Məhkəmə qərarları › İş №2-2(103)-96/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-96/2022

05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-96/2022 05.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə4 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1900/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 16.09.2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Ağstafa” filialı ilə Cavabdeh3 MMC arasında bağlanmış 24.04.2019-cu il tarixli BK № Q- 001-MKOS/AZN-19 və 24.04.2019-cu il tarixli BK № Q-001-AS/19 saylı kredit müqavilələrinin vaxtından əvvəl xitam verilməsi; İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Ağstafa” filialı ilə Cavabdeh3 MMC arasında bağlanmış 24.04.2019-cu il tarixli BK № Q- 001-AS/19 saylı kredit müqaviləsi üzrə Banka olan borcu 170.000 manat əsas, 12551,25 manat faiz, 3399,99 manat cərimə olmaqla, ümumilikdə 185951,24 manat, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Ağstafa” filialı ilə Cavabdeh3 MMC arasında bağlanmış 24.04.2019-cu il tarixli BK № Q-001-MKOS/AZN-19 saylı kredit müqaviləsi üzrə Banka olan borcu 22177,89 manat əsas, 4844,99 manat faiz, 665,34 manat cərimə olmaqla, ümumilikdə 27688,22 manat pulun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 31 manat rüsumun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat rüsumun tutulması; İddiaçı ASC-nin “Ağstafa” filialı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış №Q-001-AS/19 və Q-001-MKOS/AZN-19 sayli ipoteka müqaviləsinə Cavabdeh1 və Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 597.2 m2 olan 2 mərtəbəli qeyri-yaşayış binasına 0.0264 ha torpaq sahəsi ilə birlikdə yönəldilərək, həmin əmlak hesabına İddiaçı ASC-yə ödənilməsi; ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin Cavabdeh3 MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi; ipoteka predmeti olan əmlak satıldıqdan sonra həmin əmlakda qeydiyyatda olan şəxslərin istifadə hüquqlarına xitam verilməsi və əmlakın boşaldılaraq Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1900/2021 saylı 16.09.2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Ağstafa” filialı ilə Cavabdeh3 MMC arasında bağlanmış 24.04.2019-cu il tarixli BK № Q- 001-MKOS/AZN-19 və 24.04.2019-cu il tarixli BK № Q-001-AS/19 nömrəli kredit müqavilələrinin ləğv edilməsi, Cavabdeh3 MMC-dən 24.04.2019-cu il tarixli BK № Q-001- AS/19 saylı kredit müqaviləsi üzrə 170000 manat əsas borc, 12551,25 manat faiz borcu, 448,75 manat cərimə olmaqla, ümumilikdə 183000 manat və 24.04.2019-cu il tarixli BK № Q-001-MKOS/AZN-19 saylı kredit müqaviləsi üzrə 22177,89 manat əsas borc, 4844,99 manat faiz borcu, 77,12 manat cərimə olmaqla, ümumilikdə 27100 manat, həmçinin bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 29,49 manat məbləğində dövlət rüsumları cəmi 210139,49 manat məbləğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın ilkin satış qiyməti 280000 manat olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 597.2 m2 (A qeyri-yaşayış binası-2 mərtəbəli, 263.9 m2 tikintialtı sahə) olan 2 mərtəbəli qeyri-yaşayış binası ilə 0.0264 ha torpaq sahəsinə yönəldilməsi, sözügedən əmlakın hərracda satılması və əldə olunan vəsaitin hesabına borcun ödənilməsi, həmin vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3 MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi və ipoteka predmeti olan əmlak satıldıqdan sonra 1 ay müddətində boşaldılması qət edilmişdir. Cavabdeh3 MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin cərimə və faiz hissəsində rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə4 apellyasiya şikayətinə etiraz etdi. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız faiz borcuna aid hissədə və dəbbə pulunun tutulması barədə tələblərin qismən təmin edilmiş hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında 24.04.2019-cu il tarixli BK № Q001-AS/19 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən borcalana 60 ay müddətinə, illik 6% olmaqla 170.000 manat məbləğində kredit verilmişdir. Həmçinin həmin tərəflər arasında 24.04.2019-cu il tarixli BK № Q-001-MKOS/AZN-19 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən borcalana 36 ay müddətinə, illik 21% olmaqla 30.000 manat məbləğində kredit verilmişdir. Kredit müqavilələri üzrə öhdəliklərin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında № Q-001-AS/19 və Q-001-MKOS/AZN-19 sayli ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 və Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 597,2 m2 (A qeyri-yaşayış binası-2 mərtəbəli, 263,9 m2 tikintialtı sahə) olan 2 mərtəbəli qeyri-yaşayış binası 0.0264 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmişdir. İddiaçı bildirir ki, Cavabdeh3 MMC müqavilələr üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin 24.04.2019-cu il tarixli BK № Q-001-AS/19 saylı kredit müqaviləsi üzrə əsas borcu 170000 manat, faiz borcu 12551,25 manat, cərimə 3399,99 manat, cəmi borcu 185951,24 manat; 24.04.2019-cu il tarixli BK № Q-001- MKOS/AZN-19 saylı kredit müqaviləsi üzrə əsas borcu 22177,89 manat, faiz borcu 4844,99 manat, cərimə 665,34 manat, cəmi borcu isə 27688,22 manat təşkil edir. Cavabdeh3 MMC əsas borc hissəsində iddianı qəbul edir, faiz və cərimə məbləğinə aid hissədə isə iddiaya etiraz edir. Məhkəmə kollegiyası hesab edir ki, faiz borcuna aid hissədə iddia qismən əsaslıdır. Belə ki, həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 741-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış kredit müqavilələrində də borcun faizlə verilməsi şərtləşdirilib və iddiaçı Mülki Məcəllənin 741-ci maddəsinə əsasən həmin müqavilələr üzrə ödənilməli olan faiz məbləğlərinin tutulmasını tələb etməkdə haqlıdır. Bununla yanaşı kollegiya hesab edir ki, həmin hissədə iddia tam təmin edilə bilməz. Belə ki, hazırki apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 02 mart 2022-ci il tarixli 9/315 saylı ekspert rəyi verilmişdir. Həmin rəydə qeyd olunmuşdur ki, tərəflər arasında imzalanmış 24 aprel 2019-cu il tarixli BK № Q001-AS/19 saylı və 24 aprel 2019cu il tarixli BK № Q-001- MKOS/AZN-19 saylı kredit müqavilələrinin qeyd olunan şərtlərini nəzərə alınaraq cavabdeh Ağköy Aqro MMC-nin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 24.08.2021-ci il tarixə (sualda soruşulan tarixə) olan borcu aşağıdakı kimi müəyyən edilir: 24 aprel 2019-cu il tarixli BK № Q001-AS/19 saylı kredit müqaviləsi üzrə: əsas borc üzrə - 170000,00 manat, faiz borcu üzrə - 9237,62 manat. 24 aprel 2019-cu il tarixli BK № Q- 001-MKOS/AZN-19 saylı kredit müqaviləsi üzrə: əsas borc üzrə - 22251,44 manat, faiz borcu üzrə - 4205,52 manat. Bu baxımdan kollegiya hesab edir ki, 24.04.2019-cu il tarixli BK № Q001-AS/19 saylı kredit müqaviləsi üzrə faiz borcu 12551,25 manat məbləğində deyil, 9237,62 manat və 24.04.2019-cu il tarixli BK № Q-001-MKOS/AZN-19 saylı kredit müqaviləsi üzrə faiz borcu 4844,99 manat məbləğində deyil, 4205,52 manat məbləğində müəyyən edilməlidir. Ona görə də kollegiya hesab edir ki, faiz borcuna aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və həmin hissədə iddia qismən təmin edilməlidir. Bununla yanaşı kollegiya hesab edir ki, dəbbə pulunun təmin edilmiş hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış 24.04.2019-cu il tarixli BK № Q-001-MKOS/AZN- 19 saylı kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 42 faiz olmaqla cərimə faizi ödəyir. Tərəflər arasında bağlanmış 24.04.2019-cu il tarixli BK № Q-001-AS/19 saylı kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 18 faiz olmaqla cərimə faizi ödəyir. Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını, yəni tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin icrasının gecikdirilməsinə görə cərimənin ödənilməsinin nəzərdə tutulduğunu, cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilə üzrə aparılan son ödəniş tarixini müqayisə edərək, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi hissədə dəbbə pulunun tutulması barədə tələblər əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni faiz borcuna aid hissədə ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə həmin hissədə iddia qismən təmin edilməli, dəbbə pulunun tutulması barədə tələblərin qismən təmin edilmiş hissəsində isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh3 MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 16.09.2021-ci il tarixli e-2-2(113)-1900/2021-021 saylı qətnaməsi qismən, yəni faiz borcuna aid hissədə ləğv edilsin və həmin hissədə iddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 24.04.2019-cu il tarixli BK № Q001-AS/19 saylı kredit müqaviləsi üzrə faiz borcu 9237,62 manat, iddiaçı "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 24.04.2019-cu il tarixli BK № Q-001-MKOS/AZN-19 saylı kredit müqaviləsi üzrə faiz borcu 4205,52 manat məbləğində müəyyən edilsin. Qətnamə dəbbə pulunun tutulması barədə tələblərin qismən təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 145 manat məbləğində pul vəsaiti bərabər hissələrdə İddiaçı ASC və Cavabdeh3 MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar