Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-101/2024 03.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-56/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-56/2024 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın qismən təmin edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2018-ci il tarixli 2613 saylı icarə müqaviləsinə əsasən Cavabdeh 1603 manat 34 qəpik əsas borc, 100 manat cərimə borcu olmaqla, cəmi 1703 (bir min yeddi yüz üç) manat 34 (otuz dörd) qəpik pul və 70 (yetmiş) manat mediasiya xərcinin tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, Cavabdeh 37 (otuz yeddi) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh həmin qətnamənin dəlilləri ilə razılaşmayıb apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-56/2024 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 fevral 2018-ci il tarixli 2613 nömrəli icarə müqaviləsi üzrə 30 dekabr 2021-ci il tarixə icarə haqqı olan 3033,34 manat borc, hesablanmış 347,12 manat cərimə olmaqla, cəmi 3380,46 manat pulun, ödənilmiş 70 manat məbləğində mediasiya xərcinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar icarəyə verən İddiaçı MMC ilə icarəçi Cavabdeh arasında 01 fevral 2018-ci il tarixli 2613 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, icarəyə verən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzində yerləşən, sahəsi 34 kv.metr ölçüsündə olan 2613 nömrəli mağaza olan qeyri-yaşayış sahəsini icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə uyğun olaraq, icarəyə verilən sahədən istifadəyə görə icarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla 220 manat (ƏDV daxil) məbləğində aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Tərələr arasında bağlanmış icarə müqaviləsinə 30 dekabr 2021-ci il tarixli saziş ilə xitam verilmişdir. İcarəçi qeyd edilən müqavilə üzrə ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Bununla da təqdim edilmiş 27 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, 01 fevral 2018-ci il tarixli 2613 nömrəli icarə müqaviləsi üzrə 30 dekabr 2021-ci il tarixə icarəçi Cavabdeh icarə haqqı borcu 3033,34 manat, ona hesablanmış cərimə borcu 347,12 manat olmaqla, cəmi borc 3380,46 manat məbləğindədir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" MMC-nin iddia tələbi qanunsuz və əsassız olduğundan, həmin iddia tələbinin təmin edilməməsi və iş üzrə ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 01 fevral 2018-ci il tarixli 2613 nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqavilənin 4.1-ci bəndinə uyğun olaraq, icarəyə verilən sahədən istifadəyə görə icarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla 220 manat (ƏDV daxil) məbləğində aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin icarə müqaviləsinə onların 30 dekabr 2021-ci il tarixli ərizəsi ilə xitam verilmişdir. Həmin dövr ərzində isə tərəflərindən 3970 manat ödəniş edilmişdir. Buna baxmayaraq iddiaçı icarə müqaviləsi üzrə 30 dekabr 2021-ci il tarixə 3033,34 manat əsas borc, ona hesablanmış 347,12 manat cərimə borcu olmaqla, cəmi 3380,46 manat pul tələb etmişdir. İddianın əsassız olması onunla izah edilir ki, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin üst körpüsü götürülməklə 6 ay ərzində ticarət mərkəzinin çölü və daxilində təmir işləri aparılmışdır. Bundan başqa Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin yenə 3 ay ərzində təmir işləri aparılmışdır. Müəyyən vaxtlarda aparılan təmir işləri gedərkən keçmiş avtovağzal rəhbərliyi Seymur Aslanov və digər səlahiyyətli şəxslər burada işləyən sahibkarlara şifahi şəkildə söz vermişdir ki, işləsinlər icarə haqqı güzəşti olunacaq. Amma heç bir güzəşt olunmamışdır. Həmiçinin Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzində uzun müddət təmir işlər aparılması və 2020-ci ilin fevral ayından Azərbaycanda başlanan COVİD-19 pandemiyası ilə əlaqədar xüsusi rejm tətbiq edildiyindən 2020-2021-ci illər ərzində Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzində yerləşən sahəsi 34 kv.metr ölçüsündə olan qeyri-yaşayış sahəsi olan mağaza işləməmiş və həmin mağaza üçün xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək (3 ay) icarə haqqı ödənilməmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə qədər (6 ay) 220 manat icarə haqqı ödənilmədiyi halda tərəflərinə heç bir bildiriş göndərilməmiş və müqaviləyə də xitam verilməmişdir. Eyni zamanda xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il (6 ay) icarə haqqı ödənilmədiyi halda yenə də onlara İddiaçı MMC tərəfindən heç bir bildiriş göndərilməmişdir. Halbuki, müqavilənin 7.4-cü bəndində əgər fors-major halları və şəraiti 3 ay davamlı olaraq davam edərsə və onun bitməsi əlamətləri görünmürsə bu müqavilə bir tərəfin digər tərəfə bildiriş göndərməsi yolu ilə icarəçi və ya icarəyə verən tərəfindən xitam oluna bilər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən təqdim edilmiş iddia ərizəsinə etirazda göstərdiyi Bakı Beynəlxalq Avtovağzalının rəhbər şəxsləri tərəfindən icarəçilərə icarə haqqlarının yığılması zamanı icarəçilərə güzəşt ediləcəyi vədi verməsi və həmin vədə əməl etməməsi barədə halları ətraflı araşdırmadan qərar qəbul edib. Belə ki, Azərbaycan Respublikası ərazisində xx.xx.2020 tarixindən xx.xx.2022 tarixinədək sərt karantin rejiminin tətbiq edilməsi ilə ticarət sahəsində baş vermiş durğunluq müqavilələrdə fors-major hal kimi nəzərə alınmalı olduğu halda məhkəmə həmin halı fors-major kimi qəbul etməyib. Halbuki sərt karantin rejiminə və pandemiyaya qədər cavabdeh icarə haqqlarını vaxtında və problemsiz şəkildə ödəyib. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(115)-1192/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2018-ci il tarixli 2613 nömrəli icarə müqaviləsindən görünür ki, icarəyə verən icarə obyekti olan Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında yerləşən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən 34 m2 olan 2613 nömrəli mağaza - qeyri-yaşayış sahəsini icarəçiyə icarəyə verməyi, icarəçi isə icarə obyektini istifadəsinə qəbul edib əvəzində icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində icarəyə verənə hər ay kommunal və sair xərclər daxil olmamaqla 220 manat (ƏDV daxil) həcmində icarə haqqı ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan İcarə müqaviləsinə xitam verilməsi barədə 30 dekabr 2021-ci il tarixli sazişdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2018ci il tarixli 2613 nömrəli icarə müqaviləsinə tərəflərin razılığı ilə xitam verilmiş, həmiçinin hazırki müqaviləyə əsasən icarəçinin icarəyə verənə 3033,34 manat icarə haqqı borcunun olduğu tərəflərin imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan 30 dekabr 2021-ci il tarixli İcarə müqaviləsinə xitam verilməsi üçün aktdan görünür ki, icarəçinin icarəyə verənə 3033,34 manat məbləğində borcunun olduğu təsdiq olunmuşdur. İş materiallarında olan 18 oktyabr 2018-ci il tarixli icarə müqaviləsi üzrə güzəşt verilməsi haqqında 09 nömrəli əmrdən görünür ki, əlavədə qeyd olunmuş icarəçilərlə "xxxx" MMC-nin arasında bağlanmış müvafiq icarə müqaviləsi üzrə 01 oktyabr 2018-ci il tarixindən 01 yanvar 2019-cu il tarixədək icarə haqqı əlavədə göstərilən miqdarında hesablanması qərara alınmışdır İş materiallarında olan 27 iyul 2023-cü il tarixli maliyyə arayışda qeyd edilmişdir ki, Cavabdeh tərəfindən icarə haqqı üzrə cəmi 3970 manat məbləğində icarəyə verənə ödəniş edilmişdir. Həmiçinin xx.xx.2021-ci il tarixə icarəçinin icarəyə verənə icarə haqqı borcu 3033,34 manat, ona hesablanmış cərimə borcu isə 347,12 manat olmaqla cəmi borcu 3380,46 manat təşkil edir. İş materiallarında olan obyektin əməliyyat tarixçəsi haqqında hesabdan çıxarışdan görünür ki, icarəçi Cavabdeh xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək ödənilməmiş icarə haqqı olaraq cəmi 1430 manat borc hesablanmışdır İş materiallarında olan 16 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, 01 aprel 2018-ci il tarixdən 01 may 2019-cu il tarixinədək "xxxx" MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi, 3 ünvanındakı Bakı Beynəlxalq Avtovağzal Kompleksinin nəqliyyat qovuşağının ərazisində təmir-tikinti işləri getdiyindən ərazinin qapıları bağlanmışdır. Təmir-tikinti işlərinin getdiyi 13 ay ərzində yaranmış problemlə bağlı "xxxx" MMC-nin rəhbərliyinə müraciət edən bir çox icarəçiyə güzəştlər tətbiq olunmuşdur. Cəmiyyətin xx.xx.2018-ci il tarixli 09 nömrəli əmrinə əsasən, Cavabdeh da 01 oktyabr 2018-ci il tarixdən 01 yanvar 2019-cu il tarixədək 3 ay müddətində güzəşt tətbiq edilərək onun ödəməli olduğu icarə haqqı yarıbayarı azaldılmışdır. İş materiallarında olan 21 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin uzunmüddətli əsaslı təmirə bağlanması vaxtı, yəni 01 may 2018-ci il tarixdən 31 may 2019-cu il tarixədək olan müddət ərzində kompleks ərazinin yalnız təmir aparılan hissəsinə aid olan giriş qapısı bağlanılmış, kompleksin digər 33 qapısı açıq olmaqla icarəçi sahibkarlar öz ticarət fəaliyyətini davam etdirmişlər. Epidemoloji virusun yayılması nəticəsində elan edilən pandemiya səbəbindən obyektlərin bağlanması ilə bağlı xüsusatlar əsas götürülərək, həmin dövr ərzində icarəyə verən tərəfindən icarəçi qismində fəaliyyət göstərən sahibkarların heç birindən qeyd edilən aylıq icarə haqları və digər xərclər tələb edilməmiş və hesablanmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə icarəçi Cavabdeh arasında 01 fevral 2018-ci il tarixli 2613 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, icarəyə verən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzində yerləşən, sahəsi 34 kv.metr ölçüsündə olan 2613 nömrəli mağaza olan qeyriyaşayış sahəsini icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə uyğun olaraq, icarəyə verilən sahədən istifadəyə görə icarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla 220 manat (ƏDV daxil) məbləğində aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Tərələr arasında bağlanmış icarə müqaviləsinə 30 dekabr 2021-ci il tarixli saziş ilə xitam verilmişdir. İcarəçi qeyd edilən müqavilə üzrə ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Bununla da təqdim edilmiş 27 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, 01 fevral 2018-ci il tarixli 2613 nömrəli icarə müqaviləsi üzrə 30 dekabr 2021-ci il tarixə icarəçi Cavabdeh icarə haqqı borcu 3033,34 manat, ona hesablanmış cərimə borcu 347,12 manat olmaqla, cəmi borc 3380,46 manat məbləğindədir. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 2.2-ci bəndinə əsasən icarə obyektini icarəçiyə yararlı, yanğın və texniki təhlükəsizlik qaydalarına və tikinti normalarına uyğun vəziyyətdə vermək, müqavilə üzrə üzərinə götürdüyü bütün öhdəlikləri vaxtında və lazımı qaydada həyata keçirmək icarəyə verənin vəzifələrinə aid edilmişdir. Həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən icarəçinin bu müqavilənin qüvvədə olduğu müddət ərzində obyektdən, onun təyinatına uyğun olaraq fasiləsiz və manesiz istifadə etmək hüququ vardır. Yuxarıda qeyd edildiyi kimi 01 may 2018-ci il tarixdən 31 may 2019cu il tarixədək olan müddət ərzində Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin nəqliyyat qovşağının ərazisində uzunmüddətli əsaslı təmirə bağlanmış, təmir vaxtı kompleksin təmir aparılan hissəsinə aid olan giriş qapısı bağlanılmışdır. Bu da icarəçinin icarəyə götürdüyü icra obyektindən istifadəsinə maneə yaratmışdır. Lakin icarəsi yaranan maneə səbəbindən obyektdən istifadə edə bilməməsi ilə bağlı məlumatı 2018-ci ilin may ayında deyil, oktyabr ayında icarəçiyə bildirmiş, həmin ilin 3 ayı, yəni oktyabr, noyabr və dekabr ayları icarə haqqı yarıya endirilmişdir. Təmir işləri 31 may 2019-cu il tarixədək olan müddətdə davam etsə də, icarəçiyə icarə haqqı hesablanmışdır. Məhkəmə hesab edir ki, icarəçinin icarə obyektindən istifadəsinə yaranan maneə barədə icarəyə verənə məlumat verdiyi 2018-ci ilin oktyabr ayından təmirlə bağlı maneənin aradan qaldırıldığı tarixə, 31 may 2019-cu il tarixədək olan müddət ərzində icarəçi icarə haqqını ödəməkdən azad edilməlidir. Həmin müddətə isə icarəçi tərəfindən icarə haqqı olaraq 1430 manat hesablanmışdır ki, həmin məbləğ icarəçiyə hesablanmış qalıq borc məbləği olan 3033,34 manatdan çıxılmaqla, müqavilə üzrə hesablanmış digər vaxtlar üçün icra haqqı üzrə borc 1603 manat 34 qəpik məbləğində müəyyən edilməli və həmin məbləğ cavabehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin icarəyə verən tərəfindən təmirlə bağlı yaratdığı maneənin icarəçinin icarəyə götürdüyü icarə obyektindən istifadəyə hansı dərəcədə təsir göstərməsi, yəni icarə obyektindən istifadə edə bilməməsi və ya qismən istifadə edə bilməsi ilə bağlı bildiriir ki, cavabdeh təmir getdiyi müddətdə ümumiyyətlə qeyri-yaşayış sahəsini işlədə bilmədiyini bildirmiş, iddiaçının nümayəndəsi isə ümumilikdə bir qapının bağlı olması, digər qapıların isə açıq olmasını izahatında qeyd etmişdir. Məhkəmə də cavabdehin bununla bağlı izahatını inandırıcı hesab edir. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də qismən təmin edilməlidir. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması icarəyə verənin əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, icarəyə verən icarə obyektini icarəyə verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, icarə müqaviləsi üzrə 347 manat 12 qəpik məbləğində, dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 676.0.1-ci maddəsinə əsasən kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmalıdır. Həmin Məcəllənin 676.0.2-ci maddəsinə əsasən kirayəyə verilmiş əşya əmlak kirayəsi müqaviləsi ilə qarantiya verilmiş xassələrə malik olmalıdır. Həmin Məcəllənin 676.0.3-cü maddəsinə əsasən üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmamalı və ya bu istifadəni istisna etməməlidir. Həmin Məcəllənin 677.1.1-ci maddəsinə əsasən əgər müqaviləyə uyğunsuzluğu nəticəsində əşya məhv olarsa və ya onun müqavilə üzrə müəyyənləşdirilmiş istifadəyə yararlığı azalarsa, əşyanın yararlığının itdiyi müddət üçün kirayəçi kirayə haqqını ödəməkdən azad edilir, onun yararlığının azaldığı müddət üçün isə yalnız kirayə haqqının bir hissəsini ödəməyə borclu olur. Yararlığın əhəmiyyətsiz dərəcədə azalması hesaba alınmır. Yaşayış otağının kirayəsi müqaviləsində kirayəçinin ziyanına olaraq bundan kənaraçıxmaların qüvvəsi yoxdur. Həmin Məcəllənin 677.3-cü maddəsinə əsasən kirayəçi kirayə müddəti ərzində aşkar etdiyi müqaviləyə hər hansı uyğunsuzluqlar barəsində və ya əşyanı və ya onun istifadəçilərini gözlənilməz təhlükədən qorumaq üçün tədbirlər görülməsi zərurəti barəsində kirayəyə verənə dərhal bildiriş verməlidir. Bu, əşya barəsində üçüncü şəxslərin hüquqlarının bəyan edildiyi hallarda da qüvvədədir. Əgər kirayəçi bildiriş vermirsə, bunun nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur; kirayəyə verən kirayəçinin bildiriş verməməsi üzündən hər hansı qüsuru aradan qaldıra bilmədikdə, kirayəçinin bu Məcəllənin 677.1-ci maddəsində müəyyənləşdirilmiş hüquqları həyata keçirmək hüququ yoxdur. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq sahəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehdən icarə müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasını tələb etməkdə haqlıdır, cavabdeh isə həmin müqavilə ilə nəzərdə tutulmuş öhdəlikləri icra etməyə, habelə müqavilə öhdəliklərini lazımi qaydada icra etməməyə görə kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, icarəçi icarə müqaviləsi üzrə öhdəliyini vaxtında yerinə yetirmədiyinə iddiaçı icarə haqqını tələb etməkdə haqlı olmuşdur. Lakin 2018-ci ilin oktyabr ayından təmirlə bağlı maneənin aradan qaldırıldığı tarixə, 31 may 2019-cu il tarixədək olan müddət ərzində təmir işləri ilə əlaqədar icarə obyektindən istifadə edə bilməməsi səbəbindən birinci instansiya məhkəməsi həmin dövrə aid hissədə icarəçi icarə haqqını ödəməkdən azad etmişdir ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır Cərimə hissəsinə gəldikdə kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 462.3-ci maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.Lakin dəbbə pulunun miqdarı zərərdən tənasübsüz dərəcədə yüksək olmamalıdır. Dəbbə pulunun məbləği kreditorun zərərinə tənasübsüz surətdə uyğun olmadıqda istər qanun üzrə istərsə də müqavilə ilə müəyyən edilmiş dəbbə pulunun məbləği məhkəmənin təşəbbüsü ilə azaldıla bilər. Məhkəmənin dəbbə pulunu azaltmaq səlahiyyəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin maddədə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə qeyd olunanları nəzərə alaraq cavabdehə hesablanmış dəbbə pulunu azaltmışdır ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirməmiş, məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşır. Cavabdeh apellyasiya şikayətinin dəlillərində göstərir ki, xx.xx.2020 tarixindən xx.xx.2022 tarixinədək sərt karantin rejiminin tətbiq edilməsi ilə ticarət sahəsində baş vermiş durğunluq müqavilələrdə fors-major hal kimi nəzərə alınmalı olduğu halda məhkəmə həmin halı fors-major kimi qəbul etməyib. Halbuki iş materiallarında olan obyektin əməliyyat tarixçəsi adlanan sənəddən görünür ki, cavabdeh müqavilənin bağlandığı xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək icarə haqqını mütəmadi olmasa da ödəmişdir. O cümlədən sərt karantin rejimi kimi qeyd etdiyi müddətdə də ara-sıra ödənişlər etmişdir. İddiaçı isə cavabdeh icarə haqqını 2020-ci ilin dörd ayı, 2021-ci ilin yeddia ayına görə hesablamışdır. Göründüyü kimi iddiaçı icarə haqqı hesablayarkən məhdudiyyətləti nəzərə almışdır. Odur ki, kollegiya apellyasiya şikayətinin dəlillərini cavabdehin formal mülahizəsi hesab edir. Azərbaycan Respublikasы MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-56/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-101/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-101/2024
03.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver