Məhkəmə qərarları › İş №2-2(104)-117/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-117/2025

26.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-117/2025 26.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi üzrə QƏTNAMƏ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi (vəkil) X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-52/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 009L**********57 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağlanmış xx.xx.2021-ci il tarixli 009R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 35000 (otuz beş min) manat məbləğində krеdit götürmüşdür. 21 oktyabr 2021-ci il tarixli ipoteka müqaviləsi ilə Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 məxsus Gədəbəy şəhəri, Bakı küçəsində yerləşən 0.0999 ha xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 311.3 kv.m. ümumi sahədən ibarət 36 saylı fərdi yaşayış evi banka ipotekaya qoyulmuşdur. 22 oktyabr 2021-ci il tarixli zaminlik müqaviləsi ilə borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra etməsi üçün zamin Cavabdeh2 bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2022-ci il tarixli 009R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. xx.xx.2024 və xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən cavabdehlərə müraciət olunaraq 22 689,52 manat əsas, 1948,36 manat faiz, 1262,36 manat cərimə borcunun mövcud olmasına dair məlumat verilmiş, borcun qaytarılması və müqavilənin ləğv edilməsini təklif etmişdir. xx.xx.2024 və xx.xx.2024-cü il tarixli bildirişlər ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ipotekaqoyana kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli rəyinə əsasən Gədəbəy şəhəri, Bakı küçəsində yerləşən 0.0999 ha xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 311.3 kv.m. ümumi sahədən ibarət 36 saylı fərdi yaşayış evinin bazar dəyəri 46000 manat, likvid dəyəri isə 41400 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 009R********** saylı kredit razılaşması üzrə 22689.52 manat məbləğində kredit borcu, 1948.36 manat məbləğində faiz borcu və 1262.36 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 25900 (iyirmi beş min doqquz yüz) manat 24 (iyirmi dörd) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 167.7 manat məbləğində dövlət rüsumunun ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 məxsus Gədəbəy şəhəri, Bakı küçəsində yerləşən 0.0999 ha xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşəm 311.3 kv.m. ümumi sahədən ibarət 36 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və cəmi 25900 (iyirmi beş min doqquz yüz) manat 24 (iyirmi dörd) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 167.7 manat məbləğində dövlət rüsumunun ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqının həmin əmlakın hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdəqalan məbləğin müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması, Gədəbəy şəhəri, Bakı küçəsində yerləşən 0.0999 ha xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşəm 311.3 kv.m. ümumi sahədən ibarət 36 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 009L**********57 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 009R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 35000 (otuz beş min) manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2022-ci il tarixli 009R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 12310.48 manat ödəmiş, onun 22689.52 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 121 gün üçün hesablanmış faiz borcu 1948.36 manat təşkiledir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5%-i məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 121 gün üçün hеsablanmış cərimə 1262.36 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh-ipoteka verən Cavabdeh1 AccessBank QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 009M**********01 saylı ipoteka müqaviləsi (Bak şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilib) əsasında Gədəbəy şəhəri, Bakı küçəsində yerləşən 0.0999 ha xüsusimülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşəm 311.3kv.m ümumisahədən ibarət 36 saylı fərdi yaşayış eviiddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 26 №-li reyestr kitabının 29 №-li vərəqində qeydiyyata alınmış ********** qeydiyyat №-li çıxarışa əsasən Cavabdeh1 məxsus Gədəbəy şəhəri, Bakı küçəsində yerləşən 0.0999 ha xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 311.3 kv.m. ümumi sahədən ibarət 36 saylı fərdi yaşayış evi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü bəndlərində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-52/2025 nömrəli qətnaməsi ilə (hakim R.Qələndərzadə) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada krеdit razılaşması üzrə 22689,52 manat məbləğində əsas bоrc, 1948,36 manat məbləğində faiz bоrcu, 300 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə, cəmi 24937,88 manat məbləğində bоrc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 164,81 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh1 məxsus Gədəbəy şəhəri, Bakı küçəsində yerləşən 0.0999 ha xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 311.3 kv.m. ümumi sahədən ibarət 36 saylı fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış (likvid) qiymətinin 41400 manat həddində müəyyən edilməsi, həmin fərdi yaşayış evi açıq hərraclar vasitəsilə satılması, fərdi yaşayış evi satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılması, mənzilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, kredit müqaviləsi üzrə öhdəliklər iddiaçı tərəfindən tam icra edilmiş, kredit müqaviləsində qeyd olunan məbləğ cavabdehin müvafiq hesabına köçürülmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, ödəniş planına əsasən aylıq ödənilməli kredit məbləğini vaxtı-vaxtında və tam həcmdə ödəməmişdir. məhkəmə iddia tələbinin tutmanın Cavabdeh1 məxsus Gədəbəy şəhəri, Bakı küçəsində yerləşən 0.0999 ha xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 311.3 kv.m. ümumi sahədən ibarət 36 saylı fərdi yaşayış evinə yönəldilməsi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 21 oktyabr 2021-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 məxsus Gədəbəy şəhəri, Bakı küçəsində yerləşən 0.0999 ha xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 311.3 kv.m. ümumi sahədən ibarət 36 saylı fərdi yaşayış evi banka ipotekaya qoyulmuşdur. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 məxsus Gədəbəy şəhəri, Bakı küçəsində yerləşən 0.0999 ha xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 311.3 kv.m. ümumi sahədən ibarət 36 saylı fərdi yaşayış evinin poteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. xx.xx.2024 və xx.xx.2024-cü il tarixli bildirişlərdən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ipotekaqoyana kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, əsas borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş rəyə əsasən ipoteka predmeti olan Cavabdeh1 məxsus Gədəbəy şəhəri, Bakı küçəsində yerləşən 0.0999 ha xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 311.3 kv.m. ümumi sahədən ibarət 36 saylı fərdi yaşayış evinin bazar dəyəri 46000 manat, likvid dəyəri 41400 manat təşkil edir. Bu səbəbdən də məhkəmə hesab edir ki, tələb üzrə tutma Cavabdeh1 məxsus Gədəbəy şəhəri, Bakı küçəsində yerləşən 0.0999 ha xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 311.3 kv.m. ümumi sahədən ibarət 36 saylı fərdi yaşayış evinə yönəldilməli, mənzilin ilkin satış (likvid) qiyməti 41400 manat həddində müəyyən edilməli, həmin fərdi yaşayış evi açıq hərraclar vasitəsilə satılmalı,fərdi yaşayış evi satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılmalı, mənzilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə iddia tələbinin Gədəbəy şəhəri, Bakı küçəsində yerləşən 0.0999 ha xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşəm 311.3 kv.m. ümumisahədən ibarət 36 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, həmin tələbi irəli sürmək üçün iddiaçı subyektiv hüquqa malik deyildir. Belə ki, bu hüquq mülkiyyətçiyə məxsus olan hüquqdur ki, iddiaçı ipoteka predmetinin hazırki vəziyyətdə mülkiyyətçisi deyildir. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 462.1, 467, 470.1, 472.1, 739.1 və 739.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.3-cü maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 115.0.1, 216-220, 227, 233, 360-cı maddələrinə istinad etmişdir. Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti ilə məhkəməyə müraciət edərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən məhkəmə iclasının yeri və vaxtı barədə onlara rəsmi qaydada məlumat verilməmiş işə onun iştirakı olmadan baxılmışdır. Məhz bu səbəblərdən də, işlə bağlı zəruri sənədləri məhkəməyə təqdim edə bilməmişlər. Həmçinin tərəfindən iddiaçı təşkilata müəyyən məbləğdə ödənişlər ödənilməsinə baxmayaraq, məhkəmə iş üzrə mühasibatlıq ekspertizası təyin etməyərək, habelə ipoteka predmeti olan evin hazırda real bazar qiyməti 150.000 (yüz əlli min) manat olmasına baxmayaraq, məhkəmə yalnız iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışına və "xxxx" MMC tərəfindən təqdim edilmiş rəyə istinad edərək iddianın qismən təmin edilməsinə dair qətnamə qəbul etmişdir. Mülki Məcəllənin 427.1-ci maddəsinə görə öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Lakin iddiaçı hazırki iddia ilə xx.xx.2024-cü ildə müraciət etməli olduğu halda, iddiaçı məhkəməyə daha tez müraciət etmişdir. Lakin məhkəmə tərəfindən qətnamə qəbul edilərkən bu hallar nəzərə alınmamış, sonda ədalətsiz və qanunsuz qətnamə qəbul edilmişdir. Halbuki, Mülki Məcəllənin 422.1-ci maddəsinə əsasən, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Maddənin məzmunundan göründüyü kimi, şəraitin dəyişməsi əhəmiyyətli dərəcədə olmalıdır. Yəni, şəraitin dəyişməsi o dərəcədə gözlənilməz xarakter daşımalıdır ki, tərəflər onu qabaqcadan görə bilməzdilər, əgər görə bilsəydilər, müqaviləni bağlamazdılar və ya fərqli şərtlərlə bağlayardılar. Həmçinin, tərəflər şəraitin dəyişməsinın qarşısını ala bilməzlər. Bu cür şəraitdə müqavilənin icrası tərəflərdən ən azı biri üçün son dərəcə əlverişsiz olmalıdır. Qanunvericilikdə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ya ləğvinin iki mərhələli qaydası nəzərdə tutulmuşdur. Tərəflər, ilk növbədə, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin yeni şərtlərinə və ya ləğvinin mümkünlüyünə dair razılığa gəlməyə çalışırlar. Tərəflər razılığa gəlmədiyi halda isə müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə və ya dəyişdirilə bilər. Lakin müqavilənin bu əsas üzrə məhkəmə tərəfindən ləğv edilməsi üçün əlavə tələblər nəzərdə tutulmuşdur: 1) müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 2) şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 3) müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 4) işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir (Mülki Məcəllənin 422.2-ci maddəsi) sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Bundan başqa nəzərə çatdırır ki, iddiaçı təşkilata müəyyən məbləğdə ödənişlər ödənilməsinə baxmayaraq, məhkəmə iş üzrə mühasibatlıq ekspertizası təyin etməyərək, habelə ipoteka predmeti olan evin hazırda real bazar qiyməti 150.000 (yüz əlli min) manat olmasına baxmayaraq, məhkəmə yalnız iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışına və"xxxx" MMC tərəfindən təqdim edilmiş rəyə istinad edərək iddianın qismən təmin edilməsinə dair qətnamə qəbul etmişdir. Halbuki, məhkəmə iş üzrə ədalətli qərar qəbul etmək üçün iş üzrə müvafiq ekspertizalar təyin edilməsi barədə qərardad qəbul edə bilərdi. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 nümayəndəsi (vəkil) məhkəmə iclasında izahatında bildirdi ki, digər cavabdehin apellyasiya şikayətinin dəlillərini müdafiə edir. İddiaçı tərəfindən ödənişlər nəzərə alınmamış və ipöoteka predmetinin dəyəri aşağı göstərilmişdir. Apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. İddiaçı və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və Cavabdeh2 iştirakı olmadan baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (24 fevral 2023-cü il tarixədək qüvvədə olan redaksiya). Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksya). Maddə 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksya). İpoteka haqqında Azərbaycan Respublikasıl Qanunu Maddə 1.0.9. ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Maddə 34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Maddə 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməninin ləğv olunmasını xahiş etsə də, əslində qətnaməni təmin edilmiş hissədə mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını mübahisələndirilən hissədə yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-52/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 009L**********57 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağlanmış xx.xx.2021-ci il tarixli 009R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 35000 (otuz beş min) manat məbləğində krеdit götürmüşdür. 21 oktyabr 2021-ci il tarixli ipoteka müqaviləsi ilə Cavabdeh1 özünə məxsus Gədəbəy şəhəri, Bakı küçəsində yerləşən 0.0999 ha xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 311.3 kv.m. ümumi sahədən ibarət 36 saylı fərdi yaşayış evi bankın xeyrinə üklü etmiş və 22 oktyabr 2021-ci il tarixli zaminlik müqaviləsi ilə borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra etməsi üçün zamin Cavabdeh2 bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. Eyni zamanda müəyyən edildiyi kimi, tərəflərin imzaladıqları xx.xx.2022-ci il tarixli 009R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmiş, iddiaçı xx.xx.2024 və xx.xx.2024-cü il tarixdə kredit müqaviləsi üzrə borcu tam tələb edərək müqavilənin ləğv edilməsini təklif etməklə müqavilənin birtərəfli qaydada ləğvinə dair iradə ifadəsini bəyan etmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, kredit müqaviləsi üzrə öhdəliklər iddiaçı tərəfindən tam icra edilmiş, kredit müqaviləsində qeyd olunan məbləğ cavabdehin müvafiq hesabına köçürülmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, ödəniş planına əsasən aylıq ödənilməli kredit məbləğini vaxtı-vaxtında və tam həcmdə ödəməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, məhkəmə icraatı onların iştirakı olmadan aparılmış və bu səbəbdən də məhkəməyə sübut təqdim edə bilməmişlər. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarında məhkəmə hazırlıq iclaslarının və məhkəmənin baxış iclasının yeri və vaxtı barədə Cavabdeh1 elektron kabineti vasitəsi ilə, Cavabdeh2 isə sms bildiriş və poçt vasitəsi ilə məlumat verilməsinə dair sübutlar mövcuddur. Cavabdeh1 məhkəmənin hazırlıq iclaslarının birində iştirak belə etmişdir. Göründüyü kimi cavabdehin apellyasiya şikayətinin bu dəlilləri əsassızdır və birinci instansiyası məhkəməsi tərəfindən prosessual pozuntuya yol verilməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri də ondan ibarətdir ki, kredit müqaviləsinin müddəti bitmədən iddiaçı borcu tələb edə bilməz. Apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarına əsasən, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. İddiaçı xx.xx.2024 və xx.xx.2024-cü il tarixdə kredit müqaviləsi üzrə borcu tam tələb edərək müqavilənin ləğv edilməsini təklif etməklə müqavilənin birtərəfli qaydada ləğvinə dair iradə ifadəsini bəyan etmişdir ki, həmin tarixdən tərəflər arasında bağlanmış müqavilə birtərəfli qaydada ləğv edilmişdir. Belə olan halda isə iddiaçı icranı vaxtından əvvəl tələb etməkdə haqlıdır. Cavabndehin apellyasiya şikayətinin dəlillərindən biridə iddiaçı təşkilata müəyyən məbləğdə ödənişlər ödənilməsinə baxmayaraq, məhkəmə iş üzrə mühasibatlıq ekspertizası təyin etməmiş və ipoteka predmetinin bazar dəyərinin 150000 manat təşkil etməsidir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh ödənişlərin edildiyini bildirsə də bununla bağlı istər birinci instansiyası məhkəməsinə, istərsə də apellyasiya instansiyası məhkəməsinə sübut təqdim etməmişdir. Halbu ki, iş materiallarından oan hesabdan çıxarış məlumatlarından müəyyən olunur ki, kredit müqaviləs üzrə 2023-cü ildən etibarən ödənişlər olunmamışdır. Bundan başqa iddiaçının müqavilənin ləğvinə dair bəyanında olan borc məbləği ilə tələb olunan borcun məbləği eynilik təşkil etdiyindən müqaviləyə xitm veriləndən sonra cavabdehlərə müqaviləyə istinadən hər hansı borc məbləği hesablanmamış dır. Göründüyü kimi, apellyatorun ekspertizanın keçirilməməsi ilə bağlı mülahizələri əsassız olmaqla işin baxılmasının yubadılmasnıa xidmət edir və hər hansı sübutlara söykənmir. Bundan başqa ipteka predmetinin bazar dəyərinə münasibətdə qeyd olunmalıldır ki, ipoteka predmetinin ilkin satış qiyməti İpoteka haqqında Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İpoteka predmetinin dəyərinin 150000 manat təşkil etməsinə dair cavabdehin dəlillərini təsdiq edən məhkəməyə sübut təqdim olunmamışdır ki, hazırki vəziyyətdə məhkəmənin əldə etdiyi qiymətləndirmə rəyinin əsassızlığını şübhə altına alınması üçün sübutlar mövcud deyildir. Məhkəmə "xxxx" MMC tərəfindən təqdim edilmiş qiymətləndirməyə rəyinə münasibətdə qeyd edir ki, rəy əsaslandırılmaqla yanaşı oxşar ərazidə oxşar yaşayış sahələrinə dair müqayisəli araşdırma aparılmışdır. Cavabdeh tərəfindən apellyasiya şikayətində bildirdiklərinə dair məhkəməyə sübut təqdim etmədiyindən məhkəmə "xxxx" MMC-nin rəyi ilə razılaşır və hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən bu hala da düzgün qiymət verilmişdir. Beləliklə şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, zamin əsas borclu ilə kredit müqaviləsi (xətt müqaviləsi) üzrə birgə məsuliyyət daşıdığından və zaminliyin verilməsi müddəti bitmədiyindən, habelə ipoteka prdmeti olan əmlaka tutumanın yönəldilməsi üçün qanuni əsaslar mövcud olduğundan və icra edilməmiş borc öhdəliyi düzgün müyyən edildiyindən birinci instasıyası məhkəməsi tərəfindən düzgün nəticəyə gəlinmişdir. Tutulmuş 300 manat dəbbə puluna münasibətdə qeyd edilməlidir ki, tənasübsüz böyük olan dəbbə pulunun mıəbləği məhkəmə tərəfindən azaldıla bilər. Hazırki halda 22689,52 manat əsas borca münasibətdə tutulmuş 300 manat dəbbə pulu yüksək deyildir. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən cavabeh Cavabdeh2 tərəfindən tərəfindən kassasiya şikayəti verilə bilər. Belə ki, iddiaçı və cavabdeh Ruslan Məmədova birinci instansiyası məhkəmənin qətnaməsindən apellyasiya şikayəti verilməmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən onların maraqlarına toxunacaq qərar qəbul edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-52/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Cavabdeh2 tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar