Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-962/2024 23.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı kommersiya işi Açar söz: pulun qaytarılması Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pulun qaytarılması” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1880/2024 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin halları
1. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 018209 saylı aktan görünür ki, obyektə baxış zamanı “C fazasından axan yükü hiss etməməsi, sayğac uçot dəstinə aid c/t-də yerləşən yuvanın möhürü olmaması” müəyyən olunmuşdur.
2. İş materiallarına əlavə edilmiş, xx.xx.2024-cü il tarixli icra vərəqindən görünür ki, xx.xx.2023-cü il tarixli 018209 saylı akta əsasən 6.698,50 manat məbləğində borc hesablanmışdır. 13. İşə əlavə olunmuş **********0 saylı abonent saldosundan görünür ki, 6.698,50 manat məbləğində borc xx.xx.2024-cü il tarixli icra vərəqəsi əsasında abonent saldosuna daxil edilmişdir.
3. Bundan başqa işə əlavə olunmuş **********0 saylı abonent saldosundan görünür ki, qeyd edilmiş akta əsasən hesablanmış 6.698,50 manat məbləğində borc iddiaçı tərəfindən ödənilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış borca görə ödənilmiş 6.698,50 manat pulun qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, Quba rayonu, Qaraçay ərazisində ona məxsus Qum-çınqıl karxanasında 69211350 saylı sayğac ilə elektrik enerjisindən istifadə edilirdi. "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə akt tərtib edilmiş və həmin aktda qeyd edilmişdir ki, guya xx.xx.2023-cü il tarixli, 018209 saylı akta əsasən sayğac sxemi yenidən quraşdırılmış, komutatsiya xətləri yenilənmiş, sayğacın yeri isə dəyişdirilmiş, çıxarılan komutatsiya xəttində isə izolyasiyanın pozulduğu aşkar edilmişdir. Nəzərinizə çatdırılır ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən məlumatı olmadan, sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi qaydalarına riayət edilmədən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun tələbi gözlənilmədən, təmin edilmədən əsassız olaraq xx.xx.2023-cü il tarixli 018209 saylı və onun əsasında xx.xx.2024-cü il tarixli 278917 nömrəli akt tərtib edilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2 və 31.2.3-cü maddələrinə əsasən, yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. “Azərişıq" ASC tərəfindən ərtib edilmiş ve hazırda nəticəsi mübahisələndirilən aktdan isə görünür ki, "xxxx" ASC yoxlama apararkən qannnvericiliyin tələblərinə əməl etməmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1880/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
7. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli 018209 saylı aktdan görünür ki, obyektə baxış zamanı “C fazasından axan yükü hiss etməməsi, sayğac uçot dəstinə aid c/t-də yerləşən yuvanın möhürü olmaması” müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixli icra vərəqinə əsasən xx.xx.2023-cü il tarixli 018209 saylı akta əsasən 6.698,50 manat məbləğində borc hesablanmışdır. Bundan əlavə, **********0 saylı abonent saldosuna əsasən 6.698,50 manat məbləğində borc xx.xx.2024cü il tarixli icra vərəqəsi əsasında abonent saldosuna daxil edilmişdir. Bundan başqa işə əlavə olunmuş **********0 saylı abonent saldosundan görünür ki, qeyd edilmiş akta əsasən hesablanmış 6.698,50 manat məbləğində borc iddiaçı tərəfindən ödənilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının hazırda qaytarılmasını tələb etdiyi pul məbləği məhz xx.xx.2023-cü il tarixli 018209 saylı akta əsasən hesablanmış və ödənilmiş olan borc məbləğdir. Ona görə də, qeyd olunan aktın nəticəsinin hüquqi qüvvəsinin olubolmaması müəyyən edilməlidir.
9. Məhkəmə həmçinin qeyd etmişdir ki, yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətlərinin dəlilləri
10. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1880/2024saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən **********0 saylı abunə kodu üzrə sayğaca baxış keçirən zaman məlum olmuşdur ki, elektrik sayğacı xx.xx.2023-cü il 02:15-dən etibarən “C” fazasından keçən yükü qeyd etmir. Buna səbəb “C” fazasını qidalandıran C/T-də yaranan qüsurdur. Baxış zamanı xx.xx.2023-cü il tarixli NDQ 018209 nömrəliakt tərtib edilmişdir. xx.xx.2024cü il tarixli icra vərəqəsinə əsasən: (1162 gğst.–1094 göst) x 2000 əmsal x33% :67%=66985 kVt.s Tarif (0,10 man)-66985 kVt.sx0,10 man =6698,50 manat. Tərtib edilmiş akt və icra vərəqəsindən göründüyü kimi akt qanuni və əsaslı tərtib edilmişdir. Akt əsasında hesablanmış məbləğ cərimə deyil iddiaçının ay üzrə elektrik enerjisindən istifadəyə görə yaranmış və ödənilməmiş borc məbləğidir. İddiaçı məbləği ödəyərək borcunu etiraf edərək qəbul etmişdir. Bu səbəbdən də məbləğ qaytarılmamalıdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Vəkil elektron kabinet vasitəsilə ərizə təqdim edərək, həmin işlə bağlı İddiaçı ilə aralarında müqavilə bağlanmadığı üçün məhkəmə baxışının başqa tarixə təxirə salınmasını xahiş etmişdir.
13. Cavabdehin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
14. Məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.18-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qaydaların 7.19-cu bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.
16. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə görə yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə görə sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.2-ci maddəsinə görə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 13.3-cü maddəsinə görə yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Həmin Qanunun 17.1-ci maddəsinə görə yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır. Həmin qanunun 20.1-ci maddəsinə görə yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir.
17. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
18. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.
20. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh mübahisəli yoxlamaların qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmasını təmin etməmişdir.
21. Belə olan halda isə iddiaçıdan həmin yoxlama nəticəsində hesablanan məbləğ tələb oluna bilməz.
22. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, istinad olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu səbəbdən iddiaçının həmin məbləği ödəməsi borcun etirafı kimi sayıla bilməz.
23. Ona görə də, iddiaçı həmin yoxlamaların nəticəsi olaraq ödəmiş olduğu 6.698,50 manat pulun qaytarılmasını tələb etməkdə haqlıdır.
24. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
26. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1880/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.