Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(103)-956/2025 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial Inkişaf Idarəsinin cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: icarə müqaviləsi, müqavilə öhdəliyinin pozulması) hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial Inkişaf Idarəsinin nümayəndəsi X2 iştirakı ilə Iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial Inkişaf Idarəsinin cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e- *-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları
1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Sosial Inkişaf Idarəsi (icarəyə verən) ilə “X5” MMC (icarəçi) arasında tibbi avadanlıqların və mal-materialların icarəyə verilməsi haqqında ## ##### 2018-ci il tarixli **/IM nömrəli icarə müqaviləsi bağlanmışdır.
2. Müqavilənin 5.1-ci bəndinə əsasən ilə icarə haqqı ƏDV daxil olmaqla hər ay üçün 9.542 manat olmaqla, illik 114.500 manat təşkil edir.
3. Qeyd edilmiş müqavilə üzrə tibbi avadanlıqların və mal-materialların siyahısı müqavilənin tərkib hissəsi olan * nömrəli əlavəsində qeyd edilmiş və hər iki tərəfdən imza edilmiş və möhürlə təsdiq edilmişdir.
4. ##.##.2023-cü il tarixli üzləşmə aktından görünür ki, “X5” MMC, ##.##.2023-cü il tarixə 180.125,09 manat borcu olduğunu qəbul etmişdir.
5. ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Sosial Inkişaf Idarəsi tərəfindən “X5” MMC-yə hər ay 9.542 manatlıq hesab-faktura göndərilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
6. Iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial Inkişaf Idarəsi cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “X5” MMC-dən 361.423,09 manat borc məbləğinin, və ödənilmiş 661 manat məbləğində dövlət rüsumunun, cəmi 362.084,09 manat pulun SOCAR-ın Sosial Inkişaf Idarəsinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Iddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Sosial Inkişaf Idarəsi ilə “X5” MMC arasında tibbi avadanlıqların və malmaterialların icarəyə verilməsi haqqında # ##### 2018-ci ildə **/IM nömrəli icarə müqaviləsi bağlanmış və həmin tibbi avadanlıqların və mal-materialların siyahısı müqavilənin tərkib hissəsi olan * nömrəli əlavəsində qeyd edilmişdir. Müqavilənin 9.1-ci maddəsinin tələbinə görə müqavilənin müddəti # ##### 2018-ci il tarixdən # ##### 2019cu il tarixə qədər qüvvədədir. Müqavilənin 9.3-cü maddəsinə əsasən tərəflərdən biri müqavilənin müddətinin başa çatmasına 15 gün qalmış müqaviləni ləğv etmək niyyəti barədə qarşı tərəfə yazılı surətdə rəsmi xəbərdarlıq etməzsə, müqavilənin qüvvəsi avtomatik olaraq eyni şərtlərlə növbəti 1 il müddətinə uzadılır. Bildiririk ki, bu günə qədər tərəflərdən heç biri qarşı tərəfə müqavilənin ləğvi barədə yazılı xəbərdarlıq göndərmədiyindən müqavilə qüvvədədir. Müqavilənin 5.1-ci maddəsi ilə Icarə obyektinə görə icarə haqqı ƏDV daxil olmaqla hər ay üçün 9.542 manat olmaqla illik 114.500 manat müəyyən edilmişdir. Müqavilənin 5.2-ci maddəsinin tələbinə görə Icarəyə verən icarə haqqı üzrə aylıq hesab-fakturaları Icarəçiyə təqdim edir, Icarəçi aylıq hesab-faktura üzrə icarə haqqının aylıq məbləğini cari ayın 15-dək köçürmə yolu ilə ödəyir. Sonuncu dəfə cavabdeh yaranmış borcdan ##.##.2025-ci il tarixində ƏDV daxil olmaqla 9.542 manat icarə haqqı ödəmişdir.
8. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial Inkişaf Idarəsinin nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş.
10. Məhkəmənin ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ##.##.2018-ci il tarixli **/IM saylı müqaviləyə əsasən icarə haqqı borcu üzrə 361.423 (üç yüz altmış bir min dörd yüz iyirmi üç) manat 09 (sıfır doqquz) qəpik məbləğində pul “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial Inkişaf Idarəsinə ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 661 (altı yüz altmış bir) manat məbləğində pul “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial Inkişaf Idarəsinə ödənilməsi qət edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
11.1 Tərəflər arasında icarə hüquq münasibətləri olmuş, hər ay iddiaçı tərəfindən cavabdehə hesab-faktura göndərilmiş, cavabdeh isə göndərilmiş hesabfakturalar üzrə ödənişlərin bir qisminin ödənişini icra etsə də, 361.423,09 manat borcu ödəməmişdir. 11.2 Həmçinin Məhkəmə qeyd edir ki, cavabdeh tərəf heç bir məhkəmə iclaslarına gəlməmiş, iddiaya etiraz etməmiş və borcun ödənilməsi barədə hər hansı bir sənəd təqdim etməmişdir. 11.3 Ona görə də, Məhkəmə hesab edir ki, ##.##.2018-ci il tarixli **/IM saylı müqaviləyə əsasən icarə haqqı borcu üzrə 361.423 (üç yüz altmış bir min dörd yüz iyirmi üç) manat 09 (sıfır doqquz) qəpik məbləğində pul “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial Inkişaf Idarəsinə ödənilməlidir. 11.4 Bundan başqa ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 661 (altı yüz altmış bir) manat məbləğində pul “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial Inkişaf Idarəsinə ödənilməlidir.
12. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 675, 700.1, 700.2, 700.3-cü maddələrinə istinad etmişdir.
13. Həmin qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: ” iddiaçı tərəf olan müqavilə üzrə icarəyə verən, həmin təhvil-təslim aktını məhkəməyə təqdim etməmişdir. Icarəyə verən tərəfindən müqavilənin * nömrəli əlavəsində siyahısı verilmiş tibbi avadanlıqlar və mal-materialların hansının, neçəsinin icarəçiyə təhvil verildiyi, ümumiyyətlə həmin avadanlıqların kimə təhvil verildiyi müəyyən edilə bilmir. Müqavilənin 3.1.4-cu maddəsinə əsasən əsaslandırılmış zərurət yarandığı təqdirdə Icarədar ilə razılaşdırılmış müddət ərzində öz hesabına icarə obyektinin əsaslı təmirini həyata keçirmək icarəyə verənin öhdəliyi kimi müəyyən edilmişdir. Müqavilənin 3.1.6-cı maddəsinə əsasən Icarəçinin təqsiri olmadan icarə obyektinin sıradan çıxmış avadanlıq və ləvazimatlarının təmirini və dəyişdirilməsini həyata keçirmək icarəyə verənin öhdəliyi kimi müəyyən edilmişdir. Ancaq işgüzar adətlərə əsasən icarə predmeti avadanlıqlarda təmir və dəyişdirilmə ehtiyacı olduğunda icarəyə götürən bu halları özü aradan qaldırır və hesablaşma zamanı bu nəzərə alınırdı. Son üç ildə sıradan çıxmış icarə predmeti avadanlıqların bərpasına 130.000 manata qədər pul tərəfimizdən xərclənmişdir. Icarəyə verən hesablaşma zamanı bu halı nəzərə almadı.”.
Apellyasiya şikayətinə qarşı etiraz
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
15. Bakı Apellyasiya Məhkəməsinin # ####### 2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qərardadı ilə iş üzrə icraat Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı “X5” MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial Inkişaf Idarəsinə qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair e-2-2(113)- ****/**** nömrəli kommersiya mübahisəsi üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər hazırki iş üzrə icraat dayandırılmışdır.
16. Bakı Apellyasiya Məhkəməsinin # ##### 2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir.
17. Iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
19. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
20. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
21. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
22. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
23. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
26. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
27. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
28. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
29. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
30. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
31. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
32. Maddə 700.1. Icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
33. Maddə 700.2. Icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
34. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
44. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, həmin hissədə müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
45. Istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
46. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
47. Işin müəyyən olunan halları ondan ibarətdir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Sosial Inkişaf Idarəsi ilə “X5” MMC arasında ## ##### 2018-ci il tarixli **/IM nömrəli icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən icarəyə verən müqavilənin tərkib hissəsi olan * nömrəli əlavəsində qeyd edilmiş tibbi avadanlıqları və mal-materialları icarəçinin istifadəsinə verməyi, icarəçi isə müqavilənin şərtlərinə əsasən icarə obyektinin istifadəsi üzrə müəyyən edilmiş icarə haqqını vaxtı-vaxtında icarəyə verənə ödəməyi öhdələrinə götürmüşlər.
48. Apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya, ilk növbədə müvafiq müqavilənin etibarlılığı məsələsinə qiymət verməyi zəruri hesab edir:
49. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ##### 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir”.
50. Əqdin etibarlı olması (arzu olunan hüquqi nəticəni yaratması) üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il # ###### tarixli Qərarı).
51. Kollegiya qeyd edir ki, Hazırda əqdin etibarlı olması (arzu olunan hüquqi nəticəni yaratması) üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin – əqdin subyekt tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlərin pozulduğu müəyyən edilmir.
52. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, müqavilənin 5.1-ci bəndinə əsasən tərəflər ilə icarə haqqını ƏDV daxil olmaqla hər ay üçün 9.542 manat olmaqla, illik 114.500 manat məbləğində razılaşdırmışlar.
53. Eyni zamanda ##.##.2023-cü il tarixli üzləşmə aktından görünür ki, “X5” MMC, ##.##.2023-cü il tarixə 180.125,09 manat borcu olduğunu qəbul etmiş, üzləşmə aktı imzalandıqdan sonra iddiaçı tərəfindən cavabdehə 152.672 ((16 ay) x 9542) manatlıq hesab-faktura göndərilmiş, cavabdeh isə göndərilmiş hesab-fakturalar üzrə ödənişlərin bir qismini icra etmişdir. Bu hallar cavabdehin müqavilə münasibətlərini qəbul etdiyini və həmin müqavilədən irəli gələn öhdəlikləri icra etdiyini təsdiq edir.
54. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs olaraq, təsdiq etdiyi aktların və mübahisələndirmədiyi elektron-qaimələrin hüquqi nəticələri ilə bağlı risk daşıyır, həmçinin cavabdehin bir qismini ödədiyi borcu sonradan iddiaçı məhkəməyə müraciət etdikdən sonra təkzib etməsi vicdanlılıq prinsipinə ziddir.
55. Kollegiya apellyaisya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Başqa sözlə, sahibkarlıq fəaliyyətinin üç xüsusiyyəti var: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması (§ 34). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ## ######## 2004-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə sahibkarlıq fəaliyyəti mahiyyət etibarilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən növlər üzrə sahibkarın riski ilə həyata keçirilən, məhz müstəqil bir fəaliyyətdir.
56. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tərəflər kommersiya fəaliyyəti ilə məşğul olan subyektlər olaraq müqavilənin məhdud tənzimləməsinə görə risk daşıyırlar və əgər müqavilə üzrə icarə predmetinin istifadəsi, hesablaşma qaydası və yaxud spesifik xüsusiyyətləri ilə bağlı hər hansı meyar müəyyən etməmişlərsə, ümumi qaydalar tətbiq olunmalıdır.
57. Şərh olunan meyara əsasən cavabdeh sübuta yetirməlidir ki, tərəflər arasında icarə predmetinin icarəçi tərəfindən təmir edilməsi və müqavilə üzrə hesablaşmalar zamanı icarə predmetinə çəkilmiş təmir və bərpa xərclərinin nəzərə alınmasına dair razılaşma mövcud olmuşdur, lakin iddiaçı bu razılaşmaya əməl etməyib - hansı ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür.
58. Əksinə iş materialları ilə müəyyən olunur ki, müqavilənin şərtlərinə əsasən icarə predmetinin əsaslı təmirini həyata keçirmək icarəyə verənin öhdəliyi kimi müəyyən edilmişdir.
59. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən irəli sürülmüş təmir və bərpa xərclərinin çəkilməsi və həmin xərclərin qarşılıqlı hesablaşmada nəzərə alınmasına dair dəlil sübuta yetirilmədiyindən, həmin xərclərin iddia olunan borc məbləğindən çıxılması üçün hüquqi əsas mövcud deyil və bu hissədə apellyasiya şikayətinin dəlili əsassızdır.
60. Kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
61. Apellyasiya şikayəti üçün ödənilən dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDI:
Cavabdeh “X5” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyator tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.