Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-986/2024 22.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Məmmədağa oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı kommersiya işi Açar söz: borcun ödənilməsi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X4 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh3 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3622/2024 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı ASC ilə əsas borclu Cavabdeh3, zaminlər Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən bank Cavabdeh3 36 ay müddətinə, illik 24% olmaqla 30.000 manat məbləğində kredit vermişdir.
2. Müqavilə tərəflərin imzaları, hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur.
3. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehlərin banka əsas borc üzrə 20.212 manat, faiz borcu üzrə 2.237,68 manat, cərimə borcu üzrə 985,85 manat borcu vardır.
4. xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, bank cavabdehlərdən müqaviləyə əsasən 20.212 manat əsas, 2.022 manat faiz, 985 manat məbləğində cərimə borcunun ödənilməsini tələb etmiş və onlara aralarında bağlanmış kredit müqaviləsinin birtərəfli qaydada ləğvi ilə bağlı iradə ifadəsini çatdırmışdır.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 20.212 manat məbləğində əsas borcun, 2.237,68 manat məbləğində faiz borcunun, 985,85 manat məbləğində cərimə borcunun, cəmi 23.435,53 manat borcun və 161 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit sazişi müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 24% olmaqla 30.000 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3622/2024 nömrəli qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia qismən təmin edilmiş, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 20.212 (iyirmi min iki yüz on iki) manat, faiz borcu üzrə 2.022 (iki min iyirmi iki) manat, cərimə borcu üzrə 985 (doqquz yüz səksən beş) manat, 85 (səksən beş) qəpik olmaqla, cəmi 23.219 (iyirmi min iki yüz on doqquz) manat, 85 (səksən beş) qəpik məbləğində pul Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 159 (bir yüz əlli doqquz) manat, 66 (altmış altı) qəpik məbləğində pulun Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC Cavabdeh3 36 ay müddətinə, illik 24% olmaqla 30.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh3 kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır.
9. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə xx.xx.2024-cü il tarixdən birtərəfli qaydada ləğv edilmiş və həmin vaxta cavabdehlərin faiz borcu 2.022 manat təşkil etmişdir. Bu xüsusda məhkəmə qeyd etmişdir ki, müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə faiz borcu ancaq müqavilə müddəti ərzində hesablana bilər. Məhkəmə həmçinin hesab etmişdir ki, dəbbə pulunun tələb edilməsi hissəsində də, iddia əsaslıdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətlərinin dəlilləri
10. Cavabdeh3 qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 12 iyul 2022-ci il tarixli, e-2-2(113)-3622/2024 saylı qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv olunaraq iddianın rədd olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
11. Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarından da görünür ki, onunla İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, Kredit saziş müqaviləsinə əsasən bank tərəfindən borc alana 36 ay müddətinə, illik 24 % olmaqla 30.000 manat məbləğində kredit verilmişdir. Həmin kreditdən 20.000 manatı müəyyən edilmiş ödəniş cədvəlinə əsasən tərəfindən banka ödənilmişdir. Son dövrdə bankrot olduğu üçün kredit ödənişlərində üzürlü səbəbdən gecikmələr yaranmışdır. Bununla bağlı tərəfindən iddiaçıya müraciət olunaraq restrukturizasiya üçün banka müraciət olunmuşdur. Lakin bank restrukturizasiya üçün ilkin ödənişi çox yüksək məbləğdə tələb etmişdir. Ona görə də həmin məbləği ödəyə bilmədi. Qeyd etdiyi kimi iddianın əsas borc hissəsini qəbul edir, faiz və cərimə borc hissəsi ilə razı deyil. O məhkəmədən xahiş etmişdir ki, onun əsas kredit borcu saxlanılmaqla, faiz borcunun və cərimə borcunun isə güzəşt olunmaqla silinməsini xahiş edir. Onu da bildirir ki, hal hazırda məlum olduğu kimi kredit müqavilələrinin restruktrizasiyası bir çox bank və bank olmayan kredit təşkilatları tərəfindən həyata keçirilir. Ölkə rəhbərliyi tərəfindən bu müsbət təcrübə dəstəklənir. Kifayət qədər faiz borcu ödədiyini nəzərə alsa düşünür ki, ona qarşı əlavə faizin hesablanması ədalətsiz olar. Bakı Kommersiya Məhkəməsi tərəfindən iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılmamış, onun göstərdikləri yoxlanılmamış, yalnız iddiçı tərəfin göstərdiklərinə əsasən iş üzrə qanunsuz və əsassız qətnamə çıxarılmışdır. Bu da işin faktiki hallarına uyğun deyildir. O, kredit müqaviləsi üzrə hesablanmış əsas borcu və faizləri ödəməkdən qəsdən yayınmır. O, bankrota düşdüyü üçün üzrlü səbəbdən banka olan borclarını vaxtlı vaxtında ödəyə bilməmişdir. Lakin məhkəmə tərəfindən onun bu göstərdikləri nəzərə alınmamışdır. Hazırki mülki mübahisə isə birinci instansiya məhkəməsində baxılarkən qeyd edilən mülki iş tam və hərtərəfli araşdırılmamış, kommersiya işi yalnız iddiaçının ifadəsi əsasında həll edilmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə almayaraq, iddia tələbini tam təmin etmişdir. Hesab edir ki, işin faktiki halları hissəsində qeyd etdiyi faktlar məhkəmə tərəfindən nəzərə alınmamış və məhkəmə iş üzrə iddianın təmin olunması barədə qətnamə qəbul edərkən iş üzrə bir sıra zəruri halları araşdırmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
13. Cavabdeh3 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
14. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
16. Qətnamə Cavabdeh3 tərəfindən qismən – iddianın təmin edildiyi hissədə mübahisələndirdiyindən qismən yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
17. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3622/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
18. İşin hallarından görünür ki, İddiaçı ASC ilə əsas borclu Cavabdeh3, zaminlər Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən bank Cavabdeh3 36 ay müddətinə, illik 24% olmaqla 30.000 manat məbləğində kredit vermişdir. Müqavilə tərəflərin imzaları, hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehlərin banka əsas borc üzrə 20.212 manat, faiz borcu üzrə 2.237,68 manat, cərimə borcu üzrə 985,85 manat borcu vardır. xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, bank cavabdehlərdən müqaviləyə əsasən 20.212 manat əsas, 2.022 manat faiz, 985 manat məbləğində cərimə borcunun ödənilməsini tələb etmiş və onlara aralarında bağlanmış kredit müqaviləsinin birtərəfli qaydada ləğvi ilə bağlı iradə ifadəsini çatdırmışdır.
19. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddianın əsas borc hissəsini qəbul edir, faiz və cərimə borc hissəsi ilə razı deyil.
20. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
21. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
23. X2 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
24. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.
25. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
26. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehlərin banka əsas borc üzrə 20.212 manat, faiz borcu üzrə 2.237,68 manat, cərimə borcu üzrə 985,85 manat borcu vardır.
27. Lakin məhkəmə qeyd edir ki, işdə olan, bank tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, bank cavabdehlərdən müqaviləyə əsasən 20.212 manat əsas, 2.022 manat faiz, 985 manat məbləğində cərimə borcunun ödənilməsini tələb etmiş və onlara aralarında bağlanmış kredit müqaviləsinin birtərəfli qaydada ləğvi ilə bağlı iradə ifadəsini çatdırmışdır.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarındakı mövqedən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
29. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə xx.xx.2024-cü il tarixdən birtərəfli qaydada ləğv edilmiş və həmin vaxta cavabdehlərin faiz borcu 2.022 manat təşkil etmişdir.
30. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, bank müqavilə ləğv edildiyi tarixdən sonra cavabdehlərə 2.237,68 (215,68 manat artıq) manat faiz borcu hesablamışdır.
31. Bu xüsusda məhkəmə qeyd edir ki, müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə faiz borcu ancaq müqavilə müddəti ərzində hesablana bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 20.212 manat, faiz borcu üzrə 2.022 manat olmaqla, cəmi 22.234 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.
32. Məhkəmə həmçinin hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində də, iddia əsaslıdır.
33. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
34. Hazırki işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 985,85 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.
35. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh3 apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3622/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.