Məhkəmə qərarları › İş №2-2(103)-981/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-981/2024

06.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-981/2024 06.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə qarşı kommersiya işi Açar söz: sığorta müqaviləsi, əsassız varlanma) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X6 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh3 ASC-nin vəkili və nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1750/2024 saylı qətnaməsindən Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin halları

1. Cavabdeh3 ASC tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli, 164 nömrəli etibarnamədən görünür ki, AR DİN Baş Dövlət Yol Polisi Qİİ tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, BB 269337 nömrəli qeydiyyat şəhadətnaməsinə müvafiq olaraq Cavabdeh3 QSC-yə məxsus olan 2018-ci il buraxılışlı, Hyundai Grandeur minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, KMHF341CBJA153701 ban nömrəli avtomobilin idarə olunmasını Cavabdeh2 AZ.Res.DİN BDYPİ Qİİ/ 3 saylı ASAN x.m tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş B1 B C1 C kateqoriyalı, BB 216505 nömrəli sürücülük vəsiqəsi əsasında etibar edilir.

2. Cavabdeh3 ASC tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli, 164 nömrəli etibarnamədən görünür ki, AR DİN Baş Dövlət Yol Polisi Qİİ tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, BB 269337 nömrəli qeydiyyat şəhadətnaməsinə müvafiq olaraq Cavabdeh3 QSC-yə məxsus olan 2018-ci il buraxılışlı, Hyundai Grandeur minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, KMHF341CBJA153701 ban nömrəli avtomobilin idarə olunmasını Cavabdeh1 AZ.Res.DİN BDYPİ Qİİ/ 3 saylı ASAN x.m tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş B C kateqoriyalı, BB 220436 nömrəli sürücülük vəsiqəsi əsasında etibar edilir.

3. MC-Mİ-1182/22 Avtonəqliyyat vasitələrinin (kasko) sığortası şəhdatənaməsindən görünür ki, sığortaçı - "xxxx" ASC, sığortalı - Cavabdeh3 ASC, səlahiyyətli sürücü - Cavabdeh1 olmaqla, **-PV-*** dövlət qeydiyyat nişanlı Hyundai Grandeur markalı avtonəqliyyat vasitəsi “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmışdır.

4. Cavabdeh3 ASC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 164 nömrəli məktubda qeyd edilmişdir ki, MC-Mİ-1118/22 SŞ ilə sığortalanmış Cavabdeh3 ASC-yə məxsus **-PV-*** dövlət qeydiyyat nişanlı Hyundai Grandeur markalı avtomobil xx.xx.2022-ci il tarixində zədələnmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, müvafiq tədbirlərin görülməsi və avtomobili təyin etdiyiniz təmir müəssisəsində təmir etməyiniz xahiş olunur.

5. "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, EBDC seriyalı, 705399 nömrəli elektron qaimədən görünür ki, Hyundai Grandeur markalı, **-PV- *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir edilməsi xərci 28197,57 manat ƏDV daxil məbləğində olmuşdur.

6. "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 837751 nömrəli elektron qaimədən görünür ki, Hyundai Grandeur markalı, **-PV- *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir edilməsi xərci 234,11 manat ƏDV daxil məbləğində olmuşdur.

7. "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 1597/23 nömrəli hesabfakturadan görünür ki, Hyundai Grandeur markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir edilməsi xərci 28197,58 manat ƏDV daxil məbləğində olmuşdur.

8. "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 2207/23 nömrəli hesabfakturadan görünür ki, Hyundai Grandeur markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir edilməsi xərci 234,11 manat ƏDV daxil məbləğində olmuşdur.

9. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktında qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixində baş vermiş sığorta hadisəsi nəticəsində zərərə məruz qalmış **-PV-*** dövlət qeydiyyat nişanlı Hyundai Grandeur markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən 28431,70 manat zərər məbləği müqabilində təmir olunaraq səlahiyyətli şəxsə təhvil verilmiş və əvəzində həmin şəxs öz növbəsində onu heç bir qüsur və çatışmazlıqlar müəyyən olunmadan saz vəziyyətdə təhvil almışdır.

10. Avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə 20:00 dəqiqədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşma qeyd edilmişdir. Təqsirli olan şəxs (şəxslər) barədə məlumat bölməsində Chevrolet Aveo minik markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobil, mülkiyyətçisi – X1, hadisə baş verdiyi anda sürücü – X5, zərərçəkən şəxs (şəxslər) bölməsində isə Hyundai Grandeur minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil, mülkiyyətçisi – Cavabdeh3 ASC, hadisə baş verdiyi anda sürücü – Cavabdeh2 yazılmışdır.

11. xx.xx.2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, **-PV-*** d.q.n. Hyundai Grandeur markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli müraciəti üzrə "xxxx" MMC (Otoplaza) servis mərkəzində təmirə qəbul edilmişdir. Avtonəqliyyat vasitəsi tam təmir/bərpa olunmuş və xx.xx.2023-cü il tarixində Cavabdeh1 təhvil verilmişdir. Təmir və bərpa xərclərinin ümumi məbləğini 28431,68 manat təşkil etmişdir. "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixində EBDC seriyalı 705399 nömrəli və xx.xx.2023-cü il tarixində EBDE seriyalı 837751 nömrəli elektron qaimələr, eyni zamanda xx.xx.2023-cü il tarixli 1597/23 nömrəli və xx.xx.2023-cü il tarixli 2207/23 nömrəli hesab-fakturalar göndərilmişdir. **-PV-*** d.q.n. Hyundai Grandeur markalı avtonəqliyyat vasitəsinin təmir və bərpa xidmətinə görə "xxxx" ASC-nin "xxxx" MMC-yə 28431,68 (iyirmi səkkiz min dörd yüz otuz bir manat altmış səkkiz qəpik) manat məbləğində borcu (pul öhdəliyi) mövcuddur.

12. Lizinq verən qismində Cavabdeh3 QSC ilə lizinq alan "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli, 164/22 nömrəli daxili maliyyə lizinq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş və bu müqaviləyə “əlavə 2”-də qeyd olunmuş, ətraflı təsviri verilmiş (şəxsiyyət vəsiqəsi: AA2487636, xx-xx-2021 il tarixində ADİN tərəfindən verilmişdir) məxsus əmlakı mülkiyyət hüququ ilə əldə etməyi və lizinq alanın xahişi əsasında, lizinq vasitəsilə, lizinq haqqı müqabilində Azərbaycan Respublikasının qanunvericiliyi, habelə bu lizinq müqaviləsinin müddəalarına uyğun olaraq lizinq alanın müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürür.

13. Tərəflər arasında xx.xx.2022-ci il tarixli, 164/22 nömrəli daxili maliyyə lizinq müqaviləsinə xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı bağlanmışdır. Təhvil-təslim aktında qeyd edilmişdir ki, biz, aşağıda imza edənlər, satıcı X8, lizinq verən Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyəti, qanuni təmsilçi Qanuni nümayəndə və “lizinq alan” "xxxx" MMC-nin direktoru X3 164/22 saylı 13 iyul 2022-ci il il tarixli daxili maliyyə lizinqi müqaviləsinin qüvvəyə minməsi ilə əlaqədar bu aktı tərtib etdik ondan ötrü ki, satıcıya məxsus və qeyd olunan nəzərdə tutulan avtonəqliyyat vasitəsi (lizinq predmeti) sahiblik və istifadə edilməsi üçün lizinq alana təhvil verilmiş, lizinq alan isə onu təhvil almışdır. Təhvil verilən lizinq predmeti üzrə qüsur və çatışmazlıqlar müəyyən olunmamışdır və tam, saz, işlək və sifariş edilmiş xüsusiyyətlərə uyğundur.

14. Tərəflər arasında xx.xx.2022-ci il tarixli, 164/22 nömrəli daxili maliyyə lizinq müqaviləsinə əlavə 2 bağlanmışdır. Sözügedən əlavədə lizinq obyektinin təsviri: Hyundai Grandeur markalı minik (mühərrik: ban: KMHF341CBJA153701, buraxılış ili: 2018, rəngi: qara metallik) avtomobil qeyd olunmuşdur.

15. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 001XOH********** nömrəli ödəniş tapşırığından görünür ki, **-PV-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir edilməsinə görə "xxxx" ASC tərəfindən "xxxx" MMCnin AZ33JBBK******************** nömrəli hesabına 23431,68 manat (iyirmi üç min dörd yüz otuz bir manat altmış səkkiz qəpik) məbləğində ödəniş edilmişdir.

16. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 001XOH********** nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən Bakı 6 saylı Mediasiya Təşkilatının AZ76HAJCHCRAZN**********9001 nömrəli hesabına 210 (iki yüz on) manat məbləğində ödəniş edilmişdir.

17. İddiaçı tərəfindən Cavabdeh3 ASC-yə (surəti: 1) Cavabdeh1 və 2) Cavabdeh2) göndərilmiş xx.xx.2023-ci il tarixli, 5452/C nömrəli pretenziya məktubundan görünür ki, 23431,48 manat vəsaitin 15 (on beş) iş gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

18. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ("xxxx" ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə (Cavabdeh3 ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 23431,68 (iyirmi üç min dörd yüz otuz bir manat altmış səkkiz qəpik) manat məbləğində vəsaitin, 210 (iki yüz on) manat mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində "xxxx" ASC ilə Cavabdeh3 ASC arasında bağlanmış MC-Mİ-1182/22 nömrəli sığorta müqaviləsinə əsasən **-PV-*** dövlət qeydiyyat nişanlı Hyundai Grandeur markalı avtonəqliyyat vasitəsi “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2022-ci il tarixində **-VA-*** dövlət qeydiyyat nişanlı Chevrolet Aveo markalı və sığortalı **-PV-*** dövlət qeydiyyat nişanlı Hyundai Grandeur markalı avtonəqliyyat vasitələrinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. xx.xx.2022-ci il tarixində Cavabdeh1 iddiaçıya ərizə ilə müraciət edərək, sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində sığortalı avtonəqliyyat vasitəsinə zərər dəydiyini bildirmişdir. Cavabdeh1 iddiaçıya ünvanladığı izahatında hadisə zamanı avtonəqliyyat vasitəsini özünün idarə etdiyini qeyd etmişdir. MC-Mİ-1182/22 nömrəli sığorta müqaviləsi üzrə “səlahiyyətli sürücü” Cavabdeh1, “faydalanan şəxs” isə Cavabdeh3 ASC olmuşdur. Cavabdeh3 ASC-nin xx.xx.2022-ci il tarixli 164 nömrəli məktubunu nəzərə alaraq, avtonəqliyyat vasitəsi "xxxx" servis mərkəzinə yerləşdirilmiş, təmir və bərpa olunmuş, təhvil verilmişdir, yəni "xxxx" ASC “əmlakın təmiri və bərpası” formasında sığorta ödənişini həyata keçirmişdir. Təmir və bərpa xərcinin ümumi məbləğini 28431,68 manat təşkil etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsindən müvafiq sənədlər daxil olmuş, həmin sənədlərin təhlili həyata keçirilmişdir. Məlum olmuşdur ki, avtonəqliyyat vasitəsini əslində Cavabdeh1 qeyd etdiyi kimi, özü deyil, Cavabdeh2 idarə etmişdir. Cavabdeh2 adı isə MC-Mİ-1182/22 nömrəli sığorta müqaviləsində qeyd olunmamış, yəni o, müqavilə üzrə “səlahiyyətli sürücü” hesab olunmamışdır. MC-Mİ-1182/22 nömrəli sığorta müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab olunan “Avtonəqliyyat vasitələrinin kasko sığortası” Qaydalarının 9.1-ci bəndinə əsasən bu sığorta ilə yalnız sığorta şəhadətnaməsində adı qeyd olunan səlahiyyətli sürücü avtonəqliyyat vasitəsini idarə edərkən baş verən ziyan və zərərlərə görə təminat verilir. Qaydaların 7.1.16-cı bəndinə əsasən isə avtonəqliyyat vasitəsi sığorta şəhadətnaməsi üzrə səlahiyyəti olmayan sürücü tərəfindən idarə edildikdə baş verən itki və ziyanlar sığortaçı tərəfindən ödənilmir, yəni xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab olunmur və sığorta təminatı ilə əhatə olunmur. "xxxx" ASC-nin yanlış məlumatlandırılmasından istifadə edən Cavabdeh3 ASC MC-Mİ-1182/22 nömrəli sığorta müqaviləsinin şərtlərinə zidd olaraq sığortadan faydalanmışdır. Göründüyü kimi, xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsinə görə **-PV-*** dövlət qeydiyyat nişanlı Hyundai Grandeur markalı avtonəqliyyat vasitəsinə münasibətdə sığorta ödənişi həyata keçirilməməli idi. Cavabdeh3 ASC, Cavabdeh1, Cavabdeh2 "xxxx" ASC-nin etibarından sui-istifadə edərək, əsassız varlanmışlar. xx.xx.2023-cü il tarixində cavabdehlərə pretenziya ilə bağlı məktub göndərilmiş, lakin cavabdehlər tələb olunan vəsaiti ödəməmişlər. Cavabdehlərə mediasiya prosesinin tətbiqi təklif olunmuş, təklif cavabsız qaldığından "xxxx" ASC mediasiya üçün müraciət etmiş, cavabdehlər mediasiya sessiyasında iştirak etməkdən yayınmışlar. Beləliklə, **-PV-*** dövlət qeydiyyat nişanlı Hyundai Grandeur markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər üzrə həyata keçirilmiş sığorta ödənişinin müvafiq hissəsi – 23431,68 manat məbləğində vəsait cavabdehlər Cavabdeh3 ASC, Cavabdeh1, Cavabdeh2 tərəfindən geri qaytarılmalıdır.

20. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1, 935.1.8, 1091.1, 1091.2-ci maddələrinə istinad olunmuşdur.

21. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdehlər Cavabdeh3 ASC, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 23431,68 manat məbləğində vəsaitin, 210 manat mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 iddiaya etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh1 və Cavabdeh2 "xxxx" ASC tərəfindən e-2-2(113)- 1750/2024 saylı iddia üzrə cavabdeh qismində göstərilmiş və müştərək cavabdeh kimi Cavabdeh3 ASC ilə birlikdə qeyd edilmişdir. Sığorta müqaviləsi Cavabdeh3 ASC ilə "xxxx" ASC arasında bağlanılmış və sığorta şəhadətnaməsi Cavabdeh3 ASC-yə təqdim edilmişdir. Sığorta şəhadətnaməsi üzrə sürücü qismində Cavabdeh1 göstərilsə də, bu barədə Cavabdeh3 ASC-dən cavabdehlər Cavabdeh1, Cavabdeh2 hər hansı məlumat və ya məktub daxil olmamışdır. Cavabdeh3 ASC ilə aralarında bağlanmış müqavilədə sığorta məsələsinin necə və hansı formada həll olunması, 3-cü tərəf qarşısında məsuliyyətin müştərək və ya təktərəfli olması qeyd olunmamışdır. Lakin iddia tərəfi hesab edir ki, avtonəqliyyat qəzası sığorta hadisəsi sayılmır, ona görə ki, sürücü həqiqətən də Cavabdeh1 olmamışdır. xx.xx.2022-ci il tarixli Cavabdeh3 ASC-nin 164 nömrəli etibarnaməsindən görünür ki, etibarnamə verilib Cavabdeh2, idarə etmək səlahiyyətini şəxs özü özünə verməmişdir. Belə görünür ki, Cavabdeh3 ASC "xxxx" ASC ilə aralarında olan müqavilənin şərtlərinə düzgün əməl etməmişdir. Həmçinin "xxxx" ASC ilə Cavabdeh2 və ya Cavabdeh1 arasında müqavilə olmamışdır. Qeyd edilir ki, **-PV-*** Hyundai Qrandeur markalı avtomobilin mülkiyyətçisi nə Cavabdeh1, nə də Cavabdeh2dur. Avtomobilin təmir olunması digər 2 cavabdehə heç bir halda üstünlük yaratmır. Həmçinin nağd pul şəklində olmadığı üçün hesab edilə bilməz ki, əsassız varlanmaq niyyətində Cavabdeh1 və Cavabdeh2 ola bilər. Həmçinin əgər digər şəxslərin də eynilə əsassız varlanmaq niyyətləri olsa idi və Cavabdeh3 ASC ilə əlbirlik nümayiş etdirsə idilər, o zaman bunu daha qanunauyğun etmələri məqsədəmüvafiq olardı. "xxxx" ASC-nin 10 oktyabr 2023-cü il tarixli, 5452/C nömrəli pretenziya məktubundan görünür ki, pretenziya birmənalı şəkildə "xxxx" ASC-yə ünvanlanmışdır. Maddi tələb yalnız Cavabdeh3 ASC-dən tələb edilmişdir. Həmçinin yol nəqliyyat hadisəsi sürücü tərəfindən törədilməmişdir. Digər atomobil arxadan yaxınlaşaraq və ara məsafəsi saxlamayaraq qəza törətmişdir.

23. Cavabdeh3 ASC iddiaya etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh3 ASC ilə "xxxx" MMC arasında imzalanmış 13 iyul 2022-ci il tarixli 164/22 saylı daxili lizinq müqaviləsinə əsasən sonuncuya lizinqə “Hyundai Grandeur” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomaşın lizinqə verilmişdir. Daha sonra lizinq alan ərizə ilə müraciət edərək, həmin nəqliyyat vasitəsini sürmək üçün Cavabdeh1 adına etibarnamə verilməsini xahiş etmişdir. İddiaçı tərəfindən şəxsə etibarnamə verilmiş, bu barədə sığorta şirkətinə məlumat verilmişdir. Hadisə zamanı həmin şəxs sığorta şirkətini və hüquq mühafizə orqanlarını aldatmışdır. Nəqliyyat vasitəsini faktiki idarə edən şəxsə isə Cavabdeh3 ASC tərəfindən etibarnamə verilməmişdir. İddia tələbini Cavabdeh3 ASC hissəsində qəbul etmirlər. Çünki Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Belə ki, Mülki Məcəllənin 748-7.1-ci maddəsinin tələbinə görə lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Yəni əgər lizinq alan istintaq və təhqiqat orqanını, sığorta şirkətini və lizinq verəni aldatmasaydı, nəticədə sığorta şirkəti əsassız olaraq sığorta haqqını ödəməsəydi, qanunvericiliyin tələbinə görə nəqliyyat vasitəsinə dəymiş zərəri lizinq alan ödəməli idi. Lakin bu ödənişləri lizinq alan icra etmədiyinə görə əsassız olaraq varlanan lizinq alan olmuşdur. Çünki sözü gedən xərcləri ödəməkdan azad olmuş və hal-hazırda da əmlak onun mülkiyyətindədir.

24. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1750/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətindən 23431,68 manat (iyirmi üç min dörd yüz otuz bir manat altmış səkkiz qəpik) pul və 210 (iki yüz on) manat mediasiya xərci olmaqla, cəmi 23641,68 manat (iyirmi üç min altı yüz qırx bir manat altmış səkkiz qəpik) məbləğində pul vəsaitinin iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın Cavabdeh1 və Cavabdeh2 münasibətdə təmin edilməməsi qət edilmişdir.

25. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixində "xxxx" ASC ilə Cavabdeh3 ASC arasında bağlanmış MC-Mİ-1182/22 nömrəli sığorta müqaviləsinə əsasən **-PV-*** dövlət qeydiyyat nişanlı Hyundai Grandeur markalı avtonəqliyyat vasitəsi “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmışdır. MC-Mİ-1182/22 nömrəli sığorta müqaviləsi üzrə “səlahiyyətli sürücü” Cavabdeh1, “faydalanan şəxs” isə Cavabdeh3 ASC olmuşdur. xx.xx.2022-ci il tarixində **- VA-*** dövlət qeydiyyat nişanlı, Chevrolet Aveo markalı və sığortalı **-PV-*** dövlət qeydiyyat nişanlı, Hyundai Grandeur markalı avtonəqliyyat vasitələrinin iştirakı ilə yolnəqliyyat hadisəsi baş vermiş, xx.xx.2022-ci il tarixində Cavabdeh1 iddiaçıya ərizə ilə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində sığortalı avtonəqliyyat vasitəsinə zərər dəydiyini bildirmişdir. Cavabdeh1 iddiaçıya ünvanladığı izahatında hadisə zamanı avtonəqliyyat vasitəsini özünün idarə etdiyini qeyd etmişdir. Cavabdeh3 ASC də xx.xx.2022-ci il tarixli məktubla iddiaçıya müraciət ünvanlamış və bundan sonra avtonəqliyyat vasitəsi "xxxx" servis mərkəzinə yerləşdirilmiş, təmir və bərpa olunmuş, təhvil verilmişdir. Təmir və bərpa xərclərinin ümumi məbləği 28431,68 manat təşkil etmiş, həmin məbləğ iddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına ödənilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsindən müvafiq sənədlər daxil olmuş, həmin sənədlərin təhlili həyata keçirilmiş və məlum olmuşdur ki, avtonəqliyyat vasitəsini Cavabdeh1 deyil, Cavabdeh2 idarə etmişdir. Cavabdeh2 adı isə MC-Mİ-1182/22 nömrəli sığorta müqaviləsində qeyd olunmamış, yəni o, müqavilə üzrə “səlahiyyətli sürücü” olmamışdır.

26. Məhkəmə qeyd etmişdir ki, hazırkı halda sığorta ilə yalnız sığorta şəhadətnaməsində adı qeyd olunan səlahiyyətli sürücü avtonəqliyyat vasitəsini idarə edərkən baş verən ziyan və zərərlərə görə təminat verildiyinə, avtonəqliyyat vasitəsi sığorta şəhadətnaməsi üzrə səlahiyyəti olmayan sürücü tərəfindən idarə edildikdə baş verən itki və ziyanlar sığortaçı tərəfindən ödənilmədiyinə, beləliklə, sığorta hadisəsi baş vermədiyinə görə avtomobilin təmir-bərpa xərcləri "xxxx" ASC tərəfindən çəkilməməli olduğu halda, həmin xərclər iddiaçı tərəfindən çəkilmiş və 23431,68 manat məbləğində ödəniş edilmişdir. Nəticədə əsassız varlanma halı baş vermişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətlərinin dəlilləri

27. Cavabdeh3 ASC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, e-2-2(113)-1750/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin Cavabdeh3 ASC-yə aid hissədə rədd edilməsini xahiş etmişdir.

28. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsi və sübutlar “X11” ASC -yə münasibətdə düzgün aradırılmamış və iddiaçının qanuna zidd hərəkətlərinə qiymət verilməmişdir. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Belə ki, məhkəmə baxışında sözü gedən qənaətə gəlsə də, qarşı tərəfə bunu deyil, iddia ərizəsini geri götürüb yenidən məhkəməyə təqdim etməyi təklif etmişdir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Lakin məhkəmə Lizinq alan "xxxx" MMC-nin işə cəlb edilməsi ilə bağlı vəsatətləri təmin etməmiş, məhkəmə baxışında iddia üzrə tələbin bizə münasibətdə əsassız olduğu qənaətinə gəlib tərəfə iddia ərizəsini geri götürüb yenidən əsil olan tərəfi cəlb etmək barədə təklif vermiş, lakin iddiaçı buna razı olmadığından əsassız olaraq, iddia üzrə tələbin onlardan tutulması barədə qətnamə qəbul etmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

29. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

30. Cavabdeh3 ASC-nin vəkili və nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

31. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, Məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.7-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanmadır. 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçının sığorta ödənişinin verilməsindən imtina etməsi üçün əsaslardan biridir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman bas verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

33. “Avtonəqliyyat vasitələrinin kasko sığortası” Qaydalarının: 9.1-ci bəndinə əsasən bu sığorta ilə yalnız sığorta şəhadətnaməsində adı qeyd olunan səlahiyyətli sürücü avtonəqliyyat vasitəsini idarə edərkən baş verən ziyan və zərərlərə görə təminat verilir; 7.1.16-cı bəndinə əsasən isə avtonəqliyyat vasitəsi sığorta şəhadətnaməsi üzrə səlahiyyəti olmayan sürücü tərəfindən idarə edildikdə baş verən itki və ziyanlar sığortaçı tərəfindən ödənilmir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

35. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə cavabdeh tərəfindən qismən – iddianın təmin edildiyi hissədə mübahisələndirdiyindən qismən yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

36. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

37. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda sığorta ilə yalnız sığorta şəhadətnaməsində adı qeyd olunan səlahiyyətli sürücü avtonəqliyyat vasitəsini idarə edərkən baş verən ziyan və zərərlərə görə təminat verildiyinə, avtonəqliyyat vasitəsi sığorta şəhadətnaməsi üzrə səlahiyyəti olmayan sürücü tərəfindən idarə edildikdə baş verən itki və ziyanlar sığortaçı tərəfindən ödənilmədiyinə, beləliklə, sığorta hadisəsi baş vermədiyinə görə avtomobilin təmir-bərpa xərcləri "xxxx" ASC tərəfindən çəkilməməli olduğu halda, həmin xərclər iddiaçı tərəfindən çəkilmiş və 23431,68 manat məbləğində ödəniş edilmişdir. Nəticədə əsassız varlanma halı baş vermişdir.

38. Cavabdeh qismində qoyulan şəxslərdən biri Cavabdeh3 ASC-dir. Cavabdeh3 ASC nəqliyyat vasitəsinin mülkiyyətçisidir, həmçinin həmin nəqliyyat vasitəsilə bağlı lizinq müqaviləsi üzrə lizinq verəndir. Cavabdeh3 ASC-nin iddiaya etirazında qeyd olunur ki, lizinq alan istintaq və təhqiqat orqanını, sığorta şirkətini və lizinq verəni aldatmasaydı, nəticədə sığorta şirkəti əsassız olaraq sığorta haqqını ödəməsəydi, qanunvericiliyin tələbinə görə nəqliyyat vasitəsinə dəymiş zərəri lizinq alan ödəməli idi. Lakin bu ödənişləri lizinq alan icra etmədiyinə görə əsassız olaraq varlanan lizinq alan olmuşdur. Ona görə qeyd olunan məbləğ Cavabdeh3 ASC-dən tutula bilməz.

39. Qeyd olunmalıdır ki, iddiaçı seçimini edərək, Cavabdeh3 ASC-ni cavabdeh qismində qoymuş, qeyd olunan məbləğin ondan tutulmasını xahiş etmişdir. Məhkəmənin qənaətinə əsasən iddiaçı Cavabdeh3 ASC-yə qarşı tələbi irəli sürməkdə haqlı olmuşdur. Belə ki, Cavabdeh3 ASC sözügedən nəqliyyat vasitəsinin mülkiyyətçisidir. Sığorta müqaviləsi ASC ilə bağlanmış və müqavilədə ASC həm sığortalı, həm də faydalanan şəxs qismində göstərilmişdir. Həmçinin Cavabdeh3 ASC tərəfindən "xxxx" ASC-yə məktub ünvanlanaraq, MC-Mİ-1118/22 SŞ ilə sığortalanmış, Cavabdeh3 ASC-yə məxsus **-PV-*** dövlət qeydiyyat nişanlı, Hyundai Grandeur markalı avtomobilin xx.xx.2022-ci il tarixində zədələndiyi bildirilmiş və müvafiq tədbirlərin görülməsi və avtomobilin "xxxx" ASC-nin təyin etdiyi təmir müəssisəsində təmir edilməsi xahiş olunmuş, bundan sonra avtomobilin təmiri həyata keçirilmişdir.

40. Göstərilən halları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı Cavabdeh3 ASC-yə qarşı hazırkı tələbi irəli sürməkdə haqlıdır, həmin cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə edən, əsassız varlanan şəxsdir. Ona görə də Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətindən 23431,68 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır.

41. Lakin kollegiya apellyasiya şikayətinə münasibətdə onu da qeyd etməyi zəruri hesab edir ki, lizinq verən olaraq Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti lizinq alan "xxxx" MMC-yə qarşı dəymiş ziyanla bağlı tələb irəli sürə bilər.

42. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

43. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1750/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar