Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-958/2024 01.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2432/2024 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında imzalanmış 23 oktyabr 2019-cu il tarixli, CSG 2019-025 saylı müqaviləyə əsasən icarəyə verən balansında olan bu müqaviləyə qoşulmuş və onun ayrılmaz hissəsi olan əlavədə göstərilən və müvafiq texniki şərtlərə cavab verən avadanlıqları müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə icarəçinin icarəsinə verməyi, icarəçi isə həmin avadanlıqları qəbul edib, istehsal təsərrüfat fəaliyyətində texniki təyinatı üzrə istehsalçının təsnifatına uyğun istifadəsini və əvəzində icarəyə verənə icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür.
2. Həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən icarə haqqının müqavilənin 3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə, məbləğdə və qaydada ödəmək icarəçinin vəzifəsidir.
3. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən icarəçi icarə haqqını, daşınma xərclərini Əlavə 1-də göstərilmiş ümumi məbləğin təqdim olunmuş hesab fakturasını aldığı tarixdən etibarən 30 təqvim günü ərzində icarəyə verənin bank hesabına köçürülmə yolu ilə ödəyir. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən icarəçi icarə haqqının ödənilməməsi və ya vaxtında ödənilməməsinə görə icarəyə verənə gecikdirilən hər bir həftə üçün (gecikdirilmiş müddətə) gecikdirilmiş məbləğin 0,5 faizi həcmində cərimə ödəyir.
4. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən müqavilə 23 oktyabr 2019-cu il tarixindən qüvvəyə minir və 23 oktyabr 2020-ci il tarixədək qüvvədə qalı. icarəçi müqavilə şərtini pozduğu halda icarəyə verən öz mülahizəsinə əsasən müqaviləyə birtərəfli qaydada xitam verə bilər.
5. Həmin müqavilənin 9.3-cü bəndinə əsasən tərəflər müqavilənin bitməsinə 10 gün qalmış onun ləğvini tələb etməsə müqavilə əvvəlki müddətə uzadılmış hesab edilir. EBBL seriyalı, 374315 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 28728,34 manat məbləğində ayrı-ayrı texnikalar üzrə hesablanmış icarə haqları İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir.
6. İddiaçı MMC və Cavabdeh MMC-nin möhürləri ilə təsdiqlənmiş xx.xx.2022-ci il tarixli, 923 nömrəli tamamlama aktına əsasən cəmi 3672,54 manat, xx.xx.2021-ci il tarixli, 890 nömrəli tamamlama aktına əsasən cəmi 5872,80 manat, xx.xx.2021-ci il tarixli, 815 nömrəli tamamlama aktına əsasən cəmi 28728,34 manat, xx.xx.2021-ci il tarixli, 865 nömrəli tamamlama aktına əsasən cəmi 28824,77 manat, xx.xx.2021-ci il tarixli, 838 nömrəli tamamlama aktına əsasən cəmi 38179,45 manat, xx.xx.2022-ci il tarixli, 915 nömrəli tamamlama aktına əsasən cəmi 9725,98 manat məbləğində iş və xidmətlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi barədə tərtib edilmişdir.
7. İddiaçı MMC tərəfindən tərtib edilmiş 06 fevral 2022-ci il tarixli “invoys” sənədində “CSG 2021-019 saylı, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 3672,55 manat, 07 dekabr 2021-ci il tarixli “invoys” sənədində “CSG 2021-019 saylı, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 5872,8 manat, 08 sentyabr 2021-ci il tarixli “invoys” sənədində “CSG 2021- 019 saylı, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 22420 manat, 10 yanvar 2022- ci il tarixli “invoys” sənədində “CSG 2021-019 saylı, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 9725,98 manat cəmi ödənilməli olan məbləğ hesablanmışdır.
8. İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli üzləşmə aktında cəmi borc 91649,77 manat məbləğində qeyd edilmiş, lakin həmin akt Cavabdeh MMC tərəfindən imzalanmamış və möhürlənməmişdir.
9. İddiaçı MMC və Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli üzləşmə atkında qeyd olunan tarixə olan borc 9440 manat göstərilmişdir.
10. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubunda 91649,78 manat əsas borc, 22451,8 manat cərimə borcunun 5 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat:
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 23 oktyabr 2019-cu il tarixdə CSG 2019-025 nömrəli daşınar əmlakın icarə müqaviləsi üzrə cavabdehin İddiaçı MMC-yə ödəməli olduğu 91649 manat məbləğində qalıq borcun, gecikdirilən hər bir həftə üçün (gecikdirilmiş müddətə) gecikdirilmiş məbləğin 0,5 faizi həcmində cərimə olaraq 22451 manat məbləğində pulun, mediasiya prosesi zamanı ödənilmiş 400 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 114500 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 23 oktyabr 2019-cu il tarixdə CSG 2019-025 nömrəli daşınar əmlakın icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC balansında olan (qanuni istifadəsində, mülkiyyətində) xx.xx.2019-cü il tarixli, CSG 2019-025 nömrəli müqaviləyə qoşulmuş, müqavilənin ayrılmaz hissəsi sayılan əlavədə göstərilən və müvafiq texniki şərtlərə cavab verən avadanlıqları (texnika və.s) müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə Cavabdeh MMC-yə icarəyə verməyi, Cavabdeh MMC də öz növbəsində həmin avadanlıqları qəbul edib, istehsal təsərrüfat fəaliyyətində texniki təyinatı üzrə istehsalçının təsnifatına uyğun istifadə etməyi və əvəzində İddiaçı MMC-yə icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə cavabdeh icarəyə götürülmüş hər bir avadanlığın istifadəsinə görə İddiaçı MMC-yə bu müqaviləyə qoşulmuş və onun ayrılmaz hissəsi sayılan Əlavədə göstərilən aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin müqavilənin 3.2-ci bəndinə əsasən cavabdeh icarə haqqını, daşınma xərclərini Əlavə 1-də göstərilmiş ümumi məbləğin təqdim olunmuş hesab fakturasını aldığı tarixdən etibarən 30 təqvim günü ərzində iddiaçıya ödəməli idi, müqavilənin 3.4-cü bəndinə əsasən isə icarə haqqına müvafiq vergilər (ödəmə mənbəyindən vergi, ƏDV və digər) və dövlət rüsumları daxil deyil, həmin vergilər və dövlət rüsumları cavabdeh tərəfindən ödənilməli idi. Belə ki, sözügedən müqavilə üzrə cavabdeh ümumilikdə İddiaçı MMC tərəfindən göstərilmiş xidmətlərin qarşılığı olaraq ümumilikdə 97958,11 manat məbləğində pul vəsaitini İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC xx.xx.2023-cü il tarixli, CSG-AZİC-R-06-2023 nömrəli daşınar əmlakın icarə müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam, vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmiş, işlərin İddiaçı MMC tərəfindən tam, vaxtında və keyfiyyətli şəkildə görülərək tamamlanmasına dair işləri tamamlama aktların, hesab-fakturaların və hesab-fakturaların cavabdehə çatdırılmasını təsdiq edən poçt qəbzləri də hazırki ərizəyə əlavə edilir. Buna baxmayaraq cavabdeh göstərilmiş xidmətlərin qarşılığı olaraq ödəməli olduğu 97958,11 manat məbləğində pul vəsaitinin 6308,34 manatını ödəsə də, bugünkü günə kimi ödəməli olduğu 91649,77 manat məbləğində qalıq borcunu ödəməmişdir. Cavabdehlə olan üzləşmə aktı da hazırki ərizəyə əlavə edilir. Eyni zamanda dəfələrlə cavabdehə borcunu ödəməyi bildirilsə də, müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Bu isə cavabdeh "xxxx" MMC-nin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırdığının bariz göstəricisidir. Cavabdehlə bağlanmış xx.xx.2019-cü il tarixli, CSG 2019-025 nömrəli müqavilənin “tərəflərin məsuliyyəti” hissəsinin 6.3-cü bəndinə əsasən “icarəçi” (yəni cavabdeh "xxxx" MMC) icarə haqqının ödənilməməsi və ya vaxtında ödənilməməsinə görə icarəyə verənə gecikdirilən hər bir həftə üçün (gecikdirilmiş müddətə) gecikdirilmiş məbləğin 0,5 faizi həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 08 sentyabr 2021-ci il tarixdən borcunu ödəməmişdir. Belə olduğu təqdirdə "xxxx" MMC müqavilə üzrə İddiaçı MMC-yə gecikdirilən hər bir həftə üçün, yəni gecikdirilmiş müddətə (gecikdirilmiş müddət 8 sentyabr 2021-ci il tarixdən pretenziya məktubunun cavabdehə göndərildiyi tarixədək hesablanmaqla) gecikdirilmiş məbləğin 0,5 faizi həcmində cərimə olaraq 22451 manat məbləğində pul ödəməlidir. Cavabdeh "xxxx" MMC-nin ödəməli olduğu pul vəsaitini vaxtında ödəməməsi çox böyük maddi zərər vurmuş, həmin məbləğ (gəlir) hesabına əlavə qazanca əldə etməyə maneə olmuşdur. Cavabdehlə bağlanmış müqavilənin müddəti həmin müqavilənin 9.3-cü bəndinə əsasən (müqavilənin 9.3-cü bəndi- “tərəflər” müqavilənin bitməsinə 10 gün qalmış onun ləğvini tələb etməzsə müqavilə əvvəlki müddətə uzadılmış hesab olunur) bir müddət uzadılmışdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlə yaranmış mübahisəni danışıqların aparılması yolu ilə həll etmək məqsədi ilə cavabdehə ilk əvvəl pretenziya məktubu ünvanlamış, daha sonra isə Mediasiya Təşkilatına müraciət olunmuşdur. Lakin cavabdehlə olan hazırki mübahisənin danışıqlar yolu ilə həllinə nail olunmamışdır
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2432/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 23 oktyabr 2019-cu il tarixli CSG 2019- 025 saylı icarə müqaviləsinə əsasən 76444,22 manat əsas borc, gecikdirilmiş məbləğə hesablanmış 3000 manat cərimə olmaqla cəmi 79444, 22 məbləğində pul vəsaiti, ödənilmiş 400) manat mediasiya xərcinin əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
3. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı məhkəməyə iddia tələbinin sübuta yetirilməsi ilə bağlı üzləşmə aktlarını, işi tamamlama aktlarını və “invoys” sənədlərini təqdim etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbini 23 oktyabr 2019-cu il tarixli, CSG 2019-025 saylı müqavilə ilə əsaslandırsa da, məhkəməyə təqdim edilmiş invoys sənədlərində həmin sənədlərdə borcun “CSG 2021-019 saylı, xx.xx.2021-ci il tarixli müqavilə üzrə tərtib edildiyi məlum olur. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi invoys sənədi əsasında tərtib edilməyən işlərin tamamlanması aktları və hər iki tərəfin möhürü ilə təsdiq edilmiş üzləşmə aktına aid olan hissədə (xx.xx.2021-ci il tarixli, 865 nömrəli akt üzrə 28824,77 manat, xx.xx.2021-ci il tarixli, 838 nömrəli akt üzrə 38179,45 manat, xx.xx.2021-ci il tarixli hər iki tərəfin möhürü ilə təsdiq edilmiş üzləşmə aktı üzrə 9440 manat olmaqla cəmi 76444,22 manat) təmin edilməlidir. Bundan başqa iddiaçı cavabdehdən 22451 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 3000 manat müəyyən olunmalıdır.
4. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti verərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarından da göründüyü kimi cavabdeh tərəflə bağladıqları müqaviləyə əsasən tərəflərindən üzərinə düşən bütün öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəf həmin öhdəliyə əsasən tərəflərindən göstərilən işlərin və xidmətlərin dəyəri olan pul vəsaitini qərəzli şəkildə hesablarına ödəməmişdir. Birinci instansiya məhkəməsi hər iki tərəfin imza möhürü ilə təsdiq edilmiş və məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli invoys sənədlərini və xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli iş tamamlama aktlarını ətraflı şəkildə təflərindən məhkəməyə təqdim edilmiş iş tamamlama aktlarını, hesab fakturları və cavabdehlə aralarında bağlanmış 23 oktyabr 2019-cu il tarixli, CSG 2019-025 saylı müqaviləni əlaqəli şəkildə təhlil etməmiş, bununla da əsassız olaraq iddia tələbini qismən təmin etmişdir.
6. Eyni zamanda apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət etmiş və ərizəsində göstərmişdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə daşınar əmlakın icarə müqaviləsi bağlanmış, sonradan bu müqavilə üzrə münasibətlər davam etdirilmişdir. Eyni zamanda aralarında bağlanmış müqavilədə də müqavilənin uzadılması bəndi nəzərdə tutulmuşdur. Tərəflər müqavilənin ləğvini istəmədiklərindən müqavilə üzrə münasibətlər davam etmişdir. İnvoyslar və işlərin tamamlanması aktları mübahisəli müqavilədən irəli gələn münasibətlərin olmasını təsdiq edir. Odur ki, birinci instansiya məhkəməsi invoyslar və işlərin tamamlanması aktlarının nəzərə almaması doğru deyildir. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
9. Mülki Məcəllənin: - 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
10. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
12. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
13. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilməmişdir. İddiaçı verdiyi apellyasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsini xahiş etsə də, şikayətin dəlilləri qətnamənin iddianın təmin edilməmiş hissəsində ləğvinə və iddianın tam təmin edilməsinə yönəlmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməmiş hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslılığı həmin hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
15. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC qarşı aralarında bağlanmış 23 oktyabr 2019-cu il tarixli, CSG 2019-025 saylı daşınar əmlakların icarə müqaviləsi üzrə yaranmış 91.649 manat məbləğində əsas borcun və həmin borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış dəbbə pulunun tutulmasını tələbini irəli sürmüşdür.
16. Birinci instansiya məhkəməsi iddianı qismən – 15.204,78 manat məbləğində əsas borcun tutulması hissəsində rədd edərkən isə ona əsaslanmışdır ki, iş üzrə cavabdehin mübahisəli müqavilə üzrə borcunun mövcud olmasını təsdiq edən sübut qismində məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli CSG-1503 saylı; xx.xx.2024-ci il taricli CSG-0160 saylı; xx.xx.2022-ci il tarixli, CSG-01638 saylı; xx.xx.2022-ci il tarixli CSG-01660 saylı invoyslar və həmin invoyslar əsasında işlərin tamamlama aktları mübahisəli müqavilə üzrə deyil, xx.xx.2021-ci il tarixli CSG2021-019 saylı müqavilə üzrə tərtib edilmişdir.
17. Kollegiya İddiaçı MMC-nin hazırkı iddia ərizəsində məhz 23 oktyabr 2019-cu il tarixli CSG 2019-025 saylı daşınar əmlakların icarə müqaviləsi üzrə borcun tutulmasını tələb etməsini, eyni zamanda yuxarıda göstərilən invoys sənədlərində onların başqa müqavilə əsasında tərtib edilməsinin açıq-aşkar qeyd edilməsini nəzərə alaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, sözügedən invoyslar və onların əsasında tərtib edilmiş işlərin tamamlama aktlarının 23 oktyabr 2019-cu il tarixli, CSG 2019-025 saylı mübahisəli müqavilə üzrə borcun mövcudluğunu təsdiq edən sübutlar qismində qəbul edilməsi üçün əsas yoxdur.
18. MPM-in 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
19. Odur ki, iş materiallarında cavabdehin iddiaçıya 23 oktyabr 2019-cu il tarixli, CSG 2019-025 saylı müqavilə üzrə əsas borcunun 76444,22 manat məbləğindən (birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş hissə) daha artıq olmasını təsdiq edən sübutların mövcud olmadığını nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi 15.204,78 manat məbləğində əsas borcun tutulmasına dair hissədə iddianı rədd etməkdə haqlı olmuşdur.
20. Kollegiya həmçinin onu da qeyd edir ki, hazırkı halda 15.204,78 manat məbləğində əsas borcun tutulması hissəsində iddianın rədd edilməsi əsaslar olduğu halda xx.xx.2021-ci il tarixli CSG2021-019 saylı müqavilə üzrə borcun tutulması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır.
21. Dəbbə puluna münasibətdə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğin azaldılaraq 3000 manat məbləğində müəyyən edilməsi hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
22. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
23. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
24. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2432/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova Ziya Şirinov