Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-992/2024 17.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Aytac Rafael qızı Eyvazlının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-228/2024 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı ASC cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən DCS00123980-05 saylı kredit müqaviləsi üzrə 133,262.29 manat əsas borc, 1453,67 manat faiz borcu, 5037,46 manat cərimə borcu olmaqla, cəmi 139753,42 manat məbləğində borcun; mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 44 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçınin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-228/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 birgə qaydada 133262,29 manat əsas borc, 752,39 manat faiz borcu, 5037,46 manat cərimə, ödənilmiş 400 manat dövlət rüsumu, ümumilikdə 139452,14 (bir yüz otuz doqquz min dörd yüz əlli iki manat on dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.
3. İddiaçı ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın faiz borcuna münasibətdə təmin edilməmiş hissəsində ləğv edilməsi və iddianın həmin hissədə tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hazırkı mübahisə üzrə cavabdehin müqavilə üzrə yaranmış faiz borcu məbləğinin müəyyən edilməsi zamanı işin halları ətraflı araşdırmamışdır. Belə ki, təkrar ekspertizanın təyin edilməsi ilə bağlı vəsatətdə ekspert rəyində qeyd edilən faiz borclarına silinmələrin bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışda faiz borcuna silinmələr üzrə uyğun olmamış, bu səbəbdən faiz borcu məbləğində fərq yaranmışdır. Məhkəmə tərəfindən işin faktiki halları (müqavilənin şərtləri) araşdırılmadan faiz məbləği əsassız surətdə düzgün göstərilməmişdir. Bu baxımdan məhkəmə tərəfindən işin faktiki halları araşdırılmadan faiz məbləği əsassız surətdə azaldılmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X5 apellyasiya şikayətini müdafiə etdi.
7. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. Mülki Məcəllənin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.
9. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
10. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
11. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və cavabdehlər tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı yalnız faiz borcunun tutulması barədə tələbin təmin edilməyən hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
12. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
13. İşdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında 05 avqust 2021-ci il tarixli DCS00123980-05 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun 02 avqust 2021-ci il tarixli, ZM-1486/2021 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək və bu müqavilənin 1.5-ci bəndində müəyyən edilmiş təminatı vermək şərtilə borcluya 150.000 manat məbləğində illik 15 % dərəcəsi ilə 24 ay müddətinə kredit verir. Borclu kredit üzrə əsas borcu və ona hesablanmış faizləri, o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu bu müqavilədə nəzərdə tutulmuş qaydada kreditora ödəyir. Müqavilənin 4.2-ci bəndinə əsasən borclu ödəniş cədvəli üzrə ödənişləri vaxtında icra etmədikdə, hər gecikdirilmiş gün üçün kredit üzrə əsas borcun gecikdirilmiş hissəsinə görə kredit üzrə illik faiz dərəcəsi həcmində dəbbə pulu ödəməlidir. Müqavilənin 7.1-ci bəndinə əsasən borclu bu müqavilə üzrə hesablanmış faizləri kreditin illik faiz dərəcəsindən fond tərəfindən ödəniləcək faiz subsidiyası üzrə 7,5 % faiz bəndi çıxıldıqdan ödəniş cədvəlinə uyğun olaraq ödəyir. İddiaçı ilə cavabdeh X7 arasında bağlanmış 05 avqust 2021- ci il tarixli, DGS**********16 nömrəli sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə zaminlik müqaviləsindən görünür ki, zamin kreditor və borclu arasında bağlanmış 05 avqust 2021-ci il tarixli, DCS00123980 nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi üçün borclu tərəfindən bu öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, kredit müqaviləsi üzrə öhdəliyi tamamilə icra etməsi üzrə məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
14. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli PB/BPŞ-OUT-00264-2024 nömrəli maliyyə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh2 MMC-nin iddiaçı qarşısında kredit üzrə öhdəlikləri əsas borc üzrə 133262,29 manat, faiz borcu üzrə 1438,27 manat, cərimə borcu 262,22 manat, cəmi 134962,78 manat təşkil edir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 15 yanvar 2024-cü il tarixli 9/8138/2023 nömrəli ekspert rəyindən görünür ki, iddiaçı və Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCS00123980-05 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borcu 133.262,29 manat, faiz borcu 752,39 manat; xx.xx.2023-cü il tarixə (sualda soruşulan tarixə) əsas borcu 133.262,29 manat, faiz borcu 3140,01 manat təşkil edir. Kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından cərimə hesablanmamışdır.
16. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin üzrə əsas borc cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, cavabdehlərdən tutularacaq faiz borcu isə ekspert rəyinə uyğun müəyyən edilməlidir. Belə ki, iddia ərizəsində tələb edilən faiz borcu 1453,67 manat müəyyən edilmiş, müqavilə müddətinin sonuna faiz borcu ekspert rəyində 752,39 manat müəyyən edilmiş, kredit müqaviləsində müddət bitdikdən sonra faiz borcunun hesablanacağı ilə bağlı qeyd şərt müəyyən edilməmiş, iddiaçının nümayəndəsi T.Həsənov məhkəmə iclasında verdiyi izahatında kredit müqaviləsinin müddəti bitdikdən sonra iddiaçı tərəfindən faiz borcunun hesablanmadığını təsdiq etmişdir.
17. Apellyasiya şikayətinin dəlilləri ekspertiza rəyinin mübahisə edilməsinə yönəlsə də, dəlillər ümumi ifadələrdən ibarət olduğundan və rəyin ziddiyyəti əsaslandırılmadığından faiz borcunun məbləği məhkəmə tərəfindən düzgün müəyyən edilmişdir.
18. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
19. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-228/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.