Məhkəmə qərarları › İş №2-2(104)-109/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-109/2023

12.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-109/2023 12.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil X4 və Cavabdeh nümayəndəsi X11 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya işi Gəncə Kommersiya Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, e-2-2(115)-28/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdehnə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının istifadəsində olan istixanaya qaz verilişinin dayandırılması səbəbindən vurulmuş ziyan olaraq 442927 manat pulun tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının istifadəsində olan istixananın qaz təminatının dayandırılması nəticəsində yetişmək üzrə olan 200000 ton məhsul məhv olmuş, bunun qarşısını almaq üçün cavabdeh orqana müraciət etsə də heç bir nəticəsi olmamışdır. Beləliklə, 2021-ci ilin yanvar-fevral aylarında orta hesabla bazar qiyməti 1 manat olan 200000 manatlıq məhsul cavabdehin qanuna zidd fəaliyyəti nəticəsində məhv olmuşdur. Yetişdirilmiş pomidor məhsulunun 5 aydan artıq müddətə əkilməsi, becərilməsi, aqrotexniki qulluq edilməsinə görə xərclər çəkilmişdir. Belə ki, toxumun alınmasına görə 14773 manat, şitil 7400 manat, elektrik enerjisinin istehlakına görə 6500 manat, qaz istehlakına görə 59099 manat, kokobit 52 000 manat, salafanın yuyulması 1000 manat, gübrə 60 500 manat, aqronom üçün əmək haqqı 8500 manat olmuşdur. Beləliklə cavabdehin təqsiri üzündən vurulmuş maddi ziyanın məbləği mülkiyyətində olan istixanada yetişdirilmiş pomidor məhsulunun yetişdirilməsi üçün çəkilmiş xərc cəmi 242 927 manat və məhv edilmiş pomidor məhsulun dəyəri ilə birlikdə 442 927 manat təşkil edir. Gəncə Kommersiya Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2-2(115)-28/2022 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia qismən təmin edilərək, Cavabdehndən 200.000 (iki yüz min) manat vəsaitin tutularaq, İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə 138 (yüz otuz səkkiz) manat ekspertiza xərcinin İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi, X6, büdcə təsnifat kodu 142595, büdcə səviyyə kodu 3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT kod CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesaba ödənilməsi və iş üzrə 300 (üç yüz) manat ekspertiza xərcinin 200 (iki yüz) manat hissədə Cavabdehndən, 100 (yüz) manat hissədə İddiaçı tutularaq "xxxx" MMC, „Kapitalbank“ ASC-nin Qara Qarayev filialı, kod 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944,VÖEN:**********,hesab:AZ90AİİB******************** saylı hesaba ödənilməsi qət edilmişdir. İşdə olan sübutlar: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA ******* seriya və nömrəli çıxarışın surətindən görünür ki, Şəmkir rayonu, Qapanlı kəndində 3,1402 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi X8 mülkiyyətindədir və iş materiallarında olan etibarnamənin surətindən görünür ki, X1 Məhərrəm Musa oğluna əmlakın üzərinə sərəncam verilməsi ilə bağlı etibarnamə vermişdir. 21 dekabr 2018-ci il tarixli GA-671 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilədən görünür ki, Cavabdeh müqavilə şərtlərinə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Aqrar Universitetin dosentləri və kafedra müdiri tərəfindən tərtib edilmiş 10 fevral 2021-ci il tarixli aktın surətindən görünür ki, onlar İddiaçı məxsus Şəmkir rayonu, Qapanlı kəndində yerləşən istixanasında montorinq keçirmiş və monitorinq zamanı istixanada olan bitkilərdə turqor vəziyyətinin aşağı düşməsi və yarpaqlarda donvurma müşahidə olunmuşdur. Aşkar olunan məhsulun əsas hissəsi (70 faizə qədəri texniki yetişkənlik mərhələsində olmuşdur. Təqribi hesablamalaraq görə 200 tona yaxın məhsulunun itkiyə getməsi müəyyən edilmişdir. Şəmkir rayon Qapanlı kənd İƏD-nin, Şəmkir rayon Qapanlı Bələdiyyəsinin əməkdaşları, iddiaçı və onun nümayəndələri tərəfindən tərtib edilmiş 05 fevral 2021-ci il tarixli aktdan görünür ki, iddiaçıya məxsus istixanaya baxış keçirilərkən 50103 ədəd pomidor ştili müəyyən olunmuş, aparılan hesablamalar zamanı istixanada 220 ton məhsul olduğu qeyd olunmuşdur. 19 oktyabr 2020-ci il tarixli razılaşma protokolunda abonent İddiaçı təbii qazdan istifadəyə görə Cavabdeh İB-yə 60922,80 manat borcu olması, həmin borcdan 36488 manatının ödənildiyi, 2020-ci ilin 10 noyabrınadək 12 217,40 manat, dekabrın 01-dək isə 12217,40 manatın ödənilməsinin öhdəsinə götürdüyü qeyd olunmuşdur. “Azəriqaz “X7 X18 İdarəsinin İddiaçı təqdim etdiyi ******* nömrəli bildiriş-xəbərdarlığın məzmunundan görünür ki, abonentin xx.xx.2020-ci il tarixə qədər hesablanmış 31.038.80 manat borcunu 3 gün ərzində ödəməsi ondan tələb olunmuşdur. Həmin bildiriş-xəbərdarlıq 18 yanvar 2021-ci il tarixdə İddiaçı imza etdirilməklə ona təqdim olunmuşdur. Həmin bildiriş vasitəsilə M,Musayevin diqqətinə çatdırılmışdır ki, göstərilən borc ödənilmədiyi halda təbii qazın verilişini “Qazdan istifadə Qaydaları” nın 6.1.4-ci bəndinə əsasən dayandırılacaqdır. “Qaz təminatının dayandırılması haqqında” ******* nömrəli 04 fevral 2021-ci il tarixli aktın surətindən görünür ki, fiziki şəxs İddiaçı məxsus istixanaya qazın verilişi debitor borcu olduğu üçün 04 fevral 2021-ci il tarixdə dayandırılmışdır. Məhkəmə Ekspertiza Mətkəzinin 29 iyul 2021-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, 18 yanvar 2021-ci il tarixli ******* nömrəli bildiriş-xəbərdarlığın aşağı hissəsində “İddiaçı” yazılarının qarşısında olan imza İddiaçı tərəfindən icra olunmuşdur. "xxxx" MMC-nin 06 dekabr 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, edilən ekspert rəyində qeyd olunur ki, Şəmkir rayonu, Qapanlı kəndində İddiaçı məxsus müasir tipli istixanada aqrotexniki qaydalara riayət etməklə Pink Chempion növü üzrə 200,7 ton və daha artıq pomidor yetişdirmək mümkündür, 2021-ci ilin martaprel aylarında pomidorun bazar qiyməti orta hesabla 1 kiloqram 1,2 manat təşkil etmişdir. 885080 nömrəli, 23 noyabr 2020-ci il tarixli qaimə fakturadan görünür ki, istifadə edilmiş qaza görə İddiaçı 3475 manatlıq ödəniş sənədi verilmişdir. 740363 nömrəli, 05 yanvar 2021-ci il tarixli qaimə fakturadan görünür ki, istifadə edilmiş qaza görə İddiaçı 18129 manatlıq ödəniş sənədi verilmişdir. 684553 nömrəli, 28 yanvar 2021-ci il tarixli qaimə fakturadan görünür ki, istifadə edilmiş qaza görə İddiaçı 23963 manatlıq ödəniş sənədi verilmişdir. Apellyasiya şikayətinin dəlilləri. Gəncə Kommersiya Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2-2(115)-28/2022 saylı qətnaməsindən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2-2(115)-28/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iddiaçı tərəfindən istehlak olunmuş qazın 2019-2020-ci illər üzrə dəyəri aylarla və ya tam olaraq ödənilməmişdir. Nəticədə onun 2020-ci il hesabat ilinin yekununa 55002,20 manat debitor borcu yaranmışdır. Abonentə borcun ödənilməsi üçün rəsmi qaydada bildiriş təqdim edilmiş və əks halda qaz təminatının dayandırılacağı xəbərdar edilmişdir. Lakin abonent tərəfindən geri qalan 31038,80 manat borc ödənilməmişdir. İddiaçı tərəfındən qaz təminatının əsassız olaraq dayandırılması üzrə hər hansı sübut təqdim edilməmişdir. Əksinə onlar tərəfındən təqdim sübutlar üzrə təbii qazın verilməsinin dayandırılmasının qanuni olması aşkar edilmişdir. Onlar tərəfindən verilmiş vəsatətlər aydınlaşdırılmamışdır. Belə ki, iddiaçının iddia etdiyi məhv olmuş əmlakın məhvolma səbəbinin nədən ibarət olması, hansı formada və hansı şəraitdə məhv olması (məhv olmuş məhsulun istixana şəkilləri) ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Apellyasiya instansiyasında birinci icraat: Gəncə Apellyasiya Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2-2(104)-97/2022 saylı qətnaməsi (X3 (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə) ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Gəncə Kommersiya Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2-2(115)-28/2022 saylı qətnaməsin iddianı təmin edilmiş- Cavabdehndən 200.000 (iki yüz min) manat vəsaitin tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2-2(104)-97/2022 saylı qətnaməsindən narazı qalan İddiaçı kassasiya şikayəti veərək, Gəncə Apellyasiya Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2-2(104)-97/2022 saylı qətnaməsinin ləğv edilməsi və işin təkrar apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etnişdir. Kassasiya instansiyası məhkəməsində icraat: Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 07 dekabr 2022-ci il tarixli, 2-2(102)-651/2022 saylı qərarı ilə kassasiya şikayətinin təmin olunması, Gəncə Apellyasiya Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2-2(104)-97/2022 saylı qətnaməsinin ləğv edilməsi və iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyasında ikinci icraat: Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X17 apellyasiya şikayətini müdafiə etdiyini bildirib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, istixana kompleksplərinin demək olar ki hamısının qaz təminatı dayandırıldığı halda alternativ yanacaqdan istifadə etməklə istixanadakı tempraturun lazımı səviyyədə saxlamaq üçün texniki imkanları vardır. Texniki imkanı olmayan istixana isə qaz təchizatı dayandırıldığı təqdirdə iki gün ərzində həmin texniki imkanı yaratmaq iqtidarındadır. İstiliyi alternativ yanacaqla təmin etmək üçün yalnız bir ədəd çən və ötürücü quraşdırmaqla qısa müddət ərzində alternativ yolla istiliyi təmin etmək mümkündür. Belə ki, qaz xətlərində qəza baş verdiyi və ya təmir-profilaktika işləri aparıldığı müddətdə istehlakçılar alternativ yanacaqla istiliyi təmin edirlər. İddiaçının istixanasının müasir tipli olması nəzərə alındıqda alternativ yanacaqdan istifadə etməklə istixananın tempraturunu lazımı səviyyədə saxlaması ehtimal olunandır. Hazırda məhkəmə prosesi ilə əlaqədar iddiaçının həmin texniki imkanı qısa müddət ərzində aradan qaldırması da mümkündür, buna görə də yerində baxış keçirilməsi ilə həmin hal müəyyən edilməyə bilər. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdə istixnadakı bitkilərin donvurmaya məruz qalması görünməməkdədir. Sonradan təqdim edilmiş fotoşəkillər isə hesab edir ki, bitkilərin budanması ilə bağlı fotoşəkillərdir. Həmçinin, həmçinin bitkilərin məhz iddiaçının istlikxanasında olan bitkilər olması, harada və nə vaxt çəkilməsi müəyyən olunmur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil X9 apellyasiya şikayətinin əsassız olduğunu, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 07 dekabr 2022-ci il tarixli, 2-2(102)-651/2022 saylı qərarı ilə qaz təchizatının qanunsuz olaraq dayandırılmasının təsdiq olunduğunu, vurulmuş ziyanın isə cavabdehin təqsirli hərəkətləri nəticəsində yarandığını bildirib şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, iddiaçının istixanasında tempraturun lazımı səviyyədə saxlamaq üçün alternativ yanacaqdan istifadə ilə bağlı texniki imkan mövcud olmamışdır və hazırda da mövcud deyildir. Bu yerində baxışla müəyyən edilə bilər. İddiaçı daha çox ziyana məruz qalsa da birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verməməsi onun ziyan məbləğinin ona ödənilməsinə şübhəsinin olması olmuş, 200000 manat məbləğində ziyanın ödənilməsi ilə qane olacağını düşünmüşdür. Məhkəməyə təqdim etdiyi fotoşəkillər məhv olmuş bitkilərin çıxarılması və yük avtomobilinə yığılaraq tullanılması üçün aparılmasını əks etdirməkdədir. Həmin fotoşəkillərin 2021-ci ilin fevral ayında çəkilməsi ilə bağlı müvafiq sübut qalmamışdır. Belə ki, həmin fotoşəkillər telefondan çəkilmiş, sonradan kompüterə köçürülmüş, telefondan isə silinmişdir. Tətbiq edilən hüquq: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: 3.1.4. qaz paylayıcısının illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işlərinin aparılması ilə əlaqədar qaz paylayıcısı qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etməlidir. 3.1.5. istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qaz paylayıcısı qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.1. Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: 6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 85.1. Özləri üçün zəruri sübutların təqdim edilməsinin nəticə etibarı ilə mümkün olmayacağından və ya çətin olacağından ehtiyat etməyə əsası olan şəxslər bu sübutların təmin olunmasını məhkəmədən xahiş edə bilərlər. 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iş materiallarında olan 885080 nömrəli, 23 noyabr 2020-ci il tarixli qaimə fakturadan görünür ki, istifadə edilmiş qaza görə İddiaçı 3475 manatlıq ödəniş sənədi verilmişdir. İş materiallarına əlavə edilmiş abonentin saldosu adlı sənəddən isə göründüyü kimi iddiaçı tərəfindən həmin məbləğin 3000 manatı 2020-ci ilin dekabr ayında ödənilməklə, ödəniş tam təmin edilməmişdir. Bundan sonra cavabdeh tərəfindən 740363 nömrəli, 05 yanvar 2021-ci il tarixli qaimə fakturaya əsasən 18129 manatlıq, 684553 nömrəli, 28 yanvar 2021-ci il tarixli qaimə fakturaya görə isə 23963 manatlıq ödəniş sənədi verilmişdir ki, iddiaçı tərəfindən qaz təchizatı dayandırılana kimi həmin qaimə-fakturalar üzrə heç bir ödəniş edilməmişdir. İş materiallarında olan Cavabdeh Şəmkir X18 İdarəsinin İddiaçı təqdim etdiyi ******* nömrəli bildiriş-xəbərdarlığın məzmunundan isə görünür ki, abonentin xx.xx.2020-ci il tarixə qədər hesablanmış 31038.80 manat borcunun ödənilməsi tələb edilmişdir ki, həmin borcun tərkibində 885080 nömrəli, 23 noyabr 2020-ci il tarixli qaimə faktura ilə ödənilməsi tələb olunan 3475 manatlıq qazdan istifadə haqqı da mövcud olmuşdur. Cavabdeh tərəfindən iddiaçının qaz təchizatının 740363 nömrəli, 05 yanvar 2021-ci il tarixli 18129 manatlıq və 684553 nömrəli, 28 yanvar 2021-ci il tarixli 23963 manatlıq qaimə fakturaya görə dayandırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 3.1.4, 3.1.5 və 6.1.4-cü bəndlərinin tələblərinə əsasən qanunsuz hesab edilsə də, 885080 nömrəli, 23 noyabr 2020-ci il tarixli qaimə fakturaya əsasən ödənilməmiş 475 manat qazdan istifadə haqqına görə qaz təchizatını dayandırması “Qazdan istifadə qaydaları”nın 3.1.4, 3.1.5 və 6.1.4-cü bəndlərinin tələbinə uyğun olmuşdur. İddiaçının böyük həcmdə qaz istifadəçisi olması nəzərə alındıqda, 475 manat ödənilməmiş məbləğə görə qaz təchizatının dayandırılması adekvat hesab olunmamaqla yanaşı, işin hallarından da göründüyü kimi iddiaçının qaz təchizatı məhz 475 manat borcunun olmasına görə deyil, 31.038.80 manat borcun olmasına görə dayandırılmışdır. Məhkəmə kollegiyası cavabdehin qaz təchizatının qanunsuz dayandırması nəticəsində iddiaçıya maddi zərər vurulması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı qeyd olunan səbəbdən ona maddi zərər dəyməsini məhkəmədə sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı qaz təchizatının dayandırılması nəticəsində istilikxanasındakı istiliyin aşağı düşməsi səbəbindən pomidor məhsulu verən bitkilərinin donvurmadan məhv olduğunu iddia etməklə, bu barədə məhkəməyə yalnız Azərbaycan Respublikası Aqrar Universitetin dosentləri və kafedra müdiri tərəfindən tərtib edilmiş 10 fevral 2021-ci il tarixli aktı təqdim etmişdir ki, həmin akt işin digər hallları ilə birlikdə qiymtələndirildikdə iddiaçıya zərərin vurulmasını təsdiq edəcək qədər mötəbər sübut olmamışdır. Belə ki, iddiaçının istilikxanasının qaz təchizatının 04 fevral 2021-ci il tarixdə dayandırılması işin mübahisəsiz halı olmaqla, “Qaz təminatının dayandırılması haqqında” ******* nömrəli 04 fevral 2021-ci il tarixli aktla da təsdiq olunmaqdadır. İş materiallarında olan 05 fevral 2021-ci il tarixli aktdan isə görünür ki, istilikxananın qaz təchizatı dayandırıldıqdan 1 gün sonra, yəni 05 fevral 2022-ci il tarixdə iddiaçı Şəmkir rayon Qapanlı kənd İƏD-nin, Şəmkir rayon Qapanlı Bələdiyyəsinin əməkdaşlarının, özünün və işçilərinin iştirakı ilə istixanaya baxış keçirməklə istilikxanada olan məhsulun həcmini müəyyən etmişlər. Yəni, artıq iddiaçı qaz təchizatı dayandırıldıqdan 1 gün sonra istilikxanadakı bitkilərin məhv olacağını yəqin etməklə, cavabdehdən gələcəkdə düşəcəyi zərər məbləğini tələb edə bilməsi üçün müvafiq sübutlarını toplamağa başlamışdır. Lakin, iddiaçı istər 05 fevral 2021-ci il tarixli, istərsə də 10 fevral 2021-ci il tarixli aktı tərtib edərkən gələcəkdə zərər məbləği tələb edəcəyi cavabdehə hər hansı bir xəbərdarlıq etməmiş və ya məlumat verməmişdir. Hərçənd ki, istilikxanadakı bitkilərin məhv olmasını təsdiq edən 10 fevral 2021-ci il aktı tərtib edilərkən iddiaçının ona zərər vurduğunu iddia etdiyi cavabdehə zərərin dəyməsinin təsdiqlənməsi üçün iştirakının təmin edilməsini təklif etməsi daha məntiqli olardı. Bunula belə məhkəmə kollegiyası qeyd edir ki, 10 fevral 2021-ci il tarixli aktın qoşması olan və iş materiallarına əlavə edilmiş fotoşəkillərdə bitkilərin donvurmaya məruz qalması açıq-aydın müşahidə olunmamaqdadır. İşin hallarından göründüyü kimi iddiaçı qaz təchizatının dayandırıldığı gündən etibarən gələcəkdə ona dəyəcək zərəri təsdiq edə bilməsi üçün sübutlar toplamağa başlasa da istilikxanadakı bitkilərin tam məhv olması və ya həmin həmin bitkilərin istilikxanadan çıxarılması ilə bağlı müvafiq sübutları əldə etməmişdir. Halbuki, iddiaçı həmin halları fotoşəkil və ya videogörüntü vasitəsi ilə təmin edə bilərdi. Həmçinin, iddiaçının qaz təchizatı dayandırıldığı gündən 15 gün sonra məhkəmədə iddia qaldırması müəyyən edilməkdədir ki, iddiaçı Mülki Prosessual Məcəllənin 85.1 və 87.2-ci maddələrinin tələbi baxımından yerində müayinə edilməklə sübutların təmin edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququna da malik olmuşdur. Lakin, iddiaçı ona maddi zərər dəyməsini açıq-aşkar təsdiq edə biləcək sübutları toplamamışdır. Məhkəmənin təklifinə əsasən iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə 9 ədəd fotoşəkil təqdim edilmişdir ki, iddiaçı həmin fotoşəkildəki görüntülərin məhv olmuş bitkilərin çıxarılması və yük avtomobilinə yığılaraq tullanılması üçün aparılmasını əks etdirdiyini iddia etmiş, cavabdehin nümayəndəsi isə fotoşəkildəki görüntülərin bitkilərin budanması ilə bağlı olması etirazını irəli sürmüşdür ki, cavadbeh tərəfin etirazı ağlabatan və inandırıcı olmuşdur. Belə ki, əvvəla iddiaçıya həmin fotoşəkillərin nə zaman çəkilməsi ilə bağlı müvafiq sübutları məhkəməyə təqdim edilməsi təklif edilsə də, iddiaçı tərəf həmin fotoşəkillərin telefon vasitəsi ilə çəkildiyini, sonradan kompüterə köçürüldüyündən telefondan silindiyini bildirmişdir ki, məhkəmə kollegiyası qeyd edilən arqumentin mümkün olan hal kimi qəbul etmişdir. Lakin, məhkəməyə təqdim edilmiş fotoşəkillərdəki bitkilərin də donvurmadan məhv olması açıq-aydın görünməməklə, budanmaya məruz qalmış bitkinin qalıqları olması daha inadırıcı olmaqdadır. Belə ki, 10 fevral 2021-ci il tarixli aktın qoşması olan fotoşəkillərdə bitkilərin budanmaya məruz qalması açıq-aydın görünməklə yanaşı, təqdim edilmiş 9 ədəd fotoşəkildə bitkilər üzərində çox az sayda yetişməmiş pomidorun olması görünməkdədir. Bundan başqa 10 fevral 2021-ci il tarixli aktda qeyd olunduğu kimi istilikxana müasir tipli istilikxana olmaqla yanaşı, akt tərtib olunarkən aşkar olunan məhsulun əsas hissəsi (70 faizə qədəri) texniki yetişkənlik mərhələsində olmuşdur ki, həmin mərhələyədək 242000 manat xərc çəkmiş və gəlir əldə etməyi planlaşdıran sahibkarın qaz təchizatı dayandırıldığı halda qısa müddət ərzində alternativ yanacaqdan istifadə etməklə zərərdən yayınmaması da inandırıcı görünməməkdədir. Hərçənd ki, qaz xətlərində qəza baş verməsi və ya təmir-profilaktika işləri ilə əlaqədar qaz təchizatının dayandırıla bilməsi hallarının mümkünlüyü də nəzərə alındıqda müasir tipli istilikxana sahibinin istiliyi alternativ yanacaqla təmin etməməsi də inandırıcı olmamışdır. Digər tərəfdən iddiaçı 242927 manat xərc çəkərək 200000 manat gəlir əldə etməsi də inandırıcı olmamışdır ki, 442927 manat zərər çəkdiyini iddia etmiş iddiaçının, iddiasını 200000 manat hissəsində qismən təmin edən birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verməməsi də onun zərərə məruz qalması ilə bağlı arqumentini zəiflədən hal kimi qəbul olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən təqdim edilmiş 10 fevral 2021-ci il tarixli aktı mötəbər sübut kimi qəbul edərək, qaz təchizatının dayandırılması ilə əlaqədar iddiaçının maddi zərərə məruz qalması ilə bağlı gəldiyi nəticə əsaslı olmamışdır. Belə ki, həmin akt işin digər hallları ilə birlikdə qiymtələndirildikdə iddiaçıya zərərin vurulmasını təsdiq edəcək qədər mötəbər sübut olmamışdır. Buna görə də Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2- 2(115)-28/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)- 28/2022 saylı qətnaməsi ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalı, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Gəncə Kommersiya Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, e-2-2(115)-28/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, e-2-2(115)-28/2022 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilməsin. İş üzrə 138 (yüz otuz səkkiz) manat ekspertiza xərci İddiaçı tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə 300 (üç yüz) manat mütəxəssis xərci İddiaçı tutularaq, "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommerisya kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar