Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-977/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Abdullayev Nofəl Rəhman oğlunun katibliyi, İddiaçı BOKT ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə Cavabdeh qarşı kredit borcunun ödənilməsi və sair tələblərə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2095/2021 nömrəli iş üzrə 07 iyun 2021ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 08.06.2020-ci il tariхli 2020/00121-01 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən kreditin əsas borcu üzrə 15.000 ABŞ dolları məbləğdə qalıq, ona hesablanmış 1.403,84 ABŞ dolları məbləğdə faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3.495 ABŞ dolları məbləğdə dəbbə pulu, cəmi 19.898,84 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30,4 manat məbləğdə pulun tutulması, tələbin cavabdehin mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Yeni-Yasamal-1 küçəsi 4 mənzil 57-yə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 86.000 AZN müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 15.000 ABŞ dolları məbləğdə qalıq, ona hesablanmış 1.403,84 ABŞ dolları məbləğdə faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3.495 ABŞ dolları məbləğdə dəbbə pulu, cəmi 19.898,84 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30,4 manat məbləğində pulun ona ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 07.06.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, tərəflər arasında bağlanmış 08.06.2020-ci il tariхli 2020/00121-01 nömrəli kredit müqaviləsi ləğv edilmiş, əsas borc üzrə 15.000 ABŞ dolları, faiz borcu üzrə 1.403,84 ABŞ dolları, 500 ABŞ dolları məbləğdə dəbbə pulu, cəmi 16.903,84 ABŞ dolları məbləğdə pulun ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla manatla cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 08.06.2020-ci il tariхli 2020/00121-01 nömrəli kredit müqaviləsi üzrə tutmanın cavabdehin mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 4 mənzil 57-yə yönəldilməsi, cavabdehin mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Yeni-Yasamal-1 küçəsi 4 mənzil 57-nin hərracdan ilkin satış qiyməti 86.000 manat məbləğdə müəyyən edilərək, açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehin iddiaçıya olan 08.06.2020-ci il tariхli 2020/00121-01 nömrəli kredit müqaviləsi üzrə borcunun ödənilməsinə yönəldilməsi, əmlak satıldıqdan sonra 1 ay ərzində orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmaqla boşaldılması, dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat məbləğdə pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, koronavirus pandemiyası ölkədən yan keçməmiş, sərt karantin rejimi tətbiq edilmiş, bu da iş yerlərinin bağlanmasına səbəb olmuşdur. X2 Əliyevin üzaqgörənliyi və yürütdüyü düzgün siyasəti nəticəsində Azərbaycan Respublikası mümkün qədər az zərər görmüşdür. Çünki ölkə başçısı xalqın üzləşdiyi bu çətin vəziyyətdən tez bir zamanda çıxması üçün təxirəsalınmaz tapşırıqlar vermişdir. Bu tapşırıqlardan biri vətəndaşların karantin dövründə banklara olan borcları və faizləri nəzərə alınmaqla güzəşt edilməsindən ibarətdir. Lakin Prezident tərəfindən verilən göstəriş nə bank, nə də məhkəmə tərəfindən nəzərə alınmışdır. Belə ki, əsas borca hesablanan faiz, dəbbə pulu və əldən çıxmış fayda görə şişirdilmiş rəqəm bu qənaətə gəlməyə əsas verir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdən müəyyən olunur ki, tərəflər arasında 08.06.2020-ci il tariхli 2020/00121-01 nömrəli krеdit müqaviləsi bağlanmış və sonuncuya dövriyyə vəsaitinin artırılması məqsədilə 36 ay müddətə illik 24% hesablanmaqla 15.000 ABŞ dolları məbləğdə krеdit vеrilmiş, krеdit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı üçün cavabdehin mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Yeni-Yasamal-1 küçəsi 4 mənzil 57 ipoteka predmeti kimi tərəflər arasında bağlanmış 08.06.2020-ci il tariхli 2020/00121-01İP nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmiş, ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 86.000 manat müəyyən edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə 2 dəfə, 28.09.2020-ci il tarixdə 588,96 ABŞ dolları, 28.01.2021-ci il tarixdə 587,20 ABŞ dolları ödəniş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh borcu qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə görə, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İş üzrə əsas borc 15.000 ABŞ dolları, ona hesablanmış faiz isə 1.403,84 ABŞ dolları təşkil edir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 15.000 ABŞ dolları əsas borca münasibətdə 3.495 ABŞ dolları cərimə mütənasib deyil və cavabdehdən tutulmalı dəbbə pulunun məbləği 500 ABŞ dolları həddində daha ağlabatan və ədalətlidir. Gəldiyi bu nəticə ilə bağlı həmin məhkəmə qeyd etmişdir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermədiyi üçün məhkəmə kollegiyası dəbbə pulunun rədd olunan hissəsini müzakirə etmir. Belə ki, “Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir” (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarı). Cavabdeh ümumi sözlərlə dəbbə pulundan narazılıq ifadə etmişdir ki, onun bu dəlilləri əsassızdır. Belə ki, 15.000 ABŞ dolları əsas borca münasibətdə 500 ABŞ dolları dəbbə pulu qanuni, bu sahədə formalaşmış məhkəmə təcrübəsinə uyğun və ədalətlidir. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; Həmin Məcəllənin 269.5-ci maddəsinə görə, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Eyni Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” AR Qanununun 39.3-ci maddəsinə görə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Qeyd olunan normaların tələbləri baxımından, iddianın borcun tutulmasının ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair hissəsi də əsaslıdır. Belə ki, ipoteka predmetinin ilkin satış qiymətinin 86.000 manat olması barədə ipoteka qoyanla ipoteka saxlayan arasında mübahisə mövcud deyil. Apellyasiya şikayətində də cavabdeh iddianın bu tələblərini mübahisə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı müqavilənin ləğvi hissədə təmin etməklə də düzgün nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, müqavilə tərəfinin müqaviləni əhəmiyyətli dərəcədə pozması müqavilənin ləğv edilməsi əsaslarına aiddir və hazırkı işdə qeyd olunan əsaslar mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31.05.2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir. X1 Məhkəməsi izah etmişdir ki, “Real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.” İşin mübahisəsiz halıdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində göstərilən 15.000 ABŞ dolları məbləğdə pul cavabdehə verilmiş, cavabdeh isə müqavilədə müəyyən edilmiş müddətdə və məbləğdə pulu hesablanmış faizlərlə birlikdə ödəməmişdir. Belə olan halda kredit müqaviləsinin ləğvi tələbi əsaslıdır. Apellyasiya şikayətində cavabdeh iddianın bu tələbini də mübahisə etməmişdir. Mülki Məcəllənin: 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından yekun hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsinə əsasən aldığı pulların qaytarılması ilə bağlı öhdəliyi pozaraq, müqavilə və Müqaviləyə Əlavə 1 Ödəniş cədvəlində nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməli, onun bu borcu öhdəliyinin icrasının təmininatı olan ipoteka predmetinə yönəldilməlidir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin faktiki cəhətdən, konkret əsaslandırılmayan, formal xarakterli dəlilləri ilə razılaşmır və onları əsassız sayır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2095/2021 nömrəli iş üzrə 07 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-977/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-977/2021
06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver