Məhkəmə qərarları › İş №2-2(103)-96/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-96/2023

17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-96/2023 17.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Firmasının cavabdeh "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3817/2022 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İcarəçi Cavabdeh MMC ilə icarəyə verən İddiaçı Firması arasında 27 yanvar 2020-ci il tarixli müqavilə bağlanmış və müqaviləyə əsasən icarəyə verən müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən əlavələrdə qeyd edilmiş texnika və avadanlıqları icarəçiyə verməyi, icarəçi də öz növbəsində həmin əmlakın icarəsinə görə ödəniş həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə 1 saylı əlavəyə əsasən aylıq icarə haqqı 8500 manat müəyyən edilmişdir.

2. Cavabdeh MMC tərəfindən xx.xx.2020-ci il tarixdə 12750 manat və 2295 manat ƏDV, xx.xx.2020-ci il tarixdə 8500 manat və 1530 manat ƏDV, xx.xx.2020-ci il tarixdə 15000 manat və 2700 manat ƏDV, xx.xx.2021-ci il tarixdə 12000 manat və 2160 manat ƏDV, cəmi 56935 manat məbləğində pul vəsaiti İddiaçı Firmasının hesabına ödənilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı Firması cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən əsas borc məbləği 28.320 (iyirmi səkkiz min üç yüz iyirmi) manat (ƏDV ilə), gecikdirilmiş borc faizi məbləğı 2.832 (iki min səkkiz yüz otuz iki) manat, mediasiya xərci olaraq 200 (iki yüz) manat, dövlət rüsumu olaraq ödənmiş 669,6 (altı yüz altmış doqquz) manat 60 qəpik, hüquqi yardıma görə ödənmiş 850 (səkkiz yüz əlli) manat, cəmi 32.871 (otuz iki min səkkiz yüz yetmiş bir) manat 60 qəpik pulun tutulub İddiaçı Firmasının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı bildirir ki, müəyyən edilmiş icarə haqqına əsasən 2020-ci ildə təqdim olunmuş elektron qaimələrə əsasən cavabdehin 85.255 manat (ƏDV ilə) məbləğində borcu yaranmış və həmin borcdan 2020-ci ildə 42.775 manat (ƏDV ilə), 2021-ci ilin dekabr ayında isə 14.160 manat (ƏDV ilə), cəmi 56.935 manat ödənilmişdir. Dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, borcun qalan 28.320 manat (ƏDV ilə) manat hissəsi, ödəmə öhdəliyi bitdiyi vaxtdan 1 il 6 ay keçməsinə baxmayaraq ödənilməmişdir.

5. Cavabdeh iddianı qismən qəbul edir və bildirir ki, istinad olunan müqavilə münasibətləri tək icarə münasibətləri olmayıb, həmçinin müəyyən xidmətlərin göstərilməsi İddiaçı Firmasının üzərinə müəyyən öhdəliklərin qoyulması da nəzərdə tutulub. Müqavilə tərəflər arasındakı münasibətləri tam tənzimləmir. Tərəflər arasında faktiki olaraq elektron qaimələrin olması borcun tam qəbul edilməsini təsdiqləmir. Çünki elektron qaimələr cavabdeh tərəfindən 5 gün ərzində təsdiqlənməzsə avtomatik sistem tərəfindən təsdiqlənir. Müqavilədə ziddiyyətli müddəalar var. Belə ki, müqavilə məbləğinin özü 8500 manatlıq məbləğ nəzərdə tutulub və 1 saylı əlavəyə istinad olunub. 1 saylı əlavədə ödənişlərə ƏDV daxil olmamaqla qeyd edilsə də, lakin müqavilənin mətni boyu ödəmə hissəsi şərtində bütün vergilərin və məcburi ödənişlərin sırf İddiaçı Firması tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilə 3 aylıq müddətə rəsmiləşdirilmişdir. Borc məbləği 6 aylıq müddəti əhatə etməlidir. Bununla bağlı qarşı tərəflə danışıqlar olub, lakin iddiaçı tərəflə razılıq əldə olunmamışdır. Müqavilənin müddəti 3 aylıq müddətə qədər uzandığı halda iddiaçının hansı müqavilə üzrə elekton qaimələri göndərməsi aydın deyil. Elektron qaimələrin yüklənmə tarixinə nəzər yetirdikdə görünür ki, fevral və mart ayından sonra 7-ci aya qədər boşluq yaranıb. Müqavilə tərəflər arasında münasibətləri tam tənzimləmədiyinə görə sırf iddianı bu müqavilə üzrə verilməsi və iddia tələbinin təmin edilməsi düzgün deyil. Cavabdehin nümayəndəsi verilmiş iddia üzrə 8260 manat məbləğdə iddia tələbini qəbul etdiklərini və həmin vəsaitin ödənilməsinə etiraz etmədiyini bildirərək iddianın qismən təmin edilməsini xahiş etmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3817/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 28.320 manat (ƏDV daxil) manat, mediasiya xərci 200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 60 manat, hüquqi yardıma görə ödənmiş 850 manatın tutularaq İddiaçı Firmasına ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsalandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndi ilə əlavədə qeyd edilən texnika və avadanlığın (əmlak) cavabdehə ödəniş müqabilində icarəyə verilməsi qeyd edilsə də, faktiki olaraq iddiaçı həmin əmlakdan istifadə etməklə işlərin görülməsi (xidmətlərin) icrasını da öz öhdəsinə götürmüşdür. Belə ki, bu avadanlıqdan istifadə etməklə iddiaçı iri diametrli boruların bir-biri ilə əlaqələndirilmiş şəkildə yerləşdirilməsini həyata keçirməli idi. Bu fakt məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili tərəfindən qəbul edilərək öz təsdiqini tapmışdır. Müqavilə yalnız 3 aylıq müddəti əhatə etmiş, həmin müddət üçün isə yalnız 2 qaimə təqdim edilmişdir. Cavabdeh tərəfindən həmin 2 qaimə üzrə 15045 manat məbləğində ödəniş 14 aprel 2020-ci ildə həyata keçirilmişdir. Belə olan halda, müqavilə hüquqi qüvvəsini itirmiş, tərəflər arasındakı münasibətlər konkret yazılı əqdə istinadən həyata keçirilməmişdir. Buna baxmayaraq, cavabdeh yuxarıda qeyd edilən ilk iki qaimədən sonrakı 5 aylıq dövr üçün göstərilmiş xidmətləri qəbul etdiyini ifadə etməklə ümumilikdə 6 ay 15 gün aylıq dövr üzrə ödəmənin həyata keçirilməsini qəbul etmişdir. İddiaçı tərəfindən əlavə 2 aylıq (noyabr və dekabr ayları üzrə) ödəmə isə görülməmiş iş üçün, yazılı hər-hansı əqdə əsaslanmayan pul tələbidir. Göründüyü kimi, müqavilə bağlandıqdan sonra qüvvədə olduğu müddət üzrə yalnız fevral və mart aylarında qaimə göndərilmiş, bundan sonra isə iyun ayından ilin sonunadək aylar üzrə qaimələr əlavə edilmişdir. Məhkəmə qərar qəbul edərkən, müddəti bitmiş və hüquqi qüvvəsini itirmiş müqaviləyə və təsdiq olunmasından imtina edilməmiş qaimələrə istinad etməklə kifayətlənmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. İddiaçı Firması tərəfindən apelyasiya şikayətinə qarşı etiraz verilmişdir.

10. Etiraz iddianın əsasları ilə eyni qaydada əsaslandırılmışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 isə apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. Mülki Məcəllənin 404.1-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

13. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

14. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

15. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 5-ci bəndinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.

18. Belə ki, icarə haqqının ödənilməsi barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 700.1-ci maddəsi təşkil edir.

19. Hazırki işdə də iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək icarə obyektini cavabdehə icarəyə vermiş, lakin cavabdeh müqavilə tələblərini əhəmiyyətli dərəcədə pozaraq, icarə haqlarını tam olaraq iddiaçıya ödəməmişdir.

20. Belə ki, iş materiallarında olan İddiaçı Firması tərəfindən Cavabdeh MMC-yə EBAG seriyalı, 506518 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə 10030 (ƏDV daxil) manat; EBAT seriyalı, 782105 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə 10030 (ƏDV daxil) manat; EBAL seriyalı, 933231 nömrəli, xx.xx.2020ci il tarixli elektron qaimə üzrə 10030 (ƏDV daxil) manat; EBAN seriyalı, 367935 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə 10030 (ƏDV daxil) manat; EBAK seriyalı, 926750 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə 10030 (ƏDV daxil) manat; EBAP seriyalı, 557993 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə 10030 (ƏDV daxil) manat; EBAQ seriyalı, 931569 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə 10030 (ƏDV daxil) manat; EBAS seriyalı, 420739 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə 10030 (ƏDV daxil) manat; EBAH seriyalı, 898731 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə 5015 (ƏDV daxil) manat məbləğində icarə haqqının ödənilməsi tələb edilmişdir.

21. Cavabdeh "xxxx" MMC də həmin elektron qaimələri qəbul etmiş və onlara dair hər hansı etirazını bildirməmişdir. İş materiallarından da görünür ki, həmin elektron qaimələr elektron qaydada oxunmuş və iddiaçıya qaytarılmamışdır.

22. Eyni zamanda, cavabdeh tərəfindən qismən ödənişlər də (cəmi 56935 manat) edilmişdir.

23. İcarə haqlarının tam ödənilməməsi faktını cavabdehin özü də iddiaya münasibətində etiraf etmişdir.

24. Bununla bağlı kollegiya qeyd edir ki, əgər cavabdehin bildirdiyi kimi həqiqətən də qeyd edilən aylar üzrə iddiaçı ona icarə obyektini verməsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi, habelə qismən ödənişləri etməzdi. Lakin hazırki işdə bu hallar mövcud deyil.

25. Bu isə cavabdeh tərəfindən icarə haqqının ödənilməsini qəbul etməsi mənasına gəlir.

26. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı müqavilə üzrə ödənilməli olan, lakin ödənilməyən 28.320 manat məbləğində icarə haqqının ödənilməsini tələb etməkdə tam haqlıdır.

27. Tərəflər arasında bağlanmış müqavilənin qarışıq xarakterli olması və iddiaçı tərəfindən podrat işlərinin görülməsi ilə bağlı dəlillərə dair kollegiya qeyd edir ki, həmin dəlillər hər hansı sübutla təsdiq olunmur. İddiaçının nümayəndəsi də bu dəlilə etiraz etdi və bildirdi ki, iddiaçı tərəfindən heç bir podrat işləri və ya digər xidmətlər göstərilməmiş, yalnız iddiaçının mütəxəssisləri texnikanın istismarına nəzarət etmişlər.

28. Müqaviləyə xitam verilməsi ilə bağlı cavabdeh "xxxx" MMC-nin dəlilləri isə əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 8.1-ci bəndinə əsasən iki tərəf də bu müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş müddətdən əvvəl istənilən vaxt 15 gün əvvəl yazılı bildiriş təqdim etməklə müqaviləyə xitam verə bilər. Müqaviləyə xitam verilən günə kimi tərəflər müqavilədə göstərilən öhdəlikdən azad edilmir.

29. Bundan əlavə, “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 5-ci bəndinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər.

30. Qeyd olunan maddi hüquq normasının tələblərindən də göründüyü kimi müqavilənin müddəti qurtardıqdan sonra onun müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilməsi üçün ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsinin olmaması kifayətdir.

31. Hazırki işdə də müqaviləyə xitam verilməsi ilə bağlı tərəflərdən hər hansı bir tərəfindən digərinə bildiriş göndərilməmişdir. Eyni zamanda işin hallarından görünür ki, müqavilənin müddəti qurtardıqdan sonra da cavabdeh tərəfindən müqavilənin müddətindən sonrakı aylar üçün icarə haqqı üzrə ödənişlər həyata keçirilmişdir. Qeyd olunan faktlar isə təsdiq edir ki, tərəflər arasında işgüzar münasibətlər bu şəkildə həyata keçirilmiş, yəni müqavilənin müddəti qurtarsa da onlar arasında icarə hüquq münasibətləri davam etmişdir.

32. Habelə ödənişlər də yalnız elektron qaimələr əsasında həyata keçirilmişdir. Çünki cavabdehin ödənişlər etdiyi aylar üzrə təhvil-təslim aktı və ya digər sənəd tərtib edilməmişdir.

33. Müqviləyə 1 saylə əlavədə icarə haqqının ƏDV-siz qeyd edilməsi, müqavilənin 4.2-ci bəndində isə qiymətlərə bütün vergilər və digər icbari ödənişlərin daxil edilməsi ilə bağlı dəlillər də əsassızdır.

34. Çünki müqaviləyə 1 saylı əlavədə aydın şəkildə müəyyən edilmişdir ki, aylıq icarə haqqının məbləği (aylıq 8500 manat) ƏDV 18% xaric göstərilmişdir.

35. İddiaçı tərəfindən cavabdehə göndərilən elektron qaimələr və cavabdeh tərəfindən aparılan ödənişlərdən də görünür ki, aylıq icarə haqqı olan 8500 manat məbləğə ƏDV daxil deyil.

36. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə də lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

37. Qeyd olunan halları və Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, tərəflər arasında müqavilənin müddəti qurtarsa da onlar arasında icarə hüquq münasibətləri davam etmiş, ödənişlər yalnız elektron qaimələr əsasında həyata keçirilmiş və müqaviləyə əlavədə müəyyən edilən aylıq icarə haqqına ƏDV daxil edilməmişdir.

38. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

39. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3817/2022 saylı qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar