Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-988/2022 08.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 İB-yə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı kommersiya mübahisəsi üzrə (açar sözlər: vurulmuş zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, Cavabdeh2 MMC-nin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 İB-yə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1522/2022 nömrəli iş üzrə 29 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən (iddiaçı) ona məxsus Bakı şəhəri Zirə qəsəbəsi Zirə Tərəvəzçilik-südçülük sovxozunun ərazisində yerləşən 1,95 ha istixananı, 0,5 (ha) texniki zona tikintisini, 1,2731 (ha) boş ərazidən ibarət sahəni icarəyə verir, icarəçi (cavabdeh) isə icarə haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin: - 4.1-ci bəndinə əsasən, icarə obyektinin bir illik icarə haqqı 3.000 manat təşkil edir; - 4.3-cü bəndinə görə, elektrik enerjisi, qaz, su, kanalizasiya, telefon və internetdən istifadə üzrə bütün xərclər icarəçi tərəfindən ödənilir.
2. İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 3M-770 reyestrli icarə müqaviləsinin ləğvinə dair xx.xx.2021-ci il tarixli müqaviləyə görə, Bakı şəhəri Zirə qəsəbəsi Zirə Tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən qeyri-yaşayış sahəsinə dair bağlanmış xx.xx.2019-cu il tarixli 3M-770 reyestrli icarə müqaviləsi xx.xx.2021-ci il tarixdən ləğv edilmişdir.
3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX 01625325 nömrəli çıxarışa əsasən, Abşeron rayonu Zirə Tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən 0,40 ha torpaq sahəsi üzərində Abşeron Rayon İcra Hakimiyyətinin hüququ ********** nömrəli icarə hüququnun alqı-satqısına əsasən İddiaçı MMC-nin xeyrinə yüklü edilmişdir.
4. İddiaçı tərəfindən Cavabdeh1 İB-yə göndərilmiş xx.xx.2021-ci il tarixli müraciətə görə, iddiaçıya məxsus, Bakı şəhəri Zığ qəsəbəsi Zığ Tərəvəzçilik-südçülük sovxozunun ərazisində yerləşən ümumi ərazisi 3,7231 ha olan obyektin qazla təmin olunması üçün iddiaçı ilə Cavabdeh1 İB arasında qazın alqı-satqısı məqsədilə müqavilə bağlanması xahiş olunmuşdur.
5. İddiaçı tərəfindən Cavabdeh1 İB-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədə göstərilmişdir ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış icarə müqaviləsi notarial qaydada ləğv edilmişdir. Odur ki, istixanada yetişdirdikləri məhsulların məhv olması təhlükəsi olduğundan iddiaçı ilə Cavabdeh1 İB arasında müqavilə bağlanmasına və təbii qazın bərpasına icazə verilməsi xahiş olunmuşdur.
6. Abonentin saldosuna görə, Zirə Tərəvəzçilik-südçülük sovxozunun ərazisində yerləşən istixana üzrə **********00060 nömrəli kod Cavabdeh2 MMC-nin adına qeydiyyatdadır, abonentin 2021-ci ilin iyun ayının sonuna borcunun məbləği 90.403,09 manat təşkil edir.
7. Cavabdeh1 İB-nin tərtib etdiyi, Cavabdeh2 MMC-nin imzalamadığı Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktında qeyd olunmuşdur ki, sonuncunun xx.xx.2021ci il tarixə qazın alqı-satqısına görə borcunun məbləği 102.739,29 manat təşkil edir.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
8. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin qeyri-qanuni hərəkətləri nəticəsində əldən çıxmış faydanın (407.200 manat və 92.000 manat) müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddianın əsaslarına görə, iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2019cu ildə icarə müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən iddiaçıya məxsus istilikxana cavabdeh "xxxx" MMC-yə icarəyə verilmişdir. Müqavilə üzrə bütün öhdəliklər icarəçi tərəfindən öz üzərinə götürülmüşdür. Bundan sonra Cavabdeh2 MMC təbii qazın alqı-satqısı ilə bağlı Cavabdeh1 İB ilə ayrıca müqavilə bağlamışdır. Cavabdeh2 MMC-nin istixana ilə bağlı fəaliyyəti iki il, yəni 2021-ci ilin avqust ayına kimi davam etmişdir. Lakin icarəçi üzərinə düşən öhdəliklərinə əməl etməmiş və istixananı nəzarətsiz qoyub getmişlər. Bundan sonra icarəçinin rəhbəri olan Həmzə Əzizov ilə əlaqə saxlamışlar və istixananı müqavilənin müvafiq bəndinə uyğun olaraq, yəni tam yararlı vəziyyətdə onlara təhvil verilməsini xahiş etmişlər. Lakin onların maddi imkanlarının olmadığını, ancaq müqavilənin tələblərinə uyğun olaraq fəaliyyətdə olan müddətdə yaranmış kommunal borcların ödənilməsinə dair söz vermişlər. Lakin bu günə qədər icarəçi təbii qazdan istifadəyə görə yaranmış borcunu ödəməmişdir. Baxmayaraq ki, onların işığa yaranmış borc məbləği məcburiyyət qarşısında tərəflərindən ödənilmişdir. Lakin icarəçi tərəfindən təbii qazdan istifadəyə görə borc məbləği bu günə kimi ödənilməmişdir. Fəaliyyətlərini davam etdirilməsi üçün istixanada təmir bərpa və əkinə hazırlıq işləri aparmağa başlamış, xx.xx.2021-ci ildə istixada “Şarante” tipli yemiş növündə şitil və xx.xx.2021-ci ildə “S-Badam” tipli xiyar növünü əkmişlər. Lakin təbii qazın verilməsi Cavabdeh2 MMC-nin günahı ucbatından İB tərəfindən qeyri-qanuni olaraq dayandırılmışdır. Məcburiyyət qarşısında qalaraq icarəçinin Cavabdeh1 İB-yə borcu və qazın bərpası ilə bağlı dəfələrlə şifahi və yazılı müraciətlər etmişlər. Cavabdeh1 İB tərəfindən onlara cavab verilmişdir ki, Cavabdeh2 MMC-nin fəaliyyət müddətində İB-yə müəyyən borc məbləği yarandığından İddiaçı MMC-yə təbii qazın verilməsinə icazə verilməyəcək.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
11. Qətnamənin əsaslarına görə, “İşin araşdırılan hallarından delikt üzrə məsuliyyətin yaranmasının şərti - zərər vuranın təqsirli və hüquqa zidd əməli, habelə əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu öz təsdiqini tapmır.”
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayətinin dəlillərinə görə, Cavabdeh2 MMC-nin fəaliyyət müddətində İB-yə borcun yaranması iki il müddətində baş verdiyində niyə təbii qazın verilməsinin dayandırılmasına dair İB tərəfindən hər hansı bir tədbir görülməmişdir? İddiaçı tərəfindən xx.xx.2021-ci ildə istixanada “Şarante” tipli yemiş növündə şitil və xx.xx.2021-ci ildə “S-Badam” tipli xiyar növünü əkilmişdir. Lakin, qazın verilməsi qeyriqanuni olaraq Cavabdeh1 İB tərəfindən bərpa edilməmişdir. "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən iddiaçıya məxsus olan ərazinin 2 ha torpaq sahəsində yerləşən istixanada becərilən əkinə dəymiş ziyan nəticəsində əldə çıxmış faydanın dəyərinin müəyyən edilməsi üzrə qiymətləndirmə hesabatı tərtib edilmişdir. Əldən çıxmış faydanın bazar dəyəri 407.200 manat təşkil etmişdir. Qeyd olunanların ödənilməsi üçün bankdan kredit götürülmüşdür, bankın faizləri bu günə kimi ödənilməkdə davam edir, istixanada lazımi temperaturun saxlanılması üçün dizel yanacağı öz vəsaiti, yəni iddiaçının hesabına alınırdı. Odur ki, iddiaçıya cavabdehlərin qeyri-qanuni hərəkətləri nəticəsində maddi 52.000 manat, mənəvi isə 40.000 manat ziyan dəymişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Cavabdeh2 MMC-nin vəkili və nümayəndəsi apellyasiya şikayətini qəbul etməyib, rədd olunmasını xahiş etmişdir.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçının və digər cavabdehin nümayəndələri məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: - 6.1. Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: - 6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; - 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir.
20. MPM: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarı: “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. ... Göstərilənlərdən görünür ki, Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər.”
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarı: “Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. ... Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər.”
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hallarına yol verilməmişdir, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
26. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2019-cu il tarixdə icarə müqaviləsi bağlanmış, müqavilə tərəflərin qarşılıqlı razılığına əsasən xx.xx.2021-ci il tarixdən ləğv edilmişdir. Həmin müqavilə əsasında Cavabdeh2 MMC icarəyə götürdüyü iddiaçıya məxsus Zirə Tərəvəzçiliksüdçülük sovxozunun ərazisində yerləşən istixanada təbii qazın istehlakına görə 2021-ci ilin iyun ayının sonuna borcunun məbləği 90.403,09 manat təşkil edir, Zirə Tərəvəzçiliksüdçülük sovxozunun ərazisində yerləşən istixana üzrə **********00060 nömrəli abonent kodu hazırda da Cavabdeh2 MMC-nin adına qeydiyyatdadır, Cavabdeh2 MMC qeyd olunan borcu ödəmədiyi üçün istixanaya qazın verilişi Cavabdeh1 İB tərəfindən dayandırılmış, iddiaçı, Cavabdeh2 MMC istixananı təhvil verdikdən sonra orada təsərrüfat fəaliyyəti ilə məşğul olmaq üçün qazın verilməsinin bərpa olunmasını Cavabdeh1 İB-dən xahiş etsə də, sonuncu, bərpa etməmiş, iddiaçı qaz bərpa olunmadan orada yemiş və xiyar yetişdirilməsi prosesinə başlamış, qaz verilişi bərpa olunmadığı üçün soyuqlar düşdükdən sonra iddiaçı əkdiyi toxumların məhv olduğunu irəli sürmüşdür. İddiaçı hesab edir ki, yemiş və xiyar yetişdirilməsi üçün çəkdiyi xərclər (toxumların dəyəri, işçilərə ödənilən əmək haqları, dizel yanacağına ödənilən məbləğlər və sair), məhsulun məhvi cavabdehlərin hərəkətsizliyi (Cavabdeh2 MMC istehlak etdiyi təbii qaza görə yaranmış borcunu ödəməməsi, Cavabdeh1 İB isə bu borcu ondan tələb etməməsi və istixanaya qazın verilişini bərpa etməməsi) nəticəsində baş verdiyi üçün, onlar tərəfindən vurulmuş zərərin əvəzi qaydasında sonunculardan tutulmalıdır.
27. Məhkəmə kollegiyası həm iddianın əsasları, həm də apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, mülki hüquq pozuntusuna görə mülki məsuliyyətin yaranması üçün qanunazidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqazidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır.
28. İşin mübahisəsiz halıdır ki, iddiaçı istixanada qaz bərpa olunmadan yemiş və xiyar yetişdirməyə başlamış, bununla da qaz verilişinin bərpa olunmamasının doğuracağı nəticələri, o cümlədən məhsulun sonrakı soyuq aylarda məhv olması yaxud zərər görməsi riskini əvvəlcədən gözə alaraq, ona dəyə biləcək ziyanın məsuliyyətini könüllü qaydada öz üzərinə götürmüşdür. Belə olna halda isə, cavabdehlərin onlara istinad olunan hərəkətsizliklə zərər arasında səbəbli əlaqədən və mülki hüquq pozuntusuna görə mülki məsuliyyətlərinin yaranmasından bəhs oluna bilməz. Başqa sözlə, cavabdehlərin iddiaçıya zərər vurması faktı öz təsdiqini tapmadığı üçün, onların sonuncu qarşısında eyni əsasla hər hansı öhdəlikləri də əmələ gəlməmiş, iddiaçı sözügedən əsasla cavabdehlərə qarşı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa, yəni onlardan tələb etmək hüququna və müdafiə hüququna malik olmamışdır.
29. Apellyasiya şikayətinin konkret dəlillərinə gəldikdə isə, Cavabdeh2 MMC-nin fəaliyyət müddətində borcun yaranmasına görə təbii qazın verilməsinin dayandırılması məsələsi həmin hüquqi şəxslə Cavabdeh1 İB arasında yaranan hüquq münasibətlərinə aiddir. Qazın Cavabdeh1 İB tərəfindən bərpa edilməməsi isə, sonuncu ilə iddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmadığı və Zirə Tərəvəzçilik-südçülük sovxozunun ərazisində yerləşən istixananın abonent kodu iddiaçının yox, Cavabdeh2 MMC-nin adına qeydiyyatda olduğu üçün, qeyri-qanuni sayıla bilməz.
30. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir.
31. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1522/2022 nömrəli iş üzrə 29 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova