Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-118/2024 01.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-105/2024 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5 faizlə hesablanmış 854.30 manat əldən çıxmış fayda borcun və 70 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-105/2024 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbi təmin edilməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək Gəncə KommersiyaMəhkəməsinine-2-2(115)-105/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən (hazırki İddiaçı ASC) illik 6 faizlə 36 ay müddətinə 15000 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında icra etməmişdir. 15 avqust 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2015-ci tarixli kredit müqaviləsi üzrə banka kredit müqaviləsi üzrə xx.xx.2022-cı il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 854.30 manat əldən çıxmış fayda borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı ASC apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(115)-807/2021 saylı qətnaməsi əsassızdır, maddi və prosessual hüquq normaları pozulmuşdur və düzgün tətbiq edilməmişdir. Belə ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflərdən cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edib, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri barədə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, borcverən-İddiaçı ASC borcalan Cavabdeh 15 000 manat məbləğində illik 6 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – Cavabdeh isə 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə illik 5 faizlə hesablanmış 854.30 manat əldən çıxmış fayda borcu vardır. İş materiallarından görünür ki, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə hərracın keçirilməsi ilə əlaqədar bildirişlər tərəflərə göndərilmiş, xx.xx.2023-cü il tarixli 1736/23 nömrəli məktubdan görünür ki, Cavabdeh məxsus mənzil tələbkar İddiaçı ASC-yə təklif olunmuş, tələbkar ipoteka predmetini 20.374.5 manat məbləğində əldə edilməsinə razı olduğunu bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli açıq hərracın yekunları barədə 189/23 nömrəli protokoldan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2-2(104)-181/2022 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən, Bərdə rayon İcra Şöbəsi tərəfindən verilmiş 51310/2023 saylı, xx.xx.2023-cü il tarixli sifariş əsasında hərrac keçirilmiş, Cavabdeh məxsus ünvan 1 ünvanında, 0.042 ha torpaq sahəsində yerləşən 18 nömrəli, 2 mərtəbəli binanın 2-ci girişində, 2-ci mərtəbəsində yerləşən, 74.6 kv.metr ümumi, 56.4 kv.m metr yaşayış sahəsindən ibarət 4 otaqlı, 9 saylı mənzil 20374.5 manat məbləğində tələbkar İddiaçı ASC tərəfindən alınmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-cı il tarixi qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 14205.44 manat əsas borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın cavabdeh X2 mülkiyyətindəki Bərdə şəhəri, S.Vurğun küçəsində yerləşən 18 nömrəli evin 9 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, mənzilin ilkin satış qiyməti 31960 manat həddində müəyyən edilməsi, açıq hıərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin İddiaçı ASC-yə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılması, mənzilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin cavabdehlər Cavabdeh Eldar oğlundan və X3 tutularaq İddiaçı ASC-yə ödənilməsi, açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər Cavabdeh Eldar oğlu, X7, X6, X4 mənzildən çıxarılması və mənzilin boşaldılması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Cavabdehlər həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(115)-453/2022 saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(104)-181/2022saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-cı il tarixi qətnaməsi qismən, yəni Cavabdeh 14205.44 manat əsas borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, açıq hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda cavabdeh X3 müstərək qaydada İddiaçı ASC-yə ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılması, iddia tələbinin həmin hissədə təmin edilməməsi, qətnamə iddianın təmin olunan qalan hissəsində dəyişdirilmədən saxlanılmışdır. Tələbkar xx.xx.2023-cü il tarixli açıq hərracın yekunları barədə 189/23 nömrəli protokolla ipoteka predmeti olan mənzili 20374.5 manat qiymətə əldə etmişdir. Yuxarıda qeyd olunan məhkəmə qərarları ilə müəyyən olunmuşdur ki, cavabdehlərin kredit müqaviləsi üzrə borclu olduğu və həmin borcu edilmiş xəbərdarlıqlara baxmayaraq lazımi qaydada icra etmədiyi müəyyən olunduğuna, beləliklə də iddiaçının pul vəsaitini özündə əsassız olaraq saxladığı müəyyən olunduğuna görə iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclundan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və borclu ilə bank arasında bağlanmış kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Ona görə də iddiaçı hazırkı iddia ilə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbi xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcun tutulması tələbi deyil, həmin müqavilə üzrə gecikdirilmiş vaxt üzrə illik 5% hesablanmış məbləğin ödənilməsi olduğundan birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə öhdəliyin icra mərhələsində icra edildiyini və borclunun təqsiri nəticəsində gecikmənin baş verdiyini nəzərə almadan iddianı rədd etməkdə haqsız olmuşdur. Belə ki, Azərbaycan Respublikasmın Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qəranında qeyd edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Kredit müddəti ilə bağlı isə nəzərə alınmalıdır ki, bu müddət müvafiq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır. Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyinə görə MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasmın Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında qeyd edir ki, beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Beləliklə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-105/2024 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi tam təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məccəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcələnin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcələnin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-105/2024 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli üzrə kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5 faizlə hesablanmış 854,30 (səkkiz yüz əlli dörd manat 30 qəpik) manat və ödənilmiş 70 (yetmiş) manat mediasiya xərcinin əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-118/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-118/2024
01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver