Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-976/2025 14.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, müqavilənin birtərəfli ləğvi və iradə ifadəsi, dəbbə pulunun azaldılması) Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Bayramlı Dəniz Natiq qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-948/2025 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: İşin halları:
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında 29 noyabr 2022-ci il tarixli 001L**********86 saylı uzunmüddətli kredit və təminat müqaviləsi çərçivəsində bağlanmış 29 noyabr 2022-ci il tarixli 001R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşmadan irəli gələn öhdəlik münasibəti yaramış, iddiaçı 43000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən şərtlərlə Cavabdeh4 verməyi, cavabdeh isə aldığı pul vəsaitini 36 ay müddətə illik 19 faiz dərəcəsi ilə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür.
2. Həmin sazişə əlavə edilən ödəniş planı ilə kreditin müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2025-cü il tarixə qədər razılaşdırılmışdır. Həmçinin sözügedən krеdit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 29 noyabr 2022-ci il tarixli 001L**********86 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə imza etməklə borcalanın öz öhdəliyini tamamilə icra etməsi üçün birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşlər.
Birinci instansiya məhkəməsindəki icraat:
3. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı QSC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli krеdit sazişi üzrə 29243,81 manat krеdit bоrcu, 2481,91 manat faiz bоrcu və 929,95 manat cərimə borcu olmaqla ümumilikdə 32655,67 manat məbləğində bоrcun, dövlət rüsumu olaraq ödənilmiş 187,97 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh4 və zaminlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 001L**********86 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Cavabdeh4 120 ay müddətinə 300000 manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh4 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixli 001R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 43000 manat məbləğində məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh4 götürdüyü krеdit bоrcundan 13756,19 manat ödəmiş, onun 29243,81 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh4 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 159 gün üçün hesablanmış faiz borcu 2481,91 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 159 gün üçün hеsablanmış cərimə 929,95 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən, kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən, zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən, zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən, zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır.
5. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 448, 467, 472.2-ci və s. maddələrinə istinad olunmuşdur.
6. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-948/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında xx.xx.2022-ci il tarixli 001L**********86 saylı uzunmüddətli kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2022-ci il tarixli 001R********** saylı kredit razılaşması üzrə 28189,86 manat əsas borc, 2481,91 manat faiz borcu və 929,95 manat cərimə məbləği olmaqla ümumilikdə 31601,72 manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 187,97 manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, ekspertiza xərci olaraq 100 manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni əsaslandıraraq müəyyən etmişdir ki, iddiaçının məhkəməyə iddia ərizəsi ünvanlayaraq bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilənin ləğvinə yönəlmişdir və iddia ərizəsinin cavabdehə çatdırıldığı xx.xx.2024-cü il tarixdə tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. İddiaçı həmin tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda da iddiaçı xx.xx.2024-cü il tarixə olan əsas və faiz borcunu tələb edir. Məhkəmə iddiaçının tələbini təşkil edən borcun məbləği ilə bağlı isə qeyd etmişdir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, iddiaçı və ya cavabdehlər ekspert rəyinə etiraz etməmiş, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət də verməmişlər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-8569/2024 nömrəli qərardadı əsasında aparılmış xx.xx.2025-ci il tarixli 9/10682 nömrəli ekspert rəyindən görünür ki, 29 noyabr 2022-ci il tarixli 001R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə əsas borc 29189,86 manat, faiz borcu 2490,98 manat təşkil edir. Həmçinin ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı ekspert qarşısında sual qoyulan xx.xx.2024-cü il tarixədək olan ödənişlər (son ödəniş xx.xx.2024-cü il tarixli olmaqla) nəzərə alınmışdır. Bu səbəbdən 29 noyabr 2022-ci il tarixli 001R********** saylı kredit razılaşması üzrə borc məbləği xx.xx.2024-cü il tarixədək olan ödənişlər (son ödəniş xx.xx.2024-cü il tarixli olmaqla) nəzərə alınmaqla 29189,86 manat əsas borc, 2481,91 manat faiz borcu olaraq müəyyən edilməlidir. Təqdim olunan hesabdan çıxarışlardan görünür ki, xx.xx.2024-cü il tarixdən sonra xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 500 manat ödənişlər edilmiş, hər iki ödəniş əsas məbləğdən silinmişdir. Beləliklə, yekun qalıq borc məbləği 28189,86 (29189,86 – 500 – 500) manat əsas borc, 2481,91 manat faiz borcu təşkil edir. Məhkəmə hesab etmişdir ki, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri nəzərə alındığında cərimə məbləğinin 929,95 manat müəyyən olunması ağlabatan və ədalətlidir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447, 462.1, 467, 470.1, 471, 472, 739.1, 739.2, 741-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri:
10. Cavabdeh3 Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 948/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsininxx.xx.2025-ci il tarixli, e-2-2(113)-948/2025 saylı qətnaməsininin əsas, faiz və cərimə borcunun hesablanması hissəsində ləğv edilməsi, iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən,hərtərəfli, tam və obyektiv araşdırma aparmadan, çəkişmə prinsipinin pozulması ilə - iddiaçının iştirakı olmadan, iddia ərizəsində göstərilənlərə uyğun (çox cüzi dəyişikliklərlə), subyektiv mülahizələr əsasında qətnamə qəbul etmişdir. Hesab edir ki, xx.xx.2025-ci il tarixli 9/10682 nömrəli ekspert rəyi həqiqəti əks etdirmir. Belə ki, iddiaçının təqdim etdiyi formal birtərəfli çıxarışlara istinad edilməklə çıxarılmış ekspert rəyi əlbəttə ki, iddiaçının arzuladığı və “iddia etdiyi” rəqəmlərə uyğunluq təşkil edəcəkdi. Lakin, məhkəmə bunu araşdırmağı lüzum görməmiş, nəticədə qətnamənin obyektiv həqiqətə uyğun olub olmaması qaranlıq qalmışdır. Bundan əlavə, o məhkəmədə də bildirmişdir ki, maddi imkanı kredit borcunu birdəfəyə qarşılayacaq qədər deyil, kredit borcu ağlabatan müddət çərçivəsində aylara bölünərsə hissə-hissə ödəyə bilər. Lakin, təəssüf ki, məhkəmə cavabdehin mənafeyini nəzərə almadan, reallığa adekvat olmayan nəticəyə gəldi. Buna görə də, sözügedən qətnamə təmin edilmiş hissədə ləğv edilməli, iddia təmin edilməməlidir. Mülki qanunvericilikdə öhdəliyin hissə-hissə icrası nəzərdə tutulmuşdur. Doğrudur, qanunvericilik belə icra üsulunu kreditorun razılığından asılı etmişdir. Lakin, iddiaçının məhkəmə iclasında iştirak etməməsinə məhkəmənin məqbul yanaşması həm bu imkanı, həm də kreditin ödəniməsi ilə bağlı hər iki tərəfin mənafeyinə uyğun olan digər mümkün variantları, o cümlədən tərəflər arasıda barışıq imkanlarını aradan qaldırmışdır. Halbuki, mülki prosessual qanunvericilik də (MPM-nin 14.3-cü maddəsi) tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyi məhkəmənin vəzifəsi kimi müəyyən etmişdir. O, məhkəmə iclasında eyni zamanda iddiaçının özünə də dəfələrlə ödəmə imkanının olmadığını, gecikmənin maddi çətinliklərindən qaynaqlandığını, dolayısı ilə gecikmənin birbaşa onun təqsiri ucbatından olmadığını bildirsə də, iddiaçı bank hər günü gecikdirmə sayaraq şişirdilmiş faiz və cərimə məbləğlə məhkəməyə müraciət etmişdir. Məhkəmənin iddianı təmin etməsi ilə onsuzda ağır olan vəziyyətinin daha da ağırlaşmasına səbəb olmuşdur. Qanunvericilik mübahisənin barışıqla bitməsini nəinki nəzərdə tutub, hətta bu təkliflə çıxış etməyi məhkəmənin vəzifəsi kimi müəyyən etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən tərəflərə belə bir təklif olunmamışdır, Hətta qanunvericiliyin tələbinə uyğun belə bir formal təklifi etmək də mümkün deyildi, çünki tərəflərdən biri, iddiaçı məhkəmə iclasına gəlməmiş, işə baxan hakim də ədalət mühakiməsi ilə bağlı normativ tələbləri nəzərə almadan bununla razılaşmış, beləliklə də tərəflər arasında konsensusun yaranması imkanı (məsələn, kreditin hissə-hissə ödənilməsi barədə) itirilmişdir. Keçirilən ekspertizaların rəyləri həqiqəti əks etdirmir. Belə ki, kredit müqaviləsinin şərtlərinə əsasən onun adına yazılan həm əsas borc üzrə, həm faiz, həm də cərimə borcu üzrə borcu həddindən artıq şişirdilmişdir. Həmçinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyi də həqiqəti əks etdirmir. Belə ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-8569/2024 nömrəli qərardadı əsasında aparılmış xx.xx.2025-ci il tarixli 9/10682 nömrəli ekspert rəyindən görünür ki, 29 noyabr 2022-ci il tarixli 001R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə əsas borc 29189,86 manat, faiz borcu 2490,98 manat təşkil edir. Lakin kredit müqaviləsi üzrə borc götürüldükdən sonra hesabdan çıxarışdan da göründüyü kimi təxminən 25000 manat ödəniş etmişdir. Nəzərə alsaq ki, Cavabdeh4 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixli 001R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 43000 manat məbləğində məbləğində kredit götürmüşdür. Kredit götürüldükdən sonra təxminən 23000-25000 manat ödəniş olunmuşdur necə ola bilər ki, hələ də əsas borc 29189,86 manat, faiz borcu 2490,98 manat təşkil edir??? Həmçinin ddia ərizəsində qeyd olunur ki, Cavabdeh4 götürdüyü krеdit bоrcundan 13756,19 manat ödəmiş, onun 29243,81 manat məbləğində kredit borcu qalmışdır. Hesabedirəm ki, ekspert rəyi üzrə kredit müqaviləsinə əsasən edilmiş ödənişlər nəzərə alınmamış və nəticədə qalıq əsas və faiz borcu düzgün hesablanmamışdır. Həmçinin məhkəmə tərəfindən kredit müqaviləsinə hesablanmış cərimə borcu da əsas borca münasibətdə tənasübsüz formada artıqdır.
Apellyasiya şikayətinə qarşı etiraz:
12. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Apellyasiya baxışı:
13. İddiaçı və cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iddiaçı bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvəsində saxlanılmasını xahiş etmişdir.
14. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə iddiaçı və cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri:
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin əsaslılığı əsas, faiz və cərimə borcunun hesablanması hissəsində mübahisələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 372.6cı maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, qətnamənin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-948/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh4 arasında 29 noyabr 2022-ci il tarixli 001L**********86 saylı uzunmüddətli kredit və təminat müqaviləsi çərçivəsində bağlanmış 29 noyabr 2022-ci il tarixli 001R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşmadan irəli gələn öhdəlik münasibəti yaranış, iddiaçı 43000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən şərtlərlə Cavabdeh4 verməyi, cavabdeh isə aldığı pul vəsaitini 36 ay müddətə illik 19 faiz dərəcəsi ilə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmin sazişə əlavə edilən ödəniş planı ilə kreditin müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixə qədər razılaşdırılmışdır. Həmçinin sözügedən krеdit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 29 noyabr 2022- ci il tarixli 001L**********86 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə imza etməklə borcalanın öz öhdəliyini tamamilə icra etməsi üçün birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşlər. Cavabdeh4 pul məbləğinə mülkiyyət hüququnu əldə etsə də, həmin vəsaiti iddiaçıya tam qaytarmamışdır.
22. İddiaçı sözügedən kredit müqaviləsi üzrə 29243,81 manat krеdit bоrcu, 2481,91 manat faiz borcunun tutulmasını xahiş etmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 maddi vəziyyətləri ilə əlaqədar olaraq krediti ödəyə bilmədiklərini bildirmişlər.
23. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin qanuni əsaslarını Mülki Məcəllənin 462, 739 və 741-ci maddələri (son iki maddə mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyada) təşkil edir.
24. Cavabdehlərdən tutulmalı olan borc məbləğlərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və həmin rəyə əsasən kredit müqaviləsi üzrə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərə olan əsas və faiz borc məbləğləri müəyyən edilmişdir.
25. Belə ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 8569/2024 nömrəli qərardadı əsasında aparılmış xx.xx.2025-ci il tarixli 9/10682 nömrəli ekspert rəyindən görünür ki, 29 noyabr 2022-ci il tarixli 001R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə əsas borc 29189,86 manat, faiz borcu 2490,98 manat təşkil edir. Həmçinin ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı ekspert qarşısında sual qoyulan xx.xx.2024-cü il tarixədək olan ödənişlər (son ödəniş xx.xx.2024-cü il tarixli olmaqla) nəzərə alınmışdır.
26. Birinci instansiya məhkəməsi 29 noyabr 2022-ci il tarixli 001R********** saylı kredit razılaşması üzrə borc məbləği xx.xx.2024-cü il tarixədək olan ödənişlər (son ödəniş xx.xx.2024-cü il tarixli olmaqla) nəzərə alınmaqla 29189,86 manat əsas borc, 2481,91 manat faiz borcu olaraq müəyyən etmişdir.
27. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışlardan görünür ki, xx.xx.2024-cü il tarixdən sonra xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 500 manat ödənişlər edilmiş, hər iki ödəniş əsas məbləğdən silinmişdir.
28. Bununla da, məhkəmə yekun qalıq borc məbləğinin 28189,86 (29189,86 – 500 – 500) manat əsas borc, 2481,91 manat faiz borcu təşkil etməsi qənaətinə gəlmişdir.
29. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi ilə razılaşmamaq üçün əsas olmadığından birinci instansiya məhkəməsi kredit razılaşması üzrə əsas və faiz borcu hesablayarkən həmin rəyi əsas götürməkdə haqlı olmuşdur. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir.
30. Cavabdeh apellyasiya şikayətində ekspert rəyinin həqiqəti əks etdirmədiyini iddia etsə də, birinci instansiya məhkəməsində ekspert rəyinə etiraz etmədiyini bildirmiş, bundan əlavə, ekspert rəyini şübhə altına alan hər hansı sübutları (məsələn, nəzərə alınmayan ödəniş sənədlərini) məhkəməyə təqdim etməmişdir.
31. Cərimə borcuna münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsində 929,95 manat cərimənin də cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi həmin tələbi təmin etmişdir. Cavabdeh apellyasiya şikayətində cərimə borcunun da əsas borca münasibətdə tənasübsüz formada artıq olmasını qeyd etmişdir.
32. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətini bu hissədə də əsassız hesab edir. Belə ki, işin yuxarıda göstərilən hallarından da göründüyü kimi, cavabdeh 29 noyabr 2022-ci il tarixli 001L**********86 saylı uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri gecikdirmişdir. Həmin müqavilənin 4.9cu bəndinə görə, bank kredit alan krediti və kredit faizini banka vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02%-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Eyni zamanda, tələb edilən 929,95 manat məbləğində cərimə borcu 28189,86 manat məbləğində əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olmadığından onun Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən azaldılması üçün əsaslar yoxdur.
33. Cavabdeh apellyasiya şikayətində maddi vəziyyətinin ağır olması səbəbi ilə öhdəliklərin icrasında gecikmə olduğunu qeyd etsə də, bu hal cavabdehin müqavilə üzrə öhdəliklərinin icrasından yayınmasına əsas vermir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlı 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin öhdəliyin hissə-hissə icrası ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 432.1-ci maddəsinə əsasən, əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası). Həmin Məcəllənin 432.2-ci maddəsinə əsasən, əgər bu Məcəllədə, öhdəliyin şərtlərində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, kreditor öhdəliyin hissə-hissə icrasını qəbul etməyə bilər. Göründüyü kimi, öhdəliyin hissə-hissə icrası üçün kreditor razılığının olması vacibdir. Hazırki mübahisə üzrə isə belə bir razılıq əldə olunmamışdır.
35. Bundan başqa, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin çəkişmə prinsipini pozmasını, iddiaçının məhkəmə iclasında iştirak etməməsinə məqbul yanaşmasını qeyd etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin hazırlıq iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etmiş, sonrakı məhkəmə iclaslarında iştirak etməsə də, məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclaslarının iştirakları olmadan keçirilib iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mübahisəyə iddiaçının iştirakı olmadan baxmış və heç bir prosessual hüquq normasının pozuntusuna yol verməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır.
36. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda qeyd olunanlara görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-948/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-948/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.