Məhkəmə qərarları › İş №2-2(103)-98/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-98/2024

19.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-98/2024 19.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İdiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, müstəqil tələb irəli sürməyən 3-cü şəxs X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə (iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3) qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3251/2023 saylı, 29 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 10761,30 manat sığorta ödənişinin, ödənilmiş 200 manat İlkin mediasiya xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə xidmət müqaviləsi əsasında çalışan X3 tərəfindən idarə olunan mopedlə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** PE *** dövlət qeydiyyat nişanlı Toyota Camry markalı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar xx.xx.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və sürücü X3 təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** PE *** dövlət qeydiyyat nişanlı Toyota Camry markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 10861,30 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə azadolma çıxılmaqla 10761,30 manat məbləğində sığorta ödənişinin "xxxx" MMC -nin elektron qaiməsinə əsasən hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Sığorta tərəfindən sığortalıya ödənilmiş məbləğ olan 10761,30 manat məbləğində vəsaitin "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş lakin, cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Beləliklə, "xxxx" ASC tərəfindən sığortalıya 10761,30 manat məbləğində vəsaitin subroqasiya qaydasında Cavabdeh MMC-dən subroqasiya qaydasında tutulmalıdır.

3. Cavabdehin nümayəndəsinin iddia tələbinə dair təqdim etdiyi yazılı mülahizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı tələbini AR Mülki Məcəlləsinin 1099-cu maddəsi ilə əsaslandırmışdır. Həmin maddəyə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göründüyü kimi qanun mülki hüquq müqaviləsi əsasında fəaliyyət göstərən şəxsin vurduğu zərərə münasibətdə iki şərt müəyyən etmişdir: hüquqi şəxsin tapşırığının icra edilməsi və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyəti göstərilməsi. Hazırkı iş üzrə iddiaçının istinad etdiyi hadisənin X3 ilə bağlanmış mülki hüquqi müqavilə üzrə tapşırıqların icra edilməsi zamanı baş verdiyini təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Bundan əlavə X3 ilə bağlanmış müqaviləyə əsasən o işlərin təhlükəsiz aparılmasına cavabdehin nəzarəti altında fəaliyyət göstərməmişdir. Belə ki, həmin müqavilənin 3.2.3.3-cü maddəsinə əsasən xidmət vaxtı kuryer tərəfindən üçüncü şəxslərə vurulan maddi və mənəvi zərərə görə X3 məsuliyyət daşıyır. Qeyd olunan maddənin mətninə əsasən X2 cavabdehin nəzarəti altında fəaliyyət göstərmədiyi aşkardır. Cavabdeh pizza satışı ilə məşğuldur və yalnız satdığı məhsulla bağlı məsuliyyət daşımaqdadır. Həmin məhsulun alıcılara çatdırılması üçün müstəqil sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin xidmətlərindən istifadə etmişdir. Sahibkarlıq fəaliyyəti ilə müstəqil fəaliyyət göstərən şəxsin vurduğu zərərə görə cavabdehin məsuliyyət daşıması qanun, tərəflərin arasında bağlanmış müqavilə, həmçinin sadə məntiq baxımından da ağlabatan deyil. Qeyd olunanlara əsasən cavabdeh iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3251/2023 saylı, 29 sentyabr 2023cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 8939 manat məbləğində pul vəsaiti və mediasiya xərcinin əvəzi olaraq 110 manatın tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilməsi qət edilmişdir.

5. Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3251/2023 saylı qətnaməsi iddia tələbinin təmin ediliyi hissədə ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, AR MM-in 1099-cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında işgörən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə işgörən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göründüyü kimi qanun mülki hüquq müqaviləsi əsasında fəaliyyət göstərən şəxsin vurduğu zərərə münasibətdə iki şərt müəyyən etmişdir: hüquqi şəxsin tapşırığının icra edilməsi və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyəti göstərilməsi. Hazırki iş üzrə iddiaçının istinad etdiyi hadisənin X3 ilə bağlanmış mülki hüquqi müqavilə üzrə tapşırıqların icra edilməsi zamanı baş verdiyini təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Bundan əlavə X3 ilə bağlanmış müqaviləyə əsasən o işlərin təhlükəsiz aparılmasına cavabdehin nəzarəti altında fəaliyyət göstərməmişdir. Belə ki, həmin müqavilənin 3.2.3.3-cü maddəsinə əsasən xidmət vaxtı kuryer tərəfindən üçüncü şəxslərə vurulan maddi və mənəvi zərərə görə X3 məsuliyyət daşıyır. Qeyd olunan maddənin mətninə əsasən X2 cavabdehin nəzarəti altında fəaliyyət göstərmədiyi aşkardır. Məhkəmə öz qətnaməsində göstərmişdir ki "işəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Məhkəmə nəzərə almamışdır ki, Nəsirov Elxan hadisənin baş verdiyi vaxt müstəqil fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs olmuşdur. Cavabdeh isə istehsal etdiyi məhsulun alıcılara çatdırılması üçün müstəqil sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin xidmətlərindən istifadə etmişdir. Yəni müqavilə tərəfi olaraq, həmçinin, müqavilə şərtlərinə əsasən Məhkəmənin istinad etdiyi “əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi” cavabdehin yox, Nəsirov Elxanın qüsuru olmuşdur. Çünki münasibətlərin heç bir mərhələsində cavabdehin müvafiq vəzifələri yaranmamışdır. Məhkəmənin gəldiyi nəticəyə əsasən isə hər hansı əşyanın a məntəqəsindən b məntəqəsinə çatdırılması ilə bağlı xidmət alan hər bir şəxs həmin çatdırılma zamanı baş vermiş hadisə nəticəsində vurulan ziyana görə məsuliyyət daşımalıdır cavabdeh pizza satışı ilə məşğuldur və yalnız satdığı məhsulla bağlı məsuliyyət daşımaqdadır. Həmin məhsulun alıcılara çatdırıması üçün müstəqil sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin xidmətlərindən istifadə etmişdir. Sahibkarlıq fəaliyyəti ilə müstəqil fəaliyyət göstərən şəxsin vurduğu zərərə görə cavabdehin məsuliyyət daşıması qanun, tərəflərin arasında bağlanmış müqavilə, həmçinin sadə məntiq baxımından da ağlabatan deyil.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatından bildirdi ki, AR MM-in 1099-cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır və əmək vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu maddə iki müqavilə növünü tənzimləyir: əmək müqaviləsi və xidməti müqavilə. Əmək müqaviləsi üzrə hər hansı qeyd şərt nəzərdə tutulmadığı halda, xidmət müqaviləsində 2 qeyd-şərt nəzərdə tutulmuşdur; hüquqi şəxsin tapşırığının icra edilməsi və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyəti göstərilməsi. Müdafiə etdiyim tərəf pizzanın hazırlanması və satışı ilə məşğul olan şirkətdir. Hazırki iş üzrə iddiaçının istinad etdiyi hadisənin X3 ilə bağlanmış mülki hüquqi müqavilə üzrə tapşırıqların icra edilməsi zamanı baş verdiyini təsdiq edən heç bir sübut təqdim edilməmişdir.

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, birinci instansiya məhkəməsində təqdim edilmiş müqavilədən, üçüncü şəxs tərəfindən verilmiş izahatlarda da müəyyən olunur ki, Cavabdeh MMC ilə iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 arasında əmək münasibətləri olmuşdur. Belə ki, “moto-kuryer xidmətinin göstərilməsi haqqında” xx.xx.2019-cu il tarixli müqavilənin 2.2-ci bəndində qeyd olunmuşdur ki, “icraçı sifarişçinin sifariş verdiyi Bakı şəhəri daxilində moto-kuryer xidmətlərini həyata keçirir”, həmçinin müqavilənin sonunda qrafa Cavabdeh MMC işəgötürən kimi qeyd olunmuşdur, işçi işəgötürən münasibətlərindən irəli gəlir. Odur ki, Cavabdeh MMC işəgötürən kimi məsul şəxsdir.

10. Məhkəmə iclasında iştirak edən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 izahatında bildirdi ki, o Cavabdeh MMC-nin işçisi olmuşdur. İşçi kimi iş saatlarında orada olmuş, onların xüsusi geyimlərini geyinmişdir. Rəsmi əmək haqqı ilk vaxtlar 920 manat idi, daha sonra 600 manata endirildi və hər pizza çatdırılması üçün 1 manat oldu. xx.xx.2020-ci il tarixində sifarişi icra edən zaman yol-nəqliyyat hadisəsi baş vermiş və inzibati xəta haqqında protokol tərtib olunaraq təqsirli bilinmişdi. İşə səhər saat 11-də gəlib axşam saat 23-də gedirdi. Cavabdeh MMC-də həftədə 6 gün olmaqla təxmini 10 ay müddətində işləmişdir. Cavabdeh MMC-yə xidmət göstərdiyi zaman başqa şirkət və ya qurumlara motokuryer xidmətlər göstərməyi mümkün deyildi. Bunu nə fiziki cəhətdən çatdırmaq olardı, nə də ki fəaliyyət göstərdiyi şirkət icazə verərdi. Çünki restoranlar şəbəkəsində belə halların yaşanmağı mümkün deyildir. Kompyuterdə sifarişi öz adına qəbul edəndən sonra artıq həmin andan vaxtın hesabatı başlanırdı və işə (Cavabdeh MMC-yə) qayıtdıqda komyuterdə qayıtma vaxtını qeyd etməli idi. Ona menecer tərəfindən nəzarət olunurdu whatsapp sistemi vasitəsi ilə canlı konum göndərirdilər. Butun bunlar yayınma hallarının olmaması ilə bağlı idi. Onu ilk vaxtlar restoran şəbəkəsinin baş kuryeri Kamil bəy və Aynur xanım işə götürmüşdü. Əlbəttə, işə qəbul zamanı şərtləri razılaşdırmışdılar. Hadisə baş verən zaman hadisə yerinə Kamil bəy və Elnur bəy gəlmişdilər. Hazırda rəsmi olaraq heç yerdə işləmir. İİ Qarabağ müharibəsi iştirakçısıdır. Qarşı tərəf təhdid edir ki, alacaqlar ondan ödənişi, 2 il həbs edəcək, lakin o buna etiraz edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

12. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ həmin Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

13. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

14. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

15. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

16. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

17. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

18. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə vəi.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyinin və əsaslılığının iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı həddində iddia əsaslıdır.

21. Cavabdeh MMC ilə X3 arasında bağlanmış “Moto-kuryer xidmətinin göstərilməsi haqqında” xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən sifarişçi moto-kuryer xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada Bakı şəhəri daxilində moto-kuryer xidmətləri göstərməyi öhdəsinə götürür.

22. Müqavilənin 2.1-ci bəndinə əsasən xidmətin göstərilməsi ilkin sifariş üzrə həyata keçirilir. Göstəriləcək xidmətin sifarişi sifarişçi tərəfindən verilir.

23. Müqavilənin 2.2-ci bəndinə əsasən icraçı sifarişçinin sifariş verdiyi Bakı şəhəri daxilində moto-kuryer xidmətlərini həyata keçirir.

24. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Toyota Camry” markalı, 10PE616 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi "xxxx" MMC-dir.

25. “Avtonəqliyyat vasitələrinin tam sığortası” şəhadətnaməsinə əsasən “Toyota Camry” markalı, 10PE616 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinə kimi "xxxx" ASC-də 71500 manat dəyərində sığortlanmışdır.

26. “Yol hərkət qaydaları, yol hərəkəti təhükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarda bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” xx.xx.2020-ci il tarixli, ******* saylı qərarına əsasən xx.xx.2020-ci il tarixində, saat 15:45-də X.Şuşinski-Vaqif ərazisində MİNKS D4/50 49KUB markalı motosikel idarə edilərkən velosipedlər və moded idarə edən şəxslər tərəfindən yol nişanlarının və ya yolun hərkət hissəsinin nişanlanması tələblərinin pozulması nəticəsində X3 tərəfindən Azərbaycan Respublikası İXM 338.4.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və həmin xətanın törədilməsinə görə 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.

27. 13.05.2020-ci il tarixli hesab-fakturaya əsasən "xxxx" MMC tərəfindən sifarişçi "xxxx" ASC-yə “Toyota Camry” markalı, 10PE616 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyyat hissələrinin dəyişdirilməsi və təmiri ilə bağlı 9204,49 manat məbləğində təmir xidməti göstərilmişdir, ƏDV 1656,81 manat müəyyən edilmişdir.

28. 15.05.2020-ci il tarixli, EBAJ seriyalı, 932372 saylı elektron qaiməyə əsasən "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə 10861,30 manat məbləğində təmir xidməti göstərilmişdir.

29. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən Bakı şəhəri, Vaqif prospekti ünvanında "xxxx" ASC-də sığortalı olan “Toyota Camry” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 10861,30 manat məbləğində ziyan dəydiyi, həmin zərər məbləği avtomobilin təmiri üçün Toyota Bakı Mərkəzi” MMC-nin hesabına köçürüləcəyi, həmçinin sığortalı tərəfindən 100 manat məbləğində azadolma ödəniləcəyi qeyd edilmişdir.

30. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli ödənişə dair çıxarışından görünür ki,"xxxx" ASC tərəfindən CM-83812020 10PE616 UCB1016747 sığorta ödənişi təyinatı üzrə "xxxx" MMC-nin hesabına 10861,3 manat məbləğində ödəniş həyata keçirilmişdir.

31. Azərbaycan Respublikası MEM-in xx.xx.2022-ci il tarixli, 9/2687 saylı ekspert rəyinə əsasən "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxışlı Toyota Camry markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8939 manat müəyyən edilir.

32. Hazırda cavabdeh tərəf iddianı qəbul etmədiyini və hazırkı iş üzrə iddiaçının istinad etdiyi hadisənin X3 ilə bağlanmış mülki hüquqi müqavilə üzrə tapşırıqların icra edilməsi zamanı baş verdiyini təsdiq edən heç bir sübut təqdim edilmədiyini, bundan əlavə X3 ilə bağlanmış müqaviləyə əsasən o işlərin təhlükəsiz aparılmasına cavabdehin nəzarəti altında fəaliyyət göstərmədiyini, o cümlədən həmin müqavilənin 3.2.3.3-cü maddəsinə əsasən xidmət vaxtı kuryer tərəfindən üçüncü şəxslərə vurulan maddi və mənəvi zərərə görə X2 məsuliyyət daşıdığı bildirir.

33. Kollegiya qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyənləşdirilməli olan məqam X2 Cavabdeh MMC-nin işçisi olması və yaxud mülki hüquq müqaviləsi əsasında cavabdeh MMC-nin tapşırıqlarını onun nəzarəti altında icra edərkən hadisəni törətməsidir.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 20 oktyabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının əmək müqaviləsinin məcburi qaydada bağlanılmasının yolverilməzliyini təsbit edən 35-ci maddəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7ci maddəsinin 2-3 və 2-4-cü hissələrinə əsasən şəxsin sərbəst seçimi əsasında yaratmış olduğu əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsinin məcburiliyini istisna etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində göstərilən hallarda, o cümlədən işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri olub-olmaması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həmin münasibətlərin xarakteri və həqiqi mahiyyəti, işin faktiki halları araşdırılaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir.

35. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, şəxsin əməyə olan bacarığı əmək müqaviləsi üzrə olduğu kimi, həm də mülki-hüquqi müqavilələr üzrə müəyyən işlərin görülməsi, xidmətlərin göstərilməsi və ya fərdi sahibkarlıq fəaliyyəti formasında realizə edilə bilər. Beləliklə, şəxsin azad seçimi əsasında reallaşdırdığı əmək fəaliyyəti ilə bağlı əmək və ya mülki hüquq münasibətlərinin yaranması mümkündür.

36. Vurğulanmalıdır ki, əmək münasibətləri zahirən müəyyən işlərin yerinə yetirilməsi ilə bağlı mülki dövriyyə subyektləri arasında yaranan mülki münasibətlərə (tapşırıq, podrat, müqavilə münasibətləri və s.) bənzəyir. Lakin bu münasibətlər bir sıra əhəmiyyətli məqamlarda fərqlənirlər ki, bu da həmin münasibətlərin müvafiq olaraq əmək və ya mülki hüquq normaları ilə tənzimlənməsini labüd edir.

37. Təsadüfi deyildir ki, Əmək Məcəlləsinin 6-cı maddəsinin “d” bəndi ilə podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu Məcəllənin şamil edilmədiyi təsbit edilmişdir.

38. Əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi).

39. Əmək Məcəlləsi ilə əmək münasibətlərinə verilmiş anlayışa əsasən, bu münasibətlərin xarakterik cəhətləri olaraq, ilk növbədə, bir tərəfin fiziki şəxs olması, onun, yəni işçinin müəssisədaxili intizam qaydalarına tabe olması, əmək müqaviləsi üzrə şərtləşdirilmiş əmək funksiyalarını müvafiq iş yerində şəxsən yerinə yetirməsi çıxış edir. Münasibətlərin digər subyekti olan işəgötürən isə işçini müvafiq işlə, habelə sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin etməli və onun əməyinin qarşılığını (əmək haqqını) ödəməlidir.

40. Əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir.

41. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır.

42. Mülki-hüquqi müqavilələrin predmeti yerinə yetiriləcək işin və ya xidmətin nəticəsidir. Əmək münasibətlərinin predmetini isə işçinin əmək fəaliyyəti təşkil edir. İşçinin əmək fəaliyyəti müəssisənin istehsal fəaliyyətinin ayrılmaz tərkib hissəsi olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçının fəaliyyəti, adətən müəssisənin istehsal fəaliyyətinin ayrılmaz tərkib hissəsi olmadan, birdəfəlik və ya dövrü xarakter daşıyır.

43. Əmək müqavilələrində işçi əmək funksiyasını şəxsən icra etməli və işəgötürəndən əmək funksiyası ilə bağlı daxil olan tapşırıqları yerinə yetirməli olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçı müqavilədə müəyyən olunan formada nəticə ilə yekunlaşan konkret işi və ya xidməti yerinə yetirməlidir.

44. Beləliklə, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun, sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti göstərməklə, müqavilənin daha zəif və asılı tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alındığı halda, mülki hüquq normaları, əsasən tərəflərin bərabərliyinə, mənafelərinin qarşılıqlı təmin olunmasına əsaslanır. Bu səbəbdəndir ki, Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməz olduğu qeyd olunur.

45. Cavabdeh MMC ilə X3 arasında bağlanmış “Moto-kuryer xidmətinin göstərilməsi haqqında” xx.xx.2019-cu il tarixli müqavilənin 3.2.7-ci bəndində göstərilmişdir ki, kuryerin rəhbərliyin təlimatlarını yerinə yetirməyə nəzarət etmək icraçısın vəzifəsi kimi göstərilmişdir.

46. Bundan başqa, “Moto-kuryer xidmətinin göstərilməsi haqqında” xx.xx.2019-cu il tarixli müqavilənin tərəflərin ünvan və rekvizitləri hissəsində “işəgötürən” sözləri qeyd olunmuşdur.

47. Göründüyü kimi E.Nəsirov cavabdehin müəyyən etdiyi təlimatlarına uyğun sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti göstərmişdir.

48. X3 izahatında qeyd etmişdir ki, gün ərzində iş saatı 11 saat təşkil edirdi. Belə ki, gün ərzində 9 saat üçün 600 manat, 11 saat üçün 920 manat məbləğində maaş verilirdi. Müqavilədə 600 manat göstərilib, amma o 920 manat alırdı. Sonradan müqavilə dəyişildi və 9 saatlıq iş rejiminə keçdi. İşə səhər saat 11-də gəlib axşam saat 23-də gedirdi. Cavabdeh MMC-də həftədə 6 gün olmaqla təxmini 10 ay müddətində işləyib. İş saatları dövründə Cavabdeh MMC-də olurdu və yalnız sifariş daxil olan kimi onu qəbul edib aparırdi. Cavabdeh MMC-yə xidmət göstərdiyi zaman başqa şirkət və ya qurumlara motokuryer xidmətlər göstərməyi mümkün deyildi.

49. Göründüyü kimi E.Nəsirov işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olmuş, fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımış, müqavilə üzrə şərtləşdirilmiş əmək funksiyalarını müvafiq iş yerində şəxsən yerinə yetirmiş, bu da göstərir ki, tərəflər arasında mülki hüquq xarakterli yox, əmək münasibətləri olmuşdur.

50. Tərəflər arasında münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək həmin münasibətlərin əmək münasibətləri olması müəyyən edilir.

51. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinin tələbi baxımından iddiaçı tərəfindən sığortalı nəqliyyat vasitəsinə dəymiş zərərin subroqasiya qaydasında Cavabdeh MMC-dən tələb edilməsi qanunvericiliyin tələbinə uyğun olduğundan, birinci instansiya məhkəməsi tərəfindən 8939 manat dəymiş zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir.

52. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

53. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

54. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

55. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3251/2023 saylı, 29 sentyabr 2023-cü il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar