Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-995/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı səhmdarların ümumi yığıncağının gündəliyinə digər məsələlərin çıxarılması və sair tələblərə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-547/2021 nömrəli iş üzrə 19 may 2021ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 25.11.2020-ci il tarixə təyin olunmuş “Ə.A.Ansuxski adına X8” ASC-nin (bundan sonra - ASC) səhmdarlarının ümumi yığıncağına çıxarılmış cəmiyyətin səhmdarlarından iddiaçının gündəliyə daxil edilməsini istədiyi məsələlərlə bağlı təkliflərinə səhmdarların ümumi yığıncağının gündəliyinə daxil edilməmiş ASC-nin ləğv məsələsinə baxılmasına qadağa qoyulması, ASC-nin səhmdarlarının ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlərin çıxarılması: a) Cəmiyyətin yaranmış kreditor borclarının qaytarılması ilə bağlı Cavabdeh2 hesabatının verilməsi, b) "xxxx" MMC-nin maliyyə-təsərrüfat fəaliyyətinin hesabatının verilməsi, c) müştərək müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin hesabatının verilməsi, d) Balakən şəhəri Heydər Əliyev prospekti 54-də ASC-nin 249.2 kv.m. “Qonaq evi” adlanan (“D” tikili) obyektini 1 kv.m-i 0,20 manat (hər ay 50 AZN ödəməklə) səhmdar iddiaçıya icarəyə verilməsi məsələsinə baxılması, e) Cəmiyyətin aktivlərinin qiymətləndirilməsinin aparılmasının təşkilini səhmdar iddiaçıya həvalə edilməsi məsələsinə baxılmasını Cəmiyyətin Müşahidə Şurasının sədri Cavabdeh1 üzərinə öhdəlik qoyulması, 2.260.000 manat məbləğdə kredit borcunun ASC-yə qaytarılmasının Cavabdeh2 üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 19.05.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamənin əsaslarına görə, iddiaçı iddia ərizəsində qeyd etdiyi məsələlərlə bağlı ASC-yə qarşı tələb irəli sürməli olduğu halda, bu və ya digər məsələnin ümumi yığıncağının gündəliyinə salınması tələbi ilə Cavabdeh1 və Cavabdeh2 qarşı çıxış etmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmadan səhv nəticəyə gəlmişdir ki, guya işdə cavabdeh qismində fiziki şəxslər çıxış edirlər. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı Ərazi vergilər idarəsinin 25.02.2019-cu il tarixdə verilmiş “Kommersiya qurumunun dövlət reyestrindən çıxarış”dan və 25.11.2020-ci il tarixli ümumi yığıncağın protokolundan görünür ki, Cavabdeh1 ASC-nin Müşahidə Şurasının sədri vəzifəsini tutur. Həmçinin, işdə olan, ASC-nin Azərbaycan Beynəlxalq Bankı ilə bağlanmış 29.11.2005-ci il tarixli 25/11 nömrəli və 13.09.2006-cı il tarixli 27/09 nömrəli kredit müqavilələrindən, habelə ASC-nin 23.10.2018-ci il tarixli məktubundan görünür ki, 2004- 2018-ci illərdə Cavabdeh2 ASC-nin İdarə Heyətinin sədri vəzifəsini tutmuşdur. İşə apellyasuya qaydasında baxılarkən cavabdehin vəkili və nümayəndəsi şikayəti qəbul etməyib, təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1077.1-ci maddəsinə əsasən, səhm mülkiyyətçisinin həmin səhmin nominal dəyərinə mütənasib surətdə səhmi buraxmış səhmdar cəmiyyətinin nizamnamə kapitalında iştirakını, mənfəətindən dividendlər, ləğvindən sonra isə qalan əmlakının hissəsini almaq hüququnu, həmçinin səhmdar cəmiyyətinin idarə olunmasında iştirak etmək hüququnu təsdiqləyən investisiya qiymətli kağızıdır. Səhmin emitenti yalnız səhmdar cəmiyyəti ola bilər. İşdə olan DP00151577 nömrəli Depo hesabından çıxarışa görə, iddiaçı ASC-nin 336 ədəd adi adlı səhminin sahibidir. Mülki Məcəllənin 106-1.3-cü maddəsində səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının hansı hüquqlara malik olduğu təsbit edilmişdir ki, onlara misal kimi, 106- 1.3.4. cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək; 106- 1.3.8-1. icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək; 106-1.3.8-3. bağlanmış əqd nəticəsində cəmiyyətə və ya səhmdarlara dəyən zərərin və bununla bağlı məsrəflərin ödənilməsi barədə məhkəməyə və ya digər səlahiyyətli quruma müraciət etmək; 106-1.3.8-4. bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq və sair hüquqlar, aid edilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər (Avropa Məhkəməsinin X1rşı iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarı, § 124). Avropa Məhkəməsinin qənaətinə görə, səhmlər Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri üçün “mülkiyyət” hesab olunur. Səhm təsdiqləyir ki, onun sahibi müəssisənin nizamnamə kapitalındakı payının mülkiyyətçisi olaraq müvafiq hüquqlara malikdir. Bu yalnız aktivlər üzərində dolayı nəzarət hüququ deyil, həmçinin səsvermə və müəssisənin fəaliyyətinə təsir göstərmək hüququdur (Avropa Məhkəməsinin Shesti Mai Engineering OOD və digərləri Bolqarıstana qarşı iş üzrə 20 sentyabr 2011-ci il tarixli Qərarı, § 77 və X3rşı iş üzrə 25 iyul 2002-ci il tarixli Qərarı, § 92). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16.12.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, “Göründüyü kimi, səhmdar üzvü olduğu cəmiyyətin işlərinin idarə olunmasında müəyyən hüquqlara malikdir. Bu hüquqlar Mülki Məcəllənin 106-1-ci maddəsində konkretləşdirilmişdir. Bununla belə, nəzərə almaq lazımdır ki, səhmdarların cəmiyyətin idarə olunması ilə bağlı hüquqları əksəriyyət prinsipinə əsasən həyata keçirilir. Səhmdar cəmiyyəti öz mahiyyətinə görə çoxşərikli kommersiya təşkilatı olduğundan və sırf sərmayə üzərində qurulduğundan, onun məhz bu prinsipə görə idarə edilməsi zəruridir. Mülki qanunvericilikdə əksəriyyət prinsipi “bir səsli səhm – bir səsdir” (Mülki Məcəllənin 107-3.5-ci maddəsi) formasında öz əksini tapıb. Bu prinsipə əsasən, əksəriyyət səhmdarların say etibarı ilə çoxluğuna görə deyil, nizamnamə kapitalında iştirak payının həcminə görə müəyyən olunur. Başqa sözlə, səhmdar cəmiyyətində hüquqlar şəxsə görə deyil, qoyulan sərmayəyə görə müəyyən edilir. Əks hal, yəni hər bir səhmdarın onun mülkiyyətində olan səhmlərin sayından asılı olmayaraq veto səlahiyyətinin tanınması, faktiki olaraq səhmdar cəmiyyətinin idarə olunmasında yekdillik prinsipinin tətbiqi deməkdir. Bu da öz növbəsində belə hüquqi şəxsin idarə olunmasını iflic edə bilər. Bu isə bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradılmasını müəyyən edən Konstitusiyanın 15-ci maddəsinin İİ hissəsində və Mülki Məcəllənin 1-ci maddəsində nəzərdə tutulan sahibkarlıq fəaliyyətini dəstəkləmək və sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq kimi məqsəd və vəzifələrlə uzlaşmır. Digər tərəfdən əgər azlığın hüquqlarının müdafiəsi məqsədilə səhmdar cəmiyyətlərinin idarə olunmasında yekdillik prinsipi tanınarsa və hər bir səhmdara veto səlahiyyəti verilərsə, bu, əksəriyyəti təmsil edən səhm sahiblərinin öz səhmlərinin hüquqi müqəddəratını müəyyən edə bilməyəcəyindən onların hüquqlarının daha böyük həcmdə pozulmasına səbəb olar. Beləliklə, səhmdar cəmiyyətində sərmayənin azını təmsil edən və səhmdar cəmiyyətinin hüquqi-təşkilati formasının dəyişməsini istəməyənlərlə eyni səhmdar cəmiyyətində sərmayənin əksəriyyətini təmsil edən və bunun dəyişməsini istəyənlər qarşı-qarşıya gəldikdə, sərmayənin əksəriyyətini təmsil edənlərin iradəsinin üstün tutulması tarazlılıq prinsipi baxımından daha ədalətli və məqsədəuyğundur. Hər bir kommersiya təşkilatının əsas məqsədi gəlirin əldə olunmasıdır. Bu məqsədə nail olmaq üçün onlar müxtəlif, o cümlədən təşkilatın yenidən təşkili ilə bağlı qərarlar qəbul edirlər. Bu hallarda dövlətin səlahiyyətli orqanlarının belə qərarların iqtisadi cəhətdən məqsədəuyğunluğunu yoxlamaq səlahiyyəti yoxdur. Bununla belə, dövlət səhmdar cəmiyyətinin bütün iştirakçılarının mülkiyyət hüquqlarının qarantı olaraq bu qərarların qəbul olunması üçün qanunvericilikdə müvafiq prosedur qaydalarını müəyyən edib, onlara riayət olunmasına nəzarət etmək vəzifəsini daşıyır və hüquqları pozulmuş şəxsləri səmərəli müdafiə mexanizmləri vasitəsilə müdafiə etməlidir. Buna müvafiq olaraq, Milli Məclis Konstitusiyanın 94-cü maddəsinin İ hissəsinin 13cü bəndinə əsasən, öz diskresion (müstəsna) səlahiyyətlərini həyata keçirərkən bütün səhmdarların hüquqlarının qorunması məqsədilə, səhmdar cəmiyyətinin ümumi yığıncağının səlahiyyətli olması şərtlərini nəzərə alaraq, səhmdar cəmiyyətində qəbul olunan qərarın əhəmiyyətindən asılı olaraq belə qərarların qəbul olunması üçün tələb olunan müxtəlif əksəriyyət hədlərini müəyyən etmişdir. Belə ki, Mülki Məcəllənin 107-2.1-ci maddəsinə əsasən, səhmdarların ümumi yığıncağında səsli səhmlərin altmış faizinin sahibləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. Eyni zamanda, həmin Məcəllənin 107-5.1-ci maddəsinin məzmununa görə, səhmdarların ümumi yığıncağının qərarı “bir səsli səhm – bir səsdir” müddəası nəzərə alınmaqla ümumi yığıncaqda iştirak edən səhmdarların sadə səs çoxluğu ilə qəbul edilir. Cəmiyyətin yenidən təşkili, ləğvi, nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi haqqında qərarlar isə səhmdarların ümumi yığıncağında səsvermə hüququna malik olan səhmdarların üçdə iki səs çoxluğu ilə qəbul edilir. Belə hədlərin müəyyən olunması xarici ölkələrin korporativ idarəetmə praktikasına tamamilə uyğundur. Belə ki, istər qitə (roman-alman) hüquq sisteminə daxil olan ölkələrdə (X7 Qanunu, maddə 179; İsveçrə Mülki Məcəlləsi, maddə 647, 703; İtaliya Mülki Məcəlləsi, maddə 2368), istərsə də ingilis-sakson hüquq sistemlərində (X6, maddə 378; ABŞ Delaver ştatının Korporasiya Qanunu, maddə 216) səhmdar cəmiyyətinin hüquqi müqəddəratı barəsində qərar qəbul etmək səlahiyyəti səhmdar cəmiyyətinin nizamnamə kapitalında əksəriyyət payı olan səhmdarlara (daha çox sərmayə qoymuş səhmdarlara) verilmişdir.” Göstərilənlərin birgə təhlilindən çıxan nəticəyə görə, investisiya qiymətli kağızları, o cümlədən səhmlərlə bağlı yaranan hüquq münasibətlərinin subyektləri səhmdarlar və həmin səhmlərin emitenti olan səhmdar cəmiyyətləridir. Lakin işdən görünür ki, qeyd olunanların ziddinə, iddiaçının tələbləri onun səhmdarı olduğu ASC-nin bilavasitə özünə deyil, həmin hüquqi şəxsin vəzifəli şəxsləri olan fiziki şəxslərə qarşı irəli sürülmüşdür. Bu da o deməkdir ki, hazırkı iddia ona cavab verməli olmayan şəxsə qarşı verilmişdir. İddiaçı birinci instansiya məhkəməsində də cavabdehlərin əsl cavabdehlə, yəni ASC ilə əvəz edilməsinə razı olmamış, məhkəmə də haqlı olaraq işə irəli sürülmüş tələblər üzrə baxmışdır. Belə ki, MPM-in: 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər; 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır; 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu mənada, məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia tələblərinin mahiyyəti ilə bağlı digər dəlillərinin müzakirəsinə lüzum görmədən, onunla bütövlükdə razılaşmır. Belə ki, məhkəmə mübahisəsinin predmeti olan hər bir iddiaya hüquqi qiymət verildikdə əvvəlcə yoxlanılmalıdır ki, tələb məhz ona cavab verməli olan subyektə qarşı irəli sürülmüşdür yoxsa yox. Bu mənada, tələb yalnız düzgün cavabdehə yönəldildiyi halda əsaslı sayıla bilər. Lakin işin müəyyən olunmuş faktiki halları mübahisənin maddi hüquqi əsasları baxımından dəyərləndirilərkən sabit olur ki, iddiaçı öz tələblərini buna bilavasitə cavab verməli olan quruma qarşı qaldırmamışdır. Başqa ifadə ilə, hazırkı iddia fiziki şəxs cavabdehlərə deyil, hüquqi şəxs ASC-nin özünə qarşı qarşı qaldırılmalı idi. Odur ki, həm iddia, həm də apellyasiya şikayəti əsassızdır, iddianın əsasları və şikayətin dəlilləri maddi hüquq normalarının yanlış təfsirindən ibarətdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-547/2021 nömrəli iş üzrə 19 may 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətdə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-995/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-995/2021
06.12.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver