alınmalıdır ki, “Cinayət təqibinə hissəvi xitam verilməsinə dair” 17 mart 2021-ci il tarixli qərarda (§ 10) "xxxx" MMC-nin direktoru Cavabdeh2 və "xxxx" MMC-nin direktoru Cavabdeh3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225-ci maddəsi ilə davam etdirilən cinayət təqibinə şəraitin dəyişməsi nəticəsində ictimai təhlükəli olmamaları ilə əlaqədar xitam verilmişdir. Başqa sözlə, onların barəsində həmin maddə üzrə cinayət təqibinə bəraətverici əsaslara görə xitam verilməmişdir, bu da öz növbəsində adı çəkilən şəxslərin baş vermiş yanğın hadisəsinə aidiyyətini və onların təqsirini istisna etmir.

62. Hazırkı mübahisənin mahiyyəti ondan ibarətdir ki, iddiaçı sığortaçı kimi sığortalı şəxslərə ödədiyi sığorta ödənişini sığorta hadisəsinin baş verməsində təqsirli olduğunu hesab etdiyi cavabdehlərdən subroqasiya qaydasında (§ 34, 35) tələb edir.

63. İddiaçının subroqasiya hüququnun həyata keçirilməsi üçün cavabdehlərin mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətinin yaranıb-yaranmamasına qiymət vermək lazımdır. Belə ki, mülki qanunvericiliyin müvafiq müddəalarının (§ 36,38) mənası baxımından, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

64. Hazırkı mübahisə üzrə zərərin mövcüd olması müvafiq cinayət işinin materialları ilə təsdiq olunur (§ 14), eyni zamanda, cavabdehlər özləri də həmin halı mübahisələndirməmişlər. Bu baxımdan, zərərin mövcüd olması işin mübahisəsiz halını təşkil edir.

65. İşin halları ilə Cavabdeh2 və Cavabdeh3 "xxxx" ticarət mərkəzinə birgə idarəçiliyi həyata keçirdikləri müəyyən olunur (§ 3-4). Yanğın hadisəsi baş verməmişdən əvvəl FHN tərəfindən həyata keçirilmiş yoxlamalar nəticəsində yanğın təhlükəsizlik qaydalarının pozulması ilə bağlı nöqsanlar aşkar edilmiş və bu barədə onlara xəbərdarlıq olunmuşdur (§ 5). Digər tərəfdən adı çəkilən cavabdehlər nəinki bu nöqsanlardan xəbərdar olmuşlar, hətta hadisə baş verdiyi halda məsuliyyət daşımağa da hazır olduqlarını qeyd etmişlər (§ 6). Cinayət işinin materiallarında olan ekspertiza rəyində də onların “Azərbaycan Respublikası yanğın təhlükəsizliyi qaydaları”nın, “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları”nın, “Elektrik qurğularının quraşdırma qaydaları”nın və “Elektrik enerjisindən istifadə qaydalarının”nın müvafiq bəndlərinin tələblərini pozduqları göstərilmişdir (§ 12).

66. Beləliklə, Cavabdeh2 və Cavabdeh3 qanunsuz hərəkətləri və ya hərəkətsizlikləri nəticəsində yanğın hadisəsi baş vermiş və sığorta ödənişi alan şəxslərə zərər dəymişdir.

67. Digər tərəfdən qeyd olunmalıdır ki, hökmlə "xxxx" ticarət mərkəzinin işçisi (§ 8) X12 təqsirli (§ 14) bilinmişdir. Bu baxımdan, Cavabdeh2 və Cavabdeh3 işçilərinin əməlinə görə məsuliyyət daşıyırlar. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarında göstərmişdir ki, “...istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq

3 Bax: 2-2(102)-402/2024 pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. ...İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır.”.

68. Kollegiya onu da nəzərə alır ki, Cavabdeh3 "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 81Q ünvanında yerləşən ticarət obyektində baş vermiş yanğınla bağlı sığorta ödənişinin həyata keçirilməsi barədə iddia qaldırmaqla (§ 16), əslində həmin yanğın hadisəsinə aidiyyətini təsdiq etmişdir.

69. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı, Cavabdeh2 və Cavabdeh3 subroqasiya qaydasında 53 394 manatı tələb etməkdə haqlıdır.

70. Məhkəmə kollegiyası iddiaçının "xxxx" ASC-yə qarşı yönələn müvafiq tələbini isə əsaslı hesab etmir.

71. Belə ki, "xxxx" ASC-nin baş vermiş yanğın hadisəsinə görə məsuliyyəti də yuxarıda şərh olunan meyarlara (§ 63) uyğun həll edilməli, hadisənin cavabdehin qanunsuz və təqsirli hərəkətləri nəticəsində baş verdiyi və ya həmin hadisənin baş verməsinə görə cavabdehin qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıdığı müəyyən olunmalıdır.

72. Yuxarıda qeyd olunduğu kimi (§ 13), Məhkəmə Ekspertizası Mərkəzinin 15 mart 2021-ci il tarixli rəyində, "xxxx" ticarət mərkəzinə elektrik enerjisinin verilməsinə dair alqı-satqı müqaviləsi və ona əlavə edilmiş balans mənsubiyyəti və istismar məsuliyyəti barədə akt, eləcə də elektrik qurğularının istismarına buraxılış aktı tərtib edilmədən ticarət mərkəzinə elektrik enerjisi verildiyi”, bu səbəblə “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.3, 3.2, 3.5 və 6.3-cü bəndlərinin tələblərinin "xxxx" ASC-nin vəzifəli şəxsləri tərəfindən pozulduğu” göstərilmişdir.

73. Bununla belə iş materiallarından aydın olur ki, sözügedən yanğın hadisəsi ilə bağlı istintaq orqanı tərəfindən "xxxx" ASC-nin vəzifəli şəxslərinə ittiham verilməmiş, ekspert rəyində pozuntu olaraq göstərilən halların həqiqətən mövcud olub-olmadığı, yaxud kimin tərəfindən törədildiyi ümumiyyətlə araşdırma predmeti olmamışdır.

74. Həmçinin qeyd olunmalıdır ki, ekspertin rəyində adı çəkilən “Elektrik enerjisindən istifadə qaydaları”na görə, balans mənsubiyyəti sərhədi - dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında, abonent ilə subabonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti ilə müəyyənləşdirilən ayırma nöqtəsidir; Qaydaların 5.1-ci bəndinə görə isə, enerjitəchizatı müəssisəsilə abonent arasında, abonent ilə subabonent arasında elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehlik sərhədi bu qurğuların balans mənsubiyyətilə müəyyənləşdirilir.

75. Adı çəkilən Qaydaların 7.6-cı bəndinə əsasən, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır.

76. Ekspert rəyindən aydın olur ki, yanğının mənbəyi "xxxx" ticarət mərkəzinin cənub tərəfindəki giriş qapısı ilə üzbəüz durduqda sol tərəfdə yerləşən dönər evinin daxilində sağ divarda elektrik avtomat açarının quraşdırıldığı sahədə yerləşmiş, yanğın, dönər evinin daxilində qapıdan içəriyə daxil olduqda sağ divarda (yanğının mənbəyində) quraşdırılmış elektrik avtomat açarına çəkilmiş elektrik naqilində (kabeldə) yaranmış elektrik təbiətli qəza halının (qısa qapanmanın və s.) təsirindən yaxınlığında yerləşən yanar materialların (lambrin, taxta və s.) alışmasından baş vermişdir.

77. "xxxx" ASC ilə yanğının baş verdiyi dönər evinin (yaxud "xxxx" ticarət mərkəzinin) arasında tərtib edilən balans mənsubiyyəti aktı məhkəməyə təqdim olunmasa da, işin hallarından aşkar görünən odur ki, yanğın elektrik sayğacının quraşdırıldığı nöqtədən sonra, yəni müvafiq obyektin daxilində və beləliklə də "xxxx" ASC-nin məsuliyyət daşıya biləcəyi balans sərhəddindən kənarda başlamışdır.

78. Həmçinin nəzərə alınmalıdır ki, yanğın hadisəsi baş verən dövrdə Qaydaların qüvvədə olmuş 3.5-ci bəndinə görə, yeni elektrik qurğularına gərginliyin verilməsi yalnız uçot cihazları quraşdırılıb yoxlanıldıqdan, “Dövlət Enerji-nəzarət” İdarəsi tərəfindən istismara buraxılış aktı verildikdən, elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlandıqdan sonra yerinə yetirilir; 3.6-cı bəndinə görə isə, elektrik qurğularının quraşdırılmasında çatışmazlıqlar, qoşulma üçün verilmiş texniki şərtlərdən, “Elektrik qurğularının quraşdırılması qaydaları”ndan və başqa normativ sənədlərdən kənara çıxmalar aşkar edildikdə, yaxud həmin qurğulara xidmət etmək üçün hazırlanmış elektrotexniki heyət olmadıqda, göstərilən çatışmazlıqlar aradan qaldırılmayana kimi onların istismara buraxılmasına icazə verilmir.

79. Göründüyü kimi, müvafiq istismara buraxılış aktının verilməsi ümumiyyətlə "xxxx" ASC-nin səlahiyyətində olmamışdır.

80. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə istinadən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği də Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada alınıb "xxxx" ASC-nə ödənilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir.

81. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-269/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 19 mart 2024-cü il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. "xxxx" ASC-nin "xxxx" ASC-yə, Cavabdeh3 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tutulması” tələbi qismən təmin edilsin. Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 53 394 (əlli üç min üç yüz doxsan dörd) manat sığorta ödənişinin əvəzi, 410 (dörd yüz on) manat mediasiya xərci olmaqla, cəmi 53 804 (əlli üç min səkkiz yüz dörd) manat məbləğində pul vəsaiti "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi qismində 125,09 (yüz iyirmi beş manat 9 qəpik) manat Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada alınıb "xxxx" ASC-nə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Təranə Mahmudova Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar