Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-990/2025 10.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh MMC-yə qarşı icarə müqaviləsinin ləğv edilməsi, pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi, icarə haqqının yenidən baxılması, inflyasiya və icarə haqqı, müqavilənin şərtlərinin əhəmiyyətli dərəcədə pozulması) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı Güləlı oğlunun, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı icarə müqaviləsinin ləğv edilməsi, pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-2363/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İddiaçı (“icarəyəverən”) Cavabdeh MMC (“icarəçi”) arasında 29 mart 2021-ci il tarixli icarə müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: 1.1-ci bəndinə əsasən “İcarəyə Verən” Azərbaycan Respublikası Saatlı rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən verilmiş Rəyə və Layihəyə əsasən ünvan 1 ünvanında yerləşən istifadəsində olan ümumi sahəsi 230 kv.m olan qeyri-yaşayış sahəsini (mağaza) “icarəçi”yə icarə verməyi, ''İcarəçi” isə obyekti qəbul etməyi və Müqavilə ilə müəyyən edilmiş icarə haqqını tam şəkildə və vaxtında ödəməyi öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 8 il ərzində qüvvədə olacaq. 3.1-ci bəndinə əsasən icarəçi icarəyə verənə hər ay 900 (doqquz yüz) manat məbləğdə (Ö.M.V. daxil) icarə haqqı ödəyir. 3.2-ci bəndinə əsasən icarə haqqı xx.xx.2021-ci il tarixdən etibarən hesablanacaq. 3.6-cı bəndinə görə icarə müqaviləsinin bağlandığı andan 2 (iki) il keçdikdən sonra Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi inflyasiya dərəcəsi nəzərə alınmaqla icarə haqqının məbləğinə yenidən baxıla bilər. 12.1-ci bəndinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə bu müqavilə vaxtından əvvəl ləğv edilə bilər. 12.2-ci bəndinə əsasən icarəçi icarə haqqını 2 (iki) ay ardıcıl tam ödəmədikdə icarəyə verən bu müqaviləni ən azı 1 (bir) ay əvvəlcədən yazılı qaydada xəbərdarlıq etməklə birtərəfli qaydada ləğv edə bilər. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
2. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə iddiaçı arasında bağlanmış 29 mart 2021-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdehdən 4264.20 manat məbləğində ödənilməmiş icarə haqqının və 63 manat dövlət rüsumunun alınıb cavabdehə ödənilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində ünvan 1ndə yerləşən 230 kv.m qeyri-yaşayış sahəsi (mağaza) vardır. 29 mart 2021-ci il tarixdə Cavabdeh ilə onun arasında yuxarıda qeyd etdiyi qeyri-yaşayış sahəsinin icarəyə götürülməsi ilə bağlı icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 3.6-cı bəndinə görə icarə müqaviləsinin bağlandığı andan 2 (iki) il keçdikdən sonra Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi inflyasiya dərəcəsi nəzərə alınmaqla icarə haqqının məbləğinə yenidən baxıla bilər. O da icarəyə verən şəxs olaraq müqavilənin 3.6-cı bəndini əsas tutub Cavabdehnə həm şifahi, həmçinin də yazılı müraciətlər edib ki, Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi inflyasiya dərəcəsini nəzərə almaqla icarə haqqının məbləğini artırsınlar. Lakin bu günə kimi icarə haqqının artırılması barədə Cavabdeh tərəfindən heç bir müsbət cavab almamışdır. Bundan başqa cavabdeh təşkilata elektron məhkəmə sistemi vasitəsilə pretenziya məktubu da göndərib ki, 29 mart 2021-ci il tarixdə aralarında bağlanmış icarə müqaviləsinin 3.6-cı bəndindən irəli gələn öhdəliyinə əməl edərək icarə haqqını Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi inflyasiya dərəcəsini nəzərə almaqla artırsınlar və eyni zamanda keçmiş iki il ərzində 3893,40 manat ödənilməmiş icarə haqqını da ona ödəsinlər.
4. Cavabdeh iddia ərizəsinə etiraz verərək, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MMC-yə qarşı olan iddia tələbinin “icarə müqaviləsinin ləğv edilməsi”nə dair hissəsini tərəflər arasında bağlanılmış icarə müqaviləsində müqavilənin bağlanıldığı vaxtdan 2 il keçdikdən sonra inflyasiya dərəcəsi nəzərə alınmaqla icarə haqqı məsələsinə yenidən baxılması nəzərdə tutulmasına və icarə haqqı məbləğinin artırılması ilə bağlı cavabdehə müraciətlər edilməsinə baxmayaraq, Cavabdeh MMC tərəfindən müraciətlərinə cavab verilməməsi ilə əsaslandırmışdır.İşin faktiki halı ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə icarə müqaviləsi bağlanılaraq icarəyə verən olan İddiaçı tərəfindən ünvan 1ndə yerləşən ümumi sahəsi 230 kv.m olan qeyri-yaşayış sahəsini (mağazanı) xx.xx.2029-cu il tarixədək icarəçi olan Cavabdeh MMC-nin sahiblik və istifadəsinə verilmişdir. Tərəflər xx.xx.2021-ci il tarixli icarə müqaviləsində icarə haqqının 900 manat (vergi məbləği daxil) müəyyən edilməsi və xx.xx.2021-ci il tarixdən ödənilməsi barədə razılığa gəlmişlər.İlk növbədə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər.Göründüyü kimi müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür:Digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda;Mülki Məcəllə və ya müqavilədə nəzərdə tutulan digər hallarda.Hazırki mübahisə üzrə tərəflər arasında müqavilədə müqavilənin icarəyə verən tərəfindən birtərəfli qaydada ləğv edilməsi üçün yalnız bir şərt nəzərdə tutulmuşdur.Belə ki, tərəflər arasında bağlanılmış İcarə Müqaviləsinin 12.2-ci bəndində nəzərdə tutulmuşdur ki, icarəçi icarə haqqını 2 (iki) ay ardıcıl tam ödəmədikdə icarəyə verən bu müqaviləni ən azı 1 (bir) ay əvvəlcədən yazılı qaydada xəbərdarlıq etməklə birtərəfli qaydada ləğv edə bilər.Göründüyü kimi, tərəflər arasında bağlanılmış müqavilənin icarəyə verən tərəfindən birtərəfli qaydada ləğv edilməsi ilə bağlı konkret şərt olaraq icarəçi tərəfindən icarə haqqının 2 ay ardıcıl tam ödənilməməsi müəyyən edilmişdir.İşin mübahisəsiz halı isə ondan ibarətdir ki, tərəflər arasında Cavabdeh MMC tərəfindən müqavilə ilə müəyyən edilmiş icarə haqqı öhdəliyinin yerinə yetirilməsinə dair mübahisə və icarə haqqı borcu yoxdur.İddiaçı cavabdeh tərəfindən icarə haqqına dəyişiklik edilməsinə dair pretenziya məktubuna cavab verilməməsini və icarə haqqının artınlmamasmı müqavilənin əhəmiyyətli dərəcəsə pozulması olduğunu bildirməklə Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən müqavilənin ləğv edilməsi üçün əsas olduğunu bildirmişdir.Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanılarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.İddiaçı tərəfindən cavabdehin icarə haqqının atırılması ilə bağlı təkliflərə cavab verilməməsinin, icarə haqqının artınlmamasmın müqavilənin əhəmiyyətli pozuntusu olaraq qiymətləndirilməsi ilə bağlı qeyd olunmalıdır ki, iddiaçının istinad etdiyi İcarə Müqaviləsinin 3.6-cı bəndinə əsasən tərəflər razılığa gəliblər ki, icarə müqaviləsinin bağlandığı andan 2 (iki) il keçdikdən sonra Azərbaycan Respublikası Mərkəzi Bankın rəsmi inflyasiya dərəcəsini nəzərə alınmaqla icarə haqqının məbləğinə yenidən baxıla bilər.Göründüyü kimi müqavilənin istinad edilən bəndində istifadə olunan dispozitiv ifadələr (“yenidən baxıla bilər”) ona dəlalət edir ki, inflyasiya dərəcəsinə uyğun olaraq icarə haqqına yenidən baxılması icarəçinin öhdəliyi kimi deyil, tərəflərin hüququ, yəni mümkün davranış imkanı kimi nəzərdə tutulmuşdur. Həmin bənd icarəçi olan cavabdehin üzərinə icarə haqqının məbləğinin artırılması ilə bağlı öhdəlik qoymur. Yalnız 2 il keçikdən sonra tərəflərin qarşılıqlı razılığı ilə icarə haqqının məbləğinə baxılması məsələsini tənzimləyir.Belə olan halda cavabdeh tərəfindən üzərinə icarə haqqının artırılması ilə bağlı öhdəlik götürülmədiyindən icarə haqqının artırılması ilə bağlı təklifə cavab verilməməsi, icarə haqqı məbləğinin artmlmaması müqavilənin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilə bilməz.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2363/2025 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Ödənilmiş 63 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən müəyyən etmişdir ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh MMC arasında 29 mart 2021-ci il tarixli icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı icarəyəverən ünvan 1ndə yerləşən 230 kv.m olan qeyri-yaşayış sahəsini Cavabdeh MMC-yə icarəyə vermişdir. Tərəflər arasında işin mübahisələndirilən halı, iddiaçı müqavilənin 3.6-cı bəndinə əsaslanaraq, cavabdeh tərəfindən həmin bəndin pozulması, icarə haqqının artırılması ilə bağlı öhdəliyinin yerin yetirilməməsinə əsaslanaraq, müqavilənin ləğvini və pul tələb edir, cavabdeh iddianı qəbul etməyərək, müqavilənin 3.6-cı bəndində heç bir imperativ göstəriş olmadığını, onlar tərəfindən müqavilə şərtlərinin pozulmadıöını əsas gətirərək iddiaın rədd edilməsini xahiş edir.
7. Məhkəmə qeyd etmişdir ki, İddiaçı tələbi İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış 29 mart 2021-ci il tarixli İcarə müqaviləsinə xitam verilməsi və 4264.20 manat icarə haqqının ödənilməsindən ibarətdir. Müqavilənin 2.1-ci bəndinə əsasən icarə müqaviləsinin müddəti 8 il müddətinə davam edəcək. Müqavilənin 12.2-ci bəndinə əsasən, İcarəçi icarə haqqını 2 ay ardıcıl tam ödəmədikdə icarəyə verən bu Müqaviləni ən azı 1 ay əvvəlcədən yazılı qaydada xəbərdarlıq etməklə birtərəfli qaydada ləğv edə bilər. İşin mübahisəsiz halı ondan ibarət olub ki, müqavilənin 122-ci bəndində nəzərdə tutulan müqavilənin birtərəfli ləğvini nəzərdə tutan hal, ümumiyyətlə baş verməmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, icarəyə verən icarə haqqının artırılması ilə bağlı icarəçi Cavabdeh MMC-yə dəfələrlə yazılı və şifahi təklif irəli sürmüşdür. Cavabdeh MMC isə icarə haqqının artırılmasına razı olmamışdır və tərəflər arasında icarə haqqının artırılması ilə bağlı qarşılıqlı razılıq əldə edilməmişdir. İddiaçının ərizəsində qeyd etdiyi və iddia ərizəsinin əsası olan “müqavilənin 3.6-cı bəndinə görə icarə müqaviləsinin bağlandığı andan 2 il keçdikdən sonra Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi inflyasiya dərəcəsi nəzərə alınmaqla icarə haqqının məbləğinə yenidən baxıla bilər” halı ilə bağlı qeyd edilməlib ki, Cavabdeh MMC iddiaçı qarşısında “icarə haqqını qaldırmalıdır” kimi (imperativ qaydada) məcburi öhdəlik üzərinə götürməmiş və icarə müqaviləsində icarə haqqının dəyişdirilməsi ilə bağlı məsələ dispozitiv qaydada, yəni “tərəflərin razılığına əsasən icarə haqqına 2 il sonra yenidən baxıla bilər” qaydasında nəzərdə tutulmuşdur. Göründüyü kimi, hazırkı halda, icarə haqqının cavabdeh tərəfindən qaldırılmaması, müqavilənin əhəmiyyətli pozuntusu hesab edilə bilməz. Bu səbəbdən iddia tələbi icarə müqaviləsinin vaxtından əvvəl ləğvinə dair hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin pul tələbinə dair hissəsiini də əsassız hesab edərək qeyd etmişdir ki, həmin tələbin hüquqi əsası, həmin tələbə dair hər hansı sübut ümumiyyətlə məhkəmə təqdim edilməmişdir. “Pul” tələbinə dair iddian iddaçı “ödənilməmiş icarə haqqı “ kimi qeyd etsə də, həm məhkəmə iclaslarında özü tərəfində də qeyd edilmişdir ki, cavabdeh tərəfindən müqavilə üzrə müəyyən edilöə 900 manat icarə haqqı cavabdeh tərəfindən vaxtı-vaxtında ödənilmişdir. İşin hallarından görünüb kimi, icarə müqaviləsinin qarşılıqlı razılıq əsasında ləğv edilməsi, müqavilənin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulması, habelə müqavilənin icrasından birtərəfli imtina halları baş verməmişdir. Belə ki, cavabdeh üzərinə düşən əsas öhdəliyi icarə haqqı məbləğini ödəmək öhdəliyini vaxtı-vaxtında icra etməməsi ilə bağlı sübut təqdim olunmamış və İcarə Müqaviləsinin 12.2-ci bəndi ilə müəyyən edilmiş şərtin pozulmasına yol verməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia rədd edilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia rədd edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələblərinə əsasən iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 421.1, 421.2- 385.1, 442, 443.1, 448.1, 700.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına istinad etmişdir.
9. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri:
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə müqavilənin 3.6-cı bəndinin sözlərinin təsvirinin müxtəlif mənalar verdiyi halda tərəflərin yaşadığı yerin adətən qəbul olunmuş mənasına üstünlük verməli idi. Başqa bir tərəfdən 2021-ci il tarixli icarə müqaviləsinin 3.6-cı bəndinin xüsusiyyətini nəzərə alsa başa düşülür ki, iddiaçı bir icarə verən olaraq icarə verdiyi qeyri yaşayış sahəsinin icra haqqının həddindən artıq 8 il müddətinə dəyərsizləşməsin və icarə haqqının artımı havadan götürülmüş yox, Mərkəzi bankın qeydə aldığı inflyasiya dərəcəsinə uyğun olduğunu bildirmişdi. Müqaviləyədə 3.6-cı bəndi məhz bu məqsədlə iddiaçının iradə ifadəsi kimi qeyd olunmuşdur. Məhkəmə isə həmin bəndi təkcə hərfi mənada təsvir etmiş icarə haqqının məbləğinin yenidən baxıla biləcəyini Oba market MMC-nin icarə haqqının qaldırılması kimi öhdəliyin üzərinə götürməməyi kimi təfsir etmişdir. Buda müqavilənin 3.6 maddəsinin şərtlərini nəyinki həqiqi iradə ifadəsi kimi həm də cümlələrinin hərfi mənada təsvir olunduğu halda şərtin formal (kağızda) qeyd olunduğu anlamına gəlib çıxır. Məhkəmə 29 mart 2021 ci il tarixli müqavilənin 3.6 cı maddəsinin tələblərini təvsir edərkən cümlənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almalıydı. Lakin məhkəmə 3.6-cı bəndini təvsir edərkən Cavabdeh MMC-nin iddiaçı qarşısında “icarə haqqını qaldırmalıdır” kimi (imperativ qaydada) məcburi öhdəlik üzərinə götürməmiş və icarə müqaviləsində icarə haqqının dəyişdirilməsi ilə bağlı məsələ dispozitiv qaydada, yəni “tərəflərin razılığına əsasən icarə haqqına 2 il sonra yenidən baxıla bilər” qaydasında nəzərdə tutulduğunu bildirmişdir. Bəndin mənasına görə 2021-ci il tarixli icarə müqaviləsinin 3.6-cı bəndində göstərilib ki, Mərkəzi bankın inflyasiya dərəcəsini nəzərə almaqla icarə haqqına yenidən baxıla biləcəyi qeyd edilməklə respublikada Mərkəzi bankın qeydə aldığı inflyasiya dərəcəsinə uyğun olaraq icarə haqqı yenidən uyğunlaşdırılmaqla hesablanacağı mənasında müqaviləyə əlavə olunmuşdur. Bununlada məhkəmə icarə müqaviləsinin 3.6-cı bəndinin şərtlərini, iddiaçının iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almalıydı. Məhkəmə isə bu maddənin tələblərini pozaraq müqavilənin 3.6-cı bəndinin şərtlərini təkcə söz və ifadələrini hərfi mənada olduğu kimi təvsir etmişdir. Nəticədə iddiaçının həm hüquqları pozulur, həm də gəlirindən məhrum olur. Məhkəmə işə mahiyyəti üzrə baxdıqdan sonra məhkəmə qətnaməsini qanuni və əsaslı olan qətnaməni qət etməli idi. Lakin Bakı Kommersiya iddiaçının mülkiyyətindən gəlir əldə etmək hüququnu pozan, icarə müqaviləsinin 3.6 cı maddəsində göstərilən şərtləri təkcə hərfi mənada təsvir etmiş və həqiqi iradəsinin ifadəsinə məhəll qoymamışdır. Eyni zamanda cavabdehlə aralarında yaranmış praktikaya, işgüzar adətlərə və hərəkətlərimizə əhəmiyyət verməyərək qanunsuz və əsassız qətnaməni qət etmişdir. Məhkəmə tərəflərə məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borclu olduğu halda işlə bağlı barışıq sazişini bağlamağı təklif etməmiş və bunun üçün cəhd göstərməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
12. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi, apellyasiya şikayətinin təmin edilməsini iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Bundan əlavə izahatında bildirdi ki, icarə haqqı kimi razılaşdırılan aylıq 900 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən vaxtlı-vatxında ödənilib və həmin icarə haqqına görə cavabdehin borcu yoxdur.
13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin rədd edilməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
14. Mülki Məcəllənin: -398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. -421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. -421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. -423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
15. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edildiyindən və həmin qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
20. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında 29 mart 2021-ci il tarixli icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 230 kv.m olan qeyri-yaşayış sahəsini (mağaza) aylıq icarə haqqı 900 manat olmaqla xx.xx.2029-cu il tarixədək Cavabdeh MMC-yə icarəyə vermişdir. Hazırda iddiaçı 4264,20 manat icarə haqqının ödənilməsini və tərəflər arasında bağlanmış icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsini tələb edir və tələbinin faktiki əsası kimi tərəflər arasında bağlanmış icarə müqaviləsinin 3.6-cı bəndində icarə müqaviləsinin başlandığı andan 2 il keçdikdən sonra Azərbaycan Respublikası Mərkəzi Bankın rəsmi inflyasiya dərəcəsi nəzərə alınmaqla icarə haqqının məbləğinə yenidən baxılması barədə şərtin nəzərdə tutulmasına, lakin müqavilənin bağlanmasından 4 il keçməsinə baxmayaraq Cavabdeh MMC-nin icarə haqqının artırılmasına razılıq verməməsinə, iddianın qanuni əsası kimi isə Mülki Məcəllənin 421.2-ci maddəsinə istinad edir.
21. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının istinad etdiyi müqavilənin 3.6-cı bəndinə əsasən tərəflər razılığa gəlirlər ki, icarə müqaviləsinin başlandığı andan 2 il keçdikdən sonra Azərbaycan Respublikası Mərkəzi Bankın rəsmi inflyasiya dərəcəsini nəzərə alınmaqla icarə haqqının məbləğinə yenidən baxıla bilər. Qeyd edilir ki, müqavilənin istinad edilən bəndində istifadə olunan dispozitiv ifadələr (“yenidən baxıla bilər”) ona dəlalət edir ki, inflyasiya dərəcəsinə uyğun olaraq icarə haqqına yenidən baxılması icarəçinin öhdəliyi kimi deyil, tərəflərin hüququ, yəni mümkün davranış imkanı kimi nəzərdə tutulmuşdur. Belə olan halda isə müqavilənin bağlanmasında 4 il keçdikdən sonra icarə haqqının artırılmamasının icarəçi tərəfindən müqavilə öhdəliklərinin pozuntusu kimi qiymətləndirilməsi üçün əsas yoxdur.
22. Odur ki, müqavilənin birtərəfli qaydada ləğv edilməsi üçün Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğu müəyyən edilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair hissədə iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
23. İddianın icarə haqqının tutulması hissəsinə gəlincə iddiaçının məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsində nəzərdə tutulmuş aylıq 900 manat məbləğində icarə haqqı cavabdeh tərəfindən mütəmadi ödənilmiş və həmin icarə haqqına görə cavabdehin borcu mövcud deyildir. İddiaçının ödənilməsini tələb etdiyi icarə haqqı məbləği isə iddiaçının inflyasiya dərəcəsini nəzərə almaqla müqavilədə müəyyən edilmiş icarə haqqına əlavə olaraq birtərəfli qaydada hesabladığı məbləğdir. Odur ki, kollegiya hesab edir ki, cavabdehin ödəməli olduğu aylıq icarə haqqı məbləği mübahisəli icarə müqaviləsində müəyyən edildiyindən və tərəflər arasında icarə haqqının artırılması ilə bağlı razılaşma mövcud olmadığından inflyasiya dərəcəsi nəzərə alınmaqla iddiaçı tərəfindən hesablanmış əlavə icarə haqqının tutulmasına dair iddiaçının tələbi əsassızdır.
24. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
25. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
26. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2363/2025 saylı saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov