Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-976/2021 06.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil3 iştirakı ilə icarə haqqının ödənilməsi və sair tələblərə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2000/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdehin apellyasiyalarına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən 2020-ci ilin iyun, iyul, avqust və noyabr aylarının əsas icarə haqqı 12.175,92 manat, kommunal xərclərin cəmi 7,37 manat, öhdəliklərinin yerinə yetirilməsinin gecikdirilməsinə görə 6.184,24 manat dəbbə pulunun, 1.200 manat vəkil xərclərinin, 30 manat dövlət rüsumu olmaqla, cəmi 19.597,53 manat pulun tutularaq ona ödənilməsi və dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 16.06.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən əsas icarə haqqı 8.638,38 manat, kommunal xərclərə görə 7,37 manat, 500 manat dəbbə pulu, 400 manat vəkil xərci, ümumilikdə 9.545,75 manat məbləğdə pulun və 20 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia verilərkən ödənilmiş dövlət rüsumunun 10 manat hissəsi iddiaçıya aid edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamənin əsaslarına görə, “Məhkəmə ölkə ərazisində həmin dövrdə sərt karantin rejiminin tətbiq edildiyini, cavabdehin, o cümlədən subicarəçi Azərbaycan Notariat Palatasının faəliyyətinə Nazirlər Kabinetinin həmin Qərarına əsasən icazə verilmədiyini, adıçəkilən Qərarda göstərilən şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə müstəsna hallarda yol verildiyini, tərəflər arasında bağlanmış 15.01.2020-ci il tarixli icarə müqaviləsinin 10.1-ci bəndində tərəflərin onların iradəsindən asılı olmayan və bu Müqavilə qüvvəyə mindikdən sonra ... dövlət hakimiyyəti orqanlarının aktları (fors-major) halların mövcudluğundan irəli gələn həmin Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə heç bir tərəfin məsuliyyət daşımadığının göstərilməsini, həmin hal nəticəsində cavabdehin öhdəliklərini icra edə bilməyəcəyi barədə müqavilənin 10.2-ci bəndinə əsasən 10 (gün) müddətində, yəni 23.06.2020-ci il tarixdə iddiaçıya yazılı bildiriş göndərdiyini, beləliklə bu hissədə öz öhdəliyini icra etdiyini nəzərə alaraq belə hesab edir ki, cavabdeh 21.06.2020ci il tarixdən 05.08.2020-ci il tarixədək tələb edilən icarə haqlarını ödəməkdən azad edilməlidir.” Qətnamə ilə razılaşmayan iddiaçı və cavabdeh ondan apellyasiya şikayətləri verərək, iddiaçı qismən, iddia təmin edilməyən hissədə ləğv edilib, iddianın tam təmin edilməsini, cavabdeh qismən ləğv olunub, iddianın 3.230 manat hissədə təmin edilərək, qalan hissədə rədd olunmasını xahiş etmişlər. İddiaçının apellyasiya şikayətinin dəlillərinə görə, karantin rejiminin tətbiqi ilə əlaqədar öz öhdəliyinin icrası ilə bağlı çətinliklə qarşılaşan və fors-major halına əsaslanmaq istəyən tərəf aşağıdakıları sübutetmə öhdəliyini daşıyır: pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəlməsi; müqavilə bağlanarkən tərəfin həmin halı nəzərə ala bilməməsi; tərəfin bu halı aradan qaldıra bilməməsi və nəticələrini istisna edə bilməməsi; xəbərdarlıq müddətinə riayət etməklə qarşı tərəfi mövcud hal barədə məlumatlandırması. Başqa cür ifadə olunsa, tərəf sübuta yetirməlidir ki, müqavilə üzrə öhdəliyin icra edilməməsinin səbəbi birbaşa olaraq xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədardır. Karantin rejiminin tətbiq edilməsi öz-özlüyündə (avtomatik olaraq) fors-major halının baş verməsini şərtləndirmir. Tərəf öz öhdəliyini icra etmək üçün bütün ağlabatan cəhdlərdən istifadə etməli, risklərin və itkilərin azaldılması üçün mümkün səylər göstərməlidir. Belə ki, tərəflər arasında bağlanmış 15 yanvar 2019-cu il tarixli 012-OB/19 saylı İcarə müqaviləsində icarənin predmeti mövcud şərtlərinə uyğun olaraq cavabdehin birbaşa fəaliyyəti ilə əlaqədar yox, yalnız ofis yerləşdirilməsi məqsədi ilə bağlanmışdır (müqavilənin 2-ci bəndi). Tərəflər arasında bağlanmış müqavilədə cavabdehin məhkəməyə təqdim etdiyi etiraz ərizəsində qeyd etdiyi hallar, yəni pandemiya ilə əlaqədar ölkə ərazisində bəzi məhdudiyyətlərin tədbiq edilməsi fors-major hal olaraq öz əksini tapmamışdır. Həmin müqavilənin 10.4-cü bəndinin tələblərinə əsasən fors-major halların mövcudluğunun sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəmənin istinad etdiyi Nazirlər Kabinetinin Qərarı ilə bəzi məhdudiyyətlərin tədbiq edilməsinin cavabdehin fəaliyyətinə təsiri sübut edilməmişdir. Məhkəmənin cavabdehin icarə haqqı üzrə yaranmış borcun ödənilməməsinin səbəbi kimi Nazirlər Kabinetinin qərarına əsasən ölkədə bəzi fəaliyyət növləri istisna olmaqla bütün fəaliyyət növlərə qadağa tədbiq edilmisinə fors-major halı kimi istinad edilməsi tam əsassızdır. Həmçinin, hazırkı iddia tələbi ilə əlaqədar iddiaçının sub-icarə müqaviləsi üzrə subicarəçiyə hər hansı bir tələbi olmamışdır. Sub-icarəçinin sub-icarə müqaviləsi üzrə ödənişlərin aparılıb aparılmaması icarə müqaviləsi üzrə öhdəliklərin pozulmasına əsas ola bilməz. Eyni zamanda, icarəyə verilmiş sahənin sonradan cavabdeh tərəfindən sub-icarəyə verilməsi bir daha onu sübut edir ki, cavabdeh öz fəaliyyətini icarəyə verilmiş ofisdə keçirməmişdir. Bu hal bir daha onu sübut edir ki, cavabdeh icarə müqaviləsi üzrə öz öhdəliklərini pozmaqla əsassız olaraq icarə haqqını ödəməmişdir. Bundan əlavə, məhkəmə iddiaçının gecikdirilmiş günlər üçün 6.184,24 manat məbləğdə cərimə borcunun tələb edilməsinə haqlı olduğunu qeyd etsə belə, cavabdehdən tutulması tələb olunan cərimənin tənasübsüz surətdə yüksək olduğundan həmin məbləği azaldılaraq cavabdehdən tutulacaq cərimənin məbləğini 500 manat məbləğdə müəyyən etməsi tam əsassızdır. Məhkəmə vəkilə çəkilən xərclərlə bağlı yalnış qənaətə gələrək vəkilin göstərdiyi yardıma görə cavabdehdən 400 manat məbləğdə pulun tutulmasını əsaslı hesab etmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə görə, cavabdeh 17.02.2020-ci il tarixli icarə müqaviləsi əsasında Bakı şəhəri Xətai rayonu 25E Nobel prospektində yerləşən binanın üçüncü mərtəbəsində ümumi sahəsi 164 kv.m. olan qeyri-yaşayış sahəsini icarəyə götürmüş və icarə müqaviləsi üzrə ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. Lakin 2020-ci ilin aprel, may, 20 iyun-01 sentyabr aylarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına əsasən ölkədə bəzi fəaliyyət növləri istisna olmaqla bütün fəaliyyət növlərinə qadağa tətbiq edilmişdir. Cavabdehin və sub-icarəçi (iddiaçının 17.02.2020-ci il tarixli razılıq məktubu əsasında) hüquqi şəxs Azərbaycan Notariat Palatasının fəaliyyəti də qadağan olunmuşdur. Belə olan halda nə cavabdeh, nə də subicarəçinin icarə obyektindən istifadə etməsi qeyri-mümkün idi. Halbuki tərəflər arasında imzalanmış 17.02.2020-ci il tarixli müqavilənin 2-ci bəndinə əsasən icarə obyekti yalnız ofis yerləşdirilməsi məqsədləri üçün istifadə oluna bilər. Dövlət orqanı tərəfindən hər iki icarəçinin fəaliyyəti qadağan edildiyi üçün ofisdən istifadə edilməsi qeyri-mümkün olmuşdur. Ona görə də tərəflər arasında imzalanmış müqavilənin 10.1-ci bəndinə əsasən fors-major hallar (karantin rejimi ilə bağlı Nazirlər Kabinetinin qərarları) nəticəsində istifadə edilməyən günlərə görə icarə haqqının ödənilməsi qanunsuzdur. Buna görə də, icarə haqqı yalnız ofisdən istifadə edilmiş günlərə (2020 1 iyun-20 iyun, 1 noyabr-30 noyabr) görə ödənilməlidir. Digər tərəfdən, aprel və may ayları üçün icarə haqqı ödənilməli olmadığı halda 1.310 manat məbləğdə icarə haqqı ödənilmişdir. Məhkəmə qətnamə qəbul edərkən cavabdehin avqust ayı üçün də icarə haqqı ödəməli olduğu qənaətinə gəlmişdir. Məhkəmə bu qənaətə gələrkən “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarı ilə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci ilin 21 iyun saat 00:00-dan 05 avqust 2020-ci il saat 00:00-dək ölkə ərazisində tətbiq edilmiş karantin rejimi sərtləşdirilməsinə istinad etmiş, bundan sonra sərt karantin rejiminin ləğv edilərək ayrı-ayrı fəaliyyət sahələrinə icazə verildiyi qənaətinə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 Avqust 2020-ci il tarixli Qərarı ilə ölkədə yalnız SMS icazə sistemi ləğv edilmiş və çimərliklərin fəaliyyətinə icazə verilmişdir. Digər fəaliyyət sahələrinə isə 31 avqust tarixinə qədər icazə verilmədiyi üçün Cavabdeh MMC və Notariat Palatası avqust ayı ərzində də fəaliyyət göstərməmişdir. Həmçinin, şəxsi hesabdan çıxarışlara əsasən Azərbaycan Notariat Palatası tərəfindən 19.02.2020-ci il tarixli icarə müqaviləsinə əsasən iyun, sentyabr, oktyabr və noyabr ayları üçün icarə haqqı ödənilmiş, lakin Azərbaycan Notariat Palatası avqust ayında fəaliyyət göstərə bilmədiyi üçün həmin ay üçün icarə haqqı ödənilməmişdir. Buna görə də, cavabdeh avqust ayı üçün icarə haqqı ödəməkdən azad edilməli, məhkəmə qətnaməsi ilə 05.08.2020-ci ildən 31.08.2020-ci tarixədək müəyyən edilmiş 2.966,06 manat ümumi icarə məbləğindən çıxılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 avqust 2020-ci il tarixli Qərarına əsasən, 2020-ci il 5 avqust saat 06:00-dan etibarən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsi ilə tərk etmək sistemi ləğv olunur. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabiteninin 19 iyun 2020-ci il tarixli Qərarı ilə fəaliyyətinə icazə verilən və qadağan edilən iş və xidmət sahələrinə dair qaydalar qüvvədə qalır. Qərardan da göründüyü kimi avqust ayı ərzində yalnız SMS icazə ləğv edilmiş və çimərliklərin fəaliyyətinə icazə verilmiş, 19.06.2020-ci il tarixli Qərarla tətbiq edilmiş bütün digər məhdudiyyətlər qüvvədə qalmışdır. Həmçinin, aprel və may aylarında karantin rejiminin tətbiqi ilə əlaqədar icarə haqqı ödənilməli olmasa da, cavabdeh tərəfindən 1.310 manat icarə haqqı ödənilmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən həmin məbləği nəzərə almamışdır. Hesab edirik ki, həmin 1.310 manat məbləğ iyun ayı üçün olan icarə haqqına hesablanmaqla, icarə haqqının ümumi məbləğindən çıxılmalıdır. 17.02.2020-ci il tarixli müqavilənin 10.1-ci bəndinə əsasən tərəflər onların iradəsindən asılı olmayan və bu Müqavilə qüvvəyə mindikdən sonra baş verən zəlzələ, daşqın, yer sürüşməsi və digər təbii fəlakət, habelə müharibə, hərbi əməliyyatlar, blokada, dövlət hakimiyyət orqanlarının aktları və hərəkətləri, yaxud bu kimi digər qarşısıalınmaz qüvvə (fors-major) halların mövcudluğundan irəli gələn bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə heç bir məsuliyyət daşımırlar. Məhkəmə qətnaməsinə əsasən cəmi ödənilməli olan 9.565,75 manat məbləğdən avqust ayı üçün hesablanmış 2.966,06 manat və aprel, may ayı üçün ödənilmiş 1.310 manat, ümumilikdə 4276,06 manat çıxılmalıdır. Bundan əlavə, məhkəmə cavabdehdən 500 manat dəbbə pulu tutmaqla dəbbə pulunu yüksək məbləğdə hesablamışdır. Qətnamə dəbbə pulunun tutulması və hüquqi xidmətə dair xərclərin ödənilməsi hissəsində də əsassız və qanunsuzdur. İşə apellyasiya qaydasında baxılarkən tərəflər öz apellyasiya şikayətlərini müdafiə edib, ona uyğun izahat verərək, qarşı apellyasiya şikayətini qəbul etməmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdən müəyyən edilir ki, tərəflər arasında bağlanmış 15.01.2019-cu il tarixli 012- OB/19 nömrəli icarə müqaviləsinə əsasən icarəyə verən (iddiaçı) Bakı şəhəri Xətai rayonu 25E Nobel prospektində yerləşən binanın üçüncü mərtəbəsində ümumi sahəsi 164 kv.m. olan və binanın mərtəbə planında göstərilən qeyri-yaşayış sahəsini icarəçinin (cavabdeh) müvəqqəti sahiblik və istifadəsinə verməyi, icarəçi isə icarə obyektini qəbul edib, ondan təyinatına uyğun istifadə etməyi və Müqavilədə göstərilmiş qaydada, miqdarda və müddətlərdə icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Müqavilənin: 5.1-ci bəndinə görə, icarə obyektinin ümumi icarə haqqının illik məbləği 34.632 manat təşkil edir (ƏDV daxil olmamaq şərti ilə); 5.4-cü bəndinə əsasən, icarə üzrə hesabat dövrləri üçün icarə haqqının ödənilməsi hər ay avans ödənişi şəklində müvafiq ayın ilk 5 iş günündən gec olmayaraq həyata keçirilir; 5.7-ci bəndinə görə, elektrik enerjisi, daxili su təchizatı və istilik xərcləri rəsmi dövlət tarifinə əsasən hesablanır və icarəçi üçün quraşdırılmış sayğaca əsasən İcarəçi tərəfindən ödənilir; 6.3.2-ci bəndinə əsasən, icarə haqqını, o cümlədən binanın rabitə operatoru ilə icarəçi arasında bağlanmış müqaviləyə müvafiq olaraq rabitə xidmətlərinə görə haqları vaxtında və tam həcmdə ödəmək icarəçinin vəzifəsidir; 9.2-ci bəndinə görə, icarəçi pul öhdəliklərini yerinə yetirilməsinin gecikdirilməsinə görə icarəyə verənin tələbi ilə hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 0,3% həcmində dəbbə pulu ödəyir; 10.1-ci bəndinə əsasən, tərəflər onların iradəsindən asılı olmayan və bu Müqavilə qüvvəyə mindikdən sonra baş verən zəlzələ, daşqın, yer sürüşməsi və digər təbii fəlakət, habelə müharibə, hərbi əməliyyatlar, blokada, dövlət hakimiyyəti orqanlarının aktları və hərəkətləri, yaxud bu kimi digər qarşısıalınmaz qüvvə (fors-major) halların mövcudluğundan irəli gələn bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə heç bir məsuliyyət daşımırlar; 10.4-cü bəndinə görə, fors-major halların mövcudluğunu sübut etmək vəzifəsi həmin halların baş verməsi səbəbindən öz öhdəliklərini icra etməmiş Tərəfin üzərinə düşür. 7,37 manat məbləğdə kommunal xərcləri işin mübahisəsiz halıdır. İddiaçı 17.02.2020-cı il tarixli Ç20-005 nömrəli məktubla 012-OB/19 nömrəli müqavilənin icra müddətinin bitməsinə qədər cavabdehin icarəyə götürdüyü qeyri-yaşayış sahəsinin bütövlükdə Azərbaycan Notariat Palatasına sub-icarəyə verilməsinə etiraz etməmişdir. İddiaçının 07.07.2020-ci il tarixli 003/Ü saylı əmri ilə karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq 2020-ci ilin iyul ayı üzrə güzəştli icarə haqlarının tətbiq edilməsi məqsədilə həmin aya görə təqdim edilən ofis sahələrinin hər 1 kv/metri üçün icarə haqqı 15 manat (ƏDV-siz) təyin edilmişdir. 14 saylı Vəkil Bürosu ilə iddiaçı arasında hüquqi yardım göstərilməsi haqqında 296 saylı 04 mart 2021-ci il tarixli müqavilə imzalanmış, hüquqi yardıma görə cəmi 1200 manat Vəkil Bürosunun bank hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 700.1-ci maddəsinə görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, icarə müqaviləsinə əsasən icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir. Bu mənada məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin pandemiyada karantin rejiminin tətbiqi ilə əlaqədar icarə haqlarının ödənilməməli olmasına dair dəlilləri ilə razılaşmır. Belə ki, cavabdeh öz fəaliyyətini icarəyə verilmiş ofisdə həyata keçirməmiş, onun fəaliyyəti ona icarəyə verilmiş sahənin sonradan sub-icarəyə verilməsindən ibarət olmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin iddia ilə tələb olunan icarə haqqının tam ödənilməsinə dair dəlilləri əsaslıdır. İddiaçının apellyasiya şikayətinin gecikdirilmiş günlər üçün 6.184,24 manat məbləğdə cərimə borcunun tam ödənilməsi barədə dəlili isə əsaslı deyil. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, “Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.” Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, “Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.” Belə olan halda, məhkəmə kollegiyası tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Müqavilənin 9.2-ci bəndinə istinadən cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq, 600 manat məbləğdə müəyyən edilməlidir. İddiaçının apellyasiya şikayətinin hüquqi yardıma görə 1.200 manat məbləğdə pulun hamısının cavabdehdən tutulması ilə bağlı dəlili də əsassızdır. Belə ki, MPM-in 121.1-ci maddəsinə görə, “Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.” Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, vəkilin göstərdiyi yardıma görə cavabdehdən 500 manat məbləğdə pulun tutulması həm ağlabatan, həm də ədalətlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, göstərdiyi dəlillər işin hallarına uyğun olmadığı üçün (MPM-in 390-cı maddəsi) qətnamə ləğv edilməli (MPM-in 385.1.4-cü maddəsi), iş üzrə yeni qətnamə qəbul edilməli və iddia müzakirə edilən qaydada qismən təmin edilməli (MPM-in 384.0.2-ci maddəsi), apellyasiya şikayətləri qismən təmin edilməli, iş üzrə ödənilmiş dövlət rüsumları onu ödəyən tərəflərə aid edilməlidir (MPM-in 119.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2000/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 12.175,92 manat icarə haqqı, 7,37 manat kommunal xərcləri, 600 manat dəbbə pulu və 500 manat vəkil xərclərinin əvəzi olmaqla, cəmi 13,283,29 manat (on üç min iki yüz səksən üç manat iyirmi doqquz qəpik) məbləğdə pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumları onu ödəyən tərəflərə aid edilsin. İddiaçının və cavabdehin apellyasiya şikayətləri qismən təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-2(103)-976/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-976/2021
06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver