Məhkəmə qərarları › İş №2-2(103)-982/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-982/2021

28.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-982/2021 28.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2268/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 07.06.2021-ci il tarixli qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24.10.2020-ci il tarixli 007622 saylı aktın ləğvi və akt əsasında əsassız olaraq hesablanmış 27453,40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 07.06.2021-ci il tarixli 2-2(113)-2268/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən 24.10.2020-ci il tarixli 007622 saylı akta əsasən hesablanmış 27453,40 manat məbləğində borcun silinməsi qət edilmişdir. Cavabdeh ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli e-2-2(103)-982/2021 saylı qərardadı ilə 24.10.2020-ci il tarixdə 007622 saylı aktın ləğvi hissəsində iş üzrə icraata xitam verilmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən iki iddia tələbi irəli sürülmüşdür. Birinci tələb aktın ləğv edilməsi, ikinci tələb borcun silinməsindən ibarətdir. Lakin birinci instansiya məhkəməsi birinci tələbə ümumiyyətlə münasibət bildirməmiş, bununla da Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərini pozmuş və nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 387.1-ci maddəsində isə təsbit olunmuşdur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Mübahisənin mahiyyətinə dair isə kollegiyanın mövqeyi aşağıdakılardan ibarətdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmışdır. 24.10.2020-ci il tarixdə Ramana Südçülük sovxozunda X4 məxsus olmuş Quşçuluq-Parnik fermasına baxış keçirilmiş və 007622 saylı akt tərtib edilmişdir. Həmin aktda sayğacdan keçməyən d=63mm-lik boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə olunması göstərilmişdir. Həmin akt əsasında əlavə suyun dəyərinin ödənilməsi qərara alınmış və iddiaçıdan 27468 manatın ödənilməsi tələb olunmuşdur. İddiaçı bildirir ki, o, sudan qeyri-qanuni olaraq istifadə etməmiş və cavabdehin tərtib etdiyi akt da qanunsuzdur. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı sudan qeyri-qanuni olaraq istifadə etdiyinə görə dəymiş zərərin əvəzi iddiaçı tərəfindən ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, borcun silinməsi barədə iddia əsaslıdır. Belə ki, cavabdeh mübahisələndirilən borcun hesablanmasını iddiaçı tərəfindən sayğacdan kənar su xəttindən istifadə edilməsi və bunun nəticəsində cavabdehə zərər vurulması ilə əsaslandırsa da, iddiaçıya məxsus obyektdə kənar su xəttindən istifadə edilməsini təsdiq edən mötəbər sübutları təqdim etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəməyə təqdim edilmiş 007611 saylı akt isə iddiaçının nümayəndəsinin iştirakı olmadan və yalnız cavabdehin əməkdaşları tərəfindən tərtib edildiyinə görə kənar xətdən istifadə edilməsi faktını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bundan başqa “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Lakin cavabdeh mübahisəli yoxlamanın qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmasını təmin etməmişdir. Belə olan halda isə iddiaçıdan həmin yoxlama nəticəsində hesablanan zərərin əvəzi tələb oluna bilməz. Çünki istinad olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Ona görə də kollegiya hesab edir ki, borcun silinməsi barədə iddia təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə borcun silinməsi barədə iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2268/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 07.06.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Borcun silinməsi barədə iddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən 24.10.2020-ci il tarixli 007622 saylı akta əsasən hesablanmış 27453,40 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar