Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-965/2024 10.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3112/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz İB tərəfindən İddiaçı Şəxsi İstehsalat və Komersiya Şirkətinə əsassız olaraq hesablanmış 23.170 (iyirmi üç min yüz yetmiş) manat məbləğində borcun **********00001 saylı abonent kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3112/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
3. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apelyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində “Qaz paylayıcısı və istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi barədə” tərtib edilmiş və hər iki tərəfin təsdiq etdiyi akta əsasən qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi kimi layihədə qeyd olunan mənbəyə uyğun quraşdırılmış qaz sayğacı müəyyən olunmasına dair müqavilə və akt, nə elektron sistemə nə də tərəf kimi onlara təqdim edilməmişdir. İşə əlavə olunmuş X3 Səhmdar Cəmiyyətinin 26 yanvar 2024-cü il tarixli aktına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan yolu ünvanda yerləşən qaz təsərrüfatına baxış keçirilən zaman qaz xəttinin 50-100 metrlik hissəsində ciddi korroziyanın aşkar edildiyi və bir ədəd dəliyin müəyyən olunduğu qeyd olunmuşdur. İddiaçı məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər - kimi qeyd olunsa da məhkəmədə iştirak ediblər. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
8. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
9. AR NK-nin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “X2”nın: 1.2-ci bəndinə əsasən balans mənsubiyyəti sərhədi - qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qaz paylayıcısı və istehlakçı arasında müqavilə ilə qazpaylayıcı şəbəkənin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsi. - 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. - 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. - 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
10. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci madəsinə əsasən müayinə – istehlakçının qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə olmasının və texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsi, o cümlədən nöqsan və (və ya) pozuntuların aşkar edilməsi məqsədilə həyata keçirilən fəaliyyət; texniki xidmət – istehlakçının qaz qurğularının və balans mənsubiyyəti sərhədində yerləşən qaz xətlərinin (bundan sonra – qaz qurğularının və qaz xətlərinin), tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin təhlükəsiz və etibarlı istismarının təmin olunması məqsədilə müayinə aktı üzrə aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması məqsədilə həyata keçirilən təmir və digər əlaqədar xidmət işləri; - 6-3-cü maddənin 2-ci bəndinə əsasən müayinə aktında istehlakçının qaz qurğularına və qaz xətlərinə texniki xidmətin qaz paylayıcısı tərəfindən həyata keçirilməsi nəzərdə tutulduqda, o, bu Qanunun 6-2-ci maddəsinin 1-ci hissəsinə əsasən müayinə aktını tərtib etdikdən sonra 2 (iki) iş günü müddətində istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) texniki xidmətin göstərilməsi ilə bağlı müqaviləni sifarişli poçt göndərişi və ya istehlakçının razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir (göndərməlidir). İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) müqavilə şərtləri ilə razı olduqda 3 (üç) iş günü müddətində müqaviləni imzalayaraq qaz paylayıcısına onun təqdim edildiyi (göndərildiyi) üsulla təqdim edir, razılaşmadıqda isə həmin müddətdə seçdiyi ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti barədə məlumatı bu Qanunun 6-3-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulan qaydada qaz paylayıcısına təqdim etməlidir. Tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət bu Qanunun 6-3-cü maddəsinin 7-ci hissəsinə uyğun olaraq yaşayış evlərinə münasibətdə istehlakçının seçdiyi ixtisaslaşmış podratçı, digər tikinti obyektlərinə münasibətdə isə bu Qanunun 6-3-cü maddəsinin 6cı hissəsinə uyğun olaraq ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən həyata keçirilir. - 4-cü bəndinə əsasən bu Qanunun 6-2-ci maddəsinin 1-ci hissəsinə uyğun keçirilən müayinə zamanı aşkar edilmiş nöqsan və (və ya) pozuntuların tərtib edilmiş müayinə aktında göstərilmiş müddətdə, lakin bir aydan çox olmayan müddətdə aradan qaldırılması üçün istehlakçı qaz paylayıcısını və ya ixtisaslaşmış podratçını bunun üçün istifadə olunacaq mal-materialla təmin etməyə və ya onların, habelə görülmüş işin dəyərini ödəməyə borcludur. Texniki xidmət zamanı görülən işlərin siyahısı və onların dəyəri qaz paylayıcısı və ya ixtisaslaşmış podratçı tərəfindən təsdiq edilir və qaz paylayıcının və ya ixtisaslaşmış podratçının (olduğu halda) internet saytında yerləşdirilir, həmçinin bu Qanunun 6-3-cü maddəsinin 2-ci və 3-cü hissələrində nəzərdə tutulan müqaviləyə əlavə edilir, istifadə olunan mal-materialın dəyəri istehlakçı tərəfindən ödənilmək şərtilə qaz paylayıcı və ya ixtisaslaşmış podratçı tərəfindən təqdim edildikdə həmin mal-materialın dəyəri istehlakçı ilə qaz paylayıcısı və ya ixtisaslaşmış podratçı arasında razılaşma yolu ilə müəyyən edilir. Texniki xidmət zamanı istifadə olunan, o cümlədən qaz paylayıcı və ya ixtisaslaşmış podratçı tərəfindən təqdim edilən və dəyəri istehlakçı tərəfindən ödənilən malmaterialın, habelə görülən işlərin dəyəri texniki xidmət aktında qeyd edilir. Müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) Reyestrə daxil edilmiş texniki xidmət aktlarının təhlili əsasında görülmüş işlərin dəyərinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilmiş bazar qiymətinə uyğunluğuna mütəmadi nəzarət edir, habelə əvvəlki ildə tərtib edilmiş texniki xidmət aktlarına əsasən onların orta qiymətini müəyyən edir və rəsmi internet saytında yerləşdirir. Qaz paylayıcısı və ya ixtisaslaşmış podratçılarla istehlakçılar arasında münasibətlər, eləcə də texniki xidmətin göstərilməsinə görə xidmət haqqının məbləği onlar arasında bağlanmış müqavilə ilə tənzimlənir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
11. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
12. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
13. İddiaçının mövqeyinə görə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cu il tarixədək 23.179 manat miqdarında qaz sərfiyyatı ilə bağlı iddiaçıya borc bildirişi göndərilmiş, 26 yanvar 2024-cü il tarixdə X3 Səhmdar Cəmiyyəti tərəfindən texniki baxış keçirilərək akt tərtib olunmuş, aktda qaz xəttinin 50-100 metrlik hissəsində ciddi korroziyanın aşkar edildiyi və bir ədəd dəliyin müəyyən olunduğu qeyd olunmuş, cavabdeh tərəfindən tələb edilən borc məbləği qanunsuz tərtib edilmiş akt əsasında hesablanmış, Cavabdeh İB yoxlama apararkən qanunvericiliyin tələblərinə əməl etməmiş, yoxlama yoxlamaların vahid məlumat reyestrindən qeydə alınmamışdır.
14. Cavabdeh məhkəmə iclasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cu il tarixədək iddiaçının ünvanında hər hansı bir yoxlamanın aparılmadığını və iddiaçı barəsində hər hansı bir akt tərtib edilmədiyini, 23.170 manat məbləğində borcun sırf sayğac göstəricisi əsasında hesablandığını, X3 Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş aktda qeyd olunan korroziya və dəliyin iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə quraşdırılmış qaz sayğacından sonra çəkilmiş qaz xətlərində aşkar edildiyini, qaz xəttinə də cavabdehliyi iddiaçının daşıdığını bildirərək, iddianın rədd olunmasını xahiş etmişdir.
15. İşdən görünür ki, işə əlavə olunmuş X3 Səhmdar Cəmiyyətinin 26 yanvar 2024-cü il tarixli aktına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan yolu ünvanda yerləşən qaz təsərrüfatına baxış keçirilən zaman qaz xəttinin 50-100 metrlik hissəsində ciddi korroziyanın aşkar edildiyi və bir ədəd dəliyin müəyyən olunduğu qeyd olunmuşdur. İş materiallarından görünür ki, Cavabdeh İB ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixində “Qaz paylayıcısı və istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi barədə” tərtib edilmiş və hər iki tərəfin təsdiq etdiyi akta əsasən qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi kimi layihədə qeyd olunan mənbəyə uyğun quraşdırılmış qaz sayğacı müəyyən olunmuşdur. Göründüyü kimi, qaz paylayıcı ilə istehlakçı arasında balans mənsubiyyəti sərhədi kimi qaz sayğacı müəyyən olunmuşdur. Aktdan da görünür ki, qaz xəttinin 50-100 metrlik hissəsində korroziya və bir ədəd dəlik qaz sayğacından sonra çəkilmiş qaz xəttində aşkar olunmuşdur.
16. Məhkəmə qeyd etmişdir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsinin 2-ci və 4-cü bəndlərinin məzmunundan belə aydın olur ki, qaz sayğacına qədər baş vermiş hadisələrə görə qazpaylayıcı, qaz sayğacından sonrakı hissədə baş vermiş hadisələrə görə istehlakçı məsuliyyət daşıyır. AR NK-nin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “X2”nın 4.8ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
17. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçı ərizəsində cavabdeh tərəfindən tələb edilən 23.179 manat məbləğində borcun qanunsuz tərtib edilmiş akt əsasında hesablandığını və yoxlama apararkən qanunvericiliyin tələblərinə əməl edilmədiyini bildirsə də, 23.179 manat məbləğində borc məhz sayğacdan keçən qaz sərfiyyatına görə hesablanmış borcdur.
18. İddiaçı apellyasiya şikayətində qeyd etdiyi dəlilləri iddiada irəli sürdüyündən, eləcə də, məhkəmə bu dəlillərə münasibət bildirdiyindən, şikayətdə yeni dəlillər irəli sürülmədiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür.
19. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
20. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3112/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.