Məhkəmə qərarları › İş №2-2(103)-973/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-973/2022

21.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-973/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1147/2022 nömrəli iş üzrə 19 avqust 2022-ci il tarixli qərardadından cavabdehin apellyasiyasının mümkünlüyünü yoxlayaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc üzrə ƏDV daxil 2.986,48 manat, ödənilmiş 60 manat dövlət rüsumu, cəmi 3.046,48 manat məbləğin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti, qanunla müəyyən edilmiş formada verilmədiyi üçün, xx.xx.2022-ci il tarixli qərardadı ilə, müddət ötürülməklə verildiyi üçün, qaytarılmışdır. Bundan sonra cavabdeh qətnamədən yenidən apellyasiya şikayəti və ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardadla razılaşmayan cavabdeh ondan şikayət verərək, ləğv edilib, müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət, qanunla müəyyən edilmiş formada verilmədiyi üçün, qaytarılmışdır. Qərardadla razılaşmayan cavabdeh ondan şikayət verərək, ləğv edilib, qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət, qanunla müəyyən edilmiş formada verilmədiyi üçün, qaytarılmışdır. xx.xx.2022-ci il tarixdə cavabdeh xx.xx.2022-ci il tarixli qərardaddan şikayət verərək, ləğv edilib, qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiyanın mümkünlüyünü Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə yoxlayaraq, aşağıdakıları qeyd edir. MPM-in 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İşdən müəyyən olunur ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı xx.xx.2022-ci il tarixdə Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilməklə ona çatdırılmış, sonuncu tərəfindən tərtib olunmuş hazırkı şikayət isə elektron kabinet vasitəsilə xx.xx.2022-ci il tarixdə göndərilmiş, bununla da qərardaddan şikayət verilməsi üçün qanunla nəzərdə tutulan 10 günlük prosessual müddət ötürülmüşdür. MPM-in 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır. İş üzrə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdir. MPM-in 363.1.3-cü maddəsinə görə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin birinci instansiya məhkəməsi qanunun sözügedən imperativ göstərişlərini diqqətə almamış, müəyyən olunmuş müddət keçdikdən sonra verilmiş şikayəti qaytarmalı olduğu halda, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-in 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət, mülki prosessual qanunvericiliyin müddətlə bağlı tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1147/2022 nömrəli iş üzrə 19 avqust 2022-ci il tarixli qərardadından Cavabdeh apellyasiyası qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar