Məhkəmə qərarları › İş №2-2(103)-975/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-975/2025

07.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-975/2025 07.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və “Fermina MMC”-yə qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: kredit müqaviləsi, əsas, faiz, cərimə borcu) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 sədrliyi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Bağırova Zenfira Qabil qızının katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-688/2025 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixdə onGTC- 90000514LE/2019 saylı Bank xidmətlərinin göstərilməsinə dair Ümumi Şərtlər Toplusunun xx.xx.2023-cü il tarixli 1.0.6 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə razılaşma imzalanmışdır.

2. Həmin razılaşmanın 1-ci bəndinə əsasən bu razılaşmanı imzalamaqla, Cavabdeh2 MMC Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun Bankın rəsmi internet səhifəsində https://www.pashabank.az/gsa_addendum/lang,az/ linki üzrə yerləşdirilən xx.xx.2023-ci il tarixli 1.0.6 nömrəli versiyasının (bundan sonra "əlivaqüM" adlandırılacaq) şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, Müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər vəya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul edir.

3. Razılaşmanın 2-ci bəndinə əsasən müştəri özü/hüquqi şəxs olduqda onun adından imzalayan şəxs "ASAN Finans" sistemi vasitəsilə şəxsiyyət vəsiqəsi və iş yeri üzrə müəyyən olunan məlumatların Banka təqdim olunmasına özü tərəfindən razılıq geri götürülmədiyi təqdirdə, Bank ilə Müqavilə münasibətlərinə xitam verilənə və/və ya onun qarşısındakı öhdəlikləri tam icra olunan müddətədək təqdim olunmasına razılıq verir.

4. https://www.pashabank.az/gsa_addendum/lang,az/ internet ünvanında yerləşən Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2023-cü il tarixli 1.0.6 nömrəli versiyasının İV – Kredit (maliyyələşdirmə) bölməsinin 5.2.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və/və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər.

5. Tərəflər arasında Ümumi Şərtlər Toplusu çərçivəsində aşağıdakı maliyyələşdirmə üçün ərizələr imzalanmışdır: - DC90000514-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 22.633 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir; - DC90000514-11 saylı Maliyyələşdirmə üçün ərizə üzrə Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 25000 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir; - DC90000514-13 saylı Maliyyələşdirmə üçün ərizə üzrə Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 22.893 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir.

6. DC90000514-03 saylı Maliyyələşdirmə üçün ərizə üzrə borcalanın bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank ilə Cavabdeh1 oğlu arasında xx.xx.2022-ci il tarixli DG**********515 saylı, DC90000514-11 saylı Maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2023-cü il tarixli DG**********344 saylı, DC90000514-13 saylı Maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2023-cü il tarixli DG**********400 saylı zaminlik müqavilələri bağlanmışdır.

7. Razılaşma və maliyyələşdirmə üzrə ərizələri Fermina MMC-nin qanuni təmsilçisi Cavabdeh1 elektron imza (ASAN imza S/N **********9********) ilə, zaminlik müqavilələrini isə Cavabdeh1 şəxsən öz adından əl imzası ilə imzalamışdır.

8. 24.09.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 MMC-nin xx.xx.2024cü il tarixə "xxxx" ASC qarşısında kredit üzrə öhdəlikləri aşağıdakı kimidir: DC90000514- 11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 11,285.59 manat əsas borc, 228.94 manat faiz borcu, 7.68 manat cərimə borcu olmaqla, cəmi 11,522.21 manat təşkil edir, gecikmə günü: 43; DC90000514-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4,260.79 manat əsas borc, 138.84 manat faiz borcu, 27.89 manat cərimə borcu olmaqla, cəmi 4,427.52 manat təşkil edir, gecikmə günü: 48; DC90000514-13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 18,449.24 manat əsas borc, 237.06 manat faiz borcu, 3.98 manat cərimə borcu olmaqla, cəmi 18,690.28 manat təşkil edir, gecikmə günü: 61.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/9752 saylı rəyinə əsasən: - xx.xx.2022-ci il tarixli DC9000Q514-03 saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı) üzrə maliyyə arayışında göstərilən xx.xx.2024-cü il tarixinə əsas borc - 4213,23 manat, faiz borcu - 135.29 manat; iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2024-cü il tarixə əsas borc - 4213,23 manat, faiz borcu 234,77 manat; - xx.xx.2023-cü il tarixli DC90000514-11 saylı maliyyələşdirmə üçün ərizə üzrə maliyyə arayışında göstərilən xx.xx.2024-cü il tarixinə əsas borc - 11294,81 manat, faiz borcu - 208,01 manat; iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2024-cü il tarixə əsas borc - 11294,81 manat, faiz borcu - 474,70 manat; - xx.xx.2023- cü il tarixli DC90000514-13 saylı maliyyələşdirmə üçün ərizə üzrə maliyyə arayışında göstərilən xx.xx.2024-cü il tarixinə əsas borc -18607,90 manat, faiz borcu - 43,94 manat; iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2024-cü il tarixə əsas borc - 18065,00 manat, faiz borcu - 85,31 manat müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

10. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 oğlundan birgə qaydada DC90000514-11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 11,285.59 manat əsas borc, 228.94 manat faiz borcu, 7.68 manat cərimə borcu olmaqla, cəmi 11,522.21 manat məbləğində borcun; DC90000514-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4,260.79 manat əsas borc, 138.84 manat faiz borcu, 27.89 manat cərimə borcu olmaqla, cəmi 4,427.52 manat məbləğində borcun; DC90000514-13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 18,449.24 manat əsas borc, 237.06 manat faiz borcu, 3.98 manat cərimə borcu olmaqla, cəmi 18,690.28 manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 193.92 manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia ərizəsi yuxarıda sadalanan (§ 1-8) sənədlərə istinad olunaraq göstərilmişdir ki, borcalan Cavabdeh2 MMC-nin kredit razılaşmaları üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyindən Bank tərəfindən borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. İddiaçı İddiaçı ASC iddia ərizəsinin məhkəməyə verilməsi üçün 193.92 manat dövlət rüsumu ödəmişdir. Belə ki, tərəflər arasında imzalanmış ümumi şərtlər toplusunun 4-cü bölməsinin 5.2.1-ci bəndinə əsasən bu Müqavilə çərçivəsində kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (çü) aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və/və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölməsinin 3.8-ci bəndinə əsasən müştərinin Bank qarşısında mövcud pul öhdəlikləri ilə bağlı Banka edilən hər hansı bir ödəniş ilkin olaraq cərimə(peniya) faizlərinin, sonra kredit faizlərinin və son olaraq əsas borc öhdəliyinin silinməsinə yönəldilir. Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və əmridşələyyilaM“ üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə əmridşələyyilaM“ üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır.

12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-688/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 oğlundan müştərək qaydada DC90000514-11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 11.285,59 manat əsas borc, 208,01 manat faiz borcu, 7,68 manat dəbbə pulu, DC90000514-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4213,23 manat əsas borc, 135,29 manat faiz borcu, 27,89 manat dəbbə pulu; - DC90000514-13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 18065 manat əsas borc, 85,31 manat faiz borcu, 3,98 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 193,92 manat tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Qalan hissədə iddia rədd edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçının maliyyə arayışında göstərilən tarixlərə yaranmış borc tutularkən DC90000514-11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc ekspert rəyində daha yuxarı müəyyən edildiyi üçün iddia tələbinə uyğun, faiz borcu ekspert rəyində daha aşağı həddə müəyyən edildiyi üçün rəyə uyğun, DC9000Q514-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas və faiz borcu isə ekspert rəyi daha aşağı həddə müəyyən etdiyi üçün rəyə uyğun, DC90000514-13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc və faiz borcu ekspert rəyində iddia ərizəsinin verildiyi tarixə daha aşağı həddə müəyyən etdiyi üçün rəyə uyğun müəyyən edilərək cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə tələb olunan dəbbə pullarının əsas borc məbləğlərinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulları tənasübsüz şəkildə yüksək olmadığına görə DC90000514-11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 7,68 manat, DC9000Q514-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 27,89 manatı, DC90000514-13 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 3,98 manat məbləğində dəbbə pulları cavabdehlərdən tutulmalıdır.

14. İddiaçı ASC həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-688/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin DC90000514-03 və DC90000514-13 saylı kredit müqavilələri üzrə əsas və faiz borcunun tutulmasının təmin edilməyən hissəsində, DC90000514-11 saylı kredit müqaviləsi üzrə faiz borcunun tutulmasının təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbi üzrə tələblərinin həmin hissədə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı mübahisədə cavabdehin müqavilə üzrə yaranmış əsas və faiz borcu məbləğinin müəyyən edilməsi zamanı işin halları ətraflı araşdırılmamışdır. Əlavə olaraq məhkəmə tərəfindən işin faktiki halları ninəlivaqüm) şərtləri) araşdırılmadan əsas və faiz məbləği əsassız surətdə düzgün müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, iş üzrə təyin edilmiş ekspert rəyi tərəflərindən məqbul hesab edilməmişdir. Belə ki, ekspert tərəfindən Mülki Məcəllənin və tərəflər arasında əldə edilmiş razılığın şərtləri pozulmaqla rəy verilmişdir. Ekspert rəyi ilə hesabdan çıxarışda öz əksini tapan ödənişlər arasındakı fərqlər müəyyən edilmişdir. Buna görə təkrar mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatət verilmiş, lakin məhkəmə həmin vəsatəti təmin etməmişdir. Beləliklə məhkəmə əlavə araşdırmaya lüzum görmədən qətnamə qəbul etməyi üstün tutmuşdur. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-688/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə vəsatətlərin formal tərtib edildiyini və rəylə iddia tələbi arasında kəskin fərq olmadığını əsas gətirilərək təmin edilməmişdir. Bu isə özlüyündə qanunvericiliyin tələbinə ziddir. Məhkəmə müqavilə şərtlərinə uyğun olmayan düzgün hesablanmayan ekspert rəyini iş üzrə sübut kimi qiymətləndirmiş, ekspert rəyinə əsaslanaraq qətnamə qəbul etmişdir. Müqavilənin şərtinə uyğun olaraq DC90000514-11 saylı kredit müqaviləsinə əsasən 228.94 manat faiz borcu, DC90000514-03 saylı kredit müqaviləsinə əsasən 4,260.79 manat əsas, 138.84 manat faiz, DC90000514-13 saylı kredit müqaviləsinə əsasən 18,449.24 manat əsas, 237.06 manat faiz borcu təmin edilməli idi.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Cavabdehlər tərəfindən apelyasiya şikayətinə yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

17. Cavabdehlər və iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

18. 30.09.2025-ci il tarixli məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin eidlməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş), borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, qətnamə iddiaçı tərəfindən əsas və faiz borcunun təmin edilməyən hissəsində mübahisələndirilmişdir. Cavabdehlər tərəfindən qətnamə mübahisələndirilməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası qətnamənin əsaslılığını apellyasiya şikayətinə müvafiq olaraq əsas və faiz borcunun tutulması tələblərinin rədd edildiyi hissələrdə yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

25. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında kredit verilməsi barədə razılaşma olmuş, həmin razılaşma şərtlərinə uyğun olaraq Cavabdeh2 MMC-yə DC90000514-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 22.633 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. DC90000514-11 saylı maliyyələşdirmə üçün ərizə üzrə iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 25000 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. DC90000514-13 saylı maliyyələşdirmə üçün ərizə üzrə iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 22.893 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. Öhdəliyin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə digər Cavabdeh1 arasında zaminlik müqavilələri bağlanaraq öhdəliyin icrası üçün zaminin borclu ilə birgə məsuliyyəti müəyyən edilmişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, Cavabdeh2 MMC aldığı kreditin və ona hesablanmış faizlərin qaytarılması üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılarkən mübahisəli kredit müqavilələri üzrə cavabdehin iddiaçıya əsas və faiz borcunun məbləğlərinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və qətnamədə əsas və faiz borclarının ekspert tərəfindən müəyyən edilmiş qaydada tutulması qət edilmişdir.

27. İddiaçı ekspert rəyi ilə razılaşmasa da nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı ekspertin rəyinin mötəbərliyini şübhə altına sala biləcək dəlillər irəli sürməmişdir.

28. İddiaçının və ya cavabdehin özünün apardığı hesablamanın ekspertin hesablamasından fərqli olması ekspertin rəyinin mötəbər sübut kimi qəbul edilməsindən imtina üçün əsas ola bilməz.

29. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı mübahisə üzrə əsas və faiz borclarının ekspert rəyinə uyğun olaraq və iddia tələbi həddində müəyyənləşdirməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirlməsi üçün əsas təşkil etmir.

30. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

31. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və iddianın mübahisələndirilən hissəsi on min manatdan az olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilməsinə yol verilmir

32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-688/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Tural Qocayev

Hakimlər: Səməd Cəfərov

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar