Məhkəmə qərarları › İş №2-2(104)-119/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-119/2024

05.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-119/2024 05.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 və Cavabdeh1 iştirakı ilə, İddiaçı “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-128/2024 saylı qətnaməsindən iddiaçı “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-128/2024 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddiaçı “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-128/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, 67451,56 manat borcun ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 22362,06 manat borcun, ödənilmiş 210 manat mediasiya xərcinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC ilə Cavabdeh2 arasında 29 may 2014-cü il tarixdə kredit müqaviləsi bağlanılmışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh2 30 may 2016-cı il tarixinədək, illik 17% dərəcəsi olmaqla 80000 manat məbləğində pul ayrılmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin еdilməsi məqsədilə Cavabdeh1 ilə Bank arasında 29 may 2014-cü il tarixində zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi bоrcalanın öhdəliklərinin lazımınca icra еdilməsinə görə оnunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam, vaxtında və lazımı qaydada icra etmədiyi ilə əlaqədar Bank məhkəməyə müraciət etmişdir. İşə baxan Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 03 may 2017-ci il tarixli, 2(044)-112/2017 saylı qətnaməsi ilə cavabdehlərdən cəmi 77365,88 manat tutulması qət etmişdir. Göründüyü kimi, cavabdehin 03 may 2017-ci il tarixə əsas borc üzrə 67451.56 manat ödənilməmiş borcunun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh 03 may 2017-ci ildən sonra bu günə kimi qətnaməni icra etməmiş və hal-hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən cavabdehə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonrada öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdehlərin kredit müqaviləsi üzrə ödənilməli olan əsas borc məbləğindən 67451,56 manat hissəsi ödənilməmiş qalmaqdadır. 03 may 2017-ci ildən 15 noyabr 2023cü ilə qədər Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % olmaqla, 22362,06 manat təşkil edir. İddiaçı “X7 Azərbaycan” QSC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 29 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcdan qalan 67451,56 manatın ödənilməsinin 596 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 5587 manat, 4374,70 manatın ödənilməsinin 127 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 77,25 manat, 3692,97 manatın ödənilməsinin 10 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 5,25 manat, 3692,96 manatın ödənilməsinin 1583 gün, gecikdirilməsinə görə dəymiş zərər məbləği 811,73 manat, 3538,12 manatın ödənilməsinin 92 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 45,37 manat, 3488,57 manatın ödənilməsinin 39 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 19,03 manat, ümumilikdə dəymiş zərərin əvəzi kimi 6546,07 manat pulun və ödənilmiş 210 manat mediasiya xərcinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı “X7 Azərbaycan” QSC apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsi hazırkı mübahisənin əsasını təşkil edən dəlilləri və maddi hüquq normalarını aydınlaşdırmamışdır. Belə ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh2 arasında 29 may 2014-cü il tarixdə kredit müqaviləsi bağlanılmışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh2 30 may 2016-cı iltarixinədək, illik 17% (on yeddi faiz) dərəcəsi olmaqla 80 000.00 (səksən min) manat məbləğində pul ayrılmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin еdilməsi məqsədilə həmçinin cavabdeh MəmmədovƏləddin Hətəm oğlu ilə Bank arasında 29 may 2014-cü il tarixində zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi Bоrcalanın öhdəliklərinin lazımınca icra еdilməsinə görə оnunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam, vaxtında və lazımı qaydada icra etmədiyi ilə əlaqədar Bank məhkəməyə müraciət etmişdir. İşə baxan Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 03 may 2017-ci il tarixli, 2(044)-112/2017 saylı qətnaməsi ilə cavabdehlərdən cəmi 77.365.88 (yetmiş yeddi min üç yüz atmış beş manat səksən səkkiz qəpik) manat tutulması qət etmişdir. Göründüyü kimi, cavabdehin 03 may 2017-ci il tarixə əsas borc üzrə 67.451.56 (altmış yeddi min dörd yüz əlli bir manat əlli altı qəpik) manat ödənilməmiş borcunun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh 03 may 2017-ci ildən sonra bu günə kimi qətnaməni icra etməmiş və hal-hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən İddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kərar qaydada həll etmək məqsədi ilə cavabdehə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonrada öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdehlərin kredit müqaviləsi üzrə ödənilməli olan əsas borc məbləğindən 67.451.56 (altmış yeddi min dörd yüz əlli bir manat əlli altı qəpik) manat hissəsi ödənilməmiş qalmaqdadır. 03 may 2017-ci ildən 15 yanvar 2024-cü ilə qədər Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % (beş faiz) olmaqla, 6546.07 (altı min beş yüz qırx altı manat yeddi qəpik) manat məbləğində təşkil edir. Birinci instansiya məhkəməsi heç bir hüquqi əsaslandırma aparmadan, banka dəymiş zərərin hüquqi əsaslarını nəzərə almadan, bank tərəfindən təqdim olunan subutlara hüqiqi qiymət vermədən xx.xx.2024cü il tarixli qətnaməsi ilə Bankın iddia tələbini təmin etməmişdir. Hesab edir ki, qətnamə əsassız və qanunsuz olduğundan ləğv edilməli bankın iddia tələbi təmin edilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edib, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri barədə iddiaçının nümayəndəsini və məhkəmə iclasında iştirak edən cavabdehi dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 29 may 2014-cü il tarixli 37042/01 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış müqaviləyə əsasən borcalana 30 may 2016-cı il tarixədək 24 ay müddətinə illik 17% olmaqla 80000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 29 may 2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, 29 may 2014-cü il tarixli 37042/01 nömrəli kredit müqaviləsinin təminatı olaraq "xxxx" QSC ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03 may 2017-ci il tarixli 2(044)-112/2017 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 67451,56 manat əsas kredit borcu, 9651,57 manat əsas məbləğə hesablanmış faiz borcu, 200 manat hər gecikdirilmiş günə görə cərimə borcu, 2,75 manat ipoteka qoyulmuş əmlaka tutma yönəldilməsi haqqında bildirişin borcalana göndərilməsi üzrə poçt xərcləri, 30 manat ipoteka qoyulmuş əmlaka tutma yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc, dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 77365,88 manat məbləğində pulun alınaraq iddiaçı "xxxx" QSC-yə ödənilməsi, tələbin mülkiyyət hüququ ilə X2 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 133,2 kv.m, yaşayış sahəsi 84 kv.m, yardımçı sahəsi 49,2 kv.m olan 4 otaqlı 27 saylı mənzilə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin 120000 manat müəyyən edilməsi, əmlakın açıq hərracdan satılması, onun satışından əldə olunmuş pul vəsaiti hesabına kredit borcuna yönəldilməsi, ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan sonra bir ay müddətinə cavabdeh X1 həmin evdən çıxarılaraq mənzilin boşaldılması, iş üzrə aparılmış qiymətləndirmənin (ekspertizanın) dəyəri 300 manat pul vəsaitinin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" MMC-nin nəfinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 30 avqust 2017-ci il tarixli 2(104)-2570/2017 saylı qətnaməsindən görünür ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03 may 2017-ci il tarixli 2(044)-112/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 fevral 2018-ci il tarixli 2(102)-1391/18 saylı qərarı ilə cavabdehlərin kassasiya şikayəti təmin edilməmiş, 30 avqust 2017-ci il tarixli 2(104)-2570/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 15 mart 2018-ci il tarixli 2(044)112/2017 saylı icra vərəqəsindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03 may 2017-ci il tarixli 2(044)-112/2017 saylı qətnaməsi icraya yönəldilmişdir. İş materiallarında olan 13 avqust 2018-ci il tarixli 45/08 saylı hərracın yekunları barədə protokoldan görünür ki, X2 məxsus Gəncə şəhəri Kəpəz rayonu Atatürk prospektində yerləşən 120 saylı evin 27 saylı mənzilin ilkin hərrac qiyməti 120000 manat, təkrar hərracdakı ilkin satış qiyməti 102000 manat müəyyən edilmiş və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiymətə, 76500 manata tələbkar əldə edərək cavabdehlərlə qarşılıqlı mübahisənin həlli üçün məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan ******* nömrəli Azərbaycan Respubliaksı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri Kəpəz rayonu Atatürk prospekti 120 saylı evin 27 saylı mənzili tam mülkiyyət hüququ ilə xx.xx.2018-ci il tarixdə "xxxx" QSC-nin adına qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Gəncə şəhəri Kəpəz rayonu Atatürk prospekti 120 saylı evin 27 saylı mənzil boşaldılmış vəziyyətdə təhvil alınmışdır. İş materiallarında olan Gəncə şəhəri üzrə İcra idarəsinin 18 mart 2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından görünür ki, hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli protokola əsasən X1 mülkiyyətində olan mənzil hərrac vasitəsilə satıldığından və xx.xx.2019-cu il tarixdə boşaldılaraq alıcıya təhvil verildiyindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(044)-112/2017 saylı icra sənədinin icraatına xitam verilmişdir. İş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(044)-414/2019 saylı qərardadına əsasən Gəncə şəhəri üzrə İcra idarəsinin xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarı ləğv edilmişdir. Qərar ləğv edilməsinə baxmayaraq icra sənədi icra idarəsinə daxil olmamışdır. Ona görə də Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(044)-112/2017 saylı icra sənədinin yenidən icra edilməsi üçün Gəncə şəhəri üzrə İcra idarəsinə göndərilməsini xahiş etmişdir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 25 iyul 2022-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(044)-112/2017 saylı icra sənədi yenidən icra hərəkətlərinin davam etdirilməsi üçün Gəncə şəhəri üzrə İcra idarəsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarxli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(044)- 112/2017 saylı icra sənədi üzrə icraata başlanmış və tələbin könüllü icrası üçün cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin tarixdə bildiriş göndərilmişdir. İş materiallarında olan “X7 Azərbaycan” QSC-nin Gəncə şəhəri üzrə İcra idarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(044)-112/2017 saylı qətnaməsinin icrası ilə əlaqədar Cavabdeh2 və Cavabdeh1 ipoteka predmetlərinin satışından sonra ödənilməmiş 4009,14 manatın tutulması üçün tədbirlərin davam etdirilməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 117 nömrəli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək cəza müddətini çəkib və Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan “X7 Azərbaycan” QSC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, qətnamə qanuni qüvvəsini almış, əmlak ilkin olaraq 120000 manat məbləğində hərraca çıxarılmış, alıcı olmadığı üçün ilkin satışdan 15% aşağı olaraq 102000 manata, daha sonra isə 25% aşağı olaraq 76500 manata əldə olunması üçün tələbkara təklif olunmuşdur. Bank öz növbəsində həmin əmlakı 76500 manat məbləğində hərrac protokolu imzalayaraq əldə etmişdir. Hərracın keçirilməsi üçün bank tərəfindən hərrac təşkilatının bank hesabına 3825 manat (hərrac xərci 5%) vəsait köçürülmüşdür. Həmin vəsait əmlakın alış dəyərindən çıxılaraq yerdə qalan vəsait (72675 manat) borca yönəlmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, 29 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən (Gəncə şəhər Nizami Rayon Məhkəməsinin qətnaməsinin çıxarıldığı tarixdən) xx.xx.2018-ci il (əmlakın satışından əldə olunmuş vəsaitin borcdan silinməsi tarixinədək) tarixədək 67451,56 manatın 5%-i 5587 manatın, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 4374,70 manatın 5%-i 77,25 manatın, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 3692,97 manatın 5%-i 5,25 manatın, xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək 3692,96 manatın 5%-i 811,73 manatın, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 3538,12 manatın 5%-i 45,37 manatın, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 3488,57 manatın 5%-i 19,03 manatın borc olaraq hesablanması qeyd edilmişdir. Birinci istansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borclu müqavilə üzrə üzərinə götürdyü öhdəliyi yerinə yetirmədiyinə görə kreditor məhkəmədə iddia qaldırmış, kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və cərimə məbləğləri daxil olmaqla borcun tutulmasını, tutmanın kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsini xahiş etmiş və iddiaçının tələbləri birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, yuxarı instansiya məhkəmələri tərəfindən isə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Qətnamənin icrası üçün müəyyən icra tədbirləri həyata keçirilmiş, könüllü icra müddəti ərzində tələb icra olunmadığından məcburi icra tədbirləri həyata keçirilmiş və icra sənədi üzrə tələb yönəlmiş mənzil ilkin satış qiyməti 120000 manat olmaqla açıq hərrac vasitəsilə satılması üçün icra şöbəsi tərəfindən ixtisaslaşdırılmış hərrac təşkilatına sifariş verilmişdir. Hərracda alıcı olmadığından ipoteka predmeti “İpoteka haqqında" Qanuna müvafiq olaraq tələbkar-iddiaçıya təklif olunmuşdur. İddiaçı hərrac protokolunu imzalamaqla əmlakı 76500 manata əldə etmiş, həmin əmlak üzərində özünün mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmışdır. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 77365,88 manat borcun 72675 manatı hərracdan əldə edilmiş vəsait hesabına ödənilmiş və ipoteka qoyanın-iddiaçının tələblərinin əhəmiyyətli hissəsi təmin edilmişdir. Hərrac keçirildikdən və əmlak satıldıqdan sonra icra məmuru icra sənədi üzrə icraata xitam vermişdir. Uzun müddət sonra icra sənədi tələbkarın ərizəsi üzrə yenidən icraya yönəldilmişdir. Bundan sonra da qətnamənin icrası ilə bağlı icra tədbirləri davam etdirilmiş və qalan borc (əmlakın satışından əldə edilən vəsait borcdan çıxıldıqdan sonra qalan 4374,70 manat) məbləğ ödənilir və məbləğ zaminin pensiyasından tutulur. Tutmaların aparılması iddiaçı tərəfindən təqdim edilən sənədlərlə də təsdiqini tapır. İddiaçının xx.xx.2023-cü il tarixli maliyyə arayışında isə qalıq borc məbləğinin 3488,57 manat olması qeyd edilmişdir. Göründüyü kimi əvvəlki mübahisə üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin icrasının vaxtında həyata keçirilməsi prosesinə cavabdehlər tərəfindən hər hansı süni əngəl, maneə törədilməmiş, o cümlədən ipoteka predmeti aidiyyəti icra qurumuna təhvil verilmiş, yəni icranın ləngiməsində, zərərin yaranmasında və ya artmasında cavabdehlərin hər hansı təqsiri olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilə və təmin edilə bilməz. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, "xxxx" QSC ilə Cavabdeh2 arasında 29 may 2014-cü il tarixdə kredit müqaviləsi bağlanılmışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh2 30 may 2016-cı iltarixinədək, illik 17% dərəcəsi olmaqla 80000 manat məbləğində pul ayrılmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin еdilməsi məqsədilə Cavabdeh1 ilə Bank arasında 29 may 2014-cü il tarixində zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi bоrcalanın öhdəliklərinin lazımınca icra еdilməsinə görə оnunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam, vaxtında və lazımı qaydada icra etmədiyi ilə əlaqədar Bank məhkəməyə müraciət etmişdir. İşə baxan Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 03 may 2017-ci il tarixli, 2(044)- 112/2017 saylı qətnaməsi ilə cavabdehlərdən cəmi 77365,88 manatın tutulması qət etmişdir. Göründüyü kimi, cavabdehin 03 may 2017-ci il tarixə əsas borc üzrə 67451.56 manat ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh 03 may 2017-ci ildən sonra bu günə kimi qətnaməni icra etməmiş və hal-hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Yuxarıda qeyd olunan məhkəmə qərarları ilə müəyyən olunmuşdur ki, cavabdehlərin kredit müqaviləsi üzrə borclu olduğu və həmin borcu edilmiş xəbərdarlıqlara baxmayaraq lazımi qaydada icra etmədiyi müəyyən olunduğuna, beləliklə də iddiaçının pul vəsaitini özündə əsassız olaraq saxladığı müəyyən olunduğuna görə iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclundan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və borclu ilə bank arasında bağlanmış kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Ona görə də iddiaçı hazırkı iddia ilə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbi 29 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə borcun tutulması tələbi deyil, həmin müqavilə üzrə gecikdirilmiş vaxt üzrə illik 5% hesablanmış məbləğin ödənilməsi olduğundan birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə öhdəliyin icra mərhələsində icra edildiyini və borclunun təqsiri nəticəsində gecikmənin baş verdiyini nəzərə almadan iddianı rədd etməkdə haqsız olmuşdur. Belə ki, Azərbaycan Respublikasmın Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qəranında qeyd edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Kredit müddəti ilə bağlı isə nəzərə alınmalıdır ki, bu müddət müvafiq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır. Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyinə görə MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasmın Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında qeyd edir ki, beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər iddiaçıdan müəyyən məbləqdə kredit vəsaiti almış və həmin vəsaiti müqavilədə nəzərdə tutulmuş müddətdə qaytarmaq öhdəliyi götürmüş, lakin cavabdehlər götürdükləri öhdəliyin şərtlərini pozaraq kredit borcunu vaxtında qaytarmamış, beləliklə də iddiaçı öz vəsaiti üzərində sərancam vermək, vəsaitindən gəlir gəlir əldə etmək imkanından məhrum olmuşdur. Halbuki normal dövriyyə mövcud olsaydı, yəni cavabdehlər kredit borcunu vaxtında qaytarmış olsaydı, iddiaçı həmin vəsaiti daha yüksək faizlə kreditə verib qazanc əldə etmiş olardı. Hazırkı halda müqavilə müddəti bitdiyindən iddiaçı digər əsaslardan çıxış edib daha yüksək məbləğ tələb edə bilmədiyinə görə ona illik beş faiz ödənilməsini xahiş etməkdə haqlı olmuşdur. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləliklə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-128/2024 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi tam təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məccəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcələnin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcələnin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-128/2024 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada dəymiş zərərin əvəzi kimi 6546,07 manat pul və ödənilmiş 210 manat mediasiya xərcinin əvəzi tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 85,46 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar