Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-105/2024 24.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh2 nümayəndəsi (vəkil) X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1668/2023 saylı qətnaməsindən Cavabdeh2 nümayəndəsi (vəkil) X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1668/2023 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın qismən təmin edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 11 may 2022-ci il tarixli 4-MCR-1- 1992-21/2 saylı kredit verilməsinə dair razılaşma üzrə yaranmış 20463 manat 12 qəpik kredit borcu, 2075 manat 83 qəpik faiz borcu və 400 manat cərimə borcu olmaqla, cəmi 22938 (iyirmi iki min doqquz yüz otuz səkkiz) manat 95 (doxsan beş) qəpik məbləğində pul və ödənilmiş 210 (iki yüz on) manat mediasiya xərcinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 158 (bir yüz əlli səkkiz) manat 81 (səksən bir) qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 nümayəndəsi (vəkil) X4 apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1668/2023saylı qətnaməsini Cavabdeh2 münasibətdə ləğv edib, iddianın həmin hissədə təmin edilməməsinə, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 20463,12 manat əsas borc, 2075,83 manat faiz borcu və 105,09 manat cərimə borcu olmaqla, cəmi 22644,04 manat borcun və 210 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişinin) cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh3 İddiaçı ASC-nin Sumqayıt filialından 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2021-ci il tarixdə Cavabdeh2 ilə, xx.xx.2022-ci il tarixində isə Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh3 İddiaçı ASC-dən aylıq 1.75% olmaqla 36 ay müddətinə 25000 manat məbləğində kredit götürmüşdür. 21 iyul 2023-cü il tarixədək Cavabdeh3 banka xx.xx.2022ci il tarixli kredit müqaviləsi üzrə 20463,12 manat əsas borc, 2075,83 manat faiz borcu və 420,35 manat cərimə borcu olmaqla cəmi 22959,3 manat borcu vardır. Cavabdeh3 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 420,35 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 105,09 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınmışdır. İş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 20463,12 manat əsas borc, 3519,40 manat faiz borcu və 1238,27 manat cərimə borcu olmaqla, cəmi 25220,79 manat borcun və 210 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişinin) cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh2 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ASC-nin Cavabdeh3 qarşı iddiası üzrə onun cavabdehlər sırasından çıxarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırımışdır ki, tanıdığı Cavabdeh3 2021-ci ilin oktyabr ayında İddiaçı ASC-dən 10000 manat kredit alacağına görə ondan bankın tələbi qarşılığında ona zamin durmağını xahiş etmiş və o da Cavabdeh3 həmin məbləğ pulu istənilən vaxt qaytarmaq imkanı olmasını nəzərə alaraq xx.xx.2021-ci il tarixdə onunla bankın Bakı şəhəri, Həsən bəy Zərdabi prospektində yerləşən baş ofisinə gedərək orada xx.xx.2021-ci il tarixdə Cavabdeh3 alacağı 10000 manat kreditə görə zamin durmuş və onunla bank arasında Z/11061/21 saylı zaminlik müqaviləsi bağlanmışdır. Yəni o, İddiaçı ASC-nin Sumqayıt filialında olmamış, hətta həmin filialın Sumqayıt şəhərində hansı ünvanda yerləşməsini də bilmir. Həmin zaminlik müqaviləsinin bankın Sumqayıt filalı tərəfindən bağlanması göstərilsə də, müqavilənin sonunda kreditor Sumqayıt filialının əvəzinə İddiaçı ASC-nin baş idarəsinin möhürü, bankın kreditləri idarə etmə şöbəsinin müdiri olan Arzu İsmayılovanın öz möhürünü vurmuşlar. Bundan başqa onunla bank arasında zaminlik müqaviləsi bağlanarkən bankın Cavabdeh3 kredit xətti açılması haqqında heç bir söhbət olmamışdır. Hətta həmin zaminlik müqaviləsinin 1-ci vərəqində “Zamin” sözündən sonrakı imza da onunki deyildir. Həmin kreditin ödənilib-ödənilməməsi barədə isə Azaddan soruşmuş, Azad isə ona həmin krediti tam ödədiyini və onun banka borcu qalmadığını bildirmişdir. Hətta Azad onun yanında bankda kiməsə zəng etmiş və bankın əməkdaşı Cavabdeh3 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka borcu qalmadığını bildirmişdir. Bundan sonra Cavabdeh3 ilə bankın arasında yenidən kredit müqaviləsi bağlanmasından onun məlumatı olmamışdır. Cavabdeh3 İddiaçı ASC tərəfindən xx.xx.2022-ci il tarixli 4-MSR-1992-21/2 saylı kredit müqaviləsi üzrə verilmiş 25000 manat məbləğində kredit barədə yalnız 2023-cü ilin mart ayında ona İddiaçı ASCdən göndərilmiş məktubdan məlum olmuşdur. O bu barədə banka müraciət edərək cavabdehə ilk dəfə zaminliyə verilmiş kreditə görə ona həmin krediti ödəməyə nail olduğunu və sonradan ona kredit verilməsinə görə məlumatının olmadığından cavabdeh olmadığını bildirmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh2 nümayəndəsi (vəkil) X4 apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsi sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırıb, həmin sübutlara tədbiq edilməli hüquq normalarına müvafiq qiymət verməmiş, habelə qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamaqla, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, həmin vaxtı onun yanında işləyən Cavabdeh3 2021-ci ilin oktyabr ayında İddiaçı ASC-dən 10.000 (on min) manat kredit alacağına görə ondan “Zamin” durmağı xahiş etmişdir. Həmin vaxtı digər cavabdeh onun yanında işlədiyinə görə və onun 10.000 manatı qaytarmaq imkanı olmasını nəzərə alaraq, xx.xx.2021-ci il tarixdə onunla Bankın Bakı şəhəri, Həsənbəy Zərdabi(Mətbuat prospekti) prospektində yerləşən Baş Ofisinə getmiş və orada xx.xx.2021-ci il tarixdə Cavabdeh3 alacağı 10.000 manat kreditə görə zamin durmuş və zaminlik müqaviləsinə qol çəkmişdir. Zaminlik müqaviləsini oxumağa zərurət görməmiş, çünki müqaviləni ona təqdim edən bank işçisi də, Azada 10.000 manat kredit verdiklərini bildirib, həmin pulun zaminliyinə qol çəkdiyini ona demişdir. Həmin vaxtı bank işçisi ona 100.000 manatlıq kredit xəttinə görə zamin durduğunu və Azadın bundan sonra bankdan əlavə 90.000 manatı zaminliyə görə götürmək hüququnun yaranmasını bildirməmişdir. O, krediti ödəyib-ödəməməsi barədə tez-tez Azaddan soruşmuş və 2022-ci ilin yaz ayları olardı ki, Azad bildirmişdir ki, həmin krediti tam ödəmiş və onun Banka borcu qalmamışdır. Hətta Azad onun yanında Bank əməkdaşına zəng etmiş və ona Cavabdeh3 xx.xx.2021-ci il tarixli Kredit Müqaviləsi üzrə banka borcunun qalmaması bildirilmişdir. Onunla Bank arasında Zaminlik Müqaviləsi bağlanarkən Bankın Cavabdeh3 kredit xətti açılması haqqında heç bir söhbət olmamışdır. Cavabdeh3 İddiaçı ASC tərəfindən xx.xx.2022-ci il tarixli, 4-MSR-1992-21/2 saylı Kredit Müqaviləsi üzrə verilmiş 25.000 (iyirmi beş min) AZN məbləğində Kredit barədə yalnız 2023-cü ilin mart ayında ona İddiaçı ASC-dən göndərilmiş məktubdan məlumat almışdır. Bundan sonra o Banka gedib etirazını bildirmişdir. Həmin vaxtı bank işçisi ona bildirmişdir ki, Azad birinci dəfə kredit götürərkən, onlar 10 min kreditə görə yox, kredit xətti açılmasına görə müqaviləyə qol çəkdirmişdilər. Həmin vaxt bankdan öyrənmişdir ki, bank birinci verdiyi 10.000 manat kreditə görə ödənilmə müddəti başa çatmadan, Azadla ikinci kredit müqaviləsi bağlanmış, ona verdikləri 25.000 manat kreditin bir hissəsini götürüb onun əvvəlki borcunu ödəmişlər. Həmin vaxt banka, sonradan isə məhkəməyə etirazında bildirmişdir ki, bank tərəfindən qanunsuzluğa yol verilmiş, onlar birinci halda onunla zaminlik müqaviləsi bağlayarkən Azada 100.000 manatlıq kredit xətti açdıqları barədə heç nə bildirməmişlər. Əksinə ona 10.000 manat kredit vermələri barədə zamin durduğunu izah etmişlər. Bank işçiləri yaxşı bilirdilər ki, heç bir şəxs, digər şəxsin 100.000 manat kreditinə zamin durmaz. Onlar bunu bildiklərinə görə, məqsədli surətdə ona 100.000 manat kredit xəttinə zaminlik barədə heç nə bildirməmişlər. Əksinə bank işçiləri ona 10.000 manata görə zamin durmağına dair məlumat verməklə onu aldatmışlar. İşin mühüm əhəmiyyətli faktiki hallarından biri də, odur ki, bank 1 ildən sonra Cavabdeh3 2-ci dəfə 25.000 manat kredit verərkən, xx.xx.2021-ci il tarixli 4-MCR-1-1992/2021 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə, digər zamin Cavabdeh1 aid əlavə saziş müqaviləsi daxil etmiş və həmin sazişə ondan aldığı xx.xx.2022-ci il tarixli, Z/07256/22 saylı əlavə zaminlik müqaviləsini əlavə etmişdir. Bank Cavabdeh3 2-ci dəfə 25 min manat verərkən, digər zamini cağırıb onunla saziş müqaviləsi bağladığı halda, onu cağırmadan, məlumat vermədən, 2-ci kredit məbləğinə görə onu zamin saxlamaqla qanunsuzluğa yol vermiş, eyni zamanda iddiaçı 2-ci kredit məbləğinin təminatını özü şübhə altına salmışdır. Onlarla aralarında yaranmış narazıçılığa görə ondan ayrıldıqdan sonra, onun ikinci krediti götürməkdə məqsədi ona zərər vurmaq olmuş, bu məqsədlə də, o həmin kreditdən heç bir məbləğ ödəməmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Məhkəmə nəticəyə gəlmişdir ki, o, zaminlik müqaviləsinə qol çəkdiyinə görə, Cavabdeh3la birlikdə 2-ci kredit müqaviləsi üzrə götürülmüş 25.000 manat kreditin ödənilməsinə cavabdehdir. Məhkəmə aydınlaşdırmamışdır ki, iddiaçı bank nəyə görə 2-ci kredit müqaviləsi hazırlayarkən zaminlərdən Cavabdeh1 yazılı razılığını almış, digər zamin kimi onu məlumatlandırmamış və razılığını almamışdır. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlərdən Cavabdeh2 nümayəndə vasitəsilə təmsil olunsa da özü və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh2 nümayəndəsi (vəkil) X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını və Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1668/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi Hüquqi məsələlər: Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya araşdırmasının hədləri ilə bağlı qeyd edir ki, iddia tələbi qismən təmin edilmiş olsa da, həmin qətnaməni yalnız Cavabdeh2 mübahisələndirmiş, iddiaçı və digər cavabdehlər həmin qətnaməni mübahisələndirməmişlər. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin şikayətlə mübahisələndirilən həmin qətnaməsinin əsaslılığını şikayətlə mübahisələndirilən hissədə yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin təmin edilməməsinə dair cavabdehin nümayəndəsinin, həmin şikayətin təmin edilməməsinə dair iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən birinci instansiya məhkəməsi iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarında olan Cavabdeh3 ilə "xxxx" ASC arasında bağlanmış 29 oktyabr 2021-ci il tarixli 4-MCR-1-1992/21 saylı kredit limitinin ayrılmasına dair razılaşmadan görünür ki, 120 ay müddətinə, aylıq faiz dərəcəsi 2,50% olmaqla 100000 manat məbləğində krеdit xətti açılmışdır. İş materiallarında olan Cavabdeh3 ilə "xxxx" ASC arasında bağlanmış 11 may 2022ci il tarixli 4-MCR-1-1992/21/2 saylı kredit verilməsinə dair razılaşmadan görünür ki, ona biznes məqsədilə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75 % olmaqla 25000 manat məbləğində krеdit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış 11 may 2022ci il tarixli xx.xx.2021-ci il tarixli 4-MCR-1-1992/21 saylı kredit limitinin ayrılmasına dair müqaviləsinə əlavə sazişdən görünür ki, xx.xx.2021-ci il tarixli 4-MCR-1-1992/21 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə Cavabdeh1 tərəfindən verilən zaminlik (xx.xx.2022-ci il tarixli Z/07256/22 saylı) əlavə edilmişdir. İş materiallarında olan 29 oktyabr 2021-ci il tarixli Z/11061/21 saylı və 11 may 2022-ci il tarixli Z/07256/22 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh3 kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə banka 20463 manat 12 qəpik əsas, 3519 manat 40 qəpik faiz və 1238 manat 27 qəpik cərimə borcu olmaqla, ümumilikdə 25220 manat 79 qəpik bоrcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Cavabdeh3 ilə "xxxx" ASC arasında bağlanmış 29 oktyabr 2021-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən 120 ay müddətinə, aylıq faiz dərəcəsi 2,50% olmaqla 100000 manat məbləğində krеdit xətti açılmış, Cavabdeh3 ilə İddiaçı ASC arasında 11 may 2022-ci il tarixli kredit verilməsinə dair razılaşma bağlanmış, həmin razılaşmaya əsasən ona biznes məqsədilə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75 % olmaqla 25000 manat məbləğində krеdit verilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda iddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə 29 oktyabr 2021-ci il tarixli Z/11061/21 saylı və 11 may 2022-ci il tarixli Z/07256/22 saylı zaminlik müqavilələrini bağlamış, zaminlər borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsində göstərilir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0 və 477.0.4-cü maddələrinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı əsas borc məbləğinin, habelə faiz borcunun və cərimənin ödənilməsi ilə bağlı iradə ifadəsini iddia ərizəsini cavabdehlərə göndərdiyi vaxtda, yəni 22 sentyabr 2023-cü il tarixdə bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbində qeyd edilən məbləğdə əsas borc və faiz borcunun tutulması qanuni və əsaslıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 1238 manat 27 qəpik məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 400 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülki məsuliyyətlərini araşdıraraq hesab edir ki, onlar kredit limitinin ayrılmasına dair müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarında, qeyd edilən kredit məbləğinin, həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar. Məhkəmə bildirir ki, Cavabdeh2 borclunun 29 oktyabr 2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün bank qarşısında məsuliyyəti öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsindən görünür ki, müqavilə 120 ay müddətinə, aylıq faiz dərəcəsi 2,50% olaraq 100000 manat məbləğində öhdəliyin təmini üçün bağlanmışdır. Həmçinin zaminlik müqaviləsində göstərilmişdir ki, 29 oktyabr 2021-ci il tarixli 4-MCR-1- 1992/21 saylı kredit müqaviləsi üzrə ayrılmış kredit limiti qeyd olunan kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər daxilində borcalan tərəfindən dəfələrlə istifadə oluna bilər. Borcalan ilə bank arasında 29 oktyabr 2021-ci ildə, sonradan isə 11 may 2022-ci il tarixdə kredit verilməsinə dair razılaşma bağlanılmışdır. Odur ki, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə 20463 manat 12 qəpik kredit borcu, 2075 manat 83 qəpik məbləğində faiz borcu, 400 manat cərimə borcu olmaqla, cəmi 22938 manat 95 qəpik məbləğində borc cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunverciliyin yuxarıda şərh olunmuş normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri baxımından cavabdehlərin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilir və belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini əsas kredit borcu, əsas borca hesablanmış faiz borcu hissəsində tam və cərimə hissəsində qismən - yuxarıda göstərilən qaydada təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyasə apellyasiya şikayətinin xx.xx.2021-ci il tarixdə Cavabdeh3 alacağı 10.000 manat kreditə görə zamin durduğu və zaminlik müqaviləsinə qol çəkdiyi, 25.000 (iyirmi beş min) AZN məbləğində Kredit barədə yalnız 2023-cü ilin mart ayında ona İddiaçı ASC-dən göndərilmiş məktubdan məlumat almasına dair dəlillərini əsassız sayır. Çünki iş materiallarındakı iddiaçı ilə cavabdeh Kəmaləddin Mənsimov arasında bağlanmış 29 oktyabr 2021-ci il tarixli Z/11061/21 saylı zaminlik müqaviləsindən göründüyü kimi cavabdeh Kəmaləddin Mənsimov 10000 manat kreditə görə yox, 100000 manat təşkil edən kredit limiti müqaviləsinə görə zamin durmuşdur. Digər tərəfdən cavabdeh Kəmaləddin Mənsimov borclu Cavabdeh3 verilmiş 10000 manat kreditə görə zamin durduğunu bildirmiş olsa da, onunla bağlandığını iddia etdiyi həmin müqaviləni məhkəməyə təqdim etməmiş, ya da şikayətinə əlavə etməmişdir. Göründüyü kimi apellyasiya şikayətinin həmin dəlili əsassız olmaqla cavabdehin formal mülahizəsidir. Azərbaycan Respublikasы MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1668/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-105/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-105/2024
24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver