Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-964/2025 03.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: kiçik iddia, sadələşdirilmiş icraat, kredit müqaviləsi, apellyasiya baxışının hədləri, dəbbə pulu tələbi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xidmət müqaviləsi üzrə pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1464/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətiinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli, kredit razılaşmasına əsasən kreditverən borcalana 5.000 manat məbləğində və illik faiz dərəcəsi 22 olmaqla, xx.xx.2024- cü il tarixədək kredit vermişdir.
2. Borcalanın bu razılaşmadan irəli gələn öhdəliyinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə bank arasında xx.xx.2023-cü il tarixli 44FİZAM144161301 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi və zaminlik müqaviləsi tərəflərin imzası və bankın möhürü ilə təsdiq edilmişdir.
3. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, borcalanın xx.xx.2024-ci il tarixə İddiaçı ASC-yə 4.018,18 manat əsas kredit borcu, 498,62 manat faiz borcu vardır.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada 4018.18 manat məbləğində əsas kredit borcu, 498.62 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 437.07 manat məbləğində penya olmaqla, cəmi 4953.87 manat, həmçinin iddia qaldırılması üçün ödənilmiş 69.54 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2023-cü il tarixli Razılaşmaya əsasən Cavabdeh1 18 ay müddətinə illik 22 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2-ci bəndinə görə kredit, borcalanın ərizəsi əsasında Kreditverən tərəfindən Borcalanın cari hesabına köçürməklə veriləcəkdir. Kreditin alınma tarixi kreditin Borcalanın cari hesabına köçürüldüyü tarix hesab edilir və kredit üzrə faizlər həmin tarixdən etibarən hesablanacaqdır. Həmin tarix ilə bu Razılaşmanın bağlanması tarixi arasında fərq olarsa, bu zaman, kreditin geri qaytarılmalı olduğu sonuncu tarix bu Razılaşmaya əlavə edilmiş ödəniş cədvəlində qeyd edilmiş son ödəniş tarixi ilə müəyyən ediləcəkdir. xx.xx.2023-cü il tarixdə kredit üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh2 ilə 44FİZAM144161301 saylı xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin, kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 4018.18 manat məbləğində əsas kredit borcu, 498.62 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 437.07 manat məbləğində penya olmaqla, cəmi 4953.87 manat məbləğində vəsait borcu qalmaqdadır.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1464/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2023-cü il tarixli razılaşma üzrə əsas borc üzrə 4.018 manat, 18 qəpik, faiz borcu üzrə 498 manat, 62 qəpik, cərimə borcu üzrə 200 manat olmaqla, cəmi 4.716 manat, 80 qəpik məbləğində pulun müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Dövlət rüsumunun əvəzi olaraq 67 manat, 16 qəpik məbləğində pul müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qərara alınmışdır. İddia qalan hissədə təmin edilməmişdir.
7. Məhkəmənin mövqeyi belə olmuşdur ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünmüşdür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdehlər iddiaya münasibət (etiraz) bildirməmiş, kredit borcunun ödənildiyini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Qeyd olunan normaların tələblərini və yuxarıda qeyd edilənləri rəhbər tutaraq məhkəmə hesab etmişdir ki, iddia əsas və faiz borcunun tələb edilməsi hissəsində əsaslıdır və xx.xx.2023-cü il tarixli razılaşma üzrə əsas borc üzrə 4.018,18 manat, faiz borcu üzrə 498,62 manat məbləğində pul müştərək qaydada cavabdehlərdən tutularaq Banka ödənilməlidir. Məhkəmə hesab etmişdir ki, iddia dəbbə borcunun tələb edilməsi hissəsində qismən təmin edilməlidir. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünüb ki, cavabdehin əsas borcuna münasibətdə 200 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünüb ki, iddiaçı tərəfindən 69,54 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq əvəzi olaraq 67,16 manat məbləğində pul da, cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
8. Birinci instansiya məhkəməsi iddia tələbinə mahiyyəti üzrə baxarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 740.1, 740.2, 740.5, 743.1, 743.2, 462.1, 472.1, 472.2-ci maddələrinə istinad etmişdir.
9. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehə hazırki iddia tələbini irəli sürərək xəbərdarlıq edilməsinə dair hər hansı bir bildiriş daxil olmamışdır. Hətta məhkəmənin iclası barədə rəsmi qaydada ünvanına bildiriş daxil olmamışdır ki, iddia tələbinə qarşı etiraz verə bilsin. Məhkəmənin qətnaməsinin mövcudluğu barədə icra məmuru tərəfindən məlumatlandırılıb. Rəsmi qaydada məhkəmənin qətnaməsi ünvanına daxil olmamışdır ki, zamanında apellyasiya şikayəti verə bilsin. Qeyd edir ki, kredit götürdükdən sonra vicdanlı vətəndaş kimi ödəmələrini edib, ödənişlərə dair qəbzləri də mövcuddur. Kredit müqaviləsi üzrə ödənişləri faizə cərimələrə silinmiş, əsas məbləğdən silinmədiyi üçün kredit borcu ödənilməmiş qalmışdır. Nəticədə tərəfindən olunan bütün ödənişlərin bank əsas borca deyil, yalnız faizə silməklə iddia tələbində həmin kredit borcun qalmasına şərait yaratmışdır. Bankla olan sövdələşmələrində cavabdehlərə borcun ödənilməsi üçün müəyyən zaman ayrılması xahiş olunsa da, sonda müraciəti nəticəsiz qalmışdır. Buna görə də zamanında kredit borcun qaytarılmasında maddi çətinlikləri yaranmışdır. Cavabdeh kimi öhdəliyin icrasından qərəzli olaraq yayınmamış, üzürlü səbəblərə görə gecikmələr baş vermişdir. Cavabdeh kimi çalışdırdı ki, maddi çətinliyi aradan qalxan kimi işləri yoluna düşər və banka olan borcunu dərhal bağlayar. Lakin bank cavabdehlərə vaxt vermədən bütövlükdə borcun bağlanmasını tələb etmiş və məhkəməyə hazırki iddia ilə müraciət etmişdir. Bundan başqa kreditor tərəfindən təqdim edilmış iddia ərizəsi və ona əlavə edilmiş sənədlər tam reallığı özündə əks etdirmir. Belə ki, bugünki dövrdə kreditora qətnamədə göstərilən məbləğdə borcu yoxdur, bank tərəfindən əsas məbləğdən əlavə faiz dərəcəsi çox yüksək göstərilmiş, hesab edir ki, həmin faiz məbləği ilə birgə hər gecikdirilən gün üçün dəbbə pulu da faizə hesablanmışdır. Odur ki, həmin kredit müqaviləsinin üzrə banka o qədər borcu yaranmamışdır. Qeyd etdiyi kimi cavabdeh olaraq banka müxtəlif vaxtlarda ödəmələr etmiş, öhdəliyin icrasından qərəzli olaraq yayınmamış, maddi vəziyyətində çətinliklərin yaranması səbəbindən vaxtında krediti ödəyə bilməmişdir. Onu da qeyd edir ki, Bakı Kommersiya məhkəməsi yekun qərar qəbul edərkən birtərəfli qaydada aparılmış, məhkəmə araşdırmasına əsaslanmış, cavabdehin etirazına dair rəsmi qaydada bildiriş daxil olmadan baxılmış, keçirilməsi zəruri olan ekspertiza aparılmamış və nəticədə əsassız qətnamə qəbul edilmişdir. Hesab edir ki, iddiaçı tərəfindən faiz məbləğinin şişirdilərək məhkəməyə verilməsi düzgün deyildir. Faiz dərəcəsi əsas məbləğlə bərabər şəkildə cavadehdən tələb olunması qanuna uyğun deyildir. Dəbbə pulunu məhkəmə tamamilə azalda bilərdi. Burada tərəflərin maddi vəziyyəti, əmlak mənafeləri nəzərə alına bilərdi, kredit borcun bağlanması uçün cavabdehlərin səyi nəzərə alınmalı idi. Məhkəmə yalnız iddiaçı tərəfindən təqdim edilmiş subutlar əsasında qərar qəbul etmiş, cavabdehin bu illər ərzində məhkəməyə təqdim etdiyi ödəniş qəbzllərinə münasibət bildirməmişdir. Kredit borcunu ödəsə də, əsas borcun azalmasında heç bir irəliləyiş olmamışdır. Ödədiyi məbləğlər yalnız əsas borca deyil, faiz məbləğə silinməsi əsaslı deyildir əsas azadlıqların müdafiəsi haqqında Hazırkı mülki iş üzrə aparılan icraatın tam, hərtərəfli və obyektiv olmaması nəticəsində cavabdeh kimi hüquqları pozulmuşdur. Bundan başqa bildirir ki, qətnamə üzrə Avropa Konvensiyasına dair Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heçkəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləriilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Hesab edir ki, onun ödənişləri düzgün hesablanmamış, cavabdehə hesablanmış borc məbləği yüksəkdir. Bununla bağlı yenidən məhkəmə-mühasibatlıq ekspertiza keçirilməsinin lazım olduğu qənaətindədir. Həmin maddələrin izahı məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmalıdır. Sözügedən maddənin tələbləri də məhkəmənin üzərinə kifayət qədər vəzifələr qoyur ki, hazırki işdə bu tələblərə də əməl olunmamışdır. Hesab edir ki, məhkəmə işdə mövcud olan sübutlar əsasında deyil, özünün mülahizə və ehtimalları əsasında yekun nəticəyə gəlmişdir ki, bu da həmgöstərilən normanın təbiətinə, həm də hüququn prinsiplərinə ziddir. Normanın tələbi ondan ibarətdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tambaxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli idi. Lakin birinci instansiya məhkəməsində bu normanın da tələbləri pozulmuş və ədalətli qətnamə çıxarılmamışdır. Məhkəmə iddianın təmin edilməsini subyektiv mülahizələr ilə əsaslandırmışdır. Beləliklə, göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən gəldiyi nəticə üçün mühim əhəmiyyəti olan hallar tam, obyektiv və hərətəfliaraşdırılmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan hallar düzgün müəyyən edilməmiş, iş üçün əhəmiyyəti olan hallar subut edilməmiş, nəticədə qətnamə qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlar təsdiq edilərək qəbul edilmişdir. Məhkəmə qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqiifadələr yerində və dəqiq işlədilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli, kredit razılaşmasına əsasən Bank tərəfindən borcalana xx.xx.2024-cü il tarixədək 5.000 manat məbləğində və illik faiz dərəcəsi 22 % olmaqla, kredit verilmişdir. Borcalanın bu razılaşmadan irəli gələn öhdəliyinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə bank arasında xx.xx.2023-cü il tarixli 44FİZAM144161301 saylı zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, borcalanın 4018.18 manat məbləğində əsas, 498.62 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 437.07 manat məbləğində penya olmaqla,cəmi 4953.87 manat məbləğində vəsait borcu vardır. Kredit öhdəliyi pozulduğu üçün borcalana və zaminə pretenziyalar göndərilmişdir. Borcalan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna görə və krediti kommersiya məqsədi ilə aldığına görə pretenziya elektron vergi informasiya sistemi vasitəsilə ilə göndərilmişdir. (pretenziyalar və xəbərnamə iş üzrə materiallara əlavə edilmişdir) Həmçinin, kredit öhdəliyi üzrə borcu təsdiq edən sənədlərdə (maliyyə arayışı, hesabdan çıxarış), kreditin vaxtında və tam həcmdə ödənilmədiyi öz əksini tapmışdır. Beləliklə, iddia tələbi əsaslı olduğuna görə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 1464/2025 saylı 11 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, kredit razılaşması üzrə 4018 manat əsas, 498.62 manat faiz, 200 manat cərimə olmaqla ümumilikdə 4716 manat pul tutularaq müştərək qaydada borclu Cavabdeh1 və zamin Cavabdeh2 tutulması qət edilmişdir. Qeyd edir ki, cavabdehin şikayəti onun irəli sürdüyü tələb ilə ziddiyyət təşkil edir. Belə ki, o şikayətində dəfələrlə kredit borcunun yaranmasının onun krediti gecikdirdiyindən baş verdiyini vurğulamışdır. Bu isə, ona qərar verməyə əsas verir ki, o kredit öhdəliyini pozmuş, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Həmçinin qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2023-cü il tarixli, kredit razılaşmasına əsasən Bank tərəfindən 5000 manat kredit verilsə də, hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 kredit üzrə yalnız ilk 2 ay ödəniş cədvəlinə uyğun ödəniş etmişdir, xx.xx.2023-cü il tarixdən etibarən kredit borcunun ödənilməsini vaxtında və lazımi qaydada etməmiş və xx.xx.2023-cü il tarixdən isə ümumiyyətlə icra etməmişdir. Beləliklə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1464/2025 saylı 11 fevral 2025-ci il tarixli qətnaməsi yetərli əsaslara və sübutlara əsasən qət edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
12. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı şikayətə təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
13. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -432.4-cü maddəsinə görə əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739 və 741-ci maddələrinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
14.Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
17. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətində qətnaməni iddianın təmin edilmiş hissəsində mübahisələndirilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, eləcə də cavabdehlərə yönəldilmiş tələbin vahid tələb olduğunu nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı iddianın təmin edilmiş hissələrində yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
19. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, iddiaçı cavabdehə 5000 manat məbləğində kredit vermişdir. Digər cavabdeh– Cavabdeh2 – iddiaçı ilə zaminlik müqaviləsi bağlamış və kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısındakı öhdəliklərinin tam və ya qismən yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə banka əsas və faiz borcu yaranmışdır. Hazırda iddiaçı həmin müqavilə üzrə əsas, faizlərin və dəbbə pulunun tutulmasını tələb edir.
20. Kollegiya ilk növbədə qeyd edir ki, əsas və faiz borlarının tutulması hissəsində iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739 və 741-ci maddələri təşkil edir.
21. Belə olan halda məhkəmə kollegiyası Cavabdeh1 mübahisəli kredit razılaşması üzrə İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı ASC cavabdehdən sözügedən kredit müqaviləsi üzrə 4018,18 manat məbləğində əsas və 498,62 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlı olmuşdur.
22. Digər tərəfdən o da qeyd edilməlidir ki, Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin kredit müqaviləsi üzrə borc məbləğlərini obyektiv araşdırma aparmadan iddiaçının təqdim etdiyi sübutlar əsasında müəyyən edilməsini əsas göstərərək qətnamədə müəyyən edilmiş əsas və faiz borc məbləğlərini mübahisələndirmişdir.
23. Məhkəmə tərkibi cavabdehin sözügedən arqumentləri ilə bağlı qeyd etməyi zəruri sayır ki, əvvəla cavabdeh kredit müqaviləsi üzrə etdiyi ödənişlərin bir hissəsinin borc məbləği hesablanarkən bank tərəfindən nəzərə alınmaması barədə ümumi fikirlər səsləndirməklə kifayətlənmiş, nəzərə alınmamış ödənişləri konkret göstərməmiş, həmin ödənişləri təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı ödənişlərinin bank tərəfindən faiz borcuna silinməsi barədə cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, borclunun ödənişlərinin ilk öncə gecikdirilmiş faiz borcuna, daha sonra isə əsas borcuna silinməsi Mülki Məcəllənin 432.4-cü maddəsinin tələblərinə uyğundur.
24. Dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tutulacaq dəbbə pulunun məbləğini müəyyən edərkən Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini əsas götürərək tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə almışdır. Odur ki, birinci instansiya məhkəməsinin müəyyənləşdirdiyi 200 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından onun azaldılması üçün əsas yoxdur.
25. Məhkəmə mübahisəsi barədə məlumatlı olmaması barədə cavabdehin dəlillərinə gəldikdə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən işə sadələşdirilmiş icraat qaydasında baxılması barədə bildirişlər cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana göndərilmiş, bununla da MPM-in 284-5.1-ci maddəsinin müəyyən edilmiş sadələşdirilmiş kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizə barəsində cavabdehə rəsmi qaydada bildiriş göndərilməsi vəzifəsi icra edilmişdir.
26. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin (mübahisələndirilən hissədə) qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndiirkən dəyişdirilmədən saxlanılmalıdır.
27. Beləliklə, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Apellyasiya şikayəti təmin edilmədiyindən MPM-in 119.5-ci maddəsinin tələblərinə əsasən həmin şikayət verilməsinə görə ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
29. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1464/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Elnur Həsənov