Məhkəmə qərarları › İş №2-2(103)-98/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-98/2022

25.01.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-98/2022 25.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2452/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 22.09.2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 01 yanvar 2017-ci il tarixli, HM400-000743 saylı xidmət müqaviləsinin şərtlərinin birtərəfli qaydada dəyişdirərək, hər kv.m sahə üçün 3,54 xidmət haqqı tələb etməsinin, ona məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 193,3 kv.m olan qeyriyaşayış sahəsinə verilən istiliyin və isti su təminatının dayandırılmasının qanunsuz hesab edilməsi, onun tərəfindən 01 yanvar 2017-ci il tarixdən 2020-ci ilin may ayınadək əsassız olaraq əlavə 10,8 kv.m sahə üçün Cavabdeh MMC-yə ödənilmiş 1019,60 manat məbləğində pul vəsaitinin 10 iş günü müddətində ona ödənilməsi, qeyri-yaşayış sahəsindən sərbəst istifadə etməyə maneələrin və məhdudiyyətin yaradılmasının cavabdehə və nümayəndələrinə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh MMC ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq, İddiaçı məxsus qeyri – yaşayış sahəsinə göstərilmiş servis xidmətlərinə görə 25 avqust 2021-ci il tarixə yaranmış 9816,90 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin sonuncudan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 22.09.2021-ci il tarixli e-2-2(113)-2452/2021 saylı qətnaməsi ilə hər iki iddia qismən təmin edilərək, Cavabdeh 01 yanvar 2017-ci il tarixli, HM400-000743 saylı xidmət müqaviləsinin şərtlərinin birtərəfli qaydada dəyişdirərək, hər kv.m sahə üçün 3,54 xidmət haqqı tələb etməsinin qanunsuz hesab edilməsi, qeyri yaşayış sahəsinin sahəsi 193,3 kv.m və hər kv.m sahə üçün 2,36 manat hesablanmaqla 15 avqust 2021-ci il tarixə kimi ödənilməmiş xidmət haqqı - 5015,57 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq Cavabdehnə ödənilməsi, ilkin və qarşılıqlı iddiaların qalan hissələrdə rədd edilməsi qət edilmişdir. İddiaçı və Cavabdeh MMC həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Apellyasiya şikayətlərində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçı və cavabdehin nümayəndə və vəkilləri təmsil etdikləri şəxslərin apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə isə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 193,3 kv.m təşkil edən qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. Xidmət göstərən Cavabdeh MMC ilə müştəri İddiaçı arasında 01 yanvar 2017-ci il tarixli xidmət müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh MMC ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 204,1 m2 olan 13 saylı qeyri-yaşayış sahəsinin saxlanması və normalara uyğun istismarı məqsədilə xidmətləri göstərməyi, müştəri İddiaçı isə göstərilən xidmətlərə görə xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə 2 saylı əlavəyə əsasən, aylıq xidmət haqqı hər kv.m üçün 2,36 manat müəyyən olunmuşdur. 01 iyul 2020-ci il tarixdən Cavabdeh MMC tərəfindən xidmət haqqı 1 m2 üçün 3,54 manatla hesablanmağa başlanılmışdır. İddiaçı bildirir ki, həmin müqavilə bağlanan zaman qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 204,1 kv.m göstərilib. Sonradan 06 aprel 2017-ci il tarixdə çıxarış alan zamanı məlum olub ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin ümumi sahəsi 193,3 kv.m-dir. Laki cavabdeh müqavilədə sahəni 204,1 kv.m göstərməklə hər kv.m-ə görə 2,36 manat almış, daha sonra isə müqavilənin 3.4 və 6.3-cü bəndinə zidd olaraq 2020-ci ilin iyul ayından hər kv.m üçün 3,54 manat tələb etmişdir. Cavabdeh müqavilə şərtlərini pozaraq birtərəfli qaydada müqavilə qiymətini artırdığı üçün, buna etiraz edilmiş, artımın səbəbi və əsasları barədə məlumatlar tələb edilmişdir. Eyni zamanda cavabdehin bu cür müqavilə bağlamaq və mülkiyyətçilərdən xidmət haqqı tələb etməsini hansı hüquqla həyata keçirilməsinə aydınlıq gətirilməsi tələb edilsə də, hər hansı cavab verilməmişdir. Cavabdeh heç bir hüquqi əsası olmadan 04.02.2021-ci il tarixdə iddiaçıya yazılı şəkildə 6053,36 manat borcun ödənilməsi barədə məktub göndərmiş və 11 fevral 2021-ci il tarixdən istilik sistemini və isti su xəttini bağlamışdır. Hazırkı vəziyyətdə iddiaçı hesab edir ki, ən azı cavabdehinin bir tərəfli qaydada 01.01.2017-ci il tarixli HM400-000743 saylı xidmət müqaviləsinin şərtlərini birtərəfli qaydada dəyişmək, yəni hər kv.m sahəyə görə 3,54 haqq tələb etməsi və iddiaçıya məxsus sahənin ölçüsündən artıq 10,8 kv.m sahəyə görə əsasız haqq tələb edir. Cavabdehin birtərəfli qaydada müqavilə şərtlərini dəyişməyə və bunun əsasında hər hansı tələb irəli sürməsi qanunsuzdur və iddiaçının mülkiyyət hüququna müdaxilədir. Cavabdeh tərəfindən ödənişlər 01 yanvar 2017-ci il tarixdən 2020-ci ilin may ayınadək ödənilmişdir. Ödənişin dayandırılmasına səbəb cavabdehin qanunsuz tələbi və onun mülkiyyətçilərdən bu cür xidmət haqqı yığmağa və bununla bağlı müqavilə bağlamaq hüququnun olmasına ciddi şübhələr yaranması olmuşdur. İddiaçı 01 yanvar 2017-ci il tarixdən 2020-ci ilin may ayınadək 40 təqvim ayı üzrə cavabdehə 204,1 kv.m sahəyə görə ödəniş etmişdir. Cavabdeh 40 təqvim ayı üzrə qanunsuz olaraq əlavə 10,8 kv.m sahəyə görə 1019,60 manat almışdır. Cavabdeh iddiaya etiraz edir və qarşılıqlı iddia irəli sürərək, bildirir ki, müqavilə imzalanan tarixdən 01.07.2020-ci il tarixə qədər müqavilənin şərtlərinə uyğun olaraq göstərilən xidmətlərə görə hər ay 481,68 manat (204,1 m2x 2,36) hesabat aparılmış və müştəri tərəfindən 01.08.2019-cu il tarixədək mütəmadi olaraq vaxtında ödənişlər edilmişdir. Lakin həmin tarixdən başlayaraq müştəri tərəfindən xidmət haqqının ödənilməsində gecikdirilmələr olmuşdur. 01 iyul 2020-ci il tarixdən isə tərəflər arasında razılıq əldə olunmuş və həmin tarixdən etibarən xidmət haqqı 1 m2 üçün 3,54 manatla hesablanmağa başlanılmışdır. Həmin tarixdən sonra da müştəri aparılmış hesabatla razılaşmış və hissə-hissə bir neçə dəfə ödənişlər də etmişdir. Bütün bu hallar da təsdiq edir ki, xidmət haqqının artımı ilə əlaqədar tərəflər arasında razılıq olmuşdur. Daha sonra isə 23 oktyabr 2020-ci il tarixdə müştəri ərizə ilə Cavabdeh MMC-yə müraciət edərək qeyri-yaşayış sahəsinin dövlət reyestrindən çıxarışını təqdim etmiş və xidmət haqqının həmin çıxarış əsasında hesablanmasını xahiş etmişdir. Müştərinin xahişi nəzərə alınaraq 01.07.2020-ci il tarixdən etibarən ofisin sahəsi 193,3 m2 olmaqla hesabat aparılmışdır. Lakin İddiaçı yenə də 01 yanvar 2017-ci il tarixli xidmət müqaviləsinin şərtlərini yerinə yetirməmiş və müqavilə üzrə razılaşdırılmış xidmət haqqını tam ödəməmişdir. Nəticədə İddiaçı 01 avqust 2019-cu il tarixdən 25 avqust 2021-ci il tarixədək Cavabdeh MMC-yə 9816,90 manat xidmət haqqı borcu yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia qismən əsaslıdır. Belə ki, iddiaçı tərəfindən irəli sürülmüş birinci tələb Cavabdeh MMC-nin 01 yanvar 2017-ci il tarixli, HM400-000743 saylı xidmət müqaviləsinin şərtlərinin birtərəfli qaydada dəyişdirərək, hər kv.m sahə üçün 3,54 xidmət haqqı tələb etməsinin qanunsuz hesab edilməsi ilə bağlıdır. Tərəflər arasında bağlanmış 01 yanvar 2017-ci il tarixli xidmət müqaviləsinə 2 saylı əlavəyə əsasən aylıq xidmət haqqı hər kv.m üçün 2,36 manat müəyyən olunmuşdur. Həmin müqavilənin 6.3-cü bəndində qeyd olunmuşdur ki, müqavilənin qüvvədə olma müddətdə onun şərtləri tərəflərin qarşılıqlı razılığı ilə dəyişdirilə bilər. Müqavilədə edilmiş bütün dəyişikliklər və əlavələr yazılı formada rəsmiləşdirildikdən və imzalandıqdan sonra qüvvəyə minir. Lakin işin mübahisəsiz halıdır ki, Cavabdeh MMC 01 iyul 2020-ci il tarixdən xidmət haqqını müqaviləyə və əlavəyə tərəflərin qarşılıqlı razılığı ilə heç bir dəyişiklik edilmədən 1 m2 üçün 3,54 manatla hesablanmağa başlanılmışdır. Halbuki, Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 423.1-ci maddəsində isə təsbit olunmuşdur ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Bu baxımdan kollegiya hesab edir ki, Cavabdeh MMC-nin 01 yanvar 2017-ci il tarixli HM400-000743 saylı xidmət müqaviləsinin şərtlərinin birtərəfli qaydada dəyişdirərək, hər kv.m sahə üçün 3,54 xidmət haqqı tələb etməsi qanuna ziddir. İddiaçı tərəfindən irəli sürülmüş ikinci tələb onun tərəfindən 01 yanvar 2017-ci il tarixdən 2020-ci ilin may ayınadək əsassız olaraq əlavə 10,8 kv.m sahə üçün Cavabdeh MMC-yə ödənilmiş 1019,60 manat məbləğində pul vəsaitinin ona ödənilməsi ilə bağlıdır. Həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 439.4 və 1092.1-ci maddələri təşkil edir. Həmin maddələrin tələblərinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər (439.4). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1). Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Lakin hazırki işdə bu əsaslar müəyyən olunmur. Belə ki, həmin iddia tələbinin əsasını təşkil edən hal ondan ibarətdir ki, qeyri-yaşayış sahəsinin ümumi sahəsi 193,3 kv.m olduğu halda hesablamalar 204,1 m2 sahəyə görə hesablanmışdır. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış müqavilədə qeyri-yaşayış sahəsinin ümumi sahəsi 204,1 m2 qeyd olunmuş, lakin RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 193,3 kv.m təşkil etdiyi qeyd edilmişdir. Cavabdeh də həmin halı mübahisələndirilmir. Belə ki, qarşılıqlı iddia ərizəsində qeyd olunmuşdur ki, reyestrdən çıxarış təqdim olunduqdan sonra iddiaçının xahişinə uyğun olaraq hesablamalar 193,3 kv.m sahəyə görə aparılmışdır. Bu baxımdan kollegiya hesab edir ki, borcun məbləği müəyyən olunarkən hesablama 193,3 kv.m sahəyə görə hər kv.m üçün 2,36 manat xidmət haqqı hesablanmaqla, yəni hər ay üçün 456,19 manat müəyyən olunmalıdır. Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim olunmuş “müştəri hesab kartı”nda olan göstəricilər 01 yanvar 2018-ci il tarixdən 15 avqust 2021-ci il tarixə kimi olan dövrü əhatə edir. 01 yanvar 2018-ci il tarixə kimi isə aylıq haqqının 481,68 manat olmaqla İddiaçı tərəfindən ödənilməsi işin mübahisəsiz halını təşkil edir. Belə olduğu təqdirdə isə müqavilənin bağlandığı 01 yanvar 2017-ci il tarixdən qarşılıqlı iddia üzrə borcun hesablandığı 15 avqust 2021-ci il tarixə kimi (55 ay 15 gün) İddiaçı tərəfindən Cavabdeh MMC-yə ödənilməli olan məbləğ 25.318,55 manat təşkil edir. İddiaçı tərəfindən 2017-ci il üçün (12x481,68) 5780,16 manat, “Müştəri hesab kartı”na əsasən 2018-ci ilin yanvar ayından 2021-ci ilin 15 avqust tarixinə qədər isə 13610,44 manat, ümumilikdə 19390,6 manat ödənilmişdir. Beləliklə müəyyən olunur ki, yaşayış sahəsinin ümumi sahəsi 193,3 kv.m və aylıq xidmət haqqı 456,19 manat olduğu təqdirdə İddiaçı Cavabdeh MMC-yə 25.318,55 manat ödəməli olduğu halda 19390,6 manat ödəniş etmişdir və buna görə də ödənilməli olan borc məbləği 5927,95 manat (qeyri – yaşayış sahəsinin ümumi sahəsinə görə artıq aparılmış ödənişlər çıxılmaqla) təşkil edir. Yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, İddiaçı Cavabdeh MMC-yə artıq ödəniş etməsi, yəni sonuncunun əsassız varlanması öz təsdiqini tapmamış, əksinə İddiaçı xidmət müqaviləsi üzrə Cavabdeh MMC-yə 5927,95 manat borcunun olması müəyyən edilmişdir. Göründüyü kimi İddiaçı tərəfindən öhdəlikdən kənar ödənilmiş pul vəsaitin mövcud olması müəyyən olunmur. Ona görə də, həmin iddia tələbləri rədd edilməlidir. İddiaçı tərəfindən irəli sürülmüş üçüncü tələb qeyri-yaşayış sahəsinə verilən istiliyin və isti su təminatının dayandırılmasının qanunsuz hesab edilməsi ilə bağlıdır. Kollegiya hesab edir ki, həmin iddia tələbi də əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 2.4-cü bəndində “Müqavilə üzrə ödənişlərin müştəri tərəfindən gecikdirilməsi halında müqavilənin predmeti olan xidmətlərin öz mülahizəsinə görə tam və ya qismən dayandırılması” Cavabdeh MMC-nin hüququ kimi müəyyən olunmuşdur. Yuxarıda qeyd olunduğu kimi yaşayış sahəsinin ümumi sahəsi 193,3 kv.m və aylıq xidmət haqqı 456,19 manat olmaqla belə İddiaçı Cavabdeh MMC-yə 5927,95 manat məbləğində borcunun olması müəyyən olunur. Borcun olduğu təqdirdə isə müqavilənin predmeti olan xidmətlərin öz mülahizəsinə görə tam və ya qismən dayandırılması” Cavabdeh MMC-nin hüququ kimi müəyyən olunduğundan kollegiya hesab edir ki, ilk iddia həmin hissədə olunmamalıdır. İddiaçı tərəfindən irəli sürülmüş sonuncu tələb qeyri-yaşayış sahəsindən sərbəst istifadə etməyə maneələrin və məhdudiyyətin yaradılmasının cavabdehə və nümayəndələrinə qadağan edilməsi ilə bağlıdır. Həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.4-cü maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Maddənin məzmunundan da görünür ki, neqator iddianın təmin edilməsi üçün bir neçə şərt mövcud olmalıdır:

1. Mübahisəli əmlak mülkiyyətçinin (iddiaçının) sahibliyində olmalı;

2. Cavabdeh həmin əmlakdan istifadə, sahiblik və ya onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə maneə olan hərəkətlər etməli;

3. Həmin hərəkətlər hüquqazidd olmalıdır. Lakin hazırkı işdə iki və üçüncü şərtin mövcud olması təsdiq olunmur. Çünki iddiaçı bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, həmin hissədə də ilk iddia rədd edilməlidir. Həmçinin kollegiya hesab edir ki, qarşılıqlı iddia qismən əsaslıdır. Belə ki, tərəflər arasında xidmət müqaviləsi bağlanmışdır. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Cavabdeh MMC bildirir ki, o, xidmətləri göstərmiş, lakin İddiaçı həmin xidmətlərin dəyərini ona ödəməmişdir. Bu əsaslarla iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 783.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Hazırki işdə də qeyd olunan maddənin dispozisiya şərtləri mövcuddur. Belə ki, Cavabdeh MMC tərəfindən müqavilə üzrə xidmətlərin göstərilməsi mübahisəsizdir. Çünki İddiaçı həmin halla bağlı heç bir etiraz, mülahizə bildirməmişdir. Eyni zamanda yuxarıda qeyd olunan hesablamalara əsasən müəyyən olunur ki, İddiaçı Cavabdeh MMC-yə 5927,95 manat məbləğində borcu mövcuddur. Bu baxımdan kollegiya hesab edir ki, Cavabdeh MMC cəmi 5927,95 manat məbləğində xidmət haqqının İddiaçı tutulmasını tələb etməkdə haqlıdır və ona görə də, həmin iddia qismən əsaslıdır. Birinci instansiya məhkəməsi də qarşılıqlı iddiaya münasibətdə hesablamanı yuxarıda qeyd olunan qaydada aparmış, lakin texniki səhv olaraq 01 yanvar 2017-ci il tarixdən qarşılıqlı iddia üzrə borcun hesablandığı 15 avqust 2021-ci il tarixə kimi olan dövrü 55 ay 15 gün qeyd etmək əvəzinə 53 ay 15 gün kimi qeyd etmiş, buna görə də ödənilməli olan xidmət haqqını 2 ay az hesablamışdır. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıdan pulun tutulması hissəsində dəyişdirilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalı və yuxarıda göstərilənlərə əsasən həmin hissələrlə bağlı apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2452/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 22.09.2021-ci il tarixli qətnaməsi iddiaçıdan pulun tutulması hissəsində dəyişdirilsin və ödənilmiş xidmət haqqı kimi İddiaçı 5927,95 manat pul tutularaq Cavabdeh MMC-yə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vidadi Məmmədov

Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar