Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-99/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı 5316,92 manat xidmət haqqının tutulması barədə iddiası üzrə sadələşdirilmiş icraat qaydasında qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin 16 iyul 2020-ci il tarixli, e-2-2 (113)-1478/2020 saylı qətnaməsindən (hakim Zaur Pirverdiyev) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı cavabdehdən iddiaçının xeyrinə GSM müqaviləsinə əsasən 5316.92 manat xidmət haqqının və ödənilmiş 30.40 manat dövlət rüsumunun, cəmi 5347.32 manat tutulması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış GSM müqaviləsinə əsasən sonuncu üzrə 5285.88 manat məbləğində, GSM müqaviləsinə əsasən fərdi nömrələr üzrə 31.04 manat məbləğində cəmiyyətin rabitə xidmətlərindən istifadə edərək danışıqlar aparmış və nəticədə cəmi üzrə 5316.92 manat məbləğində borcu yaranmışdır. Müqavilənin şərtlərinə əsasən abonent ona göstərilən rabitə xidmətlərinə görə xidmət haqqını iddiaçının müəyyən etdiyi son ödəmə tarixinədək ödəməlidir. Hesab-fakturada göstərilən ödəniş şərtləri abonent tərəfindən pozularsa, iddiaçı gecikdirilən hər gün üçün gecikmə faizi tətbiq edir. Beləliklə, borcluya aid GSM fakturalarından göründüyü kimi borclu müqavilənin şərtlərini pozaraq, göstərilən borcun ödənilməsini təmin etməmişdir. Bakı Kommersiya Məhkəməsinin 16 iyul 2020-ci il tarixli, e-2-2 (113)-1478/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin keçirilən məhkəmə iclaslarının keçirilmə vaxtı barədə xəbərim olmamış, sözügedən işə baxılarkən çəkişmə prinsipi pozulmuşdur. Xüsusi olaraq qeyd edim ki, “xxxx” MMC 2016-cı ilin fevral ayında ofisində baş vermiş yanğın səbəbindən MMC fəaliyyətini dayandırmış, o gündən bu günə kimi xidmət göstərməmişdir. İddiaçı MMC ilə “xxxx” MMC arasında xx xxxxxx 2015-ci il tarixində 1 (bir) il müddətinə abunə müqaviləsi bağlanılsa da, iddiaçı şirkətin təqdim etdiyi nömrələr istismar olunmamış, faktiki olaraq xidmət göstərilməmişdir. Bundan başqa, məhkəmə işi araşdırarkən qətnaməsində cavabdehdən tutulmalı olan 5316,92 manat xidmət haqqının hansı formada hesablanaraq mövcud olması göstərilməmiş, bununla bağlı iddiaçı tərəfindən də məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Yəni göstərilən xidmət haqqının 5316,92 manat olmasını sübut edəcək heç bir sübut iş materiallarında mövcud deyildir. Eyni zamanda, məhkəmənin qətnaməsinin əsaslandırıcı hissəsində nə üçün xidmət haqqının 5316,92 manat olması barədə iddiaçıdan borcun mövcudluğunu təsdiq edəcək mötəbər sübut tələb olunmamış, yalnız iddia ərizəsinə əlavə edilən müqaviləyə qiymət verilməklə iddianın təmin olunması qənaətinə gəlinmişdir. Halbuki iş üzrə sübut etmə yük iddiaçının üzərinə düşür. Daha sonra, xx xxxxxx 2015-ci il tarixində 1 (bir) il müddətinə bağlanmış abunə müqaviləsi üzrə iddia müddəti keçmişdir. İşə apelyasiya qaydasında baxılması xx.xx.2021-ci il tarixə təyin edilmiş, cavabdehin hüquqi ünvanı üzrə göndərilmiş məhkəmə bildirişləri həmin ünvanda olmadığında dair poçt qeydi ilə qaytarılmış, bildiriş nümayəndənin elektron kabinetinə yerləşdirilmiş, lakin cavabdeh məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 16 iyul 2020-ci il tarixli, e-2-2 (113)-1478/2020 saylı qətnaməsi dəyişdirilməli, Cavabdehndən İddiaçı xeyrinə 4061,53 manat xidmət haqqı üzrə borc, 406 manat cərimə tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli Abunə müqaviləsinin surətindən görünür ki, müqaviləyə əsasən İddiaçı siyahısı bu Müqaviləyə olan İ saylı Əlavədə müəyyən edilən Nömrələri və telekommunikasiya Xidmətlərini Abunəçiyə təmin etməyi, Abunəçi isə öz növbəsində bu Müqavilədə və müvafiq Tarif Planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan Xidmətlərdən istifadə etməyi və Xidmətlərdən istifadəyə görə müvafiq ödənişləri həyata keçirməyi öhdələrinə götürmüşlər. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2015-ci il tarixli və xx.xx.2016-cı il tarixli təminat məktubu adlı sənədlərdən görünür ki, cavabdeh 27 ədəd və 14 ədəd “Simkart” (Voice nömrələr) nömrələrinə göstərilən xidmətə görə ödənişlərin təyin olunmuş müddət ərzində ödənilməsini üzərinə götürmüşdür. İşdəki xx.xx.2019-cu il tarixli hesab fakturanın surətindən görünür ki, cavabdehin həmin tarixə iddiaçıya olan borcu 5285,88 manat təşkil etmişdir. İşə apelyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş maliyyə arayışı və əlavə edilmiş cədvəldən görünür ki, tələb olunan borcun 4061,53 manatı 2016 və 2017-ci illər üzrə göstərilmiş xidmətə görə qalıq borc, 1255,39 manatı cərimə borcudur. Cavabdeh apelyasiya şikayətində mübahisəyə iddia müddətinin tətbiq edilməklə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Tərəflər arasında bağlanmış abunə müqaviləsində abunəçi tərəfindən istifadə edilən xidmətlərin dəyərinin hesab-faktura təqdim edildikdən sonra hesab fakturada göstərilən son ödəmə tarixinədək həyata keçirilməsi nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, hazırkı iş üzrə borc məbləği ilə bağlı hesab faktura cavabdehə xx.xx.2019-cu il tarixdə göndərilmişdir. İddia müddətinin axımının həmin tarixdən başlandığı nəzərə alınarsa iddiaçı xx.xx.2020-ci il tarixdə iddia qaldırmaqla 3 illik iddia müddətini ötürməmişdir. Cavabdeh apelyasiya şikayətində iddiaçı tərəfindən abunə xidməti göstərilmədiyini qeyd etsə də məhkəmə cavabdehin bu mülahizəsinin heç bir dəlillə təsdiq olunmadığını, abunə müqaviləsinin ləğv edilməsi üçün cavabdeh tərəfindən iddiaçıya müraciət edilmədiyini, xidmətin göstərilməməsi ilə bağlı pretenziya göndərilmədiyini nəzərə alaraq apelyasiya şikayətini əsassız hesab edir və belə nəticəyə gəlir ki, qətnamə 4061,53 manat xidmət haqqı borcunun cavabdehdən tutulması hissəsində qanuni və əsaslıdır. Cavabdehin məhkəmə iclaslarında iştirakının təmin edilməməsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarına əsasən cavabdehin hüquqi ünvanına göndərilmiş məhkəmə bildirişləri cavabdeh faktiki olaraq həmin ünvanda fəaliyyət göstərmədiyi üçün çatmamışdır. Belə olan halda, işdə cavabdehin digər ünvanı olmadığından işə birinci instansiya qaydasında baxılarkən məhkəmə iclaslarında cavabdehin səlahiyyətli nümayəndəsinin iştirak etməməsinə görə məhkəmə məsuliyyət daşıya bilməz. Abunə haqqında müqavilənin 5.3-cü bəndində ödənişin gecikdirilməsinə görə ödəniləcək məbləğin 0,1 %-i həcmində, ümumilikdə 30%-dən çox olmamaqla cərimə ödənilməli olduğu nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 1255,39 manat cərimə əsas borcun 30 %-dən çox olduğundan və əsas borc tələbinə nisbətdə tənasübsüz surətdə yüksək olduğundan azaldılmalı, əsas borcun 10%-i, yəni 406 manat məbləğində müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 16 iyul 2020-ci il tarixli, e-2-2 (113)-1478/2020 saylı qətnaməsi dəyişdirilməli, Cavabdehndən İddiaçı xeyrinə 4061,53 manat xidmət haqqı üzrə borc, 406 manat cərimə tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 16 iyul 2020-ci il tarixli, e-2-2 (113)-1478/2020 saylı qətnaməsi dəyişdirilsin. Cavabdehndən İddiaçı xeyrinə 4061,53 manat xidmət haqqı üzrə borc, 406 manat cərimə tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdehdən iddiaçının xeyrinə 30 manat dövlət rüsumu tutulsun. Qətnamə dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-99/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-99/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver