Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-966/2021 06.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, Cavabdeh MTK-nın vəkili və nümayəndəsi Vəkil iştirakı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun borcun tutulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-80/2021 nömrəli iş üzrə 08 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdehin apellyasiyalarına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən 268/13 nömrəli 12.12.2013-cü il tarixli kredit müqaviləsi üzrə qalan 2.146.795,84 manat əsas, 234.418,16 manat faiz, 679.878,17 manat cərimə, 274.018,23 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 3.335.110,4 manat və 289/13 nömrəli 13.12.2013-cü il tarixli kredit müqaviləsi üzrə qalan 278.497 manat əsas, 34.695,51 manat faiz, 101.359,24 manat cərimə, 35.546,92 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 450.098,67 manat məbləğdə kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun tutularaq, onun xeyrinə ödənilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 08.06.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 268/13 nömrəli 12.12.2013-cü il tarixli kredit müqaviləsi üzrə 2.096.453,09 manat əsas borcun, 195.785,42 manat faiz borcunun, 50.000 manat cərimənin, kredit müddəti bitdikdən sonrakı vaxt üçün hesablanmış 274.018,23 manatın, 289/13 nömrəli 13.12.2013-cü il tarixli kredit müqaviləsi üzrə 273.340,51 manat əsas borcun, 29.552,31 manat faiz borcunun, 12.000 manat cərimənin, kredit müddəti bitdikdən sonrakı vaxt üçün hesablanmış 35.546,92 manatın, ödənilmiş dövlət rüsumuna görə 24 manat olmaqla, ümumilikdə 2.966.720,48 manat məbləğdə pulun iddiaçının xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun 6 manat hissəsinin iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 350 manat pulun cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ**********0000003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı və cavabdeh ondan apellyasiya şikayətləri verərək, iddiaçı əsas, faiz və cərimə məbləğinin təmin edilməyən hissəsində ləğv edilərək, iddianın tam təmin olunmasını, cavabdeh qətnamənin ləğv edilməsini, tərəflər arasında bağlanmış kredit müqavilələrinə əlavələrdə razılaşdırılmış şərtlər nəzərə alınaraq təkrar məhkəmə mühasibatlıq ekspertizasının rəyi alındıqdan sonra yeni qətnamə qəbul edilməsini xaiş etmişlər. İddiaçının apellyasiya şikayətinin dəlillərinə görə, ekspert qarşısında cavabdehin kredit müqaviləsi üzrə cərimə borcunun hesablanması sual kimi qoyulduğu halda ekspert ödənişləri yalnızca əsas və faiz borcu üzrə silinmə edərək hesablamış və cərimə borcunu hesablamamışdır, ekspert rəyində cərimə borcu ilə bağlı heç bir məlumat yoxdur. Belə ki, 30.04.2021-ci il tarixli 9/98 nömrəli ekspert rəyi üzrə ekspert tərəfindən təhqiqatın hansı metodlarla aparılması, ekspertizanın rəyinin düzgün olub-olmaması müəyyən edilməmişdir, ekspertiza keçirilən zaman kredit müqaviləsinin 2.5-ci bəndində nəzərdə tutulan cərimələri hesablamamışdır. Kredit müqaviləsinin bu bəndi ekspert tərəfindən nəzərə alınmayaraq yalnış nəticəyə gəlinmişdir, əgər kredit müqaviləsinin cərimələrlə bağlı bəndi nəzərə alınsaydı, silinmələr yalnızca əsas və faiz məbləğdən silinməyəcək və həmin məbləğlərdə azalma olmayacaqdı. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə görə, ekspertiza düzgün aparılmamış, cavabdeh tərəfindən edilmiş ödənişlər tərəflər arasında mövcud olan kredit müqaviləsi və ona əlavələrdəki müddəalara uyğun silinməmişdir. Odur ki, əlavə məhkəmə ekspertizasının keçirilməsinə ehtiyac yaranmış və bu barədə əlavə məhkəmə mühasibatlıq ekspertizasının təyin olunması barədə vəsatət verilsə də, məhkəmə həmin vəsatəti təmin etməmişdir. 268/13 nömrəli kredit müqaviləsinə 11 mart 2016-cı il tarixli 268/13/3 nömrəli əlavəni ekspert ekspertizanın təhqiqat hissəsində qeyd etsə də, nəticədə nəzərə almamışdır. Belə ki, qeyd edilən əlavə imzalanarkən tərəflər 268/13 nömrəli kredit müqaviləsi üzrə ümumi borc məbləğini 3.170.000 manat olaraq qəbul etmişlər. Həmin vaxt tərəflərin iradə ifadəsi ilə kredit müqaviləsi üzrə bütün faiz borcları sıfırlanmış, ümumi borc məbləği müəyyən edilərək, eyni şərtlərlə müddət bir il uzadılmışdır. Lakin, ekspertizanın təhqiqat hissəsindən müəyyən edilir ki, ekspert 24.06.2016-cı il tarixdə 1.869.278,38 manat pul vəsaitinin silinməsini 11 mart 2016-cı il tarixli 268/13/3 nömrəli əlavəni nəzərə almadan silmiş, yəni 11 mart 2016-cı il tarixdən əvvəlki dövrün faiz borclarını da silmişdir. Bu hal eynən 13 dekabr 2013-cü il tarixli 269/13 nömrəli kredit müqaviləsi üzrə də təkrarlanmışdır. Halbuki, 11 mart 2016-cı il tarixli 268/13/3 nömrəli əlavədən birmənalı olaraq görünürdü ki, tərəflər qalıq borcun məbləğini 3.170.000 manat olaraq razılaşdırmışlar. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili və nümayəndəsi öz şikayətlərini müdafiə edib, ona uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdən müəyyən olunur ki, tərəflər arasında bağlanmış: 12 dekabr 2013-cü il tarixli 268/13 nömrəli kredit müqaviləsinə əsasən, bank borc alana 12 ay müddətinə illik 16 faiz dərəcəsi ilə 3.470.000 manat məbləğdə kredit verməyi, borc alan isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kredtin məbləğini və ona hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür; 12 dekabr 2013-cü il tarixli 268/13 nömrəli kredit müqaviləsinə 12 dekabr 2014-cü il tarixli 268/13/1 nömrəli Əlavəyə əsasən 12 dekabr 2013-cü il tarixli 268/13 nömrəli kredit müqaviləsi üzrə cavabdehə verilmiş 3.470.000 manat məbləğdə kreditin qalıq 3.170.000 manatının ödəniş müddəti 12 dekabr 2013-cü il tarixli 268/13 nömrəli kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla, 12 dekabr 2015-ci il tarixədək uzadılmışdır; 12 dekabr 2013-cü il tarixli 268/13 nömrəli kredit müqaviləsinə 12 dekabr 2015-ci il tarixli 268/13/2 nömrəli Əlavəyə əsasən 12 dekabr 2013-cü il tarixli 268/13 nömrəli kredit müqaviləsi üzrə cavabdehə verilmiş 3.470.000 manat məbləğdə kreditin qalıq 3.170.000 manatının ödəniş müddəti 12 dekabr 2013-cü il tarixli 268/13 nömrəli kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla, 12 mart 2016-cı il tarixədək uzadılmışdır; 12 dekabr 2013-cü il tarixli 268/13 nömrəli kredit müqaviləsinə 11 mart 2016-cı il tarixli 268/13/3 nömrəli Əlavəyə əsasən 12 dekabr 2013-cü il tarixli 268/13 nömrəli kredit müqaviləsi üzrə cavabdehə verilmiş 3.470.000 manat məbləğdə kreditin qalıq 3.170.000 manatının ödəniş müddəti 12 dekabr 2013-cü il tarixli 268/13 nömrəli kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla, 11 mart 2017-ci il tarixədək uzadılmışdır; 12 dekabr 2013-cü il tarixli 268/13 nömrəli kredit müqaviləsinə 01 iyul 2016-cı il tarixli 268/13/3 nömrəli Əlavəyə əsasən 12 dekabr 2013-cü il tarixli 268/13 nömrəli kredit müqaviləsi üzrə cavabdehə verilmiş 3.470.000 manat məbləğdə kreditin illik faiz dərəcəsi 16%-dən 13%-ə endirilmişdir; 13 dekabr 2013-cü il tarixli 289/13 nömrəli kredit müqaviləsinə əsasən bank borc alana 12 ay müddətinə illik 16 faiz dərəcəsi ilə 321.600 manat məbləğdə kredit verməyi, borc alan isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kredtin məbləğini və ona hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür; 13 dekabr 2013-cü il tarixli 289/13/2 nömrəli kredit müqaviləsinə 13 dekabr 2015-ci il tarixli 289/13/2 nömrəli Əlavəyə əsasən 13 dekabr 2013-cü il tarixli 289/13 nömrəli kredit müqaviləsi üzrə cavabdehə verilmiş 321.600 manat məbləğdə kreditin qalıq 321.600 manatının ödəniş müddəti 13 dekabr 2013-cü il tarixli 289/13 nömrəli kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla, 13 mart 2016-cı il tarixədək uzadılmışdır; 13 dekabr 2013-cü il tarixli 289/13 nömrəli kredit müqaviləsinə 11 mart 2016-cı il tarixli 289/13/3 nömrəli Əlavəyə əsasən 13 dekabr 2013-cü il tarixli 289/13 nömrəli kredit müqaviləsi üzrə cavabdehə verilmiş 321.600 manat məbləğdə kreditin qalıq 321.600 manatının ödəniş müddəti 13 dekabr 2013-cü il tarixli 289/13 nömrəli kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla, 11 mart 2017-ci il tarixədək uzadılmışdır; 13 dekabr 2013-cü il tarixli 289/13 nömrəli kredit müqaviləsinə 01 iyul 2016-cı il tarixli 289/13/4 nömrəli Əlavəyə əsasən 13 dekabr 2013-cü il tarixli 289/13 nömrəli kredit müqaviləsi üzrə cavabdehə verilmiş 321.600 manat məbləğdə kreditin illik faiz dərəcəsi 16%-dən 13%-ə endirilmişdir. 08.10.2019-cu il tarixli **********987 nömrəli maliyyə arayışına görə, cavabdehin 13 dekabr 2013-cü il tarixli 289/13 nömrəli kredit müqaviləsi üzrə iddiaçıya 30 sentyabr 2019cu il tarixə əsas borcu 278.497 manat, müqavilə müddəti üçün hesablanmış faiz borcu 34.695,51 manat, borcun gecikdirildiyinə görə hesablanmış cərimə 101.359,24 manat, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanan illik faiz dərəcəsi 35.546,92 manat olmaqla, cəmi 450.098,67 manat təşkil edir. 15.10.2019-cu il tarixli **********209 nömrəli maliyyə arayışına əsasən, cavabdehin 12 dekabr 2013-cü il tarixli 268/13 nömrəli kredit müqaviləsi üzrə iddiaçıya 30 sentyabr 2019-cu il tarixə əsas borcu 2.146.795,84 manat, müqavilə müddəti üçün hesablanmış faiz borcu 234.418,16 manat, borcun gecikdirildiyinə görə hesablanmış cərimə 679.878,17 manat, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanan illik faiz dərəcəsi 27.4018,23 manat olmaqla, cəmi 3.335.110,4 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30.04.2021-ci il tarixli 9/98 nömrəli ekspert rəyində qeyd olunur ki, cavabdehin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 12 dekabr 2013-cü il tarixli 268/13 nömrəli kredit müqaviləsi, həmin müqavilə üzrə razılaşdırılmış 12 dekabr 2013-cü il tarixli 268/13/1 nömrəli, 12 dekabr 2015-ci il tarixli 268/13/2 nömrəli, 11 mart 2016-cı il tarixli 268/13/3 nömrəli və 01 iyul 2016-cı il il tarixli 268/13/3 nömrəli əlavələrin şərtləri nəzərə alınmaqla cavabdehin 11.03.2017-ci il tarixə (kreditin müddətinin bitmə tarixi) banka olan əsas və faiz borcu 2.292.238,51 manat məbləğdə, 11.03.2017-ci il tarixdən (kreditin müddətinin bitmə tarixi) 30.09.2019-cu il tarixə (maliyyə arayışında göstərilən tarixədək) faiz borcu illik 5%-lə hesablanmaqla, 2.494.148,86 manat məbləğdə və 11.03.2017-ci il tarixdən (kreditin müddətinin bitmə tarixi) 17.12.2019-cu il tarixə (sualda göstərilən tarixədək) faiz borcu illik 5%-lə hesablanmaqla, 2.515.113,39 manat məbləğdə borcu müəyyən edilir, o cümlədən: 1) 11.03.2017-ci il tarixə əsas borc üzrə 2.096.453,09 manat, faiz borcu üzrə 195.785,42 manat, 2) 30.09.2019-cu il tarixə əsas borc üzrə 2.096.453,09 manat, faiz borcu üzrə 397.695,77 manat, 3) 17.12.2019-cu il tarixə əsas borc üzrə 2.096.453,09 manat, faiz borcu üzrə 397.695,77 manat məbləğdə müəyyən edilir. Cavabdehin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 13 dekabr 2013-cü il tarixli 289/13 nömrəli kredit müqaviləsi, həmin müqavilə üzrə razılaşdırılmış 13 dekabr 2015-ci il tarixli 289/13/2 nömrəli, 11 mart 2016-cı il tarixli 289/13/3 nömrəli və 01 iyul 2016-cı il il tarixli 289/13/ nömrəli əlavələrin şərtləri nəzərə alınmaqla, cavabdehin 11.03.2017-ci il tarixə (kreditin müddətinin bitmə tarixi) banka olan əsas və faiz borcu 345.995,81 manat məbləğdə, 11.03.2017-ci il tarixdən (kreditin müddətinin bitmə tarixi) 30.09.2019-cu il tarixə (maliyyə arayışında göstərilən tarixədək) faiz borcu illik 5%-lə hesablanmaqla, 342.882,21 manat məbləğdə və 11.03.2017-ci il tarixdən (kreditin müddətinin bitmə tarixi) 17.12.2019-cu il tarixə (sualda göstərilən tarixədək) faiz borcu illik 5%-lə hesablanmaqla, 345.615,62 manat məbləğdə borcu müəyyən edilir, o cümlədən: 11.03.2017-ci il tarixə əsas borc üzrə 316.443,51 manat, faiz borcu üzrə 29.552,31 manat; 30.09.2019-cu il tarixə əsas borc üzrə 273.340,51 manat, faiz borcu üzrə 69.541,71 manat; sualda qeyd edilən 17.12.2019-cu il tarixə əsas borc üzrə 273.340,51 manat, faiz borcu üzrə 72.275,11 manat məbləğdə müəyyən edilir. İddiaçı ASC (borc verən) ilə Cavabdeh MMC (borc alan) arasında 12 dekabr 2013-cü il tarixli 268/13 nömrəli kredit müqaviləsi və 13 dekabr 2013-cü il tarixli 289/13 nömrəli kredit müqaviləsi üzrə təqdim edilmiş çıxarış məlumatlarına əsasən kredit ödənişlərinin gecikdirilməsinə görə bank tərəfindən cərimə hesablanmamışdır. Göstərilən səbəblərdən hazırkı tədqiqatla kredit müqavilələri üzrə cərimə hesablanmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.7-ci maddəsinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.12.2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə göstərilmişdir ki, “... kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.” Beləliklə, işin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, tərəflər arasında bağlanmış kredit müqavilələri əsasında cavabdehə kredit verilmiş, sonradan həmin müqavilələrə əlavələr edilmiş, iddiaçı göstərilən müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh kredit məbləğləri və kredit üzrə hesablanmış faizləri müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya tam qaytarmamış, bununla kredit müqavilələri üzrə öhdəliklərini pozmuş, nəticədə iddiaçıya borcu yaranmışdır. Belə ki, iddiaçı 12.12.2013-cü il tarixli 268/13 nömrəli kredit müqaviləsi üzrə 2.146.795,84 manat əsas, 13.12.2013-cü il tarixli 289/13 nömrəli kredit müqaviləsi üzrə isə 278.497 manat əsas borc məbləğinin cavabdehdən tutulmasını xahiş etmiş, ekspert rəyi ilə cavabdehin 12.12.2013-cü il tarixli 268/13 nömrəli kredit müqaviləsinə əsasən iddiaçıya olan əsas borcu 2.096.453,09 manat, 13.12.2013-cü il tarixli 289/13 nömrəli kredit müqaviləsi üzrə 273.340,51 manat müəyyən edildiyi üçün, birinci instansiya məhkəməsi tərəfindən hər iki müqaviləyə münasibətdə iddianın əsas borcun tutulması hissəsində qismən (ekspert rəyində göstərilən məbləğdə) təmin olunması doğru olmuşdur. Eyni qaydada, iddiaçı 12.12.2013-cü il tarixli 268/13 nömrəli kredit müqaviləsi üzrə 234.418,16 manat, 13.12.2013-cü il tarixli 289/13 nömrəli kredit müqaviləsi üzrə 34.695,51 manat məbləğdə faiz borcunun cavabdehdən tutulmasını xahiş etmiş, ekspert rəyi ilə cavabdehin 12.12.2013-cü il tarixli 268/13 nömrəli kredit müqaviləsinə əsasən iddiaçıya olan faiz borcu 1.957.85,42 manat, 13.12.2013-cü il tarixli 289/13 nömrəli kredit müqaviləsi üzrə 29.552,31 manat müəyyən edildiyi üçün, birinci instansiya məhkəməsinin hər iki müqaviləyə münasibətdə iddianın faiz borcunun tutulması hissədə qismən (ekspert rəyində göstərilən məbləğdə) təmin etməsi düzgün olmuşdur. Həmçinin, iddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən illik 5% olaraq 12.12.2013-cü il tarixli 268/13 nömrəli kredit müqaviləsi üzrə 274.018,23 manat, 13.12.2013-cü il tarixli 289/13 nömrəli kredit müqaviləsi üzrə 35.546,92 manat məbləğdə faiz borcunun cavabdehdən tutulmasını xahiş etmiş, baxmayaraq ki, ekspert rəyi ilə cavabdehin 12.12.2013-cü il tarixli 268/13 nömrəli kredit müqaviləsinə əsasən iddiaçıya olan həmin faiz borcu 2.494.148,86 manat, 13.12.2013-cü il tarixli 289/13 nömrəli kredit müqaviləsi üzrə 342.882,21 manat müəyyən edilmişdir, birinci instansiya məhkəməsinin hər iki müqaviləyə münasibətdə iddianı illik 5% faiz borcunun tutulması hissədə iddia ilə tələb edilən həddə tam təmin etməsi də (müvafiq olraq 274.018,23 manat və 35.546,92 manat məbləğlərdə) düzgün olmuşdur. Habelə, iddiaçı 12.12.2013-cü il tarixli 268/13 nömrəli kredit müqaviləsi üzrə 679.878,17 manat, 13.12.2013-cü il tarixli 289/13 nömrəli kredit müqaviləsi üzrə 101.359,24 manat məbləğdə cərimənin tutulması tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kredit müqavilələri üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, iddiaçının cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməsi əsaslıdır. Lakin Mülki Məcəllənin 467-ci maddəsinə görə, “Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.” Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı əmlak mənafelərini nəzərə alan birinci instansiya məhkəməsinin tutulması tələb olunan dəbbə pulunu azaldaraq 12.12.2013-cü il tarixli 268/13 nömrəli kredit müqaviləsi üzrə 50.000 manat, 13.12.2013-cü il tarixli 289/13 nömrəli kredit müqaviləsi üzrə 12.000 manat məbləğdə müəyyən etməsi də ağlabatan və ədalətli olmuşdur. İşin yuxarıda qeyd olunan bütün hallarını nəzərə alan məhkəmə kollegiyası hər iki apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyası əvvəlcə iddiaçının apellyasiya şikayətinə münasibətdə bildirir ki, şikayətin cərimə borcunun hesablanması sual kimi qoyulduğu halda ekspertin cərimə borcunu hesablamaması barədə dəlili əsassızdır. Belə ki, ekspert rəyində cərimə borcu ilə bağlı heç bir məlumat olmasa da, məhkəmə qətnaməsi ilə cavabdehdən cərimənin tutulması tələbinə hüquqi qiymət verilmiş və ağlabatan məbləğ tututmuşdur. Cavabdehin də apellyasiya şikayətinin əlavə məhkəmə mühasibatlıq ekspertizasının təyin olunması barədə vəsatət verilsə də, məhkəmənin həmin vəsatəti təmin etməməsinə dair dəlili əsaslı deyil. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin 30.04.2021-ci il tarixli 9/98 nömrəli ekspert rəyindən əvvəl birinci instansiya məhkəməsi tərəfindən eyni Mərkəzin 16.11.2020-ci il tarixli 9/2825 nömrəli ekspert rəyi də alınmış və hər iki rəylə gəlinən nəticə və məbləğlər eyni olmuşdur. Bu əsasla məhkəmə kollegiyası da cavabdehin yeni ekspert rəyinin alınması barədə vəsatətini təmin etməmişdir. Belə ki, hər iki rəy, aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyi üçün, mötəbər sübut kimi qəbul edilir. MPM-in 103.1-ci maddəsinə əsasən isə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Cavabdehin apellyasiya şikayətinin 268/13 nömrəli kredit müqaviləsinə 11 mart 2016-cı il tarixli 268/13/3 nömrəli əlavə ilə 268/13 nömrəli kredit müqaviləsi üzrə bütün faiz borclarının sıfırlanması barədə dəlili də əsassızdır. Belə ki, işin 69-cu vərəqində olan həmin 11 mart 2016-cı il tarixli 268/13/3 nömrəli əlavədən görünür ki, sözügedən razılaşmada heç bir sıfırlanmadan bəhs olunmur. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-80/2021 nömrəli iş üzrə 08 iyun 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və Cavabdeh MTK-nın apellyasiya şikayətləri təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətdə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-2(103)-966/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-966/2021
06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver