Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-991/2021 20.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2, iddiaçının vəkili və nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 nümayəndəsi Nümayəndə3 iştirakı ilə tender təklifinin kənarlaşdırılması barədə cavabdehin qərarının qanunsuz hesab edilməsi və tenderin qalibi kimi onunla podrat müqaviləsi bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulması tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1743/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin onun tender təklifinin kənarlaşdırılması barədə qərarının qanunsuz hesab edilməsi və tenderin qalibi kimi onunla podrat müqaviləsi bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 18.06.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi şikayəti müdafiə etmiş, cavabdehin nümayəndəsi şikayəti qəbul etməmişdir. Apellyasiya şikayətinin dəlilləri mübahisənin mahiyyəti ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası iş materiallarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməli, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Belə bir yoxlamadan hərəkətlə müəyyən edilir ki, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, habelə sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin davam etdirilməsi məqsədilə qəbul edilən “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30.12.2019-cu il tarixli 912 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndi rəhbər tutularaq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində publik hüquqi şəxslər yaradılmışdır: 1.1. Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin əsasında X5; 1.2. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Dövlət Sosial Müdafiə Fondu; 1.3. Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin əsasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi; 1.4. Sosial Xidmətlər Agentliyi. Azərbaycan Respublikası Konstitusiyasının “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri” adlı 109-cu maddəsinin 32-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Prezidenti bu Konstitusiya ilə Azərbaycan Respublikası Milli Məclisinin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll edir. Azərbaycan Respublikası Prezidentinin 30.06.2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “X3 Nizamnaməsi”nin: 1.1. X5 aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyriformal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir; 1.2. Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir; 1.3. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nazirliyin normativ-hüquqi aktlarını və Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını rəhbər tutur. 1.5. Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər; 2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.1.2. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək, həmin siyasətin həyata keçirilməsini təmin etmək; 2.1.7. qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması, o cümlədən qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarət tədbirlərinin həyata keçirilməsində iştirak etmək; 3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Agentliyin aşağıdakı hüquqları vardır: 3.2.10. icrası məcburi olan göstərişlər vermək və bundan irəli gələn tədbirlər görmək; 5.1. Agentlik və onun əmlakı dövlət mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 43.5. Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər; 43.7. Publik hüquqi şəxslərin fəaliyyəti bu Məcəllə və “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Publik hüquqi şəxslər haqqında” AR Qanununun: 2.1. Publik hüquq - ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur; 2.2. Publik hüquqi şəxs - dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır; 3.1. Publik hüquqi şəxslər sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı və nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin; 3.4. Publik hüquqi şəxs “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətləri göstərdiyi və hüquqi hərəkətləri həyata keçirdiyi halda, buna görə həmin Qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu tutur; 4.1. Publik hüquqi şəxs dövlət adından müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), bələdiyyə adından isə müvafiq bələdiyyə orqanları tərəfindən yaradılır. “İnzibati icraat haqqında” AR Qanununun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur; 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın V bölməsinə görə, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər, inzibati orqan hesab olunur. Sadalanan qanunvericilik aktlarının və onların müvafiq müddəalarının təhlili göstərir ki, dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilən Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur və Azərbaycan dövlətinin başçısının icra qaydasında həll etdiyi digər məsələlərə əvvəllər yalnız dövlət orqanlarına məxsus olan idarəçilik funksiyalarının həmin sahədə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün publik hüquqi şəxslərin yaradılması yolu ilə sonunculara həvalə edilməsi də aiddir. Belə bir zərurət ondan irəli gəlmişdir ki, icra hakimiyyəti orqanları qanunla təsərrüfat idarəçiliyi ilə məşğul ola, gəlir götürə və pullu xidmətlər göstərə bilməzlər. Bunun üçün pullu xidmət göstərən dövlət strukturlarının adi hüquqi şəxs statusu olmalıdır. Mövcud qanunvericiliyə görə isə bu mümkün deyil. Səbəbi də odur ki, adi hüquqi şəxsin əmlakı girov qoyula, onun əmlakına qarşı məhkəmə icraatı başlana və nəhayət, müflis elan edilə bilər. Dövlət və mərkəzi icra hakimiyyəti orqanlarına qarşı isə bunları etmək mümkün deyil. Publik hüquqi şəxs doktrinası qarşıya çıxan bu problemlərin qanuni həll yoludur və məhz bu məqsədlə də Azərbaycan Respublikası Prezidentinin 24.11.2016-cı il tarixli 1125 nömrəli “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı ilə bir sıra mərkəzi icra hakimiyyəti və dövlət orqanları statusuna malik olan təşkilatların bazasında eyni adlı publik hüquqi şəxslər yaradılmışdır. Bunlar o qurumlar idi ki, dövlətin müxtəlif sahələrdəki siyasətini həyata keçirməklə yanaşı, fiziki və hüquqi şəxslərə müəyyən pullu xidmətlər göstərmək imkanına malik idilər və bəziləri bu xuidmətləri göstərirdilər. Publik hüquqi şəxs dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən funksiyaları həyata keçirir və buna görə də adi hüquqi şəxsdən fərqli olaraq imtiyazlara malikdir. Həmin imtiyazların əsas səbəbi publik hüquqi şəxsin təsisçisinin dövlət olmasıdır. Buna görə də publik hüquqi şəxs heç bir halda müflis ola bilməz və ona qarşı məhkəmə iddiaları ənənəvi mülki qaydada yox, inzibati icraat çərçivəsində mümkündür. Həmçinin, qanunvericilik təsbit edir ki, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər də həmin icraat çərçivəsində inzibati orqan kimi qəbul edilməlidirlər. İşdən görünür ki, cavabdeh, Azərbaycan Respublikasının ali icra hakimiyyəti orqanı tərəfindən mərkəzi icra hakimiyyətinin yanında fəaliyyət göstərən dövlət xidmətinin əsasında, həmin sahədə dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və nəzarət tədbirlərinin həyata keçirilməsində iştirak etmək məqsədilə yaradılan, nizamnaməsi ilə icrası məcburi olan göstərişlər vermək (inzibati akt qəbul etmək) və bundan irəli gələn tədbirlər görmək səlahiyyəti verilən, əmlakı və hətta özü dövlət mülkiyyəti sayılan, dövlət orqanı olmayan, lakin sözügedən sahədə Azərbaycan Respublikasının dövlət idarəetmə sisteminin subyekti kimi çıxış edib, dövlətin idarə olunmasında bilavasitə iştirak edən, inzibati orqan statusuna malik publik hüquqi şəxsdir, hazırkı mübahisə onun məşğul olduğu, yaradılması zamanı və nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət edən və bu məqsədlərə uyğun gələn sahibkarlıq fəaliyyətindən irəli gəlmir. Bu məqamda, xüsusi qeyd olunmalıdır ki, cavabdeh yalnız Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18.09.2020-ci il tarixli 10 nömrəli Qərarının:
21. Subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi zamanı məhkəmələr əlavə olaraq nəzərə almalıdır ki, qeyri-hökumət təşkilatlarının və publik hüquqi şəxslərin fəaliyyətini tənzimləyən qanunlarla (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Publik hüquqi şəxslər haqqında” Qanunlar) onların ikili, yəni həm qeyrisahibkarlıq, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanları nəzərdə tutulmuşdur. Məhz bu fərqləndirici xüsusiyyət mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərə münasibətdə fərqli yanaşmanın sərgilənməsini tələb edir;
25. Qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. Məhkəmə kollegiyası bildirir ki, hazırkı mübahisə cavabdehin 21.07.2020-ci il tarixli **********9 nömrəli əmri ilə yaradılmış tender komissiyasının 08.10.2020-ci il tarixli 4 nömrəli protokolu (qərarı) ilə iddiaçının tender təklifinin rədd edilməsi ilə əlaqədar yaranmışdır. Deməli, cavabdehin qeyd olunan qərarı, “... ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan ...” elementi mövcud olmadığı üçün “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi anlamında inzibati akt sayılmasa da, onun eyni Qanunun 1.2-ci maddəsində nəzərdə tutulan faktiki xarakterli digər fəaliyyətindən irəli gəlmişdir. Bundan əlavə, cavabdeh publik hüquqi şəxs, mübahisənin predmeti dövlət mülkiyyətində olan əmlakla bağlı, mübahisəyə tətbiq olunan hüquq isə ümumi hüquqdur ki, bu qəbildən münasibətlərdə inzibati orqan yaxud belə statusa malik hüquqi şəxs qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirərkən publik hüququn agenti qismində çıxış edərək, ümumi hüququn nizamasalma predmetinə aid hüquq və vəzifələri həyata keçirməklə, qarşı tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmiş olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM): 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir; 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir; 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın “tender təklifinin kənarlaşdırılması barədə cavabdehin qərarının qanunsuz hesab edilməsi” tələbinə inzibati məhkəmə icraatı qaydasında müvafiq inzibati məhkəmədə baxılmalı idi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 15.4-cü bəndi ilə məhkəmələrə izah olunmuşdur ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-lə nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İddianın “tenderin qalibi kimi podrat müqaviləsi bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə gəldikdə isə, MPM-in 26.1-ci maddəsi açıq şəkildə tələb edir ki, o mübahisələr kommersiya mübahisələri hesab edilə, o işlərə kommersiya mübahisələri qismində mülki məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin mübahisələr sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olsun. Mülki Məcəllənin 13-cü maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” AR Qanununun 1-ci maddəsi də sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyət kimi xarakterizə edir. Göründüyü kimi, qanunvericiliyin sahibkarlıq fəaliyyətinə verdiyi anlayışın xüsusi dispozitiv şərti, başlıca meyarı bu fəaliyyətin əsas məqsədinin mənfəət (gəlir) götürülməsindən ibarətdir. Başqa ifadə ilə, əsas məqsədi mənfəət (gəlir) götürülməsi olmayan fəaliyyəti qanunvericiliyimiz sahibkarlıq fəaliyyəti, o cümlədən kommersiya fəaliyyəti kimi qəbul etmir. Yuxarıda da müzakirə edildiyi və görüldüyü kimi isə, cavabdeh inzibati orqan statusuna malik publik hüquqi şəxs olmaqla, hazırkı mübahisə onun məşğul olduğu, yaradılması zamanı və nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət edən və bu məqsədlərə uyğun gələn sahibkarlıq fəaliyyətindən irəli gəlmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18.09.2020-ci il tarixli 10 nömrəli Qərarının 12-ci bəndində bu meyarı dəqiqliklə təhlil edərək, qeyd etmişdir ki, “... məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.” Ali Məhkəmənin Plenumu eyni Qərarın 14-cü bəndində bu mövqeyini qüvvətləndirirək, tələb etmişdir ki, “Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır.” MPM-in 25.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Qeyd olunanlara əsaslanan məhkəmə kollegiyası hesab edir ki, iddianın “tenderin qalibi kimi podrat müqaviləsi bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə kommersiya məhkəməsində yox, ümumi məhkəmədə baxılmalı idi. MPM-in: 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər; 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Məhkəmə kolegiyası hesab edir ki, iddianın ilk (əsas) tələbinə mahiyyəti üzrə mülki mühakimə icraatı qaydasında baxıla bilmədiyindən, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən birbaşa asılı olan ikinci tələbə də (baxmayaraq ki, ikinci tələbə mülki mühakimə icraatı qaydasında baxıla bildiyi, lakin kommersiya mübahisəsi olmadığı əsası ilə iş həmin hissədə ümumi məhkəməyə göndərilə bilərdi) eyni hüquqi müstəvidə qiymət verilməlidir. Belə ki, əgər ilk iddia tələbi uğurlu olarsa, iddiaçı daha sonra həmin tələbdən asılı olan ikinci tələbini irəli sürə bilərdi. Əks halda, həm ikinci tələb, həm də onun ilk tələb həll olunmadan baxılması üçün ümumi məhkəməyə göndərilməsi yalnız formallıq ifadə edəcək və prosessual qənaət prinsipi ilə ziddiyyət təşkil edəcəkdir. Çünki ilk tələb həll olunmadan ikinci tələbin təqdim olunduğu anda əsassızlığı və qanunsuzluğu açıq və aşkardır ki, iddianın bu qaydada formal rəddi ədalət mühakiməsinin statusuna, ümumi prinsiplərinə və məqsədlərinə ziddir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 17-ci bəndinin 3-cü abzası ilə analoji prosessual hüquqi situasiyada məhkəmələrə izah etmişdir ki, “Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.” MPM-in: 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir; 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1743/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1rşı cavabdehin onun tender təklifinin kənarlaşdırılması barədə qərarının qanunsuz hesab edilməsi və tenderin qalibi kimi onunla podrat müqaviləsi bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulması tələblərinə dair iş üzrə icraata xitam verilsin. İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. İddiaçıya izah edilir ki, əsas mübahisənin həlli ilə bağlı inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova