Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-983/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Anar Vəzir oğlu Tanrıverdiyevdən və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2484/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 07.07.2021-ci il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı LPO İddiaçı ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 152F9 nömrəli, 20 avqust 2007-ci il tarixli kredit müqaviləsi üzrə 03 fevral 2021-ci il tarixinə cavabdehin ləğv prosesində olan iddiaçı qarşısında əsas borc üzrə 9650 manat, faiz borcu üzrə 5890,52 manat, Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 6097 manat olmaqla cəmi borc üzrə 21637,52 manat və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 07.07.2021-ci il tarixli e-2-2(113)-2484/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı LPO İddiaçı ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında 152F9 nömrəli, 20 avqust 2007-ci il tarixli kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən borc verən İddiaçı ASC borc alan Cavabdeh MMC-yə illik 24 %-lə 10000 manat məbləğində kredit verməyi, borc alan isə krediti 12 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, cavabdeh müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 9650 manat, faiz borcu 5890,52 manat, Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu 6097 manat, cəmi borcu isə 21637,52 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Lakin hazırkı işdə qeyd olunan maddənin dispozitiv şərtlərinin mövcud olması sübut olunmur. Çünki kredit məbləğinin iddiaçı tərəfindən cavabdehə verildiyini təsdiq edən sübutlar təqdim edilməmişdir. Qeyd olunan maddədən isə görünür ki, kredit müqaviləsi üzrə öhdəlik ilk növbədə borc verənin üzərinə düşür və o, yalnız pulu borc alana verdikdən sonra borc alanın həmin pulu geri qaytarmaq öhdəliyi yaranır. Tərəflər arasında bağlanmış 20 avqust 2007-ci il tarixli 152F9 nömrəli kredit müqaviləsinin 4-cü bəndində də göstərilmişdir ki, kredit vəsaitinin hərəkəti borc verən tərəfindən borc alan üçün açılan ssuda hesabı ilə təmin edilir. Kredit vəsaiti bu müqavilə qüvvəyə mindiyi tarixdən 10 gündən gec olmayaraq borc verən tərəfindən borc alanın ssuda hesabına köçürülür və bu barədə dərhal borc alana məlumat verilir. Kredit vəsaitindən istifadə müddətinin axımı borc alanın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü gün başlanır. Lakin iddiaçı bununla bağlı heç bir sübutu təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi üzrə öz üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı tərəfindən cavabdehə borc məbləğinin faktiki olaraq verilməsi və bununla da, 20 avqust 2007-ci il tarixli kredit müqaviləsinin real olaraq iddiaçı tərəfindən icra olunması təsdiq olunmur. Belə olan halda isə cavabdehin borcun qaytarmaq öhdəliyi, iddiaçının isə Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borcun geri tələb etmək hüququ yaranmamışdır. Ona görə də, iddia rədd olunmalıdır. İddiaçı LPO İddiaçı ASC-nin hazırki apelyasiya baxışı zamanı məhkəməyə təqdim etdiyi hesabdan çıxarış isə sübut kimi qəbul edilə bilməz. Belə ki, birinci instansiya məhkəməsində iddiaçı həmin sənədləri təqdim etməmişdir. Apellyasiya icraatında həmin sənədlərə istinad olunması isə Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə ziddir. Belə ki, həmin maddənin tələblərinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin iddiaçı qeyd olunan maddənin tələblərinə riayət etməmişdir. Ona görə də, kollegiyanın qənaəti yalnız birinci instansiya məhkəməsində təqdim olunmuş sübutlara əsaslanır. Həmçinin kollegiya qeyd edir ki, həmin sənədlər sübut kimi qəbul edilsə belə, iddia təmin edilə bilməz. Çünki həmin sənədlərdən və iddiaçının nümayəndəsinin məhkəmə iclasında izahatından müəyyən edilir ki, kredit borcu cavabdeh tərəfindən tam olaraq ödənilib və cavabdehin hər hansı borcu mövcud deyil. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2484/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 07.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Anar Tanrıverdiyev Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-983/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-983/2021
02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver