Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-972/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh "xxxx" MMC-yə qarşı “cavabdeh tərəfindən ipoteka predmetləri olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Rəşid Behbudov küçəsi, döngə 1/5 ünvanda yerləşən 1.0 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1034.83 kv.m olan əmlak kompleksinin satılması ilə bağlı keçirilmiş hərracın yekunlarına dair xx.xx.2020-ci il tarixli Y-49/4 saylı protokolun imzalanmış hesab edilməsi” tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3949/2023 saylı, 21 sentyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ipoteka predmetləri olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Rəşid Behbudov küçəsi, döngə 1/5 ünvanda yerləşən 1.0 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1034.83 kv.m olan əmlak kompleksinin satılması ilə bağlı keçirilmiş hərracın yekunlarına dair xx.xx.2020-ci il tarixli Y-49/4 saylı protokolun imzalanmış hesab edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3949/2023 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçı şikayətlə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3949/2023 qərardadının ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023- ci il tarixli, e-2-2(113)-3949/2023 saylı qərardadı qanunsuz və əsassız olduğuna görə, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədən qəbul edildiyindən ləğv edilməli, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Bakı Kommersiya Məhkəməsi kommersiya işi üzrə icraata xitam verməklə iddiaçının pozulmuş hüquqlarının məhkəmə vasitəsilə bərpa etməsinə mane olmuşdur. Bakı Kommersiya Məhkəməsi kommersiya işi üzrə icraata xitam verilməsinin əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə istinad etmişdir. Lakin, həmin qanunvericilik norması məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir. Belə ki, müvafiq maddəyə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Lakin hazırki kommersiya işi üzrə iddia tələbinin predmeti və əsası eyni olmadığından məhkəmə tərəfindən istinad edilmiş norma yanlışdır. Belə ki, iddia tələbinin predmeti hərrac protokolunun etibarlılığının və ya qanuniliyinin yoxlanılması deyil, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları tərəfindən qəbul olunmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 dekabr 2022-ci il tarixli, 04/2022 saylı qərardadında qeyd olunmuş hüquqi mövqeyə əsasən protokolun imzalanmış hesab edilməsi olmuşdur. Həmin qərara əsasən, ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair “hərrac protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında” iddia qaldıra bilər. Lakin Bakı Kommersiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları tərəfindən qəbul olunmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 dekabr 2022-ci il tarixli, 04/2022 saylı qərardadında qeyd olunmuş hüquqi mövqe nəzərə alınmayaraq əsassız formada iş üzrə icraata xitam vermişdir. Bankın hazırki iddia tələbinin predmeti hərrac protokolunun etibarlılığının və ya qanuniliyinin yoxlanılması deyil, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları tərəfindən qəbul olunmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 dekabr 2022-ci il tarixli, 04/2022 saylı qərardadında qeyd olunmuş hüquqi mövqeyə əsasən protokolun imzalanmış hesab edilməsi olmuşdur. Həmin qərara əsasən, ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair “Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında” iddia qaldıra bilər. Belə ki, həmin qərarda da qeyd olunur ki, ipoteka saxlayan öz etirazlarını bildirdikdə məhkəmə bu Qərardadın 24-cü bəndində göstərilən qiymətləndirmə ilə kifayətlənməyərək, hərracın qanuniliyini etirazın dəlilləri baxımından yoxlamalı və hərracın qanunvericiliyə zidd şəkildə keçirildiyi öz təsdiqini tapdığı halda, ipotekaya xitamın verilməsi tələbinə dair iddianı təmin etməməlidir. Məhkəmə təcrübəsində ipoteka saxlayanın əmlakın əldə edilməsi ilə bağlı ipoteka haqqında qanunvericilikdə müəyyən edilmiş 30 təqvim günü ərzində onun iradəsindən asılı olmayan səbəblərdən (hərrac təşkilatının protokolu imzalamaqdan yayınması və ya imtina etməsi) hərrac protokolunun imzalanmaması hallarına rast gəlinir. Hərrac təşkilatçısının hərrac protokolunu imzalamaqdan imtinasının hüquqi nəticələri və hərracın qalibi elan olunmuş tərəfin hüquqi müdafiə vasitələri Mülki Məcəllənin 415.5 və 415.7-ci maddələrində nəzərdə tutulsa da, “İpoteka haqqında” Qanunda hərrac təşkilatçısının ipoteka saxlayanın təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməsinə dair protokolu imzalanmasından imtinasının və ya yayınmasının hüquqi nəticələri ilə bağlı xüsusi qayda müəyyən edilməmişdir. Bu baxımdan qeyd olunmalıdır ki, təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsinin qanuni əsası kimi çıxış etdiyindən, hərrac təşkilatının protokolu imzalamaqdan əsassız imtina etməsi və yaxud yayınması zamanı da ipoteka saxlayana onun pozulmuş hüququnun real bərpası imkanı tanınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, belə hallarda ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair “Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında” iddia qaldıra bilər. İşin hallarından da görünür ki, qanunverciliyin müddəaları pozularaq "xxxx" MMC tərəfindən hərrac protokolu rəsmi olaraq ipoteka saxlayana təqdim edilməmişdir. Belə ki, əgər "xxxx" MMC tərəfindən hərracın yekunlarına dair protokolun imzalanmasına dair bankın nümayəndəsinin etibarnaməsinin olmadığı müəyyən olunmuşdusa, bu barədə ipoteka saxlayana rəsmi qaydada müracət etməli və protokolun səlahiyyətli şəxs tərəfindən imzalanması üçün ipoteka saxlayana göndərməli idi. Lakin "xxxx" MMC yalnız Bankın etibarnaməsi olmayan nümayəndəsinin protokolu imzalanması ilə kifayətlənmiş və bununla bağlı hər hansı iradını və ya müraciətini ipoteka saxlayana etməmişdir. Bununla da hərrac təşkilatı tərəfindən ipoteka saxlayan kimi qanunvericiliklə müəyyən edilmiş hüquqları kobud şəkildə pozularaq ipoteka predmetinin əldə edilməsi məhdudlaşdırılmışdır. Nəticə etibari ilə hərrac təşkilatı hərrac protokolunun imzalanmasından və ipoteka saxlayan üçün hüquqi nəticə doğurmasıdan faktiki olaraq yayınmışdır. Bu səbəbdən də hesab edir ki, Bakı Kommersiya Məhkəməsi iddiaçının “hərrac protokolunun imzalanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsinə qanunvericiliyin tələbinə müvafiq olaraq baxmalı idi. Bakı Kommersiya Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(006)-208/2022 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan qəsəbəsi, Quşçuluq yaşayış massivi, Rəşid Behbudov küçəsi, döngə 1/5 ünvanında yerləşən ümumi sahəsi 1.0 ha olan torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1034.83 kv.m olan əmlak kompleksi kimi müəssisənə dair X2, "xxxx" MMC və X1 ilə QSC “Standart Bank” KB arasında bağlanmış ipoteka müqaviləsinə xitam verilmiş, ipoteka predmeti ipotekadan azad edilmiş və dövlət reyestrində qeydə alınmış yüklülüyü ləğv edilmiş, həmçinin əmlakın üzərindəki məhdudiyyət götürülmüşdür. Qətnamə qanuni qüvvəyə minmişdir. Həmin qətnamədən müəyyən olunur ki, ipoteka predmeti alqı-satqısına dair müqavilə Bankın möhürü ilə təsdiq edilməmişdir, eyni zamanda Bankın adından müqaviləni imzalayan Ağabalayev.B.O adlı şəxsin həmin müqaviləni imzalamaq səlahiyyətinə malik olmasına dair sənəd "xxxx" MMC tərəfindən təqdim edilmiş sənədlərdə müəyyən olunmamış, eyni zamanda həmin sənədin cavabdehlərdən tələb olunmasına baxmayaraq, məhkəməyə təqdim edilməmişdir. Hazırda iddiaçı hərracın yekunları barədə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, Y-49/4 nömrəli Protokolun imzalanmış hesab olunmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən hakim iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa xitam verir. Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki, əksinə olaraq, hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir. Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə xx.xx.2020-ci il tarixli, Y-49/4 nömrəli protokol etibarlı hesab edilməmiş və digər əsaslarla yanaşı məhz elə buna görə ipoteka müqaviləsinə xitam verilmiş, ipoteka predmeti ipotekadan azad edilmiş və dövlət reyestrində qeydə alınmış yüklülüyü ləğv edilmiş, həmçinin əmlakın üzərindəki məhdudiyyət götürülmüşdür. İddiaçı hazırki iddiasında artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə hüquqi qiymət verilmiş xx.xx.2020-ci il tarixli, Y-49/4 nömrəli Protokolu mübahisələndirdiyindən (imzalanmış hesab olunması) birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Bu mənada, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iş üzrə icraata xitam verilməsi nəticəsinə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3949/2023 saylı, 21 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-2(103)-972/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-972/2023
07.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver